İlham İsmayıl: “Mədəsini güdən camaat bir gün də Qarabağ deyib ortalığa çıxacaq”

 

“İnanmıram ki, hakimiyyət bu məsələdə müxalifəti nəsə bir dialoqa, birliyə çağırsın”

 

Rusiya prezidenti Vladimir Putin Ermənistanla qoşunların birləşmiş qruplaşması barədə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb. Bu barədə hüquqi informasiya rəsmi internet portalında dərc edilmiş sənəddə deyilir.

Qeyd edək ki, 2016-ci ilin iyun ayında Dövlət Dumasına Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşması haqqında saziş daxil edilib. 2016-ci ilin noyabrında isə Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu və Vigen Sarkisyan ölkələr arasında qoşunların birləşmiş qruplaşması ilə bağlı sazişi imzalanıb. Rusiya prezidenti Vladimir Putinin Ermənistanla “Birgə Qoşun Birliyi” sazişini tədiqləməsi Azərbaycana qarşı məqsədli şəkildə həyata keçirilən bir addımdır. Artıq bununla Rusiya Azərbaycana qarşı çirkin niyyətlərini aşkar ortaya qoydu. Həmişə Ermənistanın işğalçı siyasətinə arxa fonda dəstək verilirdisə, bundan sonra Ermənistanın işğalçı siyasətinə rəsmi şəkildə ortaq oldu. Əslində, Rusiyanın bu addımına qarşı ciddi etirazlar olmalıdır. Bu məqamda Azərbaycan rəsmi dairələrinin məsələyə münasibəti də maraqlıdır.

Artıq müxalifət təmsilçilərinin bəzilərindən məsələyə reaksiya var. Onlar vəziyyətin cidddiliyini ölkə icitmaiyyətinin diqqətinə çatdırır, milli barışın ölkəmizin yeganə xilas yolu olduğunu vurğulayırlar. Maraqlıdır, Rusiyanın Ermənistanla “Birgə Qoşun Birliyi” sazişini tədiqləməsindən sonra Azərbaycan Rusiya əməkdaşlğı, qonşuluq münasibətləri hansı səviyyədə olacaq?

“Nə Xarici İşlər Nazirliyi, nə də digər rəsmi sözçülər məsələnin üstünə gəlməyəcəklər”

Sualımıza cavab olaraq keçmiş MTN zabiti İlham İsmayıl Hurriyyet.org-a xatırlatdı ki, bu məsələ keçən ilin noyabrından başlayıb: “Noybrdan bəri biz Rusiyaya hansı münasibət göstərmişik ki, təsdiq olunandan sonra da Rusiyaya qarşı xüsusi bir münasibət göstərək? Yaxud hansısa bir etirazımızı bildirmişik? Bundan sonra da etiraz bildirəsi deyilik. Bunun təsdiqlənəcəyi gözlənilirdi. Görünür, elə Soçi görüşündə də məsələnin bir tərəfi bu idi ki, biz “bu məsələni təsdiqləyəcik, amma sizin xətrinizə dəyməsin. Bunda narahat olacaq bir şey yoxdur”. Təxminən bu cür diplomatik gedişlər ola bilərdi. Yoxsa tələsikdə Soçi görüşündə başqa tələbləri olsa da, hər halda biri də bu idi. İndi görəcəksiniz, nə Xarici İşlər Nazirliyi, nə də digər rəsmi sözçülər, hətta hər gün televiziyaya çıxıb bizi aldadan siyasi şərhçilər, “ekspertlər” də məsələnin üstünə gəlməyəcəklər. Gəlməyə də qoymayacaqlar. Gəlsələr də nə deyəcəklər. Yəni gözləməyin ki, xüsusi bir etiraz olacaq, heç nə olmayacaq. Əvvəl necə idisə, elə də davam edəcək”.

“Dar məqamda xalqın birliyi olmalıdır”

“Hökuməti müxalifəti birliyə çağırmaq məsələsi ola bilər. Qarabağın ətrafında gizlin də olsa, məkrli planlar fırlanır. Məkrli planların fırlanmasını xalqdan nə qədər gizlətslər də, əvvəl-axır üzə çıxacaqdır və qarnını, mədəsini güdən camaat bir gün də Qarabağ deyib ortalığıa çıxacaq. İndi çıxmadıqlarına baxmayın, hələ nəsə gözləyirlər. Yəni indiyə qədər bu siyasət yoxdur. Ancaq dar məqamda xalqın birliyi olmalıdır. Amma bu birliyə indiyə qədər də aparılan siyasətdə yer qoymayıblar ki, ən azı vətən məsələsində birlik olsun. İnanmıram ki, hakimiyyət bu məsələdə müxalifəti nəsə bir dialoqa, birliyə çağırsın. Belə bir məsələ gözlənilmir” – deyə keçmiş MTN zabiti bildirdi.

 

Şamo Emin
Hurriyyet.org

 

09:12