Həmid ORMANLI: DƏRBƏNDDƏN BƏRİNİN TONQALI

 

(Ramiz Qusarçaylıya məktub)

Əzizim Ramiz bəy!
Olanına bərəkət. Nə yaxşı ki, Sən varsan. Varlığını fürsət bilib üzümü Sənə tuturam. Özün yaxşı bilirsən! Özün yaxşı bilirsən  ki, yalan gerçəkləşdikcə, gerçəklərin yalana çevirildiyi bir dövürdə yaşayırıq. Az qala deyək ki, hər şeyin zayı çıxıb. Sevgiyə də, seçkiyə də, içkiyə də su qatırlar. Hər yerdə belədir.Eləcə də ədəbiyyatda. Fikrət Sadıq demiş hamı şer yazır.Millət şer yazmaq azarına tutulub. -Deputat şer yazır, nazir şer yazır, bazarkom şer yazır. Şerin gözü aydın olub. Daha dizlərdə, siqaret qutularına, salfetka kağızlarına, gürcü dili dəfdərinə, köhnə idarə blankların 5 qəpiklik qələmlərlə yazılmır. Bu gün şer çil-çıraqlı isti otaqlarda üstü brilyant qaşlı qızıl qələmlərlə yazılır.Dərd burasında deyil. Dərd orasındadır ki, şer yazanlar it unu misalı hər yerə səpələnsələr də  ölkədə yeni dövrün dərkindən yaranan, onun  ağrısını-acısını özündə ehtiva elətdirən həqiqi şair sözü görünmür. Sözünün işığı gələn yaxşı şairlərin sayı az qala barmaq saydadır.Həmin o barmaq sayda olan  şairlərdən  biri də  Sənsən. Niyə məhz Sən, niyə məhz Ramiz Qusarçaylı? Lap kəsə deyəcəm. Çünkü Ramiz Qusarçaylı kiminsə güllü tumanını görüb şair olanlardan deyil. Ramiz Qusarçaylı mürəkkəb milli-etnik tərkibə malik Quba kimi bir rayonda doğulub, özünün milli kimliyini dərk etdiyi  üçün şairdir...
Şair var özü fağırdır, sözü ağırdı, şair var xəlvətdə od püskürür ancaq şeri can verir. Şair var sayları çox olsa da nə özü bir şey deyil nə sözü. Şair də var Ramiz Qusarçaylı kimi. Özü də döyüşür, sözü də!
Əzizim Ramiz bəy!  Sən Qubanın şimal soyuğunun qabağında şerin istisinə qızınıb şer yazırsan. Bu sənin boz qurdluğundan gəlir.Əslində Sən şer yazmırsan,tonqal çatırsan. Elə bir tonqal ki, Dərbənddən bərinin tonqalıdır o tonqal. Tonqal dedim Zakir Məmmədin sazı yadıma düşdü. Borçalı ağacından düzələn sazı. Ramizin tonqalı, Zakirin sazı. Şair olsaydım bu mövzuda göz-zəl bir şer də yazardım. Ruh qardaşımız Çiçəyə təxminən buna yaxın mövzuda Sən özün daha yaxşı yazmısan:

O, sazı nə yaman qucaqlamısan,
Harası ağrıyır o sazın Çiçək...

Yaxşı tutmusan o məqamı?  Sazın ağrısı elə Türkün ağrısıdır.  Adı özündən qorxulu Türkün. Sazın ağrısı Qubamızın ağrısıdır. Təbrizin, Dərbəndin, Göyçənin, Borçalının ağrısıdır. Kərkükümüzün, Mosulumuzun ağrısıdır. Şuşanın ağrısıdır a kişi, Şuşanın ağrısıdır-sazımızın ağrısı. Şuşa ağrısını hər gün təzə yaşayıb təzə yazırsan. Yazdıqlarında da ürək görünür. Ürək köpəkoğlu şeydir.

Şuşada güllər gülürmü,
Dağına duman gəlirmi.
Xudu müəllim bilirmi,
Şuşaya gedə bilmirəm...

