“Məclisi-üns"ün zərif ruhlu yetirməsi- Qənirə Paşayevanın yazısı

Azərbaycan şairi və dramaturqu Qəmərnisəbəyim XIX yüzilin sonu, XX yüzilin birinci qərinəsində yaşayıb-yaratmış, əsərlərini Qəmər Bəyim Şeyda imzası ilə yazmışdır. Bu imzanı ona qohumu Xurşidbanu Natəvan vermişdi. XIX yüzilliyin ikinci yarasında Şuşa şəhərində fəaliyyət göstərən “Məclisi-üns”ün xanım üzvləri arasında Qəmər bəyim Şeydanın özünəxas yeri vardı. Xurşidbanu Natəvanın xeyir-duası və himayəsi ilə ədəbi mühitdə tanınan Qəmər bəyim Şeyda (1881-1933) böyük bir nəslin nümayəndəsi idi. O, dövrünün tanınmış şair və ictimai xadimi, general-mayor Cəfərqulu xan Nəvanın nəvəsi, İbrahimxəlil xan Sarıcalı Cavanşirin qız nəvəsidir.

Gözəl şeirlər müəllifi olan istedadlı şair qələmini dramaturgiya sahəsində də sınamış, “Zülmün daşqını” adlı pyes yazmışdır. Həmin pyesi ilə özünü dramaturq kimi də təsdiqləyən Qəmər bəyim Şeydanın bu əsəri ona özəlliklə məşhurluq gətirmişdir. O, həm də xarakter keyfiyyətləri və davranışları ilə xalqın rəğbətini qazanmış, əsil türk qadınına xas olan cəsurluğu və hünəri ilə tanınmışdır. Professor Əzizə Cəfərzadə bu istedadlı şairin şəxsiyyətini səciyyələndirərək belə qeyd edirdi: “Qəmər bəyim Vəzirova olduqca cəsur, at minən, tüfəng atan, dövrünün soyğunçu qaçaq-quldurlarına qarşı əldə silah mübarizə aparan igid bir qadın olmuşdur.”

Şairin “Məclisi-üns”lə bağlılığı isə özəlliklə araşdırmaçıların diqqətini çəkmiş, onun yaradıcılığını əsasən ədəbi məclislər kontekstində tədqiqat mərkəzinə gətirmişlər. Ümumiyyətlə, Qəmər bəyim Şeydanın yaşadığı dövrdə ədəbi məclislərin Azərbaycan mədəni həyatında önəmli rolu danılmazdır. Ədəbi məclislərin ən məhsuldar və qızğın dövrü sayılan XIX yüzildə sənətkarın inkişaf yolu bu məclislərdə verilən ədəbi qiymətlə müəyyənləşirdi. Bütövlükdə ədəbi prosesi dinamik hala gətirən məclislər, əsasən, orta yüzilliklərdəki klassik şeir yığıncaqlarını xatırlatsa da, burada fərqli məqamlar da diqqətdən yayınmır. Ədəbi məclislərdəki şeir müzakirələri dövrün, zamanın bədii ruhunu, söz sənətinin başlıca inkişaf meyllərini özündə əks etdirirdi. Bu məclislər həm də ədəbiyyatda maarifçilik xəttinin təzahürü kimi önəm daşıyırdı. Azərbaycanın ayrı-ayrı bölgələrində yaranan bu ədəbi məclislər müxtəlif ədəbi nəsilləri özündə birləşdirirdi.

Məclislərin bir-birilə əlaqəsi, onlar arasındakı məktublaşmalar, fikir mübadilələri, bir məclis üzvünün digər bir məclisdə iştirak etməsi ədəbi inkişafı sürətləndirirdi. Belə məclislər içərisində şöhrəti Qarabağın hüdudlarını aşan “Məclisi-üns” daha çox seçilirdi. 1864-cü ildə Şuşada şair Mirzə Rəhim Fənanın təşəbbüsü ilə yaradılan bu məclisin məşğələləri şair Hacı Abbas Agahın evində keçirilirdi. Təşkil edildiyi ilk vaxtlar cəmi dörd üzvü olan “Məclisi-üns”ü 1872-ci ildə Xurşidbanu Natəvan öz himayəsinə götürdükdən sonra onun üzvlərinin sayı çoxalıb otuza yaxınlaşmış, məşğələləri daha da canlanmış, şöhrəti Qarabağın hüdudlarını aşıb bütün Azərbaycana yayılmışdı.

