Dillərin toqquşması: İranda yaşayan Türklərin arasındakı ikidilliliyə ötəri bir baxış

Küyülü Səid Nəccari (Güney Azərbaycan)

Dillərin toqquşması: İranda yaşayan Türklərin arasındakı ikidilliliyə ötəri bir baxış

Bir bölgə və ya ölkə sakinlərinin gündəlik yaşayışında ən azı iki dildən faydalanma (bu dilləri başa düşüb, onlarda yazıb-oxuma) bacarığına ikidillilik deyilir. İkidilli şəxs hər iki dili yaxşı anlayaraq, o dillərdə qarşılıqlı ilgi və əlaqə yaratma bacarığına malikdir.

Müxtəlif dillərdə danışanlar arasında baş verən uzunsürəli ilişkiyə dil toqquşması deyilir. Bu gün dünyada 5000-dən çox dil 200-ə yaxın ölkədə danışılaraq toqquşmaqdadır. İki və ya neçə dilin bir bölgədə, ya da qonşu bölgələrdə danışılması və o dillərdə danışanlarının bir-biriylə müxtəlif sahələrdə ilişki yaratdıqları sonucunda dil toqquşması baş verir. Dillərin toqquşmasında, doğal olaraq, bir dil daha çox o biri dili (və ya dilləri) öz təsiri altına alır. Burada, təsir edən dili yenən dil, təsirə məruz qalan dili (və ya dilləri) isə yenilən dil adlandırmaq olar. Bu təsir çeşidli yönlərdə baş verir. Əlbəttə yenilən dil də yenən dilə öz təsirini göstərir. Deməli, bu bir növ tən olmayan qarşılıqlı təsirdir və onun ağırlığı yenən dilə doğru yönəlirr və çeşidli alanlarda özünü göstərir. Yenən dil səsbilim, sözdüzümü, anlambilim, salamlaşma və başqa sahələrdə onunla toqquşan dili (və ya dilləri) etkiləyir. Yenən dillə yenilən dil arasında olan fasilə müxtəlif yerlərdə baş verən dil toqquşmalarında eyni deyil. Bəzi bölgələrdə bu fasilə çoxdur və yenən dillə yenilən dili aydınca bir-birindən seçmək mümkün olur. Bəzi bölgələrdə isə bu fasilə azdır və yenən dillə yenilən dili bir-birindən seçmək çətin olur. Dil toqquşması, çox zaman köçmən qəbul edən bölgələrdə baş verir. İran, ABŞ, Güney Amerika ölkələri və başqa bölgələr dillərin toqquşma meydanının ən çox gözə çarpan yerlərindən sayılır. Dillərin toqquşması sonucunda ikidillilik (və ya çoxdillilik) ortaya çıxır.   

İkidillilik (və çoxdillilik)

Bir bölgə və ya ölkə vətəndaşlarıının gündəlik yaşayışında ən azı iki dildən faydalanma (bu dilləri başa düşüb, onlarda yazıb-oxuma) bacarığına ikidillilik deyilir. İkidilli şəxs hər iki dili yaxşı anlayaraq, o dillərdə qarşılıqlı ilgi və əlaqə yaratma bacarığına malikdir. Normal durumda bu iki dildən biri şəxsin ana (və ya birinci) dili, o biri dil isə bölgədə və ya ölkədə danışılan dillərdən biridir. Vətəndaşın ana dili ölkənin rəsmi dili olarsa, o, zaman həmin ölkədə danışılan başqa dillərə önəm verməyib, sonucda birdilli olur. Amma vətəndaşın ana dili ölkənin rəsmi dili olmazsa, ikidillilik olayı baş verir.
İkidilli şəxs öyrəndiyi dilləri çeşidli yerlərdə və durumlarda işlədir. Örnək üçün, bir dili iş yerində və ya rəsmi yerlərdə, başqa dili isə evdə və ya rəsmi olmayan yerlərdə danışır. Dillərdən biri elmi və ciddi danışıqlarda, o birisi isə rəsmi olmayan durumlarda və özəl duyğuların anladılmasında işlənilir. Dillərin haralarda danışılması, onların yenən və yenilən dil durumunda olmalarından asılıdır.
Dünyanın bir çox ölkələrində ikidillilik vardır və bir çox xalqlar demək olar ki, ikidillidirlər. Özəlliklə, Üçüncü Dünya ölkələrində, gəlişməkdə olan ölkələrdə və köçmən qəbul edən bir sıra Batı ölkələrində ikidillilik çox adi bir məsələdir. Örnək üçün, İranda yaşayan Türklər və ya ərəblər ikidillidirlər. Əgər vətəndaş iki dildən çox dildə danışmaq və ilgi yaratmaq bacarığına malik olub, gündəlik yaşayışında bu dillərdən qullanırsa, çoxdillilik olayı baş verir. Örnək üçün, Güney Azərbaycanın Batı bölgəsində yaşayan kürdlər, kürd, Türk və fars dillərində danışdıqlarına görə çoxdilli sayılırlar.   

