"Ah, müqəddəs sadəlövhlük"!!!

Mirzə Cəlil əlinə qələm alanda deyirdi ki , Qoqol , Allah sənə rəhmət eləsin!

“Mən qoyuram qənşərimə kağızımı, çernilimi…”

“Mirzə Cəlil, Allah sənə rəhmət eləsin!” – deyirəm ..

…başlayıram yazmağa:

Sonra yadıma ilk düşən Novruzəli olur… Əvvəla, səndən üzr istəyirəm, Novruzəli! … Xüsusən, noyabr ayında səndən ötrü burnumun ucu göynəyir… Axı, sənin başına gələn qəzavü-qədər bu ayın 12-də vaqe olubdur…

“Noyabr ayının 12- ci günü idi… Hava soyuq idi, amma qar əlaməti yox idi…” Eynilə bu günkü hava !…

Sonra o kəsləri qınayıram ki, səni bizə avam, cahil, nadan kimi təhlil ediblər bu kommunistlər! Bizi güldürüblər sənin üstünə… Amma bu başqa bir mövzuya qalsın! …

And olsun səni yaradana – yəni Mirzə Cəlilə ! Mən səni hər daim sevmişəm! Səni sevmişəm, Adam!.. Çünki sən adam kimi adamsan! Çünki sən mərd adamsan, Adam! Sən səmimi və istiqanlı, sözünü tutan adamsan, Adam!! Sən gözütox adamsan! Sən boş çuvalları ac ulağın belinə aşırıb xanın həyətindən ac-susuz , başına gələn qəzavü-qədərinlə İtqapana dönən adamsan, Adam!!!

Mən, inan ki, səndən də Novruzəliyəm, Novruzəli! Elə burda yazı paylaşmağı mənə şagirdlərim öyrədir… ilk dəfə televizor pultla idarə olunanda uşaqları gözləmişəm ki, gəlib kanalı dəyişsinlər… Eeee… hələ nə novruzəliliklərim var, bir bilsən!.. O qədər divarın dibində sənin kimi məlul-müşkül oturub, bilsən nə qədər gözləntilərim olub… bir bilsən! Bilsən, özünə Novruzəli deməzsən! Bilsən nə qədər iltifat etdiklərimin sonda cəzasını almışam!!! Bir bilsən!!!  …Biri vardı buralarda. ..gündə üç dəfə istefa verirdi… Eeeee, Novruzəli, olub ki, gündə həyatımdan üç dəfə istefa etmişəm …

Heç ürəyini qısma, mən də cahiləm – oxumuş cahil! Ən böyük cahillər aqillərdir… oxumuşlardır!.. Ən azından, oxumuş olsalar da, namərddirlər!!! İstiqanlı deyillər – obrozovolskidirlər… amma səmimi deyillər!!! Sən səmimisən, sən yanımcıl… sən təmənnasızsan! Sənin sadəlövhlüyün müqəddəsdir! Sənə bir şey danışım … Məşhur çex nəğməkarı, üsyankarı vardı  – Yan Qus! Onu tonqala atacaqdılar… tonqal da yaxşı alovlanmamışdı hələ… Bir qarı çır-çırpı gətirib ağlaya-ağlaya tonqala atırdı… Yan Qus bunu gördü və qışqırdı:

“Ah, müqəddəs sadəlövhlük!!!

…Sənə tonqal çatan o sadəlövhlərdənik , Novruzəli!..

Bax… qarşında dayanmışam… səninlə həmsöhbət olmaqdır diləyim!!! Mən cahil, sən cahil… cahilcə söhbətdən çox məmnunam… Nəinki oxumuş adamla üz -üzə oturub pataloji düşüncələrini dinləmək!!! …Mənə necə müraciət edirsən et… “Müəllim” – yox, müəllim demə, “Bəsti…” – onu heç demə, “Xanım”- yox xanımlığın yeri deyil! …Sən ən yaxşısı mənə “uşqol” – de!! …Səni yaradan – M.Cəlil də uşqol demişdi!.. “Danabaşlıların uşqolu!..”

