Bu dünyadan bir şair köçdü

Taleh Həmid

Azərbaycan ədəbiyyatına və ictimaiyyətinə ağır itki öz verib. Gözəl şair, gözəl dost, gözəl insan olan Taleh Bəy haqqında onu tanıyanların hamısı məhz belə düşünürlər. Onun yaradıcıləğının üfüqləri hər zaman Azərbaycanın səmalarında dalğalanmışdır. Öz həmyerlisi olan istiqlal şairimiz Əhməd Cavad kimi çağdaş milli ədəbiyyatımızın özünə məxsus ədəbi fikir dayışıcısı kimi də tanınmışdı. Öz poetik dünyasının tablosunu yarada bilən sənətkar idi.
1952-ci ildə Şəmkir rayonunun Dəllər Cəyir kəndində doğulan Taleh Həmid Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. “Ulduz” jurnalının şöbə müdiri, “Yeni fikir” qəzetinin baş redaktoru, “Müstəqil qəzet”in təsisçisi və baş redaktoru vəzifələrində işləyib. Şeir və publisistika kitablarının müəllifidir. Taleh Həmidin şeirlərindən seçmələri oxuculara təqdim edirik. Ruhu şad olsun!
“Avropada Azərbaycanın Dostları Cəmiyyəti”nin, “Xudafərin” dərgisi və saytının kollektivi adından Taleh Bəyə uca Tanrıdan rəhmət diləyirik. Məkanı cənnətlik olsun. 

 Daha küçənizə gəlməyəcəyəm…

Oldu

Bu qoca aləmin dağı, çayı var,
Fəsillər bölünüb – qışı, yayı var.
Çox da ki, hərənin ayrı payı var,
Biri çox, biri az olanlar oldu.

Əzəldən dünyada haqq var, nahaq var,
Belə yaranıbdı – baş var, ayaq var.
İnsan var, adam var, adamsayaq var,
Doğrunu tərsinə qananlar oldu.

Yarandıq, bölündük doğmaya, yada,
Pərvanələr gördüm – çaxıldı oda.
Gör neçə aşiqlər getdilər bada,
Məhəbbət bağında talanlar oldu.

Mənə əzab verən – mənə döz deyir,
Mətləb qanmayanlar indi söz deyir.
Yalan ayaq tutar, yeriməz deyir,
Həqiqəti əyən yalanlar oldu.

Gəzdim dərələrdə, dolaşdım yalda,
Gözüm ormanlarda, könlüm xəyalda,
Xoşbəxtlik deyilən o sonsuz yolda
Qismətim azacıq xoş anlar oldu.

Ömür dediklərin keçir beləmi,
Ay Taleh, yoruldun, bezdin, eləmi?
Çiyninə yük olan o qəm şələni
Nə görən, nə də ki, alanlar oldu.

 

Görərsən yoxam

Özüm də bilmirəm, axı nədəndi,
Küsəyən olmuşam, kövrək olmuşam,
Xəyallar başımda dumandı, çəndi,
Dönüb bədən boyda ürək olmuşam.

Sənsiz il bilirəm hər dəqiqəni,
Gözümdən yaşı da silə bilmirəm.
Daha həsrətinə yandırma məni,
Gəlmirsən, sakitcə ölə bilmirəm.

Mən bir günəbaxan – günə sarıyam,
Qaytar o bahara – çağıma məni.
Deyirdin çinartək çox vüqarlıyam,
Qoymaynan içimdən sınmağa məni.

Çox da ki, nəğmələr düşmür dilimdən,
Qarşıda nələr var, axı nə bilim,
Elə əl gəzirəm tutsun əlimdən,
Elə dağ gəzirəm söykənə bilim.

Zaman ötüşübdü, vaxt o vaxt deyil,
Daşlardan-daşlara gəl çaxma məni.
Adım aldatmasın, baxt o baxt deyil,
Tale ümidinə buraxma məni.

Qoyma nəzərindən, gözündən məni,
Səbir də qalmayıb dalınca baxam.
Apar gözlərində, apar, sən məni,
Gedərsən, gələrsən, görərsən yoxam…

 

Anamın nə kövrək məzar daşı var…

Yanına gələndə həsrətim sönür,
Ocağa çevrilir, alova dönür,
İçim pöyşələnir, əlim isinir,
Anamın nə isti məzar daşı var!