İkidilliliyin növləri

Bir toplumda, ümumi olaraq iki dildə danışanların sayısı baxımından, iki növ ikidilliliklə rastlaşmaq olur: toplu ikidillilik və bireysəl ikidillilik.
1. Toplu ikidillilik: bu ikidillilik, iki dildə danışan bir toplumu içinə alır. Demək, bir bölgədə yaşayan əhalinin hamısı iki dildə danışaraq, yazıb-oxuma bacarığına malikdir. Misal üçün, Kanadanın Kvebek bölgəsində xalq iki fransız və ingilis dillərində yazıb-oxuyur. Bu növ ikidillilik iki rəsmi dili olan başqa ölkələrdə də vardır.
2. Bireysəl ikidillilik: bu ikidillilik, iki müxtəlifdilli ata-anası olan uşaqlarda özünü göstərə bilər. Deməli, bir uşağın anası bir dildə, atası isə başqa bir dildə danışarsa, uşaq evdə iki dili də mənimsəyərək öyrənir. Belə olduğunda, bireysəl ikidillilik ortaya çıxır. Örnək üçün, bir ingilisdilli kişi bir fransızdilli qadınla evlənirsə və hər iki dildə evdə danışılırsa, onların uşağı ikidilli böyüyəcəkdir. 

Dillərin toqquşması və ikidillilik

Bir bölgədə dillərin toqquşması baş verdikdə, dilçilik baxımından iki növ ikidilliliklə rastlaşmaq olar: normal ikidillilik və anormal ikidillilik. Normal ikidillilikdə hər iki dil önəmsənilir. Deməli, hər iki dil rəsmi olaraq yazılıb-oxunur və dövlət tərəfindən dəstəklənir. Bu dillərdə danışanlar hər iki dili də öyrənərək, onlarda ilgi yaratma bacarığını əldə edirlər. Normal olaraq, gəlişmiş ölkələrdə bu növ ikidillilik baş verir. Bu ölkələrdə dövlət bütün dillərə önəm verməklə onların akademik formada öyrənilməsinə və təhsilin alınmasına imkan yaradır. Beləliklə, müxtəlif xalqlar təbii olaraq, öz ana dillərindən savayı o biri dilləri də öyrənirlər və normal bir ikidillilik (və ya çoxdillilik) yaranır. Bu növ ikidillilikdə dillərin səviyyəsi təxminən eynidir. Yenən və yenilən dil məsələsi çox da gözə çarpmır. Bu ikidillilik, yalnız, bir sıra ölkələrdə vardır. Misal üçün, İsveçrədə yaşayan xalqlar iki və ya üçdillidirlər. Bu bölgədə ikinci növ ikidillilik anormal (və ya qəyri-təbii) ikidillilikdir. Dövlət tərəfindən toqquşan dillərin birinə üstünlük verilib, yalnız, bir dil rəsmi dil olursa, bu növ ikidillilik baş verir. Anormal ikidillilikdə, yalnız, dillərdən biri önəmsənilir və yazılıb-oxunur. O biri dil üçün bu şəraitin yaradılmaması sonucunda iki dilin səviyyəsi fərqlənir. Yenən və yenilən dil məsələsi gözçarpıcı şəkildə özünü göstərir. Bu məsələ bir dilin hücumçu olması, başqa dilin isə hücuma məruz qalması deməkdir. Anormal ikidilliliklə böyüyənlər yalnız bir dildə ilgi yaratma və yazıb-oxuma bacarığını əldə edə bilirlər. Öz ana dillərində sadə danışıq tərzindən başqa heç bir bacarığa malik deyillər. Dünyanın bir çox ölkələrində, özəlliklə də Üçüncü Dünya ölkələrində bu məsələ ilə daha çox rastlaşmaq olur. Biz bu yazımızda, içində anormal ikidillilik yaşanan “İran”ı dilçilik baxımından qısaca araşdıracağıq.   

