Duyğularının misralarında yaşayan şair

Elbariz Məmmədli. Bu adı çağdaş Azərbaycan ədəbiyyatının “SUSDURULMUŞ NƏSİL” siyahısına daxil etmək nə qədər acı da olsa, böyük bir gerçəklikdir. Özlərini ədəbi prosesin tiranları hesab edən, “60-cılar” dışında kimsəni qəbul etmədikləri üçün 1980, 1990 və 2000-ci illərdə ədəbi prosesə gələn yeni nəslin ədəbi-bədii enerjisini qəbul etməkdikləri, heçə saydıqları üçün, 1980-2017-ci illər aralığındakı ədəbi nəslə sarsıdıcı zərbələr vurumuşlar. Bizim fikrimizcə, əsil Azərbaycan ədəbiyyatı 1980-ci illərdən üzü bu yana başlanılan yeni düşüncədir. Buxovsuz, bağımsız və özgür ədəbi miras da elə bu dönəmlə bağlıdır.

“Ustanovka ədəbiyyatı” düzəninin buxovunda bişmiş və özləri də bilmədən kəsafət qoxuyan 1950-1960-cı illər ədəbiyyatı gerçəkdən “stalinizmin mirası”dır. Ona görə də bu ədəbi nəsil gerçək yazıçı, şair, tənqidçi olmaqdan daha çox “ədəbi bürokratiya” və ya “ədəbi məmurluq” düzəninin içində yaşamışlar. Bu günə kimi həmin ədəbi nəsil tutduqları inzibati-amirlik dolu məmurluq mövqeyindən bir addım da olsa, geri çəkilmək fikrində deyillər. Cild-cild ədəbi maklaturalarını qorumaq, qalaq-qalar orden-medallar, ödüllər uğrunda mübarizə aparırlar. Başdan-başa kəsafət qoxuyan əsərlərini “böyük bir ədəbi proses”, “ölməz kaşşey” səviyyəsinə qaldırmağa çalışırlar.
Mübariz Məmmədli və onun təmsil olunduğu ədəbi nəsli nə qədər unutdurmağa çalışılsa da, zaman gələcək ki, bu ədəbi nəslin böyük estetik düzəndə özgür, ulusal milli ədəbi prosesimizin əbədi proses olduğu öz yerini bulacaqdır. Mübariz Məmmədli heç zaman içi bomboş olan ədəbi hayqırtıların yanında yer almadı. Səssizcə ömrünün, taleyinin ədəbi yorumlarını şeirə çevirdi. Elə bu gün də həmin dəyərlə öz yolunu gedir. Sanki, böyük bir qatarın lokomotivi kimi mənsub olduğu ədəbi nəslin bütün yükünü çiyinlərində, ruhunda, duyğularında daşıyan, yenilmək bilməyən bir idarə ilə addımlayır.
Şəmkirin ən gözəl köylərindən biri, Çaparlıdan çapar kimi dünyanın hər səmtinə üz tutdu. Bu yollar onu heç bir zaman yormadı. Əslində yolların özünü duyğuları, estetik baxışlarında yer alan dəyərləri ilə yordu. Bu yorulan anlamlar misralara, sonra da şeirlərə çevrildi. Həyatda ən böyük ödülləri səssizcə yazdığı şeirlərinin misralarının ona gətirdiyi uğurlar oldu. Bir də mənsub olduğu ədəbi nəslin layiqli təmsilçisinə çevrildi. Çağdaş Azərbaycan ədəbiyyatının “susdurulmuş nəsli”nin iradəsinin gücünü göstərdi. İllər boyu bununla həm də qürur duydu. Çünki, onu hər yerdə görəndə düşüncəsi, duyğusu və davranışında bütün bunları sezməmək mümkün deyil.  "Durna harayı" (1993-cü il), "Mən savaşa çağırıram" (2006-cı il), "Dünya iki rəngdədir" (2010-cu il) adlı şeir kitabları onun ədəbi yaradıcılığının şah əsərləridir.
Adi insanlardan heç nə ilə fərqlənməyən bir şair taleyini yaşamaqda davam edir. Bu gün 60 yaşını haqlamış Elbariz Məmmədlinin yaradıcılığı yaşları 80-ni çoxdan haqlamış ədəbi məmurların tərəfindən indinin özündə belə  qəbul edilməsə də, o 1980-ci illərdə olduğu kimi, öz yolunu ilə gedir. Yazıb-yaradır. Elə bil ki, dəmir yollarının relsləri kimi uzaq səfərlərə dayaqdır onun bu mücadiləsi. Çaparlıdan bir gün uzaq yola çıxan şair elə həminki kimidir. Misralarında yaşayan şair taleyidir bu. Öz ruhunu sözə, sözü isə ruha çevirən bir şair olaraq, Elbariz bu yolun əbədi yolçusudur. İçindəkiləri misra-misra şeirə çevirərək sanki bütün əsərlərində bu sözləri deyir: “Biz heç bir zaman unudlmayacağıq. Nə qədər Azərbaycan var, nə qədər Türk Dünyası var bizlər bu sevdanın yolçularıyıq. Bizim sevdamız yamyaşıl tarlarlar, sadə bir kəndlinin becərdiyi toxumla böyük bir bolluq-bərəkəti necə yaradırsa, ulusal ədəbi-estetik düzənimizi də bax beləcə bizlər ucaltmağa çalışırıq. Kimsədən təmənna, ödül, ədəbi məmurluq-zorbalıq ummadan biz öz yolumuzu gedirik”.
“SUSDURULMUŞ NƏSİL” ədəbi nəsil 60-cılardan fərqli olaraq, özlərindən sonra gələn yeni ədəbi nəslə sayğılıdır. Ona görə ki, bu sayğılar şəfqətdolu böyük sevgilərə bülənd olub. Bu nəsil ədəbi prosesdə böyük bir sevgi ilə yeni nəsillə paylaşmağı bacarır. Çünki, ədəbi intriqantlıqdan daim uzaq olublar. Kimsədən bir “molodes” almaq üçün heç zaman boyun əymədilər. Elbariz Məmmədli və onun mənsub olduğu ədəbi yaradıcılığının mahiyyəti də bundadır.

