Əbil Həsən: Qaçqın icra hakimi, fərari bələdiyyə sədri və bahalı qəbir yeri

Bizim tutduğumuz yüksəklik strateji əhəmiyyətə malik idi.Buradan düşmən mövqelərini əlimizin içi kimi görür,onlara göz açmağa imkan vermirdik. Onlar da bu yüksəkliyi almaqda israrlı idilər. Buranı əldən vermək demək olar ki, bir neçə kəndi təhvil vermək demək idi. Əgər bizə kömək gəlməsə biz çox da duruş gətirə bilməyəcəkdik.On günə yaxın idi ki, burada qanlı döyüşlər gedirdi.Ərzaq ehtiyatımız tükənmiş, hərbi sursatımız azalmışdı.Hərəmiz cibimizdə özümüz üçün bir patron saxlamışdıq.Əsir düşməkdənsə ölümü üstün tuturduq.Aclıq, susuzluq,yorğunluq və yuxusuzluq bizi lap əldən salmışdı. Kömək gəlmədiyi müddətcə aclıqdan ölmək təhlükəsi vardı. Kömək isə gəlmirdi ki, gəlmirdi. Nəhayət bizə kömək üçün xeyli canlı qüvvə gəldi. Bizi əvəz edib nisbətən arxaya göndərdilər. Günlərin bir günü komandirimiz mənə anamın gəldiyini xəbər verdi:-"Üst başını səliqəyə sal, anan gəlib səni gözləyir”. Altı aya yaxın idi ki evdən çıxmışdım. Evdən xəbərim yox idi.Yazıq arvad dözməyib məni axtarıb tapıb.Görəsən buralara necə gəlib çıxıb?Mən kazarmaya gəlib tez-tələsik üst-başımı səliqəyə salıb anamla görüşə tələsdim.Anam boşalmış bir evin həyətində əlində kiçik bir bağlama məni gözləyirdi.Yanında yerli sakinlərlə yanaşı əsgərlər də var idi.Qaçaraq ona yaxınlaşıb qucaqlamaq istəyirdim ki,anam mənə:-"Bala, başına dönüm mən Nicatın anasıyam .Onu tanıyırsanmı?.Tanıyırsansa de ki anan gəlib ."-dedi. Mən yerimdə dondum.Anam məni - doğma balasını tanımamışdı.Axı necə tanısın ki.Üz gözümü tük basmış, çox arıqlamışdım. Demək olar ki, çəkim yarıbayarı azalmışdı. Mən ona :-"Ana, mən elə Nicatam ana!"-dedim."Nə danışırsan a bala Nicatın bir qolu sənin bədənindən də yoğundu."-dedi.Mən papağımı çıxarıb , alnımda və qaşımda uşaqlıqdan yadigar qalmış çapıqları ona göstərərək:-"Ana, bax görürsən? Mənəm Nicatam."-dedim.O diqətlə mənim çapıqlarıma baxıb hüşunu itirərək qucağıma yıxıldı.Ətrafdakıların köməyi ilə çətinliklə anamı ayılda bildik. Birtəhər özünə gəldi.Biz yaxınlıqdakı boş evə keçib oturduq.Anam gətirdiyi bağlamanı açdı.Bağlamada bir şey yox idi.Bir iki şəkərbura və s.Nə tapırdı ki nə də gətirsin?! Heç bilmirəm bura necə gəlib çıxıb, yolpulunu haradan tapıb. Evin yeganə qazanc gətirəni mən idim .Mən də ki, altı aya yaxın idi ki burda idim.Anam mənə:-"A bala, bu nə gündü düşmüsən? Qonşununda uşaqları əsgərdilər.Əsmərin oğlu Aslan elə bütün günü evlərindədi."-dedi. Anamla xeyli dərdləşdik.O mənə necə dolanmağından,bura necə gəlb çıxdığından danışdı.Mən də burada olan hadisələrdən anama danışırdım.Başımız söhbətə elə qarışmışdı ki havanın necə qaraldığından xəbərimiz olmamışdı.Bəs anam gecəni harada qalacaq?-deyə fikirləşirdim ki bu anda həmişə öz oğlanları ilə bizimlə bərabər səngərdə döyüşən,bizə hər cür köməklərini əsirgəməyən Mürsəl dayı arvadı ilə bizə yaxınlaşaraq:-"Ə bacıoğlu, bu nə işdi tutmusan ?Bacı oradan durub gəlib bura, sən də onu Səmədin boş qalmış evində saxlamısan.