ZAMANIN ÖRNƏYİ- İKİ BÖYÜK ZİYALIMIZLA GÖRÜŞ

“Təadlar”ın əməkdaşları Xalq şairi, ”Şöhrət”, “İstiqlal” və “Şərəf” ordenli Nəriman Həsənzadə ilə ABŞ-ın Virciniya Universitetinin professoru Faiq Musayevin görüşünə şahidlik etdilər...

...Dünyanın iki ayrı qitəsində yaşayan iki görkəmli şəxsiyyətin- Azərbaycan ziyalılarının Vətəndə görüşü gənc nəsil üçün böyük hadisə sayıla bilər. Zamanında bu insanlar tarixə və elmə böyük töhvələr versə də, bir-birindən uzaq ölkələrdə olduqlarından görüşləri alınmırdı... 5 dekabr 2022-ci ildə belə bir tarixi hadisəyə şahidlik etdik...

***

...Azərbaycanın Xalq şairi, dramaturq, ”Şöhrət”, “İstiqlal” və “Şərəf” ordenli Nəriman Həsənzadə ömrünün 91-ci ilini yaşayan və yaşadıqca da klassikə çevrilən böyük bir şəxsiyyətdir. Orta və yaşlı nəsil bir zamanlar sevdiklərinə istəklərini Nəriman Həsənzadənin sebgi dolu şeirləri ilə çatdırardılar. N.Həsənzadənin "Pompeyin Qafqaz yürüşü", "Atabəylər" tarixi pyesləri Azərbaycan Akademik Milli Dövlət Dram Teatrında dəfələrlə səhnəyə qoyulub. Bundan əlavə, N.Nərimanovun həyat və yaradıcılığına həsr olunmuş "Bütün Şərq bilsin" pyesi də Dram Teatrının repertuarında həmişə baxımlı yerləri tutub. Filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Heydər Əliyev mükafatı laureatı (2017) N.Həsənzadə 2002-ci ildən Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü, 2004-cü ildən isə akademik seçilmişdir. Şairin 80-ci illərin əvvəlində yazdığı "Kimin sualı var" poeması böyük rezonans doğurmuşdur. Bu poemaya görə N.Həsənzadəyə Yazıçılar Birliyində 37-ci ilin məhkəməsini qurmuşdular. Şairə dövrün eybəcərliklərini əks etdirdiyi həmin poemaya görə elə hücumlar təşkil edildi ki, bunun fəsadları çox ağır oldu. Bu hücumlara dözməyən şairin həyat yoldaşı Sara xanım stressdən,  həyəcandan ağır xəstəliyinə tutuldu və vaxtsız dünyasını dəyişdi.

***

 N.Həsənzadənin çoxcildlik kitablarında yazdığı şeirlərinin hər biri lirik, dramatik və vətənpərvərlik  mövzulu olmaqla yanaşı, həm də fəlsəfidir. Şairin şeir dili o qədər sadə, rəvan və axıcıdır ki, bu şeirlər insan ruhunun süzgəcindən keçib ona mənəvi rahatlıq gətirir.

N.Həsənzadə indinin özündə söhbət edəndə, sanki şeir diliylə danışır. Onun ürəyəyatımlı, şirin Qazax ləhcəsi ilə danışması və şeirlər söyləməsi istənilən adamı ovsunlaya bilir. İstər onun poemaları və istərsə də ayrı-ayrı şeirlərinin hər biri tarixi əsərdir. Bir sözlə, N.Həsənzadə adı gələndə üzlərə təbəssüm qonur. Çünki şairin üzündən həmişə nur tökülür və bu nurun işığına çoxları pərvanədir.

 Bu gün N.Həsənzadə Azərbaycan ədəbiyyatının canlı korifeyidir, desək, səhv etmərik. Belə bir dahi şəxsiyyətlə nəinki dost olmaq, görüşmək, müxtəlif mövzularda söhbətlər etmək, hətta onunla bir dövrdə yaşamağın özü böyük bir xoşbəxtlik, tarixdir.