Anormal ikidillilikdə toqquşan dillərin durumu və yeri

Dünyada dil sahəsində baş verən olaylar və dəyişikliklərin çoxu dillərin anormal durumda bir biriylə toqquşmalarından irəli gəlir. Yuxarıda xatırlatdığımız kimi, normal ikidillilikdə toqquşan dillərin önəmlilik səviyəsi təxminən eynidir və dillərin arasında olan fərq onları gərgin şəkildə yenən və yenilən dillərin durumuna gətirib çıxartmır. Amma anormal ikidillilikdə, toqquşan dillərin arasında olan məsafə çoxdur. Deməli, dillərin biri yuxarı qatda, başqası isə aşağı qatda yerləşir. Dillərin biri rəsmi, başqası isə qeyri-rəsmi sayılır. Yenən dil bütün sahələrdə yenilən dili öz təsiri altına alır və demək olar ki, istədiyi kimi bu dildən faydalanır. Yenilən dilin yenən dilin üzərində buraxdığı təsir isə gözə gəlməz sayılır. Örnək üçün, yenilən dildən yenən dilə keşən sözcüklər başqa qılığa düşərək, yenilən dildə də yenən dildə işlənildiyi biçimdə və anlamda işlənilir. Bu yöndə İranda Türk dili ilə fars dilini nəzərə almaq olar. İllər boyu bu iki dil müxtəlif sahələrdə qarşılıqlı təsir durumunda yaşayıblar. İndiki dövrdə fars dilinin yenən dil durumuna gətirildiyinə görə bütün təsirlər bu dilə olan nisbət fərqində yer almışdır.  Misal üçün, “doğulu” sözcüyü yüz illər öncə Türk dilindən fars dilinə borc verilibdir. Bu sözcüyün həm biçimi, həm də anlamı fars dilində dəyişdirilib və ondan çeşidli sözcüklər və söz birləşmələri törənibdir. Bu sözcüklər və söz birləşmələri isə fars dilində işlənildiyi kimi bu gün Türk dilində də işlənilir. “doqolu”, “seqolu”, “çaharqolu” və bu kimi sözləri örnək gətirmək olar. Ya Türk kökənli insan adlarını nəzərə alanda, bu adların Türk dilində fars tələffüzlü işlənildiyini görə bilərik. Məsələn, “Aydın”, “Aylın”, “Böyük”, “Bəyli” və “Qulu” kimi adlar fars tələffüzünü alaraq, “Aydin”, “Aylin”, “Biyuk”, “Beyglu” və “Qoli” kimi tələffüz olunur. 

İkidillilikdə işlənilən dilçilik terminləri və onların İrandakı anormal ikidilliliyə uyğulanılması

