Rusiyanın Qarabağa ordu yeritməsi XİN-i ayağa qaldırdı

 

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) erməni KİV-lərində yayılmış Ermənistan və Rusiya sərhədçilərinin işğal olunmuş Dağlıq Qarabağ ərazilərində birgə təlimlər keçməsi barədə məlumatı araşdırır. Bunu cavablandıran XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bu məlumat diplomatik kanallar vasitəsilə araşdırılır.

Qeyd edək ki, bir müddət əvvəl, erməni KİV-ləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsinə istinadən Dağlıq Qarabağda İran ərazisindən keçən sərhəd pozucularının qarşısının alınması ssenarisi üzrə təlimlər keçirildiyini bildirmişdi. Bununla yanaşı, Rusiyanın imperiya siyasətinin bir parçası olan “Kollektiv Təhlükəsizlik Şurası”nın xətti ilə bu günlər Ermənistanda hərbi təlimlərə başlanılıbdır. Bu qurumda Rusiya ilə yanaşı, onun dolayı yolla da olsa, nəzarətində olan Belorus, Qazaxıstan, Qırğızstan, Ermənistan, Tacikstan respublikalarının birlikdə hərbi təlimlər keçməsi təbii olaraq, Güney Qafqazda Kremlin siyasi avantürasına xidmət edir. Bu faktın özü bir daha sübut edir ki, Rusiya bir sıra dövlətləri iqtisadi baxımdan öz nəzarəti altına almaq üçün tranzit terroru siyasətini yürüdür. Həmin dövlətlər də məcbur olub Kremlin diktəsi ilə hərəkət etməli olurlar. Belə bir məqamda Rusiyanın nəzarətində olan etnik münaqişələr və separatçı oyunlar məhz bu məqsədə xidmət edir. Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova Rusiyanın tranzit oyununda iştirak etmədikləri üçün, adı çəkilən dövlətlərin ərazisində etnik separatizm siyasəti 25 ildir davam edir. Buraya “Dağlıq Qarabağ”, “Abxaziya”, “Güney Osetiya”, “Dnestryanı”, “Krım”, “Donetsk” və “Luqansk” kimi bölücü bölgələr daxildir.  

 

TREND IA

09:39