Əbil Həsən: "İlk sevginin ağrısı..."

(Hekayə)

Nənəm məni çox istəyirdi. Hara gedirdi məni də özü ilə aparırdı. Mən onu gah bacım kimi nənə, gah da atam kimi ana deyə çağırardım. Artıq böyümüşdüm, məktəb yaşım çatmışdı. Bir gün nənəm əlimdən tutub məktəbə apardı. Məktəbin həyətində  sıraya düzülüb  uşaqların çıxışlarına baxdıqdan sonra bizi sinfimizə apardılar. Sinifdə  sarışın, mavi gözlü bir qız vardı. O qız da bizimlə oxuyacaqdı. Nənəmə o qızla oturmaq istədiyimi bildirdim. Nənəm gülərək müəlliməyə nə isə dedi. Müəllimə bizi bir partada oturtdu. Mən fürsəti əldən verməyib qızın adını öyrənə bildim. Şahanə idi adı...

Günlər ötdükcə biz  biri -birimizə isinişirdik. Şahanə mənə ara-sıra anası ilə nənəsi arasındakı münaqişədən danışırdı. Mən isə buna bir o qədər əhəmiyyət vermirdim  Çünki öz dünyam vardı və bu dünyamı heç cür onsuz təsəvvür etmirdim. İllər bir-birini yola verdikcə içimdəki hislərin dəli bir sevgiyə çevrilməkdə olduğunu anlayır, buna həm sevinir, həm də həyəcandan titrəyirdim. Ancaq nə illah eləsəm də hislərimi ona açıb içimdəki o gərginliyi boşalda bilmirdim. Nəhayət, bir gün özümü toparladım və məktəbdən evə gedəndə onu sevdiyimi dedim. O qızardı və heç nə demədən sanki əlimdən çıxıb qaçırmış kimi evlərinə tərəf qaçdı. Onun susmağını razılıq əlaməti kimi anlayaraq qımışır, işlərin düzəlməkdə olduğunu düşünürdüm...

 Bir gün Şahanə mənə yaxınlaşaraq sevincək dedi:
-Çox götür-qoy etdim və gələcək həyatımla bağlı doğru bildiyim qərarı verdim.

Bundan sonra sözünə bir qədər ara verib sanki qəsdən məni intizarda saxlayırmış kimi bir müddət susdu. Az qala həyəcandan ürəyim köksümü yarıb çıxacaqdı. Nəhayət, ürəyini açdı və mənim sevgimi cavabsız qoymayacağını, hətta bu barədə anası ilə də söhbət etdiyini bildirdi.
Sevindiyimdən uçmaq istəyirdim.Bu anda məndən xoşbəxt adam yox idi yer üzündə.

 -Bilirsən, nənəm anamı bezdirir. Hər şeyə deyinir. Onu geymə,bunu yemə, onu alma. Anam deyir ki, səni Cavidə verəcəm. Biz birlikdə xoşbəxt olacağıq,eləmi?-deyərək sual dolu nəzərlərlə mənə baxdı.

Mən başımla təsdiqlədim.Sevincdən və həyəcandan danışa bilmirdim.Sanki dilim tutulmuşdu.

- Məni heç kim incitməyəcək. Heç kim mənim geydiyimə, aldığıma danışmayacaq. Axı mənim qaynanam olmayacaq...

Onun axırıncı sözlərindən sanki yuxudan ayıldım...

-Necə..Necə.??? Bəs nənəm?

-Ay dəli, o sənin nənəndir. Biz evlənənə kimi o çoxdan öləcək. Səninsə anan yoxdu. Ölüb deyərək sevincək dilləndi.

Mən onun üstünə qışqıraraq dedim:
-Demək sən mənim təklifimə anamın yoxluğuna görəmi razılıq vermisən, əhsən belə planlı sevgiyə...?   

O günə kimi anamın yoxluğunu hiss etmirdim. Qəlbimdə Şahanəyə olan sevgi nifrətə dönmüşdü. Elə bilirdim ki, anamın qatilləri Şahanə ilə anasıdır. O andan Şahanə ilə nəinki bir sinifdə, heç bir məktəbdə oxumaq istəmədim.
Evə gəlib,atama bir daha o məktəbə getməyəcəyimi dedim. Atam bu inadkarlığımı görüb nə qədər əlləşsə də əsl həqiqəti ondan gizlətməyə məcbur idim, çünki sevdiyim qızın hansı dünyagörüşə və əxlaqa sahib olduğunu deyəcək qədər cəsarət tapa bilmədim atamın hüzurunda. Sadəcə gücüm ona çatdı ki, həmin məktəbə bir daha getmədim və onu həyatımdan birdəfəlik silə bildim, amma bu gün də az qala hər gün onun  dediyi sözlər qulaqlarımda cingildəyərək nifrətimi sönməyə qoymur...

12:41