Biz burada ikidillilikdə işlənilən müxtəlif dilçilik terminlərini qısaca açıqlayaraq, İranda Türk və fars dillərinə uyğulayacağıq:
1. Ana dili (birinci dil): insanın öyrəndiyi ilk dilə deyilir. Bu dildə ilgi yaratmaq danışan üçün çox rahat və təbiidir. İkidilli (və ya neçədilli) ölkələrdə bir şəxsin ana dili rəsmi dil olmasa, o, başqa dili (və ya dilləri) öyrənməlidir. Bu terminin qarşıdı ikinci dildir.
2. İIkinci dil: genəl anlamda, birinci dildən sonra öyrənilən dilə deyilir. Bir bölgənin (və ya ölkənin) birinci dili olmayan və başqa xalqlarla ilgi yaratmaqdan ötrü öyrənilən dildir. Misal üçün, Nigeriya, Sinqapur və Filipin kimi ölkələrdə ingilis dili ikinci dil olaraq işlənilməkdədir. Bu terminin qarşıdı ana dili və ya birinci dildir.
3. Yerli dil: ikidilli (və ya neçədilli) ölkələrdə rəsmi olmayan və yalnız, bir xalqın özü tərəfindən danışılan dilə deyilir. Bu terminin qarşıdı rəsmi dildir.
4. Rəsmi dil: dövlət tərəfindən müxtəlif rəsmi yerlərdə (rəsmi bəlgələrdə, məhkəmədə, qəzetlərdə, radio-televizyada, ...) işlənilən dilə deyilir. Bir ölkənin bir və ya bir neçə rəsmi dili ola bilər. Örnəyin, Hindistanda 40-a yaxın rəsmi dil vardır. Bu terminin qarşıdı yerli dildir.
5. Ulusal (milli) dil: bir millətin ana (əsas) dilinə deyilir. Yalnız, bir millətdən oluşan ölkənin ulusal dili ilə rəsmi dili eynidir. Amma bir millətdən çoxunu içinə alan ölkələrdə ulusal dil rəsmi dil demək deyil. Bir sıra çoxmillətli ölkələrdə neçə rəsmi dil vardır. Bu terminin qarşıdı yabançı dildir.
6. Yabançı (xarici) dil: bir ölkədə danışılmayan və dışardan gələn dilə deyilir. Bu terminin qarşıdı ulusal dildir.
7. Yuxarı çeşid: iki dil bi-birinin yanında yaşayıb danışılanda, hər biri müxtəlif məqsədlər üçün işlənilir. Dövlət tərəfindən rəsmi olaraq, çeşidli yerlərdə işlənilən və üstün sayılan dilə yuxarı çeşid deyilir. Bu terminin qarşıdı aşağı çeşiddir.
8. Aşağı çeşid: müxtəlif qeyri-rəsmi yerlərdə (ailədə, dostarası, ...) danışılan və dövlət tərəfindən tanınmayan və aşağı sayılan dilə deyilir. Bu terminin qarşıdı yuxarı çeşiddir.  9. Sayğın dil: yenilən dil danışanları tərəfindən danışılması şərəf sayılan, danışılanda onlara etibar qazandırır kimi görünən və toplumun yuxarı qatlarında danışılan dilə deyilir. Bu dil, adətən rəsmi dil sayılır və vətəndaşın önəmli işləri bu dil araçılığı ilə görülür. Bu terminin qarşıdı düşük dildir.
10. Düşük dili: yenilən dil durumunda olan, o dildə danışmaq ictimai baxımdan kiçiklik gətirən sayılan, qeyri-rəsmi yerlərdə və toplumun aşağı qatlarında danışılan dilə deyilir. Bu terminin qarşıdı sayğın dildir.
11. Hakim dil: vətəndaşın yaşayışında başqa insanlarla ilgi yaratmaqda çox önəm daşıyan, yenən toplumun dili olan və dövlət tərəfindən dəstəklənən dilə deyilir. Adətən, vətəndaş bu dildə yazıb-oxuyur. Bu terminin qarşıdı asılı dildir.
12. Asılı dili: toplumda ikinci dərəcəli sayılan, ölkədən dışardakı dillərlə hakim dil araçılığı ilə ilgidə olan və yazılıb-oxunması önəmsənilməyən dilə deyilir. Bu terminin qarşıdı ağa dildir.   

