Əli Daşqın: "ƏSİR TOPRAQ"

Əli Daşqın imzası ilə tanınan Əli Hüseynzadə çağdaş Azərbaycan poeziyasının ən ünlü simalarından biridir. Onun ədəbi yaradıcılığı bu gün Güney Azərbaycanda böyük bir prosesə çevrilib. Faktiki olaraq, Çağdaş Güney Azərbaycan ədəbiyyatının milli görüşlər üzərində köklənməsinin təməlini qoyumuş Mirzəli Möcüz, Tağı Rüfət, Mirmehdi Etimad, Bulud Qaraçorlu, Əlirza Nabidil Oxtay, Mərziyə Üskülü Dalğa, Səməd Behrəngi kimi fikir adamlarımızın çağdaş anlamda ən böyük ardıcıllarından biri sayılır. Əli Daşqın sadəcə şeir yazmır, eyni zamanda ədəbiyyatın dili ilə çağdaş milli məfkurənin gəlişməsi üçün böyük bir məktəb yaratmışdır. Özəlliklə də ana dilində milli ədəbiyyatmızın sevdirilməsi onun xidmətləri misilsizdir.
Əli Daşqın 11 mart 1958-ci ildə Güney Azərbaycanın            Xələc bölgəsinin Bostanava məkanında anadan olub. O şair, nasir və çevirici (tərcüməçi) kimi Güney Azərbaycan çağdaş  ədəbi proseslərində geniş şöhrət qazanmışdır. 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İxtisasca elektron texnlogiyası üzrə mühəndis olsa da, ana dilimizə olan dərin sevgisi, Güney Azərbaycanda milli mədəniyyətimizin gəlişməsi fikri onu daim rahatsız etmiş və buna görə də, çağdaş ədəbi-mədəni proserslərdə ən fəal şəxsiyyətlərimizdən biri sayılır. O, ədəbi-bədii yaradıcılığa ötən yüzilin 70-ci illərindən başlamışdır. Bir neçə şəhərdə, özəlliklə Üskü şəhərində Çağdaş Türk Ədəbi Dərnək”-lərimizin qurucularından biri olmuşdur. Təbriz şəhərində yaradılmış “Şəhriyar Ədəbi Məclisi”nin fəal üzvü, 1992-ci ildən dərnəyin sədrlərindən biri olmuşdur. Eyni zamanda uluslararası Avrasiya mətbuat fondunun ədəbi bölməsinin sədridir. Təbriz, Urmu, Sulduz şəhərlərində - universitetlərdə "Türk dili və ədəbiyyatı" fənnini tədris edir. Əsərləri "Yol", "Varlıq" dərgilərində, "Geyhan" qəzetində (Tehran), "Fruği azadi" (Təbriz), "Ədəbiyyat qəzeti"ndə, "Yol", "Odlar yurdu" qəzetlərində (Bakı) müntəzəm dərc edilmişdir. Onun bir sıra lirik şerlərinə mahnılar bəstələnmişdir. Keçmiş Yuqoslaviya, Türkiyə, Azərbaycan və digər ölkələrdə keçirilən ədəbi qurultaylarda iştirak etmişdir.
“Payızdan-payıza” (şeirlər, 1976), “Ana nisgili (şeirlər, 1989), “Türkcə sözlük” I cild  (1992), “Türkcə sözlük” II cild (1996), “Sadə xəritələr” (elmi araşdırmalar, 1992), “Çiçəklərə bir çiçək” (uşaq şeirləri, 1991), “Səhər ağacı” (şeirlər və hekayələr, 1993), “Qar çiçəyi” (şerlər, 1993), “Türkcə Dil Bilgisi” (2009), “Sarışın” (2013), “Sevgi damosu”  və başqa kitablaerın müəllifidir. Demək olar ki, onun bütün əsərlərini çağdaş Güney Azərbaycanda böyük bir ədəbi məktəbin təməli kimi saymaq olar. Çünki, Əli Daşqının qələmindən çıxan çıxan hər bir söz, deyim, misra belə milli -ədəbi düşüncəmizin gəlişməsinin simgəsi hesab olunur. Onun son illər qələmə aldığı “Əsir Torpaq” poeması Qarabağ həqiqətləri haqqında ən mükəmməl bədii əsər olmaqla yanaşı, həm də bu mövzuya həsr olunmuş şah əsərlərdən biri hesab olunur.

