Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Mövcud zaman kəsiyində beynəlxalq münasibətlər demək olar bulanıqlığın və mürəkkəbliyin pik həddinə çatıb. Bu mənfi tendensiyanın ardınca isə həm də müxtəlif beynəlxalq təhdidlər gəlir. Müasir dünyanın əsas qlobal təhdidləri sırasında beynəlxalq liderliyin zərərli boşluğu, terrorizm, dinlər və mədəniyyətlər arasında toqquşmalar dayanır ki, baş verən son eskalasiyalar yaradılışın ilkin konsepsiyalarına dönüş kimi təhlükəli tendensiyalarla da müşayiət olunur. Bir vaxtlar müharibələrin dominant nümunəsi olan zaman kəsiyi indi mədəniyyətlərarası münaqişələrlə əvəzlənir. Üstəlik, dünyanın ənənəvi təhdidlərindən biri olan maliyyə böhranının qlobal iqtisadiyyata zərbə vurmaqda davam etdiyi bir vaxtda müasir çağırışlar daha ciddi problem kimi görünür. Məsələn, 3,6 dərəcə Selsi qlobal istiləşmənin qarşısını almaq üçün siyasətçilər balansın saxlanılmasını dayandırmadan yeni üsullardan istifadə etməklə vəziyyəti sabitləşdirmək, gələcəyi stimullaşdırmaq kimi çətin vəzifələrlə üzləşiblər. Azərbaycan Prezidenti İlham Əliyev bu qlobal məsələlərdə də proaktiv addımlar atır, yeni yanaşmalar irəli sürür. Azərbaycanın uzaqgörən Lideri mədəniyyətlərarası dialoq idealının genişləndirilmiş konsepsiyasına əsaslanan daha maarifləndirici, uzunmüddətli və davamlı yanaşma istiqamətində işləmək imkanlarını nəzərə almaq üçün fürsətlər yaradır. Azərbaycan mədəniyyətlərarası dialoq platformaları yaratmaqla, yıxıcı, dağıdıcı deyil, konstruktiv, dialoq yolu ilə, bu yanaşmanın formalaşmasına verdiyi dəstəklə bəşəriyyətin inkişafı üçün yenidən işlənmiş çərçivə, ölçü və meyarları yenidən nəzərdən keçirmək çağırışı təklif edir. Yanaşmalara belə məhdudiyyət gətirilərkən zəngin və cəlbedici təhsil yanaşması, o cümlədən cari ölçülərlə əhatə olunmayan nailiyyətlər üçün imkanlar təklif edən dialoq çətiri altında bəzi innovativ işlər görülür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.

Politoloq qeyd edib ki, müstəqilliyimizin ilk illərində hər sahədə olduğu kimi, sözügedən sahədə də çətinliklər var idi. İşğal, iqtisadi və sosial çətinliklər fonunda mənfur qüvvələr ölkəni parçalamaq cəhdləri ilə Azərbaycanı sanki qarabaqara izləyir, aqressiv separatçılıqla xalqımızın həmrəyliyini pozmaq, bununla da dövlətə və cəmiyyətə fundamental zərbələr vurmaq istəyirdilər. Azərbaycan bu illər ərzində belə cəhdlərin qarşısını aldı. Nəticə etibarilə bu gün biz sülhü müharibə vasitəsilə təmin etmişik. Ərazi bütövlüyümüz, suverenliyimiz tam şəkildə bərpa edilib. Əsrlər boyu hərbi təcavüzə, soyqırımına məruz qalmağımıza baxmayaraq, tarixin qara səhifələrini çevirmək üçün hər xalqın göstərə bilməyəcəyi böyüklüyü göstərərək Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü, baza prinsiplərini məhz biz irəli sürmüşük.

Dövlətimizin başçısının yürütdüyü çoxşaxəli siyasət nəticəsində insanlarımız, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan cəmiyyətimiz əsrlər boyu mövcud olan tolerantlıq, qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq kimi ən mühüm dəyərləri qoruyub saxlayır. Bu istiqamətdə dövlətimiz tərəfindən silsilə addımlar atılır ki, bunlardan biri də müxtəlif qrupları qondarma adlar, təsnifatlar altında toplamağı birmənalı istisna etməklə vahid anlayış ətrafında birləşdirməkdir.