Bəs bu yazımızın ikinci qəhrəmanı kimdir? O, dünya şöhrətli alim, mərhum Xudu Məmmədovun tələbəsi olmuş professor Faiq Musayevdir. Bu ad ola bilər bəzilərinə heç nə demədi. Elə isə diqqət edin: "...Musayev Faiq Nəsib oğlu 24 may 1952-ci ildə Qazax  rayonu Çaylı kəndində müəllim ailəsində anadan olmuşdur. 1969-cu ildə orta məktəbi qızıl medalla bitirmiş və  Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsinə daxil olmuşdur. Oxuduğu dövrdə əlaçı tələbə kimi Lenin təqaüdçüsü olmuş və 1973-cü ildə  təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.  Təyinatla Bakı şəhəri Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki orta məktəbdə kimya müəllimi kimi əmək fəaliyyətinə  başlayan F.Musayev, 1974-ci ilin may ayında Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki kimya İnstitutunun (indiki AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) “Quruluş Kimyası” laboratoriyasında aspiranturaya daxil olmuşdur. Elə həmin ildə də hərbi xidmətə çağrılmışdır. 1975-ci ildə hərbi xidməti bitirdikdən sonra görkəmli alim, məşhur kristalloqraf, professor Xudu Məmmədovun rəhbərliyi altında aspiranturada təhsilini davam etdirmişdir. Gənc alimin dünya görüşünün və həyatının formalaşmasında Xudu müəllimin cox böyük təsiri olmuşdur. Alim özü də bu barədə həmişə danışıraq, müəllimi X.Məmmədovu hörmət və ehtiramla yad edir. F.Musayev 1979-cu ildə “Metal monotiobenzoatlarin sintezi və kristal quruluşu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Tədqiqatlarını daha geniş və uğurla davam etdirən F. Musayev 1991-ci ildə “Bioloji aktiv metal karboksilatların sintezi və onların termiki parçalanma proseslərinin quruluş aspektleri” mövzusunda doktorluq dissertasiyasını  müvəffəqiyyətlə müdafiə etmişdir. 100-dən çox elmi əsərin və 3 ixtiranın müəllifidir. Dünyanın müxtəlif bölgələrində (Moskva, Novosibirsk, Praga, Hamburg, Taipei, Vaşinqton, Arlington, Buffalo, NY və s.) zülal molekullarının quruluşu, quruluş kimyası və termiki analiz üzrə keçirilən elmi konfransların dəfələrlə iştirakçısı olmuş və elmi məruzələrlə çıxış etmişdir. 1994-cü ilin sonuna qədər Elmlər Akademiyasının Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır. İki nəfər elmlər namizədinin elmi rəhbəri olmuşdur. 1993-cü ilin noyabr ayında Tayvan Elmlər Akademiyasına dəvət olunmuş və 1998-ci ilə qədər burada Molekulyar Biologiya İnstitutunda xərçəng və AİDS xəstəliklərinə qarşı aktivlik göstərən yüksək molekullu zülalların təmizlənməsi və kristal quruluşunun öyrənilməsi ilə məşğul olmuşdur. Bu illər ərzində F.Musayevin alim kimi şöhrəti dünyaya yayılmağa başlamışdır. Ona görə də Tayvan Elmlər Akademiyasında işlədiyi müddətdə müxtəlif ölkələrdən, o cümlədən Yeni Zelandiya, Braziliya və Amerika Birləşmiş Ştatlarından elmi axtarışlarını davam etdirmək üçün təkliflər almışdır. F.Musayev 1998-ci ilin sonlarında Amerika Birləşmiş Ştatlarının dəvətini qəbul etmiş və hal-hazırda ABŞ-ın “Virginia Commonwealth University” (VCU) universitetinin Tibb Kimyası kafedrasında professor vəzifəsində çalışır. O, həmçinin həmin universitetdə Quruluş Biologiyası mərkəzinin meneceridir. İndiyə qədər bu universitetdə 12 dərman kəşf etmişdir. Hazırda ağciyər xəstəlikləri üzrə yeni dərman üzərində işləyir. F.Musayev 2017-ci ildə Bakıda dünya şöhrətli alim Xudu Məmmədovun 90 illik yubiley tədbirlərində iştirak etmək üçün ABŞ-dan xüsusi olaraq bu tədbirə gəlmişdir. Yubiley tədbirində professor X.Məmmədovun alim kimi dəyərindən və dünya çöhrəti qazanmasından çox maraqlı və yadda qalan məruzə ilə çıxış etmişdir. F.Musayev hazırda  Amerika Birləşmiş Ştatlarında Zülal molekulların, Zülal-DNK, Zülal-İnhibitor kompleks birləşmələrin quruluşlarının tədqiqi ilə məşğul olur. Bu mövzuda yüksək impakt faktorlu jurnallarda (Nucleic Acids Res., Science Rep., Blood Adv., J Med Chem., Structure, Protein Science, J Mol Biol., Biochemistry, J Biol Chem., J Bacteriol., Biol Chem., etc) 60-dan çox elmi məqaləsi çap olunmuşdur. Anemiya qan xəstəliyinin tədqiqatına həsr olunmuş bir ABŞ  patentinin müəllifidir.

