Qafqazın-Şahdağın vüqarı

Bu, ünlü şair Ramiz Qusarçaylıdır

Ramiz Qusarçaylı çağdaş Azərbaycan ədəbiyyatının zirvəsində yer alan ən cəsarətli şairdir. O, şeirlərində sadəcə açıq fikri ilə deyil, həm də poetik baxımdan onu zirvəyə qaldıran tək şairimizdir. Ramiz Bəy ruhunu şeirə, şeirlərini ruha çevirən şairdir. Bu da hər kəsə nəsib olmur. Elə ona görə də hər zaman sevilən sənətkardır. Onun hər şeiri Şahdağın zirvəsi qədər ucadır. O zirvə ki, Ramiz Qusarçaylının özünü ŞERİMİZİN  ŞAHI-na çevrilib. Gözəl insan Ramiz Bəy, sən bu həyatda şair ömrünlə sadəcə Azərbaycan ədəbiyyatının deyil, bütün Qafqazın əbədiyyən ruhu olaraq simvola çevrilmisən. Əcdadlarımızın ruhu ilə süslənən çağdaş ədəbi düşüncəmizdə Ramiz Qusarçaylı şeirinin sirri bundadır. Kim bunu başa düşümürsə, deməli Azərbaycanmızın, nə də Qafqazımızın ruhunu bilmir. Heç bir zaman həyatdan, cəmiyyətdən, rəyasətdən umacağı olmadı. Tək umduğu könül dünyasının duyğularının rəngini və musiqisini şeirə çevirmək, onları süsləmək olub. Ramiz Qusarçaylı demək olar ki, 1980-ci illərdən üzü bu yana “ədəbi məmurluq” rəzalətinin siyasətin sonucu olaraq, “UNUDULMUŞ NƏSİL” repressiyasının qurbanlarından biridir. Onun təmsil olunduğu ƏDƏBİ NƏSİL demək olar ki, bu repressiyanın canlı qurbanları sayılır. Bütün bunlara baxmayaraq, əslində gerçək və yüksək ədəbi baxışlar, zövqlər və milli intibah ədəbiyyatı elə bu nəslin çiynində bu gün inkişaf edir. Kiflənmiş 1950-1960-1970-ci illər ədəbi goruşlərdən tammailə fərqlənən yeni enerji məhz son 36 ilin ədəbi nəslinə məxsus gizli bir ədəbi prosesin təmsilçiləri var ki, Azərbaycan ədəbi ictimai fikrinin onları tanımasına çox ciddi şəkildə ehtiyacı vadrır. Biz “XUDAFERİN.EU” saytı olaraq, məhz bu “UNUDULMUŞ NƏSİL”in nümayəndələrinə tribuna olacağıq. Çünki, onları keçmiş Sovetlər Birliyi dönəmində olduğu kimi, elə indinin özündə də min dəfələrlə təəssüflər olsun ki, ədəbi prosesimizin canlı əfsanələri olduqları inkar edilməkdədir. Dəyərli oxucularımız Ramiz Qusarçaylının şeirlərini oxuduqca bütün bunların şahidi olacaqsınız.

Azərbaycan bayrağı

Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu,ayını göydə mələklər öpər,
Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı, –
Azərbaycan bayrağı !

Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-
Azərbaycan bayrağı !

Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı !

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-
Azərbaycan bayrağı !

Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı !
Azərbaycan bayrağı !  

 

Bu yerin...

Bu yerin astarı üzünə çıxıb,
Bu yerin çörəyi dizinə çıxıb,
Bu yerin otu da tərsinə çıxıb,
Bu yerin arısı gülə tamarzı,-
Gedək,ay ürəyim,gedək bu yerdən,
Gəl gedək,bu yerdə nə itin azıb...

 

Torpağın altı

Oddu, küldü, kömürdü,
Daşdı torpağın altı.
Məni sordu, sümürdü,
Yaşdı torpağın altı.

Soyudum üst qatından,
Ağacından,otundan,
Ayağımın altından
Qaçdı torpağın altı.

Axır,çağlaya bilmir,
Qovur haxlaya bilmir,
Məni saxlaya bilmir,
Boşdu torpağın altı.

Üzə durub üstüylə ,
Oynar odla,tüstüylə,
Oyunuyla, qəsdiylə
Xoşdu torpağın altı.

 

Rüşvət

Dəridə dəmirov kimi,
Yarada mikrob kimi,
Tarlada alaq kimi,
Ot kimi,bitraq kimi,-

Artır rüşvət verənlər,
Artır rüşvət alanlar.
Artır rüşvət azarı,
Artır rüşvət bazarı.

Yayılır addım-addım
Nə gənc bilir, nə qoca.
Yayılır soyuq-soyuq,
Nə od bilir,nə ocaq.

...Həkim rüşvət istəyir,
Hakim rüşvət istəyir,
Biri göz qabağında,
Biri xəlvət istəyir...

İnsan taleyi ilə,
İnsan ürəyi ilə
Alver edilir ,alver,-
Niyə uçulmayır göy
Niyə yarılmayır yer?!

 

Bizdən

...Gör necə yeyinmişik,
Zirvə-zirvə enmişik,
O qədər sevinmişik,
İndi qəm qorxur bizdən

Nə göydə nur qoymuşuq,
Nə yerdə gör qoymuşuq,
Cənnəti kor qoymuşuq,-
Cəhənnəm qorxur bizdən.

 

Yuxu

Bu yuxu gör harda haqladı məni,
Torpağın altında,
Yerin gözündə.
Bu yuxu gör harda ağladı məni ,
Ağlaya bilərdim elə özüm də...