Bu günə kimi hələ heç bir Qrabağlı İncəli Akif Səmədin bu şerindən o yana keçə bilmir.Çünkü Akifin Şuşa ağrısının da, şüşə ağrısının da sirri infaktı qoşasınnan tapan böyük ürəyinnən gəlirdi...
Eyni fikirləri Sənin silsilə Şuşa şerlərin haqqında da demək olar. Yaxud da elə götürək “Azərbaycan bayrağı” şerini:

Sənsən Azadlıq eşqim, Sənsən hürr,-deyəcəyəm,
Ən son nəfəsimdə də Sənə şer deyəcəyəm,
Şuşada Sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı!!!
Azərbaycan bayrağı!!!

Belə gülü hər gülüstan bitirməz, hər dağa belə qar yağmaz. Möhtəşəmdir.Çünkü bütövləşmiş bir Türk kişisinin ürəyindən su içib. Evində belə baş çıxarda bilməyən içki düşkünlərindən, istedadsız, simasız insanlardan belə şer gözləmək  də düzgün deyil.
Əzizim Ramiz bəy!
Bir-iki cümlə də səbr elə bitirirəm. Sənin şerlərin  həm də mənə ona görə doğmadır ki, şerində necəsənsə özün də eləcənəsən. Şerində peyğəmbərlik eliyib həyatda küfürnən məşğul olanları azmı görmüşük? Bir də baxışlarında  çox oyaqsan. Yaşca Səndən kiçik olduğum üçün bu fikrimə görə hər ehtimala qarşı Sizdən üzr də istəyirəm. Quşu gözündən vurursan. Maaşallah olsun! Heç şübhəsiz ki, bu həm də Sənin şair intiusiyandan irəli gələn keyfiyyətdir. Mürşüdüm Akif Səməd deyirdi ki, yaxşı şair gərək havanın proqnozunu sinoptikdən, ürəyin kardioqramını kardioloqdan tez xəbər tutsun. Bu üstün keyfiyyət Səndə də var(Kaş bir az da artıq olaydı). Az qala hər şerinizdə bu cəhət hiss olunur:

 Nə var nə yox Akif Səməd,
Gör kimlər öldürdü Səni.
Doğma havalar üstündə,
Yad Simlər öldürdü Səni...

Əladır-“Doğma havalar üstündə yad simlər” məsələsi məni yaman tutdu. Ancaq inan ki, onlar da öldürə bilmədi Akif Səmədi. Ölüm məğlub oldu Akif Səmədə. Bir dəfə, beş dəfə, yüz dəfə,.. ha cəhd elədisə bacarmadı. Ancaq ölümə də ölüm deyərlər. Ölüm yenə də inatından əl çəkməyib. İndi də şeytanla qol-boyun olub hiyləyə əl atır.Namərd ölüm Akif Səmədə ölü kimi laqeyid “dostlarının”, “eloğlularının”, “özününkülərin”, ... əli ilə hücuma keçir, qovğaya qalxır, qovğadadır. Akifin öz sözü ilə desək “Bacarmayacaqsınız ay həpəndlər”. Bu gün Akif Səməd Atilaylarda, Ulucaylarda,.. cismən də bərpa olub, aramıza qatılır. Bu günlərdə Ulucay Akifin şerlərinə baxdım. Akif Səməd göründü Ulucayın şerlərində. Atilayın gözlərinə baxdım, Akif Səməd mənə baxdı Atilayın gözlərindən. Akif Səmədin ölümünə inanıb bu gün cilddən-cildə girənlərə Atilayın dodaqlarında gülür Akif Səməd. Bunlar Sənin bildiyin şeylərdir Ramiz bəy. Əslində elə Sən də bunları bildiyin üçün şairsən. Bunları bildiyin üçün ölümdən qorxmursan. Bunları bildiyin üçün Sənə və Sənin şerlərinə  ölüm yoxdur. ...
Tonqalın ətrafında görüşmək ümüdü ilə Həmid Ormanlı.

23:26