Sonuc

İndi isə yuxarıdakı terminləri İranda danışılan iki, Türk və fars dillərinə uyğulayacağıq.    İran adlı ölkə, dünyada çoxdilli ölkələrdən sayılır. Bu ölkənin, coğrafi baxımdan, strateji  bölgədə yerləşdiyinə görə müxtəlif xalqlar burada məskundurlar. Bölgənin özünün isə tarix boyu yerli xalqları olubdur. Bu yerli xalqlardan biri həmişə Türklər sayılırlar. Bunu sübut etmək üçün ən azından arxeloji, maddi və mədəniyyət abidələrinin tarixi izləri hər zaman əsas qaynaqlardan biri sayılır. İranda tarix boyu Türklər yaşayıb, onların Türk dili isə bölgədə olan başqa dillərlə min illər boyu ilgi qurub və uzlaşmışdır. Az qala doxsan il bundan öncə bugünkü İranın yaradılması ilə birlikdə vahid dil və vahid millət düşüncəsi ortaya qoyuldu. Müxtəlif siyasi, iqtisadi və ictimai səbəblərə görə, fars dili bu ölkənin ən əski dili kimi qələmə verilərək, burada yaşayan Türk, ərəb, kürd, bəluç, lor, kaspi və başqa millətlərin kültür və dilləri süni şəkildə gəlmə, yanal və ikinci dərəcəli sayıldı. Bu arada, Türklər və ərəblər başqa millətlərdən daha çox müxtəlif basqı və sıxıntılara məruz qaldılar. Buna görə də, Türk dili və kültürünə bu növ anormal yanaşma, Türklərin dili və kültürünə çeşidli izlər buraxdı və bu təsirlər min dəfələrlə təəssüflər olsun ki, hələ də davam etməkdədir. Yuxarıda qısaca açıqladığımız dilçilik terminlərini bir-bir Türklər haqqında uyğuladığımızda diqqətəlayiq sonuclar əldə edilir.
1. Bugünkü İran qurulandan bəri rəsmi orqanlar tərəfindən bölgə birdilli ölkə elan edilib və danışılan başqa dillər ya fars dilinin ləhcəsi kimi sayılıb, ya da  gəlmə və yabançı bir dil kimi göstərilibdir. Örnək üçün, lor, kaspi və bəluçların danışdıqları dillər fars dilinin müxtəlif ləhcələri, Türk dili isə gəlmə və yabançı dil sayılır. Buna görə də, ötən doxsan ildə mərkəzi dövlətin yürütdüyü siyasətlər sonucunda bugünkü durumda fars dilinin yenən dil, Türk dilinin isə yenilən dil durumuna gəlib çatmasını söyləmək olar. Bu yenik duruma düşmə İranda danışılan müxtəlif Türk dilləri haqqında bir səviyədə deyil. Misal üçün, Xələc Türkcəsi artıq yox olma durumuna çatmış və onun yenilgənliyi fars dili ilə toqquşmada çox yuxarıdır. Amma Azərbaycan Türkcəsi gərgin bir yenilgənlik dönəmini keçirdikdən sonra, bu gün dirçəliş prosesinin başlanğıcındadır.                       
2. “Ana dili (birinci dil)” və “ikinci dil” terminlərini nəzərə aldıqda, Türklər haqqında belə demək olar: burada yürüdülən dil siyasətləri sonucunda fars dili, ikidilli bölgələrdə (deməli Türkcə və farsca birlikdə yaşadığı bölgələrdə) Türklərin birinci dilinin yerini tutmaqdadır. Ancaq fars dili Türk ailələrinin çoxunda mükəmməl danışılmadığına görə bu durumda böyüyən Türksoylu uşaqlar yarımçıq və naqis bir ana dilinə malik olurlar. Fars mədəniyətli olmayan ata-analar kültürün dil yolu ilə ötürülən hissələrini uşaqlarına çatdıra bilmirlər. Buna görə də, uşaq bu baxımdan boşluqda qalır və onu doldurmaq üçün evdən fərqli olaraq çölə sığınır, sonucda qatma bir dilə və kültürə sahib olur. Ancaq (Azərbaycan kimi) Türk bölgələrində fars dili ilə Türk dilinin toqquşma yerləri rəsmi və dövlətə bağlı yerlərlə məhdudlaşır. Buna görə də, həmin bölgələrdə uşaqlar bir  Türk kimi fərqli çevrədə böyüyərək, bir həddəcən fars dilinin təsirinə məruz qalır. Misal üçün, Təbriz kimi Türk şəhərində əgər bir ailə uşağı ilə Türk dilində danışarsa, uşaq Türk dili və kültürünün ünsürlərini yaxşı mənimsəyə bilir. Deməli, uşaq Türk kültürlü böyüyər.