ƏSİR TOPRAQ

(Qarabağ Poeması)

Bölüm 1

ŞUŞA

Gözəl Şuşa!
Dərələri tam sehirli
Zirvələri qoşa-qoşa
Kim qıyar ki, mən də qıyam
Yem olub gedəsən nankor qurda-quşa?!...

Kişi kəlləsindən yonub
Günbəz dikmək həvəsilə gələn
Böyük Qacar Şaha buyurmuşdu Molla Pənah:
-“ Məni qoruyan odur ki, mən bilirəm
Dağ qoynunda qoruyacaqdır Şuşanı!”
Kim unudar
Mən unudam bu şöhrəti, belə şanı?!..

Cabbarı yada salanda
Natəvandan utanıram!
Üzeyirə üz tuturam
Xana, Seyidə baxıram, Bülbül gəlir xatirimə
Yazıq olub düşürəm ölüm-dirimə
Görən
Oxuyacaq Xarı Bülbül quşların toy-düyünündə?
Oynayacaq öz nəslimin balaları
Ölsəm də, mənim yerimə?!

Dağlarına kəklik deyil
Ağbabalar, leş yeyənlər, çaqqal, quduz
Yaraşmır ki!
Ormanında yabanı donquz dolaşıb hönkürüncə
Közərir gönlümün içi...

Əsir Şuşa!
Qala Şuşa!
Ana Şuşa!
Bala Şuşa!
Təslim etməz Türk elləri öz qalasını bayquşa!...

Süfrəndə çörək kəsdirdin yad əllərə
Zirvəndə bayraq əsdirdin qoynuna girən güllərə
Sən, demədin
Mən, demədin
Açdın sıcaq qollarını
Alıb öpdün üzlərini
At çapdırsın deyə verdin düzlərini
İndi gəl ki,
Günbəzinin yanağına yara düşüb
Bilən yoxdur!
Gözlərinin sahilinə qan əkilib
Silən yoxdur!
Qərib Şuşa, Yanlız Şuşa!...

Sən onlara nə etdin ki?
Sənə tutdu divan, zülüm, ölüm
Qara fikirlilər!
Sənə gəlib, səndə doğub
Səndə boya çatanların
Ayağı çıplaq, ac qarın
Gizli-gizli, narın-narın
Yad əllərə sığınaraq, kişilikdən yan duraraq
Səninlə nə davası var?!

Bilmirlər ki,
İllər geçsə, aylar ötsə
O dağlar ağ kürk bürünüb qışa getsə
Havasında unudulmaz Azərbaycan havası var!...

Ən azından
Barmağımız qurşun olar
Sənə qarşı duranlara!
Bu meydan bir gün daralar
Qaranlıq qoynundan doğan o yalan ışıq saralar!...

Şuşa!
Çatma qaşını baş-başa!
Hadı gözlə, hadı dayan!
Bədöy atlar kişnəyəcək
Qudurğanlar edəcəklər el savaşına tamaşa!...

İndi, mən də ağlayıram
Yasa batıb toprağımın bir bölümü!
Qana döndərib yaramaz, duz bilməyən
Üç-dörd dığa Göygölümü!
İndi, mən də üşüyürəm
Şuşa deyəndə, şüş durur saçlarımın ağ telləri
Vətən deyəndə
Püskürür gönlümün Daşqın selləri
Niyə, nədən?
Çünkü o tpraq bağrında yatan mənim dədəm olur!
Çünkü o dağlardan axan sellər gəlib
Mavi Xəzərimə dolur...

Şuşa!
Ağlayan göz gülən dodağı verməzsə
Kora dönsün!
Dərələrin, bulaqların
Ya qayıtsın vətənimə
Ya, yadların hər birinə birər-birər gora dönsün!
Ağaların qanunları bizə deyil
Qana yazıb
İndi düzdür dünyamızda hər kəs azıb!
Səni almaq bizə düşər
Hər barmağım min düşmənə qəbir qazıb...

Düşmən tanqı kükrəyəndə
Uşaq-böyük tanımadı, əzib geçdi
İnam susdu
Vicdan öldü
Çiçəklərin su yerinə al qan içdi
Baxdı dünya, hələ baxır daşlarının harayına
Gör kim girib Molla Pənah sarayına?!...

Oğuzun hər oğlu olacaq bir qoşun
Sənə doğru
Qartalına yürüyəcək
Səndə dolaşıb gərnəşən haramılar
Azərbaycan əskərinin pəncəsində çürüyəcək
Fəqət
Zaman geniş, insan böyük dözümlüdür
Dözür hələ
Zülümkarın, qəddarın ac gözlüyünə...

