Türkiyə İranı Yaxın Şərqdən sıxışdırır

 

Özlərinə yeni hami axtarmaq üçün danışıqlar aparan HƏMAS-ın Türkiyəni seçməsi təsadüfü deyil. Çünki Türkiyə son illər regionda supergüc qismində çıxış edir, iqtisadi və siyasi baxımdan bölgənin ən sabit ölkəsidir.
 

Bu sözləri siyasi analitik Əlirza Zamani deyib. Analitik HƏMAS-ın son vaxtlar Türkiyəyə yaxınlaşmasının regionda baş verən hadisələrlə bağlı olduğunu düşünür: “Regionda çox ciddi dəyişikliklər baş verir. HƏMAS-ın əvvəlcə bölgədə bir çox müttəfiqi vardı. Bu ölkələrin bəzisi sıradan çıxdı, bəzilərində münaqişələr gedir. Bu səbəbdən HƏMAS təbiidir ki, öz strategiyasında dəyişikliklər etməliydi. İran bölgədə Suriya bataqlığına girib. Oradan nə vaxt çıxacağı, necə çıxacağı bəlli deyil. Türkiyə isə regionda supergüc qismində çıxış edir, həm də bölgənin ən sabit iqtisadiyyatına və siyasətinə malik ölkəsidir. Buna görə də son illərdə Türkiyənin ərəb dünyasında nüfuzu güclənir və bu da müəyyən güclərə təsirsiz ötüşmür”.

Ekspertin fikrincə, HƏMAS özünü qorumaqdan ötrü köhnə hamilərindən uzaqlaşmağa məcburdur: “ABŞ-ın siyasi-iqtisadi basqısı altında olan İrana “ərəb baharı”nın keçəcəyini təxmin edən, Suriyadakı vəziyyətin gələcəyinin naməlum olduğunu görən HƏMAS bu gün yeni müttəfiq axtarışındadır. Bu müttəfiqlərdən ən idealı isə əlbəttə ki, Türkiyə və güclü ərəb ölkələri - Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləridir. Bir zamanlar HƏMAS-ın mərkəzi ofisi Dəməşqdə idi. İndi onu müxtəlif ölkələrə daşıyıblar. HƏMAS liderləri Xalid Məşəl ilə İsmayıl Haniyyə Türkiyə, İordaniya, Qətər və digər bu kimi ölkələrin liderləriylə görüşdülər. Təsadüfü deyil ki, Türkiyə HƏMAS-a üç yüz milyon dollar kömək edəcəyini dedi. Türkiyənin HƏMAS-ı dəstəkləməsi və HƏMAS-ın Türkiyəyə yaxınlaşması son zaman regionda baş verən hadisələrin məntiqi nəticəsidir”.

Qeyd edək ki, HƏMAS 1987-ci ildə yaradılıb. Təşkilat 1988-ci ildə əsas hədəfinin İsrailin məhv edilməsi olduğunu bildirib. 2007-ci ildən təşkilat Qəzza sektorunu idarə edir.

Bir müddət öncə isə HƏMAS yeni doktrinasını yaydı. Bu doktrinada ilk dəfə İsraili hərbi yolla məhv etmək planından əl çəkdiyini bəyan etdi.

Muxalifet.az

09:54