Həmin illərdə ədəbi məclislər sanki bir ədəbi yarış meydanı idi, fərqli bölgələrdə yetişən və ün qazanan şairlər burada sağlam yaradıcılıq rəqabətində idi. Bəzən bu yarışın ifrata vardığı hallar da olurdu, lakin bütünlükdə bu rəqabət dövrün ədəbi mühitinin inkişafına xidmət edirdi. “Məclisi-üns” kimi mötəbər ədəbi məclisin istedadlı yetirmələrinin sayı yetərincə çox idi. Onlardan biri də şair, dramaturq Qəmər bəyim Şeyda olmuşdur.

Qəmərnisə bəyim Ata xan qızı 1881-ci ildə Şuşada anadan olub. O, Qarabağ xanlığının əsasını qoyan Cavanşirlər xanədanının yetirməsi və Xurşidbanu Natəvanın yaxın qohumudur. Qəmərnisə bəyim Qarabağın tanınmış mülkədarlarından olan atasını kiçik yaşlarında itirib. Atasının vəfatından sonra o və digər bacı-qardaşları ailənin böyük oğlu Məhəmməd ağanın himayəsində böyüyüb. Məhəmməd ağa bacılarının təlim-tərbiyəsi ilə xüsusi məşğul olub. Onlar üçün müəllim tutub, uşaqlar “Ailə məktəbi”ndə – yəni, evdə təhsil alıb. Qəmər bəyim ibtidai təhsilini başa vurduqdan sonra qardaşının məsləhəti ilə “Şuşa gimnaziyası”nda təhsilini davam etdirib. Məhəmməd ağa bacısı Qəmər bəyimin hərtərəfli inkişafı üçün əlindən gələni edib, hətta ona at çapmaq, tüfəng atmaq da öyrədib.

Mükəmməl bir təlim-tərbiyə görən, savadlı müəllimlərdən dərs alan Qəmər bəyim yeniyetmə yaşlarından şeirə həvəs göstərib, ədəbiyyatla ciddi maraqlanıb. Onun ədəbi zövqünün inkişafında, formalaşmasında isə Xurşidbanu Natəvanın xüsusi rolu olub. Şairi Natəvanın “tələbəsi” hesab edən tədqiqatçılar Qəmər bəyim Şeyda ilə Xanqızının şeirləri arasında yaxın bir bədii səsləşmə görür. Qəmər bəyimin “Məclisi-üns”ə gəlməsi də Natəvanın sayəsində baş verib. “Məclisi-üns”ün növbəti yığıncaqlarının birində Xurşidbanu Natəvan yanında oturan 13-14 yaşlı qızı dərnək üzvlərinə təqdim edərək deyib: “Bu gənc qızın adı Qəmərdir. Yaxın qohumumdur. Şeirə marağı hədsizdir. İcazə versəniz, şeirlərindən bir neçəsini oxuyar. Xoşunuza gəlsə, sıralarımıza qəbul edərik. Ancaq qohumum olduğu üçün üzgörənlik etməyin”.

Qəmər bəyim uşaq utancaqlığı, eyni zamanda, əsilzadə ədəb-ərkanı ilə irəli çıxıb – öncə bir az sıxılsa da, ancaq özünü ələ alaraq özəl bir ahənglə şeir oxuyub. Məclisin ağsaqqalı Mirzə Sadıq Piran ondan daha bir şeir oxumasını rica edib. O, qocaman şairin xahişini yerinə yetirib, sonra keçib yerində oturub. Xurşidbanu Natəvan üzünü Mirzə Sadığa tutub:

- Mirzə, nə deyirsən, xoşuna gəldimi? Bu qızcığazdan şair olarmı?