Dinir, xəbər alır hər əhvalımı,
Kim daş çağırıbdı, bu daş zalımı?
İsladır quruyan yanaqlarımı,
Ay Allah, daşın da öz göz yaşı var!

Önündə varlığım çəkilir dara,
Bələnir yağışa, üz sürtür qara,
Ünvan göstərirəm qəlbidaşlara,
Anamın nə kövrək məzar daşı var!

 

Gəncliyimi yada saldım

Bu gün yenə gəncliyimi yada saldım,
Qaranquştək uçub gedən
O günləri, o illəri xatırladım.
Uzaqlara uçub gedən
Durnaların karvanında
Xəyal məni necə çəkdi
Buludlardan-buludlara.

Üz qoymadım, baş vurmadım
Haralara?
Dağlar aşdım, yollar keçdim,
Yağış kimi səpələndim
Çöl-çəmənin sinəsinə.
Durub heyran kəsildim mən
Torağaylar nəğməsinə.

Arıların öpüşündən
Çiçəkləri xumar gördüm,
Bulaqları coşar gördüm,
Qaynar gördüm,
Buludları göy üzündə
Oynar gördüm.
Zirvələrdə çəkildikcə
Şimşəklərin çaxmağı,
Taya-taya buludlara od düşürdü.

Dağda təkə, çayda
Balıq hürküşürdü.
Nə vardısa, özünə
Bir sevgili seçirdi.
Təbiətin canından
Cavanlığı keçirdi…

 

Şaiq ölən gün

O dəm, o an,
O vaxt, o zaman
İçimdən ilğımlar, odlar keçən
Səhra idim, çöl idim.
Şaiq Vəli ölən gün
Mən də öldüm…

Amma məni
Sonra dəfn edərsiniz –
ən sonda…
Şairi öldürüb,
Ağlamaq nədir? –
bilərsiniz onda…

Bilərsiniz ölümdən betərdir
Bir ürəyin göynəmi.
Sorarsınız, nə idi,
Şairin dərdi, qəmi?!

Mən azdan-çoxdan bilirdim
Şaiqin dərdini.
Şaiq ölən gün
Hirsimdən öldürdüm
Olmayan imkanımı…

Bizi birgə dəfn edərsiniz,
Bütün imkansız şairlər
Bir sinif kimi öləndə…
Bir də
Şaiqin məzarı üstə
Yovşan güləndə…

 

Ey bahar, anama oxşatdım səni!

Baharın nəfəsi dəydi üzümə,
Elə bil anamın nəfəsi idi.
Qapıda qayğılı bir quş oxudu,
Nəğməsi anamın nəğməsi idi.

Əsdi sərin-sərin xəfif küləklər,
Durnalar göylərdən bir köç saldılar.
Uçduqca havada göy kəpənəklər,
Qızılı şəfəqlər yarpaqladılar.

Laləli düzlərin rəngi qırmızı,
Çiçəkli çöllərin naxışı min-min.
Yağış titrədəndə körpə yarpızı,
Sandım şah damarı əsdi qəlbimin.

Elə bil səmada alışdı odlar,
Şimşəklər oynadı, ildırım çaxdı.
Göydə gözlərini sıxdı buludlar,
Yerdə çiçəklərin göz yaşı axdı.

Ey bahar, qarşıma gülərüz çıxdın,
Anama oxşatdım, anama səni.
Ruhuma hopdurub, köksümə sıxdım
Sənin nəfəsini, sənin nəğməni.

Eşqinlə köklədim şair eşqimi,
Köçdü təravətin duyğularıma.
Anam yuxulara döndüyü kimi,
Sən də dönərmisən yuxularıma?

Bir həsrət üşüdür nədən qəlbimi,
Əlimin altında sinəm ocaqdı.
Nəfəsin anamın nəfəsi kimi,
Bir payız gizlicə soyuyacaqdı…

Göz dikili qalıb sonsuz yollara,
Duyğular ürəyin toyu, yasıdı.
Demə, anam hara, bəs bahar hara? –
İnsan təbiətin bir parçasıdı.

Hər köçən yarpağın göynəkdi yeri,
Sızlayan budaqlar bir də isinməz.
Bahar qayıdacaq, dönəcək geri,
Anamın səfəri sonsuz, tükənməz…

Bir çiynimdə sevinc, bir çiynimdə qəm,
Qoymadım içimdə ümidlər ölə.
Deyirəm bir zaman bu bahar kimi
Anam da dünyaya təzədən gələ.