F.Musayev Amerika Kristalloqrafiya (ACA) və Amerika Qabaqcıl Elm (AAAS) cəmiyyətlərinin, həmçinin VCU-nun Quruluş Biologiyası, Dərman maddələrinin kəşfi və Təkmilləşdirilməsi İnstitutunun komitə üzvüdür. Bu ilin may ayında görkəmli alim F.Musayevin 70 illik yubileyi həm ABŞ-da, həm də Azərbaycanda yüksək səviyədə keçirilmişdir...”.

 Vətəndə tarixə çevrilən dünyəvi söhbət...

 Hər iki ziyalımızın şöhrəti Qazaxdan Azərbaycana, Azərbaycandan da dünyaya yayılan, bu dahi şəxsiyyətlərin dekabrın 5-də baş tutan görüşünün səbəbkarı olduğumuzdan, özümüzü dünyanın ən xoşbəxt bir insanı saya bilərik. Belə ki, bu şəxslərin hər ikisi ilə ayrı-ayrılıqda yaxın dostluq əlaqələrimiz var. F.Musayev bütün azərbaycanlılar kimi N.Həsənzadəni tanısa da, onunla heç cürə üz-üzə gəlməmişdi. Eyni zamanda N.Həsənzadə də eloğlusu olaraq  F.Musayev kimi alim haqqında eşitsə də, görüşmək nəsib olmamışdır. F.Musayevin bu dəfəki gəlişindən istifadə edərək, bu iki dahi şəxsiyyəti görüşdürmək qərarına gəldik. Nəriman müəllimə bu barədə telefonda məlumat verəndə çox sevindi və dedi: "…Qoymayın Faiqi Amerikaya qayıtsın, onu mütləq bizə gətirin".

  Özüm danışandan sonra telefonu Faiq müəllimə verdim. Maraqlıdır ki, uşaqlıq illərindən çıxıb Bakıda yaşayan 91 yaşlı N.Həsənzadə və 5 il Tayvanda, 25 il ABŞ-da yaşayan 70 yaşlı F.Musayev Vətən həsrəti ilə elə danışırdılar ki, inanmaq olmurdu  doğulduqları yurddan onları bu qədər uzun illər ayırır. Bir xeyli danışandan sonra Faiq müəllim də çox sevindi ki, ömrü boyu adını eşidib, sevdiyi şairlə nəhayət, üz-üzə görüşəcəyindən çox şad idi. Beləcə bu görüş şairin evində baş tutdu… Görüşdə "Təzadlar" qəzetinin, saytının və eyni adlı TV-nin baş redaktoru, N.Həsənzadənin  həmişə hörmət və ehtiramla müraciət etdiyi Asif Mərzili, F.Musayevin xanımı Təranə Musayeva, N.Həsənzadənin ev adamı olan, eyni zamanda gözəl bəstəkar, müğənni, cənublu qardaşımız Arif Mehmandost və şairə ev işlərində qızı kimi qulluq edən Sevinc xanım  iştirak edirdilər.

***

 Görüşdə çox maraqlı və yaddaqalan söhbətlər oldu. N.Həsənzadə Mircəlal Paşayevdən, Ulu Öndər Heydər Əliyevdən, mərhum ustad şairlərimiz Məmməd Arazdan, Bəxtiyar Vahabzadədən, Söhrab Tahirdən, Musa Yaqubdan, Qabildən, İmran Qasımovdan, yazıçı Əbülhəsəndən və digər yazarlarımızdan çox maraqlı xatirələr danışdı. Bu xatirələrdən biri olduqca maraqlı idi. Məlum olur ki, bir dəfə yazıçıların poliknikasında şair və yazıçılar yoxlamadan keçirlər. Bu zaman N.Həsənzadəni yoxlayan həkim məəttəl qalır ki, şairin bir böyrəyi var. Yazıçı Əbülhəsənin isə üç böyrəyi olduğu üzə çıxır. B.Vahabzadənin isə ürəyinin sağda olması xeyli təəccüblə qarşılanır. Bu zaman şairlərdən biri Əbülhəsənə deyir ki, sən niyə N.Həsənzadənin böyrəyini oğurlamısan, qaytar o böyrəyin birini ver ona. Əlbəttə, bunlar çox maraqlı xatirələr idi…