“Ordunun milli siyasətdəki roluna bu gün tamamilə fərqli baxış mövcuddur. Bu baxış Vətən müharibəsindən sonra bir daha təsdiqləndi. Bu şanlı Orduda hər bir etnik, dini qrup təmsil olunur. Etnik mənsubiyyət kiçikləşdirici diskursdur ki, Azərbaycan bu kiçilmələrdən, kiçiltmələrdən uzaq böyük və genişmiqyaslı siyasət yürüdür. Azərbaycan cəmiyyətində tolerantlıq, dini və mədəni müxtəliflik kimsənin “özünə görünməyən”, “gözünə soxulmayan” bir imtiyazı əks etdirir. Buna görədir ki, insanlar, sadəcə, təhlükəsiz deyil, həm də ləyaqətli formada yaşayırlar. Dövlətimiz mədəni müxtəlifliyi dəstəkləyir, qoruyur və bununla da hətta bəzi inkişaf etmiş dövlətlərdən fərqli olaraq, mədəniyyət, din və etnik mənsubiyyət güc, münaqişə və müqavimət mübarizəsi üçün əsas sahə kimi görülmədən insanların harmoniya, qarşılıqlı hörmət əsnasında yaşamasını təmin edir”, - deyə politoloq əlavə edib.

Ş.Həsənova diqqətə çatdırıb ki, Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 110 ölkədən nümayəndə heyətlərinin iştirak etməsi, gündəlikdə mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişə vəziyyəti, turizm, süni zəka kimi məsələlərin dayanması Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir. Bundan əvvəl - aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda da Prezident İlham Əliyev bu məsələ haqqında bildirmişdi: “Ən əhəmiyyətli körpü mədəniyyətidir. Ona görə ki, yerləşdiyimiz coğrafiya cəmiyyətin həyat tərzinə, əhvali-ruhiyyəsinə mütləq təsir edib. Biz Avropada və dünyanın digər yerlərində olanda özümüzü rahat hiss edirik, çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın, yəni, İslam sivilizasiyasının və Avropa sivilizasiyasının dəyərlərini əhəmiyyətli dərəcədə mənimsəmişdir”. Azərbaycanın mədəni müxtəlifliyi regionu bəzəyir, onu sabitləşdirir, xalqımızın təmiz, saf niyyəti ağ göyərçin kimi sülh vəd edir.

“Xalqımızın dostluq, yoldaşlıq, yardımsevərlik, tolerantlıq, qarşılıqlı hörmət və tərəfdaşlıq kimi müsbət insani keyfiyyətlər yatır. Elə uğurumuzun sirrindən də bəhs edən Liderimiz bu Forumda bir daha uğur konsepsiyamızın əsasında məhz bu xüsusiyyətlərin dayandığını göstərdi. Ən önəmli məsələ isə odur ki, xalqımız da öz növbəsində tək bir ağızla bu konsepsiyanın təməlində məhz Liderimizin şəxsi keyfiyyətlərinin dayandığını bildirir.

“Azərbaycan torpaqlarında kök salan bütün insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Bu insanlar özlərini nəinki təhlükəsiz şəraitdə, həm də ləyaqətli hiss edirlər. Azərbaycan ev sahibliyi etdiyi çoxsaylı tədbirlərlə mədəniyyətlərarası, dinlərarası dialoqu təşviq edir. Müstəmləkə tendensiyalarına susqunluq, ikili standartların tətbiqi, Avropa Parlamenti və AŞPA kimi təsisatların, tolerantlıq, demokratiya, insan hüquqları kimi məfhumlardan sözdə bəh-bəhlə bəhs edən ayrı-ayrı ölkələrin bütün təzyiqlərinə baxmayaraq, Azərbaycanın dünyada məcburi assimilyasiya, iyrənc neokolonializm təcrübəsinə göz yummaması, tarixində isə BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına yekdil qərarla sədrliyi, bu missiyanın əlavə bir il uzadılması, əldə edilən silsilə uğurlar, COP29 öncəsi beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili ondan xəbər verir ki, ölkəmiz regionun layiqli lider dövləti, onun başçısı isə bölgənin müsbət gələcəyinə istiqamət verən Liderdir. Azərbaycan düzgün, səhih, sayıq yanaşma ortaya qoyaraq bir-birini günahlandırmağın heç nə vermədiyini anlayır, bunu aşılayaraq həmrəylik və qarşılıqlı etimad lazım olduğunu bildirir. Azərbaycanın rolu xalqının xislətinə uyğun olaraq dünyaya körpülər salmaqdır. Cənubi Qafqazı da xilas edəcək bu xislətdir ki, Azərbaycan xalqının Lideri bu istiqamətdə də uğurlu siyasət yürüdür”, - deyə Ş.Həsənova qeyd edib.

Xudaferin.eu

15:55