Çəkib alır yetimlərin göz yaşını
Ovuc-ovuc
Utanc duymur iyidlərin anasından
Anaların
Şəhid, itkin, yorğun düşmüş balasından
Qana yanğı
Suya özgə adamcıqlar!
Dayan, bir də azadlığın yağmuru-yağışı yağar!...

Gözəl Şuşa!
Çağır yurdun oğulların
At o bic dulları, boşa!
Beşiyində böyüt yenə sənət-qələm adamların
Dalğalanma şəhər kimi
Çök yaramaz boğazlara qəhər kimi
Daş qafalı quldurların daş bayrağı!
Od yurdunun doğma himni
Baş bayrağı!...

Qan itirmə damar-damar
Soyulma Nəsimiyə tay!
Bu gün, sabah
Ağ bulutların döşündən yorğun, daş küçələrinə
Ağ süt dammar
Qalası qal, qala-qala
Qıyha çəksin üzərində uçan qartal
Sarayına qonaq gəlsin Cavad Xan, Cavanşir, Babək
Qara qarğaları yenək
El öyünsün Şuşa-Şuşa, dağlar dursun qoşa-qoşa...

Şanlı Şuşa!
Şarab vermə bulağından
Ağzı pozuq, gözü dönük yarasaya!
Dağ böyründən yüksəl göyə
Qoşul aya
Nə kürnüş et, nə dizə çök
Aç qapını al günəşə, tarixdə yerini qoru
Yazıl bir də Azərbaycan pasportuna
Nanəciblərin oyunu üzə çıxsın, gəlsin sona!...

Yadlar əl-ələ verincə
Qurşunlandı qapı-baca şüşə-şüşə
Ayı qurda dayı dedi
Tülkü masa bəyi oldu, çaqqal gəzib aldı neşə
Şan-şöhrəti dağlar aşan heykəl belə güllələndi
Utanmazlar
Mədəniyətdən qorxanlar dağa-daşa qıydı belə
Unut acı günlərini, bax Xəzərə mavi-mavi
Od püskürür sinəmizdən alov-alov
İndi ordu, indi güclü baş komandan
Səni duyur uyğusunda, səni çəkir nəfəsində
Azərbaycan var hər kəsin gur səsində...

Günəşə bax!
Doğudan al öz gücünü yumruq-yumruq
Tələs bizə!
Biraz da döz, gəlmə dizə!
Sənin daşın, Qarabağ`a verdiyin öz yaraşığın
Türkün varlıq simgəsidir

Göz bəbəyi
Alın təri
Qeyrət qanı, namus-arı
Soy-kökünün dayağıdır...

Şuşa!
Qarabağın ağ qapısı
Elm-sənətin ilk yapısı
Qaçqınların gözü yaşlı, əli qabar, yorğundurlar!
Yol gözləyir
Orda doğub, burda boya-başa çatan
Ey elimin qanına qanını qatan!
Qurtar bizi çadırlardan
Ötəri dikmə evlərdən!
Al, götür bu məzlumları öz qoynuna!
Şənlik qur şırran suyunda
Süslə İsa Bulağını
Bəzə təpəni, dağını!...

İyirmi il bir ömürdür
Əsir olar bir-iki il
Ölən öldü, qalanların saçları ağ
Birçəyi boz!
Necə yaşayırsan bizdən ayrı Şuşa?
Dağları çən, yolları toz?
Nağıllar geridə qaldı
Boylar işə yaramadı
Bir gün günəş doğmamışdan
Yola düşüb gəlməliyik
Yaraqlı-yasaqlı olub
Qurşun-qurşun, süngü-süngü
Qara ürəkləri bir-bir dəlməliyik...

Ulu ellərin qaynağı, ulu şəhər!
Dağlarında qartal uçur
Bağlarında bülbül varmı?
Demə bu bir təsəllidir, ovutmaqdır
Bilirəm nə dediyimi
Yəni gönlün sınıb, darmı?
Sənin üzün ağarmasa bir də gümüş nurlu dana
Qiymət vermək səhv olardı bunca cana
Üzü qara qalmayacaq bu el-oba
Hayqıracaq
Hönkürəcək
Bağıracaq alov-alov, yana-yana...

Borana düşən körpələr
Ayağı donan analar
Gəlinliyinə qan daman qaragünlü ağ gəlinlər
Qarğış edir gecə-güdüz
Umud güdür
Xəyal qurur
Şuşa deyir röyasında
Topraq sürür tarlasında
Bina dikir
Böyüklərin şəhərinin ürəyində
Ağzının dadı qalıbdır
Qarabağ`ın çörəyində...