Ənvər BÖRÜSOY

 

 

Qəribsəyirsən

Qərib duyğuların özgə tamı var,
Olur ki, qəm üçün qəribsəyirsən.
Güllərin bağrında ulduza dönən,
Bircə şəbnəm üçün qəribsəyirsən.

Keçir ürəyindən yurdun havası,
Körpə şıltaqlığı , cocuq davası..
Elə bil sinənə çiləyir yazı,
Bütün aləm üçün qəribsəyirsən.

Vaxtın o üzündə qəmə tuş gələn,
Ağrısı ürəyə, qəlbə xoş gələn,
Qayıdıb üstünə əliboş gələn,
Bir acı dəm üçün qəribsəyirsən.

Qaçmaq imkansızdı, vaxtın əlindən,
Neçə arzu çıxıb bəxtin əlindən,
Boylanıb aşağı ömrün zilindən,
Yaşanmış bəm üçün qəribsəyirsən.

 

Ömrümün xatirə yükü

Ömür bizi nə qədər uzaqlara qovub aparsa da
uşaqlıq xatirələri duyğularımıza əbədi hakimdir

Ötənlər ömrümün xatirə yükü,
Elə darıxıram, o çağlar üçün.
Hər sözdə bağrımın başı göynəyir,
Birgə böyüdüyüm uşaqlar üçün.

İllər ayırıbdı o vaxtdan bizi,
Aradan sıralı fəsillər keçib.
Amma ki, uşaqlıq xatirələri
Həmişə ürəkdən təzə - tər keçib.

Tutub cilovundan saxlamaq olmur,
Aylar qaçaraqdı, illər yeyindi.
Köhnə sevdalara dönmək istəyi,
Təkcə duyğularda yaşayır, indi.

Çılpaq təpələrin bağrı xəzan tək,
Bizsiz cığırlar da pozulub başdan.
Körpə duyğumuzdan keçən mələklər,
Çoxdan ötüb keçib, biz olan yaşdan.

Həsrətdə ötürüb son payızı da
Sozala – sozala saralan otlar.
İndi duyğumuza qənim kəsilib,
Ağac budağına yazılan adlar.

Qış gəlib, yollara yenə qar düşüb,
Həniri kəsilib çöldə quşların.
Həsrətdən gözünün yaşı tökülür,
Damlardan asılan buz qılıncların.

Kimsə sıramızı tərk edib, deyən
Niyə, sıramızın səfi pozulub?
Biz uzaq düşəli, elə bil orda
Torpağın , daşın da kefi pozulub.

