ABŞ-da erməni lobbisinə qarşı təhqiqat başlayır

 

 

ABŞ-da Erməni Milli Konqresi (ANKA) və Amerika Erməni Məclisi (AAA) haqqında Dağlıq Qarabağa maliyyə yardımlarının edilməsi ilə bağlı məhkəmə təhqiqatı başlayır.

ABŞ Dövlət Departamentindəki mənbə erməni diasporu haqda məhkəmə təhqiqatının başlanması təşəbbüsünün olmasını təsdiqləyir.
 

ANKA və AAA indiyə qədər ABŞ dövlət büdcəsindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma “DQR”-ə maliyyə yardımının ayrılmasına nail olub, həmçinin, Azərbaycana hər hansı maliyyə yardımının edilməsinin qarşını alıb. Lakin amerikalı diplomatlar hesab edirlər ki, Dağlıq Qarabağa maliyyə yardımı separatçıları həvəsləndirir və münaqişənin danışıqlar yolu ilə həllinə mane olur. Bununla yanaşı, erməni diaspor təşkilatlarının fəaliyyətində bir sıra qanunsuz əməllərin olduğu deyilir.

“Hərbi-siyasi jurnal” portalı yazır ki, erməni diasporuna qarşı qaldırılan məhkəmə təhqiqatı ABŞ qanunvericiliyinə uyğundur. Lakin portal burada əsasən siyasi hədəflərin olduğunu qeyd edir. Xüsusilə Trampın erməni siyasətinə fərqli rakursdan baxması rol oynayır.

İlk növbədə, erməni diasporu ilə bağlı məhkəmə prosesi Trampın xarici ölkələrə maliyyə yardımının azaldılması haqda portfelinə uyğundur. Həmçinin, bu, ABŞ-da digər diaspor və lobbi qrupları üçün yaxşı dərs ola bilər. Hansı ki, onlar Amerika siyasətinə müdaxilə etməyə və bir çox hallarda ABŞ-ın milli maraqlarına uyğun olmayan qərarların qəbul edilməsinə nail olmağa cəhd edirlər. Təcrübə göstərir ki, erməni diasporu və lobbisi bir çox hallarda ABŞ-ın milli maraqlarından kənar siyasətin aparılmasına nail olub.

Erməni diasporu haqda məhkəmə təhqiqatının gündəmə gəlməsinin digər səbəbi kimi ANKA-nın ötən il ABŞ-da prezident seçkiləri ilə bağlı kampaniyada demokratların namizədi Hillari Klintona dəstək verməsidir. ANKA seçki kampaniyasında Donald Trampa qarşı açıq düşmənçilik edir və müxtəlif üsullarla Klintonun qalib gəlməsi istiqamətində çalışırdı.

ANKA və AAA təşkilatları haqda məhkəmə təhqiqatı Donald Trampın Ağ Evə köçən kimi qapıları erməni diasporu və lobbisinin üzünə bağlamasını xatırladır. ABŞ-da yaşayan ermənilər Trampın onları qəbul etməməsindən tez-tez şikayətlənir. ABŞ prezidentinin ermənilərə ağır zərbələr endirməsinin Vaşinqton-Bakı münasibətlərinin istiləşməsi fonunda baş verməsi də diqqət çəkir. Görünür, Vaşinqton indiyə qədər erməni diasporu və lobbisinin maraqlarına qurban verilən milli siyasətə geri dönür.

Muxalifet.az

09:19