Vazgeçilməzisən elin!
Qarabağın Şikəstəsi uzaqlardan gəlir sənə
Yurdun toyu, yası birdir
Hər danışan səni deyir
Hər ağlayan sənə yanır
Sankı hayatsan, varlıqsan
Yaramıza məlhəm, dərman
Gönlümüzə şənlik, fərman
Ayır yolunu yolsuzlar cığırından
Yoluma gəl!
Yuxun gəlir, çox yorğunsan, çox darğınsan
Qoluma gəl!
Biraz uyu, biraz dincəl
Sağıma gəl, soluma gəl!...

Qarabağın baş kəndisən!
Yurdun sınmaz, daş kəndisən!
Küçələrində yürümək unudulmaz borcumuzdur
Yeri gəlsə
Topraqlarında çürümək bir şərəfdir
Bunu bilən elimiz
Həm ordumuzdur
Qoca şəhər!
Türk`ün duru mahnı səsi
Azərbaycanın unudulmaz həvəsi
Gözəlim, ceyranım
Şuşa!
Sən dua et, mən savaşım
Arzumuz çıxmasın boşa!...

Bizi, bizə çox görənlər
Çox çəkdirdi dağlarına, bağlarına
Qucağında oğlu ölən, qızı ölən ana bıraxdı tarixə
Yudu üzü qaraların üz qarasın
Dərinlətdi, ağırlatdı elimin gönül yarasın
Sən ulduzların dalında kölgələndin
Qərib-qərib
Mən gönlümün qanın yedim
Gözlərimin suyun içdim
Əcib-əcib...

Saçlarından buz aslandı qəndil-qəndil
Gecə boyu, qış uzunu
Buzlarında iz bıraxdı qaçqın xalqımın ayağı
Acı günlər gözləyirdi Qarabağın son dayağı
Dağlarda quzu mələdi
Bulaqlar qan yaş ələdi
Öldü tarixin vicdanı qaranlıqda
Qara geydi, yasa getdi
Toydan dönən gənc gəlinlər
Bu gönül hələ də inlər...

Minarəndən uçan quşlar
Qan itirdi qızıl-qızıl, yol itirdi cığır-cığır
Boğazına qurşun dolmuş
Qulağı kar
Gözü görməz tarix, çığır!
Evinə od düşdü elin
Çörəyi küt getdi elin!...

Günahı nəydi, suçu nə?
Qan axıdıb qullandılar
Yerdən-göydən yollandılar
Qıydılar kəndə, şəhərə qan içənlər
Dəstə-dəstə
Ananın balası öldü, evi yandı
Özü düşdü çölə, xəstə...

Hər mahnıda adın geçir
Hər şeirdə sözün gedir
Hər ocağın od daşında közərirsən
Al-qırmızı
Hər bir Türk`ün yaddaşında göyərirsən
Gecə-gündüz
Dağının mehinə həsrət qaldı ürək
Keşkə nənəm biraz daha yaşasaydı!
Yandırsaydı orda təndir
Bişirsəydi Qarabağ`ın təndirində bir də çörək...

O dağların Savalan tək qardaşı var
O toprağın Muğan adlı bacısı var
O suların Araz kimi, Kür bənzəri beşiyi var
Əsir düşən o toprağın
Yola düşmüş aslan kimi keşiyi var
Dağına ağlaram Şuşa!
Suyunu çağlaram Şuşa, ölmə, yaşa!
Demə daha sökmə gönlümün yaralı yarasını!
Düzlərində bitən güllər yetim oldu
Dağlarında əsir düşən anam-bacım saçın yoldu...

Tüfəngimin boğazında qurşun qalıb
Udğunanmır, bilirmisən?
Qələmimin qollarında qanad sınıb
Duyurmusan?
Səslənsəm, çatacaq qədər yaxın oldum
Gələnmədim!
Yasını dinlədim, duydum
Toylarında, düyünündə ağız dolu gülənmədim!
Bağışlaya bilərsənmi belə oğlunu, qızını?
İşə bax!
Mən öz başımı döydüm, sən də öz dizini!...

Buna rəğmən
Yollarının qatarı mənə sarıdır
Əsir toprağı suvaran
Şah Dağının ağ qarıdır
Hələ bir də Səhəndin var
Bozquş Dağı, Mişovun var
Arxalan, söykən
Qadası düşmüş düşmənin gözünə!
Sarsılma, güvən özünə!
Bir də dönər tarixin qara varağı əlçim-əlçim
Yol ver içim!
Dağına dağ qoşacağam
Allah qoysa coşacağam...