- Sizin bu qohumunuz gerçək şair imiş ki. Misralarında məna çalarları var. Nitqi, tələffüzü öz yerindədir. Böyük inamla demək olar ki, Qəmər bəyim sizin və bizim davamçımız olacaq.

Natəvan üzünü məclis üzvlərinə tutub deyir: “Deyirəm, bəlkə elə bu başdan ona təxəllüs də verək. Özünüz də gördünüz ki, Qəmər bəyim şeir söyləyərkən şeyda bülbül kimi necə ötürdü. Bəlağətli və tuti nəfəsli səsi var. Ona ədəbi təxəllüs vermişəm. Görün, yaraşır? – “Şeyda”! – Qəmər bəyim Şeyda”!

Qəmər bəyim Şeyda “Məclisi-üns”ə qəbul olunandan sonra öz üzərində çox ciddi çalışıb, məşğələlərdə ardıcıl iştirak edib, oxuyub, təcrübəli şairləri diqqətlə dinləyib. Bu qaynar ədəbi mühit Qəmər bəyim Şeydanın şair kimi formalaşmasında böyük rol oynayıb.

Qəmər bəyimin günümüzə bir neçə şeiri gəlib çatıb. Hüzn, kədər və şikayət motivləri həmin şeirlərin aparıcı leytmotivini təşkil edir. Qəmər bəyim Şeydanın Natəvanın təsirinə daha çox məruz qaldığı şeirlərindən görünür. Əslində, Qəmərbəyim Şeyda Natəvan üslubunda yazıb-yaradıb. Sadə, realist şeirlərində nəcib və insani hisslər, səadət, məhəbbət öz dərin bədii ifadəsini tapıb. Şair əsərlərində əruz vəzninin ahəngdar bəhrlərindən geniş istifadə edib ki, bu da onun qəzəllərinin daha da oxunaqlı olmasını şərtləndirib.

Şairin qələminin püxtələşməsində və şöhrət tapmasında ciddi önəm kəsb edən “Məclisi-üns” Xurşidbanu Natəvanın vəfatından sonra himayəsiz qalıb. Onun öncəki şöhrəti getdikcə zəifləməyə başlayıb; ancaq vaxtilə Natəvanın verdiyi xeyir-dua və “Məclisi-üns”də öyrəndikləri, peşəkar sənətkarlardan əxz etdiyi yaradıcılıq dərsləri Qəmər bəyim Şeydanı poeziya aləmində daha irəli aparıb. XIX yüzilin sonlarında o artıq dövrünün tanınmış şairi idi. Qaynaqlarda onun “Ləli” təxəllüslü şairə Ziba Ərdəbili ilə deyişməsi var. Tanınmış yazıçı-jurnalist Vasif Quliyev öz araşdırmalarında göstərir ki, Ziba xanım Ərdəbili də o dövrün tanınmış şairi olub. Onun “Ağam canı” rədifli qəzəli ədəbi mühitdə geniş yayılıb. Ziba xanım Ləlinin “özündən çox deməsi” Qəmər bəyim Şeydanı təsirləndirib. Buna görə də ona cavab yazıb:

Məlahət gülşənində bir güləm qönçə libasında,

Açılsam gər tutaraq qovsa bu dünyanı, ağam canı.

Ləli şəkər, sözü şirin bu Şeyda tək hərifin var,

Əgər mümkün ola, tərk et bu sevdanı, ağam canı.

