ABŞ-dan əsən “dollar küləyi”

 

Birjaları oynatsa da məzənnəni bahalaşdırmadı

Vüqar Bayramov: “Həm Yellenin açıqlamaları, həm dəqlobal proseslər məzənnənin yaxın aylarda ciddi dəyişməyəcəyini deməyə əsas verir”

ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellen Konqresdə ilk 6 aylıq hesabatını açıqlayıb.

Bütün dünya açıqlamalar fonunda dolların məzənnəsinin kəskin dəyişəcəyini gözləyirdi. Lakin hadisələr gözlənilənlərin əksinə cərəyan edib. Belə ki, Yellenin açıqlamaları dollara cəmi 0,0018 faiz təsir göstərə bilib. Məzənnənin kəskin dəyişməməsinə səbəb isə Yellənin yumşaq tonda çıxışı və nikbin proqnozları olub. Belə ki, FED rəhbəri ABŞ iqtisadiyyatının bir neçə il ərzində yüksəlişə davam edəcəyini, investisiyalara və ABŞ məhsullarına qlobal tələbin artdığını söyləyib. Yellen təqdimatında faizlərin artırılacağı tarixlərə dair açıqlama verməyib, ümumi şəkildə “Gələcək bir neçə ildə əlavə mərhələli faiz artımlarına ehtiyac var” cümləsini deyib. İşçi qüvvəsi bazarının yanvar-iyun dövründə aylıq orta hesabla 180 minlik məşğulluq artımı ilə güclənməyə davam etdiyini qeyd edən Yellen işsizlik nisbətinin isə 4,4%-ə gerilədiyini və məşğulluq bazarının gücünün artdığını vurğulayıb. FED rəhbəri 2%-lik inflyasiya hədəfinin yüksək hədd olmadığını, simmetrik bir hədəf olduğunu deyib. İnflyasiya ötən 5 ildə böyük nisbətdə 2%-lik hədəfdən aşağı qalıb. FED-in balansını azaltmaq planının böyük ehtimalla bu il tətbiq olunacağını bildirən Yellen “Balansın aktiv siyasət vasitəsi olmasını gözləmirik” ifadəsinə yer verib. Məruzədə qlobal iqtisadiyyatdakı sürətlənmənin ABŞ-ın ixracını dəstəkləyəcəyi bildirilib.

Yellenin açıqlamalarını şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, dolların məzənnə siyasətində Ağ Ev və FED-in mövqeləri fərqlidir. Ağ Ev Administrasiyası ixrac imkanlarının artırılması, FED isə dolların möhkəmləndirilməsinin tərəfdarıdır: “Buna baxmayaraq, fikir ayrılığı FED-in daxilində də var. Belə ki, bəzi üzvlər uçot dərəcəsinin artırılmasına qarşıdır. Məlum olduğu kimi, uçot dərəcəsi isə dolların dünya bazarındakı qiymətinə birbaşa təsir göstərir. Həm Yellenin açıqlamaları, həm də qlobal proseslər dolların mövcud məzənnəsinin yaxın aylarda ciddi dəyişməyəcəyini deməyə əsas verir. Tramp Administrasiyasının “möhkəmlənmiş dollara” hələlik üstünlük vermək istəməməsi dolların avro və digər güclü valyutalara qarşı bahalaşmayacağını göstərir”.

Məlumat üçün bildirək ki, FED uçot dərəcəsini martın 15-də illik 0,5-0,75% səviyyəsindən 0,75-1%-dək, iyunun 16-da isə 0,75-1%-dən səviyyəsindən 1-1,25%-dək artırıb. Proseslərdə diqqət çəkən məqam odur ki, uçot dərəcəsinin artımına baxmayaraq, geridə qalan aylarda dollar ciddi şəkildə bahalaşmayıb. Hətta bəzi ölkələrdə dollar ucuzlaşıb. Mütəxəssislərin fikrincə, bu təzad iqtisadi yox, siyasi amillərlə əlaqədardır. Ciddi proseslərin isə payız aylarında olacağı proqnozlaşdırılır. Baş tutan ik uçot dərəcəsi artmına baxmayaraq, üçüncü artımda dolların digər valyutalara qarşı ciddi şəkildə möhkəmlənəcəyi ehtimal edilir.

Fərid

Cebhe.info

 

09:40