***

 Söhbət zamanı yeri gəldikcə mən də N.Həsənzadənin bir çox şeirlərini və "Kimin sualı var?" poemasından ayrı-ayrı hissələri əzbər söyləyirdim. Poemanın bir hissəsi isə olduqca maraqla qarşılandı. Məlum olduğu kimi N.Həsənzadə "Kimin sualı var?" poemasında Sovet dövründəki eybəcərlikləri çox cəsarətlə qələmə alıb. Deməli, N.Həsənzadə universitetdə oxuyarkən onlara tarixdən dərs deyən professorun oğlu da onunla bir qrupda olub, lakin professorun oğlunun yekəxanalığı, harınlığı, kasıb tələbələrə xor baxmağı poemada çox incəliklə qeyd olunub.

 Mənim üçün bu şeirlərin və poemadan hissələrin əzbər söylənməsi adi sayılsa da Nəriman müəllim onun şeirlərini belə yadda saxlamağıma həm təşəkkür edirdi, həm də heyranlığını bildirirdi. N.Həsənzadənin  "Yaşamaq haqqı" şeiri də qonaqlar tərəfindən olduqca xoş qarşılandı. İstəyirəm şairin 1973-cü ildə yazdığı həmin şeiri də oxucularımızın diqqətinə çatdırım:

Məni bağışlasın bizim obalar,

Nə vaxtsa demişdim: yazıq babalar!

Babalar yuxuma girdilər mənim,

Babalar dərsimi verdilər mənim.

 

...Biz söz götürmədik  yaddan, özgədən,

Bizi öz çiynində götürdü ellər,

Biz öldük, yer üstdə yaşadı vətən

Vətəni olana "yazıq" deməzlər.

 

Dərimiz soyuldu, "ənəlhəqq!" - dedik,

Üşüdü bu sözdən isti yuvalar

Düşmən qorxusundan susdu üstəlik,

Nə haqqla sən dedin "yazıq babalar?!"

 

Biz qalalar tikdik - sizə təsəlli,

At mindik - şöhrəti dünyaya bəlli,

Biz oğul böyütdük - ordu əvəzi,

Qızın ürəyində oğul həvəsi...

 

Bir əsrin qılıncı, oxu, nizəsi,

Yüz əsrə səs saldı... qızdı davalar,

Necə rəva bildin, oğul, bu sözü,

Necə deyə bildin "yazıq babalar?!"

 

Babalar, babalar, mən nə dedim ki,

Babalar, məzardan qalxın, oyanın,

Mən indi bir şeyi dərk elədim ki, -

Babası dünyada yazıq olanın

Yoxmuş vətən haqqı, ya torpaq haqqı,

Yoxmuş, yer üstündə yaşamaq haqqı!

 ***

Söhbətin bir yerində Nəriman müəllim Faiq müəllimə belə bir sual verdi: "Faiq müəllim, bir az bizə Amerika həyatından danışın, orada yaşamaq necədir?".

 F.Musayev Amerika həyatını və elmini elə incəliklərinə qədər söylədi ki, sanki biz nə vaxtsa Amerikada yaşamışıq. Əlbəttə, F.Musayev Amerika həyatını heç də bizlərin düşündüyü kimi "gözəl həyat" adlandırmadı. Xüsusilə orada hindlilər və çinlilərin Amerika həyatında böyük rol oynadığını və onların müxtəlif yollarla çoxsaylı qrantlar aldığını diqqətə çatdırdı. Amerikalıların bu qrantlara o qədər də maraqlı olmadığı məlum oldu. F.Musayev onu da diqqətə çatdırdı ki, amerikalı olmayanların elmdə və digər sahələrdə irəli getməsi, yüksək vəzifə tutması çox çətin prosedurlardan keçir. Amerika səhiyyəsində ümumiyyətlə, ciddi problemlərin olduğunu diqqətə çatdırdı. Məlum oldu ki, iş yerindən vətəndaşlar sığortalı olsa da, müayinə və müalicə prosesində sığorta xərcin 20 faizini ödəyir. Qalan 80 faizini isə vətəndaş öz cibindən verməlidir. Bu da bəzi xəstəliklərin müalicəsində vətəndaşa ağır yük olur. Dişlərin müalicəsi isə Amerikada olduqca bahalı iş sayılır. Faiq müəllimin sözlərindən bəlli oldu ki, bir implant diş 5 min dollara başa gəlir.