Dram janrında da uğur qazanan şairin 1918-ci ildə altı pərdəli “Zülmün daşqını” adlı pyesi oxucularda böyük maraq doğurub. Bu dramda müəllif yüzilin qan davaları, varlı bəylər, ağalar arasında gedən, sonu faciə ilə bitən feodal çəkişmələri və ədavət, düşmənçilik nəticəsində baş verən milli qırğınları təsvir edib. Pyesdəki hadisələrin yaratdığı gərginlik, doğurduğu kədər hissi Qəmər bəyim Şeydanın feodal çəkişmələrinə dərin sənətkar etirazını ifadə edir. Əslində, onun xan ailəsinə mənsub olan babaları da belə çəkişmələrə görə müsibətlərlə üzləşmişdi. Mirzə Fətəli Axundovun yazdığına görə, onun babası Cəfərqulu xan Nəva Qarabağ xanlığının vəliəhdi olduğu halda müəyyən münasibətlərə görə qraf Qudoviçin onun əmisi Mehdiqulu xan Cavanşiri xan təyin etməsi ciddi çəklişmələrin əsasını qoyur. Mehdiqulu xan taxta əyləşəndən sonra Cəfərqulu xan Nəva ona qarşı mübarizəyə başlayır, lakin bu mübarizədə uduzub Sibirə sürgün olunur. O, sürgündən qayıdandanda isə artıq xanlıq yox idi. Görünür, ailə tarixindən bildiyi bu feodal çəkişməsi Qəmər bəyim Şeydanı daha yaxşı bildiyi bir mövzuda dram əsəri yazmağa sövq etmişdir.

Şəxsi həyatı haqqında bu günə gəlib çatan bilgilərə görə Qəmər bəyim Şeyda Sadıq bəy Vəzirovla ailə qurub. Bahadur bəy, Nadir bəy adlı oğulları, Leyla xanım, Sənubər xanım, Həmidə xanım və Əntiqə xanım adlı qızları olub. Lakin ötən yüzilin 20-ci illərində Azərbaycanda baş vemiş hadisələrdə, yeni həyat və mübarizə burulğanında öz nicatını axtaran Qəmər bəyim həyat yoldaşını itirmiş, Bakıda, Naxçıvanda, Ordubadda, Şərurda yaşamalı olmuşdur. O, mədəni həyatdan geri qalmamaq üçün çalışmış, təhsilini artırmış, kəndli qadınlar arasında önəmli ictimai işlər aparmışdır.

1924-cü ildə Qəmər bəyim Şeyda Bakıya köçür. Oğlu Bahadurun iş yeri tez-tez dəyişdiyi üçün o, Bakıda, Naxçıvanda, Tiflisdə yaşamalı olur. Bahadur Naxçıvana Xalq Səhiyyə komissarı vəzifəsinə təyin olunanda həmin vaxt o da oğlu ilə oraya gedir. – Naxçıvanlı qadınlar arasında maarifçilik işi aparır, qabaqcıl qadın aydın kimi bölgənin ictimai həyatında fəal iştirak edir. Qəmər bəyim tez-tez doğma yurduna, boya-başa çatdığı, həyatının mühüm bir hissəsini yaşadığı Qarabağa baş çəkir, keçmiş tanışları, qohum-əqrəbaları ilə ovqatlaşır, Şuşada yaşayan qızını ziyarət edirdi.

Gözəl ana, incə ruhlu şair, Qarabağın vəfalı qızı, böyük nəslin layiqli yetirməsi Qəmər bəyim Şeyda 1933-cü ildə Bakıda vəfat edib. Əldə olan məlumatlara görə, şairin xeyli əlyazmaları qallsa da, sonralar itib-batmış, bu günümüzə gəlib çatmamışdır. Yəqin ki, qocaman tarix bu söz xəzinəsini qoruyub saxlaya bilsəydi, hələ neçə-neçə ədəbi nəsil bu yaradıcılıq irsindən bəhrələnər, Qəmər bəyim Şeydanın açdığı sənət yolu ilə addımlayardı. Bir vaxtlar şairin özü Xurşidbanu Natəvanın açdığı yolla getdiyi kimi... Hər ikisinin ruhu şad olsun!

Qənirə Paşayeva,
Mənbə musavat.com
Xudaferin.eu

 

10:15