Ey bahar, anama oxşatdım səni!
Hicranmı dolaşdı, de, yollarında?
Sən hələ, sən hələ heç gəlməmişdən
Harasa köçürdün xəyallarımda.

 

Ürək, ağrımağın zamanı deyil

Hərdən gizli-gizli, hərdən aşikar,
Sinəmi göynədən ağrılarım var.
Bir ömrü isidib, onu yaşadan
Neçə şirin-şirin duyğularım var.
Qoy səni yormasın yoxuşlar, yollar,
Ürək, ağrımağın zamanı deyil.

Sənsiz nə karəyəm danışam, güləm,
Bu alovlu sinəm, bu odlu sinəm
Sevgi təşnəsidir əzəldən, bilsən.
Çox əllər tutsa da bəzən əlimdən,
Yüz əl itələdi geri sinəmdən.
Yaxın gəl, düşünək, bir sən, bir də mən,
Ürək, ağrımağın zamanı deyil.

Təkcə sevinc deyil, bilirəm, həyat,
Beş-on işləyib, yorulur saat.
O, zamanı sayır, sən ömrü saydın,
Çox çətin olardı sən vurmasaydın,
Xeyirxah, rəhmli, mərd olmasaydın.
Geriyə baxanda dönərək indi,
Qəlbimdə nə qədər suallar dindi.

Atəşindən illər, günlər isindi,
Hərdən yorulanda, fikrə dalanda,
Sən mənə söylədin – həyat şirindi,
Ürək, ağrımağın zamanı deyil.

Nə çəkmişik, bilən olnsuz biləcək,
Ötən çox günləri ulduz biləcək.
Dostlar kədərlənib, düşmən güləcək,
Darıxma, ürəyim, olanlar olur,
Bir gün ağrımağın vaxtı gələcək,
İndi ağrımağın zamanı deyil.

 

Atamın şəkli

Bir yanda saatın dəmir əqrəbi,
Bir yanda zamanın suları axır.
Başımın üstündə atamın şəkli,
Gözləri gözümün içinə baxır.

Mənim iş otağım, mənim öz dünyam,
Kitablar, varaqlar, sözüm-söhbətim.
Burda çarpışıram hər səhər, axşam,
Xəyaldı, sualdı ömür möhlətim.

Dünəndə nə qaldı? – Bir həsrət yeri,
Anlar, dəqiqələr sanlı, çəkili.
Zaman ötüşdümü – qayıtmır geri,
Mənə nələr demir atamın şəkli!

Atalı anlar da xatirə olur,
Analı dünya da xatirə olur.
Elə zaman gəlir, elə vaxt gəlir
Gördüyün röya da xatirə olur.

Şəkil mənə baxır sağdan, solumdan,
O, mənim ömrümü-günümü sayır.
Mehriban-mehriban tutur qolumdan,
Bir arzu qurtarır, biri başlayır.

Vaxtın hesabını istəyir məndən,
Arzular sevdalı, ömür istəkli.
Daha çoxdan çıxıb şəkilliyindən,
Atamın özüdü atamın şəkli.

Vaxtı sakit-sakit seyr eləsək də,
Vaxt gəlir sükut da haray qoparır.
Atamın şəkili tutub əlimdən,
Məni haralara çəkib aparır?!

İnana bilmirəm ömrün hökmünə,
Könlümə uşaqlıq həvəsi gəlir.
Atamın şəklinin qaçır üstünə,
Atamın oğlunun nəvəsi gəlir.

Sizdədir mənası uzaşan anın,
Şəkillər, şəkillər, sirr-soraqsınız.
Başına dolanım qoca dünyanın,
Biz qurtaran yerdə – sizlər varsınız!

 

Ana itirəndə

Qoymayın təklənib tənha qalmağa,
Belə anda xatirələr səs edir.
Könül oxşamağa, hayan olmağa
Bir telefon zəngi – o da bəs edir.

Dərdini soruşun, halını sorun,
Niyə görmürsünüz ürəyi dolub?
Sorğu ilə, sualla siz onu yorun,
O özü də bilmir ona nə olub.