            Bu söhbətlərdən belə bir qənaət hasil oldu ki, nə qədər demokratik bir ölkə olsa da, ABŞ-da yaşayış tərzi olduqca bahadır. Hətta orda verilən əmək haqqı belə bu kimi bahalı həyat tərzinin qarşısında yetərli deyil. N.Həsənzadə F.Musayevin Amerika barədə söhbətlərinə olduqca maraqla qulaq asırdı. Amma N.Həsənzadənin keçmişdən xatirələri həddindən artıq maraqlı idi.

"Təzadlar"ın baş redaktoru Asif Mərzili də Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadə haqqında maraqlı xatirələr danışdı. Onun bir dəfə B.Vahabzadəgildə olarkən Ulu Öndər Heydər Əliyevin şairə zəng edib, söhbətləşməsi barədə söylədiyi xatirə olduqca maraqlı idi. Məlum oldu ki, B.Vahabzadəgildə müəyyən məsələ ilə əlaqədar çay süfrəsi arxasında xeyli söhbət ediblər, gecə saat 12 olduğundan getmək istəyərkən B.Vahabzadə A.Mərziliyə təklif edib ki, hələ bir az da otursun. Çünki şairin gecə saat 1-ə işləmiş Azərbaycan Dövlət Televiziyasında öz dilindən şeirləri səslənəcəkdir. Təklifi qəbul edərək A.Mərzili yenidən oturub və televiziyada B.Vahabzadənin ifasında söylənilən bir neçə şeirə qulaq asırlar. Veriliş qurtarandan sonra, yəni hardasa gecə saat 00:30-da A.Mərzili getməyə hazırlaşarkən ev telefonuna zəng gəlir. Gecənin bu aləmindəki zəng hər kəsi təəccübləndirir. Dəstəyi qaldıran şairin həyat yoldaşı Dilarə xanım zəng vuranı tanımayaraq deyir ki, “Bəxtiyar, bir kişidir, səni soruşur”. Dəstəyi götürən B.Vahabzadə təəccüb içində soruşur: - "Heydər müəllim, sizsiniz?". Məlum olur ki, zəng vuran Prezident  Heydər Əliyev imiş. Və Ulu Öndər Heydər Əliyev də B.Vahabzadənin şeirlərinə qulaq asırmış. Şeirlərdən biri ana haqqında olub ki, bu da H.Əliyevi çox təsirləndirib və B.Vahabzadəyə belə deyib: "Bəxtiyar, çox sağ ol, şerilərin hamısı yaxşı idi. Amma "Ana" şeiri mənə çox təsir etdi və rəhmətlik anam yadıma düşdü. Ona görə sənə bu vaxt zəng vurub, təşəkkürümü bildirmək istədim…".

            B.Vahabzadə də Ulu Öndərə, ona göstərdiyi bu diqqətə görə sonsuz təşəkkürünü çatdırır.

            A.Mərzilinin bu xatirəsinə N.Həsənzadə belə münasibət bildirdi: "Ulu Öndər Heydər Əliyev şair və yazıçılara qarşı olduqca diqqətli idi. Şüvəlandakı şair və yazıçılar üçün olan yaradıcılıq evi birbaşa Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Elə bir şair və yazıçı yox idi ki, H.Əliyev ona diqqət göstərməsin. Hazırki Prezident İlham Əliyev də Ulu Öndərdən qalma bu ənənəni çox böyük diqqətlə davam etdirir".

 Bu sətirlərin müəllifi olaraq mənim də N.Həsənzadəni özü, B.Vahabzadə, S.Tahir, M.Yaqub və digərləri haqqında söylədiyim xatirələr də maraqla qarşılandı. Onlardan birini saytımızın oxucularına da söyləmək istəyirəm. Rəhmətlik Söhrab Tahir bildiyimiz kimi, 90 il ömür yaşadı. Deməli, ömrünün son vaxtlarında S.Tahir xəstələnib yatağa düşmüşdü. Amma hələ iki ayağı dizdən yuxarı kəsilməmişdi. N.Həsənzadə bilirdi ki, həm onların, həm də Söhran Tahirgilin evlərinə həmişə gedib-gəlirəm. Bir gün N.Həsənzadə mənə zəng etdi və xoş-beşdən sonra belə dedi: "Ay Elçin, Söhrab xəstələnib yatır, sən evini tanıyırsan. Gedək birlikdə ona dəyək".

