Məmurların Xəzəri mühasirəyə almış hasarları

 

 

Qala divarlarından hündür olan bu hasarlar kimlərə məxsusdur?

 

Pezident İlham Əliyev bu gün “Torpaq Məcəlləsi”nə dəyişikliyi təsdiq edib. Dəyişikliyə əsasən, məcəllənin 46-cı maddəsinin 2-1-ci hissəsinin yeddinci cümləsində “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, bu maddənin ikinci cümləsinə uyğun olaraq” sözləri “İctimai çimərliklərdə (müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən yaradılan və ya bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə icarəyə verilən, gediş-gəlişi məhdudlaşdırılmayan çimərlik)” sözləri ilə əvəz olunub. Bu isə o deməkdir ki, ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunmaqla icazə verilir.

Bəs Xəzəri hasarlayıb təhqir edənləri hansı cəza gözləyir?

 

“Təzadlar”ın əməkdaşları bir müddət əvvəl Xəzərin sahilboyu ərazilərinin hasarlanmasına qarşı reyd təşkil etmişdi... Olduqca biabırçı mənzərə ilə qarşılaşmışdıq. Ola bilsin elə ərazilər var ki, bunu bir təhər sükutla qarşılamaq olar. Lakin Azərbaycana çoxsaylı turistlərin axınını, Bakının dünyəvi şəhər statusu almasını nəzərə alsaq, beynəlxalq magistral avtomobil yolları boyunca Xəzərin hasarlanmasını necə başa düşək? Axı turstlər Azərbaycana həm də dünyanın ən böyük gölü olan Xəzəri görməyə gəlirlər. Tutaq ki, belə bir turist kollektivi Bakıya Tiflis-Gəncə-Yevlax-Bakı marşrtu ilə gəlir və onlar Ələti keçəndən sonra DYP-nin Qaradağ postuna tərəf irəliləyirlər və Umbakı ərazisində dənizi görmək istəyirlər...

 

Əli Nağıyevin olduğu deyilən hasar Xəzəri tam mühasirəyə alıb - Prezidentin diqqətinə

 

Və budur, turistlərdən kimsə həmin ərazidə Xəzəri görmək istəyir. İndi deyin, şəkillərini təqdim etdiyimiz bu hasarları necə adlayıb dənizi seyr etsinlər? Cənab Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general (biz vaxtilə Hərbi Komissarlıq sistemində Murtuz Quliyevi general kimi tanıyırdıq) Novruzəli Orucovu oğlunun xuliqanlıq hərəkətinə görə işdən qovdu... Çünki onun oğlu qanunsuz hərəkətləri ilə vətəndaş sürücünün hüquqlarını pozmuş, onu təhqir etmişdi. Yaxşı, şəkillərdən də görürsünüz ki, kilometrlərlə məsafə boyu uzanan bu hasarları çəkmiş məmurlar Xəzər dənizinin hüquqlarını pozmuş, dənizi görmək istəyən vətəndaşların hüquqlarını tapdamış, sahilboyu sərhəd şərtlərini kobud surətdə təhrif etmiş, bir sözlə, ölkə vətəndaşlarına, turistlərə meydan oxumuşlar. Hesab edirik ki, Prezident İham Əliyev bunları görməli və bu hasar məmurlarına qarşı da oxşar sərt tədbirlər görülməlidir.

Qeyd olunan ərazidə olarkən sürücülərin söylədiklərinə görə, üstü yaşıl məşhur qəsrin sahibi keçmiş nazir Əli Nağıyevdir, digər villalar isə nazir Səlim Müslümovla nazir Heydər Babayevə və digərlərinə məxsusdur. Bu mənsubiyyət faktı nə dərəcədə doğrudur, təbii ki, bunu Prezident Administrasiyasında asan öyrənə bilərlər...

Səbuhi

 

09:14