Sənə kor qurşunu sıxan alçaq əllər
Bir zaman Urmu, Xoy, Salmaz,...
Ellərinə əyri baxdı, gözü çıxdı!

Bir zaman Türk toprağından Türk qovurdu
Özü çıxdı!
Babaların sümükləri sızlamasın bundan sonar
Qəbir-qəbir, məzar-məzar
İtib gedər mərdümazar
Sənin qutsal dağlarına and içirəm
Söz verirəm
Qoca Şuşa!
Qafqaz`ların korusundan uca Şuşa!...

Daşlarını ayaqlayan ayaqları
Qırar bir gün Türkün özü
Yalan qayda-qanunları pozub geçər
Ordumuzun gerçək sözü
Ocağından tüstü qalxar Azərbaycan ellərinin
O şəhərdə
Bilirəm
Çox qaldın darda, dözdün dərdə!
Qulağını yerə yatır, gözlərini yollara sər
Bu səs gəlir Türk atının dırnağından
Bu sel daşır Azərbaycan dağlarının ırmağından...

Toplu-toplu qəbirlərdən çıxan insan sümükləri
Göstərir Türkün yurd salıb yaşadığı
Yurdu, yeri
Qaralasın qara əllər ağ gerçəyi varaq-varaq
Tarix yazsın yox geçmişə
Divar hörsün tökdüyü qan göllərinə
Desin qala!

Toprağının ətri gəlir
Üstümüzdən, başımızdan
Baş yastığa atan kimdir?
Səni ucuz satan kimdir?
Ey yurdumun qiymətlisi, yavru Şuşa!
Elə sevirəm əlimi toxunanda
Gözlərindən axan yaşa!...

Mən ölsəm, oğlum gələcək sorağına
Oğlum ölsə, soyum durur
İrsim, varlığım yaşayır
O dağların ətəyində çınar-çınar
Qoca qartal uçar bir gün göy Xəzərin üzərindən
O daşlara, o dağlara dim-dik qonar
Ulduz deyil
Qurşun yağar o dağların düşməninə
Göy guruldar, şimşək şaxar
O nankor baxışlar donar...

Yaslı Şuşa!
Bu bizim qeyrət borcumuz
Bu savaş vicdan yükümüz
Ana vətən həsrət qalıb doğma, gözəl balasına
Bu göylərin ağ buludu ağ yağacaq
Qara yaxılmış öz Şuşa qalasına
Ər-gec
Sənə and içəcək bu el, bu xalq
Anasının südü kimi
Sənətkarlar yurdu yenə səslənəcək

Natavənın bəslədiyi kəhər atlar
Ad alacaq
Azərbaycan ulusunun balaları
Anasının sözlərindən dad alacaq...

Daşlarına qan yaxan o geri quldur
Yarasaya qardaş deyən
Qaranlığa yoldaş deyən utanmazlar
Peşman-peşman qalacaqlar
Bu el, bu yurd, bu səs, bu dil
Yenə mahnı çaldıracaq
Yenə də yanğılanacaq o dağlarda
Qarabağın Şikəstəsi
Körpələrin ahı atəş dolduracaq o sevimsiz ürəklərə
Göydə quşlar ağlaşacaq
O divana, dərdi-sərə...

Ölənlərin yadıgarı
Qalanların umud evi, qala Şuşa!
Dərdlə dolu ürəyində qayna
Hönkür, kükrə, diksin
Düşmən boğan dalğaları düşmənlərin üzərinə
Cala Şuşa!...

Bu topraqlar nələr gördü?
Bu el, bu gün, bu göy, bu yer nələr çəkdi?
Diz çökmədi əli qanlı, gözü dönmüş
Soyu pozuq
Türkün qatı düşməninə!

Qan eləməsin qanına
Barış dedi, düzlük dedi
Ana bildi, bacı bildi, namus duydu
İnsan tanıdı insanı
Ancaq bunu anlamadı qan içənlər
Qana susadı, qan tökdü
Cana susadı, can tökdü
Pəncərəsi daşlı Şuşam!
Çatma, qaraqaşlı Şuşam!
Sən itirmə umudunu, hər an xatırla yurdunu!
Azərbaycan bir çınardır, sən də bəlirli bir budaq
Ətindən ayrılmaz dırnaq
Dayan
Gəlsin Azərbaycan qartalları sənə qonaq!...

 

20:27