Beləcə vədələşdik və görüşüb Söhrab müəllimgilə gəldik. Şair yataqda uzanmışdı. Salam-kalam edib, hal-əhval tutandan sonra S.Tahirlə  N.Həsənzadə arasında belə bir dialoq oldu:

– Nəriman, bu Elçini tanıyırsan?

N.Həsənzadə:

– Ay Söhrab, sən Elçini mənə tanıdacaqsan? Elçin 40 ilə yaxındır ki, mənim oğlum kimidir.

S.Tahir: 

– Mən o tanışlığı soruşmuram. Deyirəm ki, bilirsən Elçinin missiyası nədir?

N.Həsənzadə:

– Yox, nədir ki?

S.Tahir: 

– Elçin oxucularla bizim aramızda qızıl körpüdür. O, bizim şeirlərimizi orda-burda əzbər söyləməsə, oxucular nə bilər ki, biz varıq?

N.Həsənzadə:

– Söhrab, çox doğru deyirsən. Doğrudan da, Elçin bizi və şeirlərimizi çox təbliğ edir. Halal olsun…

***

 …Bu söhbətdən sonra mən N.Həsənzadənin 4 il bundan əvvəl mənim 60 illiyimə həsr etdiyi, həmçinin "Ədəbiyyat" qəzetində dərc etdirdiyi və öz ifasında səsləndirib Whatsapp-ıma göndərdiyi şeiri telefonda bir daha qonaqlara təqdim etdim. Şeir olduqca maraqla qarşılandı və mən o vaxt olduğu kimi bir daha dedim: "Nəriman müəllim, mən dünyada özümü ən xoşbəxt insan sanıram ki, sizin kimi dahi bir şəxsiyyət, böyük bir ustad-şair mənə şeir həsr edib. Şeirdə mənim şairlərlə necə görüş keçirməyim, onların şeirlərini əzbərdən söyləməyim və 1992-1993-cü illərdə könüllü olaraq iştirak etdiyim Qarabağ döyüşlərində fəaliyyətim öz əksini tapıb. Mən buna görə Nəriman müəllimə sonsuz təşəkkürlərimi çatdırıram".

            Daha bir maraqlı məqam ondan ibarət oldu ki, N.Həsənzadə poema həsr etdiyi Seyid Nigarinin kötücəsi bu görüşümüzdə iştirak edən professor Faiq Musayevin həyat yoldaşı Təranə xanım Musayeva imiş. Nəriman müəllim bu təsadüfə həm çox sevindi, həm də olduqca təəccübləndi.

            Beləcə, şeirli, xatirəli bir neçə saat vaxtımız olduqca maraqlı keçdi. Ustad şairimizi çox yormamaq üçün getmək qərarına gəldik, hərçənd şair özü heç cürə getməyimizi istəmirdi və bu görüşdən böyük mənəvi zövq aldığını bildirdi. Nəhayət, şairlə sağollaşıb yolumuza davam etdik. Bir neçə gündən sonra görkəmli alim Faiq Musayev və həyat yoldaşı Təranə xanım yenidən yaşadıqları Amerikaya qayıdacaqlar. Özləri ilə nəinki Nəriman Həsənzadə kimi ustad şairlə görüşün xatirələrini aparacaqlar, hətta bu gözəl anları heç vaxt unutmayacaqlar.

Bəli, bu iki dahi şəxsiyyətin görüşü doğrudan da tarixi bir hadisə oldu və uzun müddət yaddaşlarımızdan silinməyəcək. Onların hər ikisinin həyat və fəaliyyəti  həmişə ictimai  və dövləti maraqlarımızın müdafiəsindən keçib. Xalq şairi Nəriman Həsənzadənin bədii yaradıcılığındakı milli ruh, gənclərimizə Vətəni tanıtdırmaq və sevdirmək missiyası nə qədər böyükdürsə, professor Faiq Musayevin öz elmi yaradıcılığı ilə Azərbaycanı dünya elmində lazımi səviyyədə təmsil etməsi gənc nəslin vətənpərvərlik və milli ruhda böyüməsinə, Azərbaycanı o səviyyədə təmsil etməsinə bir çağırışdır, nümunədir...

Hazırladı: Elçin MƏMMƏDLİ

             A.Məmmədli

(Yazı Medianın İnkişafı Ağentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İs.6.3.4).

 Xudaferin.eu

 

10:16