(Səməd rayonun imkanlı şəxslərindən biri idi.Müharibə başlayan kimi ailəsini götürüb Bakıya qaçmışdı. İndi Bakıya yaxım ərazilərdən birində yerləşən işğal olunmuş rayonun İcra Hakimiyyətinin başçısıdır. Üstəlik bu illər ərzində o, boş dayanmayıb. Qohum-əqrəbasını da müxtəlif idarələrdə yaxşı vəzifələrə irəli çəkə bilib. Uşaqlarının hərəsi bir nazirlikdə "yağlı" kreslolarının əyləşiblər.) Mən anamla Mürsəl dayıgilə gedib anamı onlara qoyub, kazarmaya gəldim.Komandirdən anamı evə aparmaq üşün icazə istədim.O, anamın xəstə olduğunu nəzərə alıb icazə vərəqəsi yazdı.Sabahı günü anamla Mürsəl dayıgilə minnətdarlığımızı bildirib evimizə yola düşdük.Çətinliklə də olsa birtəhər evimizə gəldik. Evə çatan kimi yuyunub dincəldim.Mən yuxudan duranda artıq axşam düşmüşdü.Bir tikə yemək yeyib Aslangilə getdim.Aslan mənim uşaqlıq dostumdu. Deyilənlərə görə o da könüllü olaraq müharibəyə gedib.Mən gedib onun harada döyüşdüyünü öyrənmək istəyirdim.Onların darvazalarından içəri keçib Aslanı harayladım.Xeyli çağırdıqdan sonra Aslan pərdəni aralayıb mənə baxdı və bir andaca yox oldu. Onun hərəkəti mənə pis təsir etdi.Acıq eləyib evə getmək istəyirdim ki, birdən Aslangilin evlərinin arxasından möhkəm çığırtı eşitdim. Qayıtmaq istədim, amma Aslanın bayaqkı xoşagəlməz hərəkəti yadıma düşdü, evə gəldim .Sabah yuxudan oyananda anam Aslanın yıxılaraq ayağını sındırdığını dedi:-"Sən demə, Aslan fərariymiş.Axşam əynində hərbi paltar olan bir nəfər Aslanı çağırıb, o, da qorxusundan pəncərədən tullanıb qaçanda ayağı sınıb.Qorxularından həkimə də getməyiblər.Sınıqçı gətiriblər. O da deyəsən əyri bağlayıb sınıqları. “Gədə ağrıdan eşşək kimi anqırır."-Anamın bu xəbərindən sonra məni gülmək tutdu. Demək məndən qorxaraq özünü pəncərədən atıb.Mən bu sirri heç kəsə bildirmədim.İllər sonra anam yenə mənim yanıma gəlmişdi - bu dəfə həbsxanaya. Məni və bir neçə əsgər yoldaşımı torpaqların verilməsində təqsirli bilib həbs etmişdilər.Anam mənə:-"A bala, dünyanın mizan-tərəzisi itib.Vətən üçün canından keçənləri həbs edirlər.Qorxusundan özünü pəncərədən atıb ayağını sındıran Aslana isə həm maşın ,həm də əlillər üçün tikilən binadan mənzil.Uzun zamandan sonra mən bəraət alaraq həbsdən azad olundum.Amma bunun mən nə faydası?! Gəncliyimin gözəl illərini türmədə keçirdim.Hələ bu azmış kimi baxımsızlıqdan və imkansızlıqdan anam ağır xəstəliyə düçar olmuşdu.Hansı həkimə göstərmişdimsə :-"Gecikdirmisən ,gərək vaxtında gələydiniz."-dedilər.Vaxtında necə gətirəydim axı? Həbsdə ola-ola anamı kim həkimə gətirəcəkdi? Nəhayət xəstəlik öz işini gördü.Anam həyata əlvida dedi. Mənə ağır gələn isə,müharibə vaxtı fərarilik edib, anasının tumanının altında gizlənən, mən çağıranda qorxaraq pəncərədən tullanıb ayağını sındıran qəsəbənin bələdiyyə sədri çolaq Aslanın anama qəbir yeri üçün torpağı mənə həddindən artıq baha satması oldu.

16:09