Hələ səndəki cəsarət! Sən qorxaq deyilsən, Novruzəli! Qorxaq olsaydın bunları Vəli xana deməzdin:

“Xan, and olsun sənin başına, katda bizi çox incidir…( bir növ kənd icra nümayəndəsindən icra başçısına şikayət ) … Əslinə baxsan, bizim katdamız ÖZGƏ TAYFADANDIR! Odur ki, bizi görməyə gözü yoxdur!.. “

Buna ki cəsarətin çatırdı haa, sən kişi adamsan, Novruzəli!….

Səni ki görürəm, Novruzəli, qoy ürəyimdəkiləri də deyim… Hərdən bir nağıl düşünürəm. Bütün Novruzəlilər yığıla bir diviziya yarada… sən də ki, təmiz qarabağlı! Və sizə müraciət oluna… Sənə Vəli xan necə demişdi:

“…Novruzəli, bax, məktubu itirmə haa… heç kəsə vermə!! …”

Elə bu şəkildə deyələr:

“… bu Qarabağ sizə əmanət edirik… heç kəsə verməyin, itirməyin… bərk saxlayın… qoruyun haa !!..”

And olsun bizi yaradana… qarşınıza çıxan ivan, potap, suren… atət… bircəciyini də salamat buraxmazsınız… Buna əminəm!.. Çünki sən adi bir məktubu qoynuna-ürəyinin üstünə qoymuşdun!..Ürək bu !!..
Hardasan, ay dəli musurman ..

Sən mənimlə gəl, Novruzəli! Daha mən yaşlandım… sənin də, Məhəmmədhəsən əminin də ablası oldum!!.. Gör sənə nə göstərəcəm… Evimin arxa pəncərəsindən bax… o gördüyün kəndlər Ağdamın işğal olunmuş kəndləridir, qarşı pəncərədən bax…o gördüyün Murovdur… Baxa-baxa qaldığım Murov!!. Götür bunları… itirmə, bərk qoru, qaçma, alıb-satma!!! Qaytar onu bizlərə… qoy, məktub kimi ürəyinin başına… O məktubu da ver mənə… guya oxumuşam, mən yollaram onu Cəfər xana! Məhəmmədhəsən əmi! Sənin adından burda mən də bir ara Həzrət Abbasa məktub yazmışdım! Sənin də məktubunu yollayaram!! Amma, Məməmmədhəsən əmi, bəlkə göndərməyək… Ora gedən zəvvarlar şeytana o qədər daş atıblar ki, deyəsən, şeytan da daşı yığıb ətəyinə qarabaqara düşüb dallarıyca gəlib bura.. İndi hər daşı atdıqca birimizin başını yarır… İnancına qurban olum, ay Məhəmmədhəsən əmi!!

Siz mənimlə gəlin, Məhəmmədhəsən əmi… Novruzəli!!! Dərd ortaqlarım!! Qoy, irəvanlı Cəfər ağa ilə Vəli xan keyiflərində olsunlar… Məktubda yazıldığı kimi…

“Artıq-artıq təvəqqe edirəm ki, buyurasan bizim otaqlara fərş salıb, əlbəttə-əlbəttə peçləri yandırsınlar ki, otaqların havası pişəzvəqt təmizlənsin… isinsin…”

Hələ bir görün Vəli xan arvadına necə müraciət edir:

“Di hazırlaş, mənim gözümün işığı, maşallah, yaxşısan, havanı dəyişmək səndən ötrü vacibdir… “

İtqapan kəndinin xanı Vəli xan deyir bunu… İllərdir ki, “Poçt qutusu” oxuyuram bu sözlərə diqqət etməmişdim… Və xanın bu jestindən təsirlənib, bu sətirlərin müəllifi başını divara vurdu!!… Gedin, bəylər! Gedin İrəvanda xoşnud olun!.. Sayənizdə Novruzəli qazamata düşdü …

Heç qəm eləmə, Novruzəli! Sənin mənim kimi sevənin var…

Rəna İsmayılova

xudaferin.eu

17:56