İndi yol gedirik- üzü qüruba
Yenə ömrümüzə uşaqlıq hakim,
Bütün duyğuları verək, saxlasın ,
Sırada sonuncu kim olacaq, kim?..

 

Yerindəmi?

Ucqarda savaşan igid,
Hələ yağı yerindəmi?
Dağların o tərəfinin
Qürub çağı yerindəmi?

Keçiləsi sədd çoxdumu?
Hələ yuxunuz yoxdumu?
Səngərlərdə soyuqdumu?
Göy qurşağı yerindəmi?

Əcəb sınaqdayıq, vaxtla,
Haqqı alammırıq, haqla,
Hər igidin bu torpaqla,
Könül bağı yerindəmi?

Dərdi içində ağlanır,
Min sirri var, o dağların,
Güllə dəymiş bulaqların,
Gül dodağı yerindəmi?

Bir üzü qandı, bu yolun,
Millətin andı - bu yolun,
Sonu Turandı , bu yolun,
Solun, sağın yerindəmi?

 

Bir də sabah olarmı ki?..

Hami kənara çəkilib,
Hamı qorxur öz aşından.
Qardaş baxıb kənar qaçır,
“Gözü çıxan qardaş”ından.

Zülmət gəlir, nur çəkilir,
Yerin- göyün səddi bitir.
Hər yana nifrət əkilir,
Sevginin sərhədi bitir.

Adamlar nəfsə oynayır,
Çoxuna bu hava düşüb,
Uca kürsülərdə belə,
Yem üstündə dava düşüb.

Beş – üç dəliqanlı qalıb,
Tükənib, millət tükənib.
Hamı başını itirib,
Hamı qarnına söykənib.

Sabah nə olacaq, olsun,
Sabaha gedən varmı ki?
Belə ruhsuz davranışla ,
Bir də sabah olarmı ki?

 

Hamı günah içində

Hamının günahı var,
Hamı günah içində.
Aləm dağdı ki, dözür,
Bu qədər ah içində.

Əli tutan yol kəsir,
Yolu tutan amansız.
Yağış döyən amansız,
Dolu tutan amansız.

Hamı gözü yumulu,
Dünya qara görünür.
Hamı nəfs dalınca,
Günahlara sürünür.

Doğruluğun rəngi nə
Fərqinə varanmı var.
Yolu harda azmışıq
Düşüb axtaranmı var.

Çəkirik canımıza,
Günahları –həb kimi.
Hamı əyriyə qaçır,
Təzə düşən dəb kimi.

Kimsə döşə döyməsin,
Hamı qul oğlu quldu.
Hamı sözdə kişidi,
Hamı sözdə oğuldu.

Hamının günahı var,
Hamı günah içində.
Aləm dağdı ki, dözür,
Bu qədər ah içində

 

Yaxşı ki, sabaha bir inam var

Qovuşan toranın üzündə qəm var,
Gözün son ümidi gecə şamları.
Yaxşı ki, sabaha bir az inam var,
Necə ovudardıq bu axşamları.

Küləklər özünü vurur divara,
İtir durnaların təlaşlı səsi.
Yenə də göylərdə qaçhaqaç düşüb,
Bu topa buludlar hara tələsir

Kiminsə həsrəti üzür canını,
Yükü çəkilməzdi , duyğusu dərin.
Kimsə ürəyini asıb yoluna,
Göylərdə şütüyən təyyarələrin.

Uzaqda dənizin kükrəyir səsi,
Dalğalar sahilə cumur həvəslə.
Həsrəti duyur tək qolboyun olub,
Sahil bağındakı sonuncu kəslər.

Elə bil heç nədən xəbəri yoxdu,
Qəhqəhə içində gecə barları.
Dünyanı buraxıb başlı başına,
Dünyanın hökmlü ixtiyarları.

Kimsə oturubdu masa dalında,
Kimsə əllərini sıxıb köksünə.
Kimdi gözlərini dikib qapıya,
Gözləri yol çəkən, ruhu diksinən

Hardasa gecəni çəkib canına,
Analar sükuta havadar kimi.
Ulduzlar səmaya elə düzülüb,
Vətəni qoruyan oğullar kimi.

Çəkilib içinə - səsini sıxıb,
Yuvası talanan gecə quşları.
Yenə duyğuları buza dönübdü,
Payız ovqatıyla doğulmuşların.