Bir od zərrəsidir gözlərində yaş,
Baxmayın danışır, baxmayın gülür.
Başıma gəlibdir, bilirəm, qardaş,
Anası ölənin dünyası ölür…

Qəhərdən üşüyür ağızlarda dil,
Sınıq könüllərdə sınır səsimiz,
Əlli də, altmış da elə yaş deyil,
Ana itirəndə qocalırıq biz.

Xəyallar əlində əsir qalırıq,
Kösövü kül olan ocaq oluruq,
Ana itirəndə yetim qalırıq,
Ana itirəndə uşaq oluruq.

Bir ana şəkli də ovudur bizi,
Doğma da, uzaq da yaxına gəlir.
Qəfil ləpələnir ömrün dənizi,
İnsan dalğalarla baş-başa gəlir.

Qəhərdən üşüyür ağızlarda dil,
Sınıq könüllərdə sınır səsimiz,
Əlli də, altmış da elə yaş deyil,
Ana itirəndə qocalırıq biz…

 

Gəlməyəcəyik

Ulduzu göylərdən enən görmüşük,
Yanan ocaqları sönən görmüşük,
Biz hansı gedəni dönən görmüşük? –
Bir də bu dünyaya gəlməyəcəyik.

Ağın ağ rəngi var, qaranın qara,
Əbəs aldatmasın şirin xülyalar.
Gözlər dikilməsin sonsuz yollara,
Hər şeyin əvvəli, bir də sonu var.
Birin bir təkrarı, onun onu var,
Bir də bu dünyaya gəlməyəcəyik.

Eşqin alovunda biz kül olarıq,
Ömrün sehirində bir gül olarıq,
Deyirik, gülürük, nə qədər varıq,
Onsuz da yoxluğun üzü qaradı,
Bir də bu dünyaya gəlməyəcəyik.

 

Ömrü bitirdim

Adını, ünvanını,
Yerini-yurdunu bilmədiyim gözəl,
Qəfildən nə şirin qəhqəhə çəkdin.
Köksüm qubarlandı,
İtirdiyim gülüşləri
Qaytardın mənə.

Düz bir ömürdü gəzirəm o gülüşləri,
Onu harda itirmişdim, bilmirəm.
Küləklər qanadında,
Quşlar dimdiyindəmi
Gətirdi, bilmirəm…

Sən güldün, mən sevindim,
Gəldin, itirdiyimi tapdım,
Getdin – tapdığımı itirdim…
Bir gülüşü gəzə-gəzə,
Düz bir ömrü bitirdim.

 

 

Taleh Həmiddən Taleh Həmidə

Ayaqların yeni-yeni yer tutur,
Şirin dilin təzə-təzə söz tutur,
Böyüyürsən asta-asta,
Baharım, yazım mənim.
Adımdan adına, soyumdan soyuna
Pay düşən payım mənim!

Səni sabahlar gözləyir,
Sabahların xeyir gəlsin!
Milyon səslər içində
Sözün, səsin yüksəlsin!
Dünya yoldu –
hamarı var, daşı var,
Bu insanlar axınında
Ariflər var, naşı var.

Yolların hamar da,
Daş da olacaq,
İnsanlar tapılacaq –
Səni bircə sözdən başa düşəcək,
İnsanlar da olacaq,
kal armuda çevrilib,
Boğazında qalacaq.

Dünya belə olubdu, belə qalacaq,
Dünya belə gəlibdi, belə olacaq.
Sən özün ol, özün ol, nəvəm mənim!
Səni dəyişməsin hər əsən rüzgar,
Külək olub əsmə,
Addımını atanda, yeriyəndə,
yüyürəndə –
Tələsmə!

Sənə atılan daşlar
Mənə atılacaqdı.
Dünyada sonuncu
Bir yaxşı qalsa,
Biri ayağından itələsə,
Biri qolundan tutacaqdı.

Dünya səbirliləri, həlimləri sevir.
Səbrin qalxanın olsun!
Yaxşılıqlar, mərdliklər
Sənin ünvanın olsun!

Mən belə köklədim öz ilqarımı,
Təkcə adımdan adına,
Soyumdan soyuna
Pay vermirəm,
Həm də sənə tapşırıram
Arzularımı.
Onlar gərəyin olsun,
Bir də onu deyirəm:
Tanrı köməyin olsun!

23:08