3. “Yerli dil”, “rəsmi dil”, “ulusal dil” və “yabançı dil” terminlərini nəzərə aldıqda, Türklər haqqında belə demək olar: Türk dili Türklər üçün yerli və ulusal dildir. Fars dili isə rəsmi dil və hətta Türk bölgələrinin ucqar yerlərində yaşayanlar üçün yabançı dil sayılır. Məsələn, fars bölgələrindən uzaqda yaşayan və gündəlik yaşayışlarını sürdürmək üçün fars dilinə ehtiyac duymayan Türklərə, bu dil yabançı dil olaraq görünür. Əlbəttə İranda dövlət orqanları tərəfindən Türk dili Türklər üçün yerliləşdirilmiş yabançı dil kimi və fars dili rəsmi və ulusal dil kimi göstərilir. Hətta burada baş verən bütün dil siyasətləri fars dilinin Türklər üçün yerli bir dil olduğunu da nişan alıbdır.
4. “Yuxarı çeşid” və “aşağı çeşid” terminlərini nəzərə aldıqda, Türklər haqqında belə demək olar: fars dili üstün, Türk dili isə aşağı çeşid durumundadır. Hətta Türklərə məxsus bölgələrdə bu durum dövlət tərəfindən də dəstəklənir. Dövlətə bağlı müxtəlif yerlərdə fars dilinin danışılması zorunlu olub, hətta uşaq bağçaları və məktəblərdə fars dilinin üstün çeşidə, Türk dilinin isə aşağı çeşidə aid olduğu rəsmi şəkildə təbliğ olunur.
5. “Sayğın dil” və “düşük dil” terminlərini nəzərə aldıqda, Türklər haqqında belə demək olar: bu bölmə 4-cü bölmə kimidir. Fars dili sayğın, Türk dili isə düşük dil durumundadır.     6. “Hakim dil” və “asılı dil” terminlərini nəzərə aldıqda, Türklər haqqında belə demək olar: ümumiyətlə, fars dili hakim dil, Türk dili isə asılı dil durumundadır. Bu məsələni aydın şəkildə göstərmək üçün örnək olaraq, Türk bölgələrində dövlət radio-televizyası Türk dilini fars dili quruluşu ilə yayır və Türkcə-farsca qarışığından oluşdurulan bu dili Azərbaycan Türkcəsinin standard ləhcəsi kimi göstərilir.   
Yuxarıda söylənilən faktlara görə, ötən doxsan ildə dövlət düzəni tərəfindən yürüdülmüş siyasətlər sonucunda bugünkü siyasi anlam daşıyan İranda yaşayan Türklərin arasında anormal və taysız bir ikidillilik törədilibdir. Bu anormal ikidillilik, kamil olaraq, Türkləri araya almış və fars dilini Türklərə ana, birinci, rəsmi, ulusal, yuxarı çeşid, sayğın və hakim dil kimi, Türk dilini isə onlara ikinci, yabançı, yerli, aşağı çeşid, düşük və asılı dil kimi göstərməkdədir. Bu anormal ikidilliliyin tanınmamış özəlliklərinin ətraflı öyrənilməsi, uzunsürəli elmi bir araşdırmanın aparılmasına bağlıdır.

Qaynaqça:  

1. Wardhaugh, R., 1990, An Introduction to Sociolinguistics, Basil Blackwell Inc., England.
2. Yule, G., 1985, The Study of Language, Cambridge University Press.
3. Hudson, R. A., 1980, Sociolinguistics, Cambridge University Press.
4. S. Falk, J., 1978, Linguistics and Language, John Wiley & Sons Inc., USA.
5. C. Richards, J., Platt, J. & Platt, H., 1992, Dictionary of Language Teaching & Applied Linguistics, Longman Group UK Limited.
6. Johanson, L., 2001, Discoveries on the Turkic Linguistic Map, Swedish Research Institute in Istanbul, Stockholm.  

12:19