Qovuşan toranın üzündə qəm var,
Gözün son ümidi - gecə şamları.
Yaxşı ki, sabaha bir az inam var,
Necə ovudardıq bu axşamları..

 

Bilmir

Sönüb təbiətin çal – çağır çağı,
Güllər çiçəyə gün ağlaya bilmir.
Quzeydə boy atan payız otları,
Ha qalxır , günəşi haqlaya bilmir.

Sinəsi dopdolu, vaxt , macalı dar,
Bir üzündə yağış, bir üzündə qar,
Elə kövrəlib ki, qara buludlar,
Gözünün yaşını saxlaya bilmir.

Çöllərin qapısı yelə açılıb,
Küləklərin səsi zilə açılıb,
Meşənin yaxası elə açılıb,
Yarpaq düyməsini bağlaya bilmir...

 

Zavallı köçkün

Hamı səndə görür günahı, suçu,
Kaş ki, gəlməyəydin, zavallı, köçkün.
Ağzıgöyçəklərə söz olduğunu,
Gəlib bilməyəydin, zavallı köçkün.

O yurdda, o başda ölüb qalaydın,
Sığınıb bir daşda ölüb qalaydın,
Bir ağır savaşda ölüb qalaydın,
Belə ölməyəydin, zavallı köçkün.

Minnətlər boynuna çökdü çul kimi,
Xərclədilər səni qara pul kimi,
Bir tikə çörəyə yazıq, qul kimi,
Kaş ki, gülməyəydin, zavallı köçkün.

Ağ çadır ağ günün olammaz sənin,
Ürəyin ümidlə dolammaz sənin,
Tanrı da dərdinə qalanmaz sənin,
Gəldin, daşa dəydin, zavallı köçkün.

Bir yol başlayaydın üzü yurduna,
Varıb, gətirəydin yazı yurduna,
Gözünün yaşını gözü yurduna,
Kaş ki, silməyəydin zavallı köçkün.

 

Aman Kərkük

Suların qan rəngində,
Göylərin od ələyir.
Dünyada var olalı,
Hərə bir hiylə qurub,
Ruhunu güllələyir –
Aman Kərkük.

Sinirlərin daralır,
Çəpərlərin yeriyir.
Sən kimə neyləmisən,
Dünən qucaq açdığın,
İndi sənin üstünə,
Geyib şəri yeriyir –
Aman Kərkük.

Kimdi bu, qovğa açan,
Səni gözü götürmür.
Sənə daş atılalı,
Heç yerdə rahatlığı, –
Yerin üzü götürmür –
Aman Kərkük.

Dilin bayatı dili,
Yaşayıb qalmağındır.
Üstünə atılan daş,
Başına gələn bəla,
Türk eli olmağındır –
Aman Kərkük.

Sən Füzuli sorağım,
Üz sürtməyə pirimsən.
Doğu, Batı arası,
Ən əziz ocağımsan,
Ən müqəddəs yerimsən –
Aman Kərkük.

Səni qara əllərə,
Verə biləlimmi, heç.
Adın çəkilən yerdə,
Baxıb çiçək dərdinə,
Dura biləlimmi, heç –
Aman Kərkük.

Ölməzdi türkün ruhu,
Bu sınaqdı, acıma.
Sənə düşmən olanlar,
Bir gün çəkiləcəklər,
Haqqın dar ağacına –
İnan Kərkük.

 

Bağışlama, Vətən

Mən sənə oğul olmadım,
Qol-budağın budanalı…
Ucqarında son igidin,
Son yarpağın budanalı.
Bağışla Vətən, bağışla.

Üstünə əllər uzandı,
Qılıncı qında çürütdüm.
Papağı gündə yandırdım,
Qeyrəti canda çürütdüm.
Bağışla Vətən, bağışla.

Əzabı içəsi oldum,
İçdım, ər adımdan oldum.
Canımdan keçən olmadım,
Yurdumdan, odumdan oldum,
Bağışla Vətən, bağışla..

Dünya boyda evim vardı,
Gör, hardan hara yığıldım.
Göy Xaqan çadırından çıxdım,
Bir ağ çadıra yığıldım,
Bağışla Vətən, bağışla…

Bu dərdi ki, sənə verdim,
Dərd məni boşlayan deyil.
Onsuz sən bağışlasan da,
Tanrı bağışlayan deyil.
Bağışlama Vətən, bağışlama....

12:22