...Gecələr yuxumu ərşə çəkənlər
Səhərlər yuxuma bal qatıb mənim.
Ayıq baxışlara yuxu əkənlər
Yuxu becərənlər aldadıb məni.

O xəzəl illərin sarısı dən-dən,
Yerində inadım yarpaqlayıbdı.
Yuxulu günlərim quyu dibində
Özü öz üstünü torpaqlayıbdı.

Nə çıxar təzədən kükrəyəm,daşam,
Yuxulu əllərim heç yana çatmır ,
Özüm illər boyu yatıb qalmışam,
Sinəmdə hisslərim qiyamı yatmır...

Məni fikir-fikir geyən qayğılar,
Məni misra-misra soyunur indi.
Günəş işığında ölən duyğular
Fanar işığında yuyunur indi.

Yarımçıq əmrə də,günə də yadam,
Fərqi yox,budaqda çürü,ya tökül...
Özüm öz əlimi yandıran odam-
Özüm öz gözümə səpələnən kül.

Ayırıb özümü duyğudan ,hissdən
Başımı yuxu ilə qatan deyiləm.
O qədər yatmışam torpağın üstdə
Torpağın altında yatan deyiləm...

 

Ağla bənövşəm, ağla...

Üstünə gün düşüncə
Çıxıb getdin yazımdan.
Səndən sonra dünyada
Toyumda bir,yasım da,
Ağla,bənövşəm,ağla.

Başım yüz daşa dəydi,
Bir gün ömür sürüncə,
Gözlərim kor olaydı
Səni ağalar görüncə,
Ağla,bənövşəm,ağla.

Səni dərib üzməmiş
Əlimi üzdüm,neynim.
Səndən küsmək günahdı
Özümdən küsdüm,neynim,
Ağla,bənövşəm,ağla.

Boğuldum göz yaşından
Silə bilmədim,ağla.
Ölməyim məsləhətmiş
Ölə bilmədim,ağla,
Ağla,bənövşəm,ağla...

 

Qar

Yağır, yaman yağır Qubanın qarı,
Yenə Təngə qardı,
Afurca qardı.
Üzür dağ kəndini qışın qubarı
Tox toxa söylənir, ac aca, - qardı.

Qar qovur küləyi o dağ, bu dağda,
Sovrulur, səslənir dərə tabaqda,
Beləcə yağırdı min il qabaq da
Bu qar köhnə qardı,
çox qoca qardı...

Zirvədən asılıb soyuyur bulud,
Unut soyuqluğu buludum, unut...
Bir evdə od yanır,
bir evdə sükut
Bir baca tüstüdü,
bir baca qardı.

Qar düşüb ovçunun tələsinə də,
Qar qonub tüfəngin lüləsinə də,
Qar yağır gecənin şöləsinə də
Bu qar sirli qardı, tapmaca qardı.

Boyundan boy verir boyların üstə,
Oynayır sıldırım layların üstə,
Uzanıb ən uzun çayların üstə,-
Adına gəlincə,- bir heca, Qardı...

 

 

 

Qübbəm... Qalam...

A Şah dağım, Şah ləngərim,
Şah duruşum, Şah səngərim,
Şah sözüm, dil büzüm-büzüm,
Şah düzüm, gül düzüm-düzüm,
Gül üzünmü,
Gül üzümmü,
Gül üzünə
Gül düzümmü...

Dağlar qızı, Qız bənövşəm,
Naz çiçəyim, naz bənövşəm,
Tənha arı gül tərpətməz,
Dodaq əyməz, dil tərpətməz,
Tərpənimmi,
Ürpənimmi,
Bu möcüzə
Sirr mənimmi...

Səslə məni, Təngə, gəlim,
Gözəllikdən təngə gəlim...
Sağım Təngə,
Solum Təngə,
Döngə-döngə yolum Təngə,
Az gəlimmi,
Üz gəlimmi,
Dərə-təpə
Düz gəlimmi...

Başı daşlı Daş minarəm,
Daş əlləri boş minarəm,
Döyə-döyə əydiyim daş,
Əyə-əyə geydiyim daş,-
Daş nəfəsim,
Daş qanımmı...
Daş ətəkdə
Daşdanımmı...

Xınalığım, Xan nağılım,
Xana-xana şan nağılım,
Dağ sinəsi xına-xına,
Kəklik qonar sına-sına, -
Xonça bulud
Xınam gəlsin...
Xınalansın
Sonam gəlsin...

Qudyalçayım, suyun qərib,
Sən oynayan oyun qərib,
Qərib keçmə, su lillidi,-
Su ürəkli, su dillidi,
Lilləndim a...
Dilləndim a...
Dağ çayıyam
Zilləndim a...

Yerim Qübbə, göyüm Göy nər,
Qalam üstə göyüm göynər...
Qübbəm, Qalam Qurd yeridi,
Qurd yeri ilk yurd yeridi,-
Elim can-can...
Obam can-can...
Qübbəm, Qubam
Azərbaycan! ...

 

Ağlama

Ağlayırsan, indi ağla,
Məni öləndə ağlama.
Qəbrim üstə güllər solub
Xəzan gələndə ağlama.

Sıxılma yas saxlayanda,
Geyib qara bağlayanda,
Ağla, düşmən ağlayanda,
Dostlar güləndə ağlama...

Gözəl davran, gözəl inlə,
Darılma dərd gözəlinlə...
Göz yaşını öz əlinlə
Özgə siləndə ağlama...

Öz tamı var, öz təhəri,-
Ölüm ömrün son bəhəri...
Gizlə gözündən qəhəri
Gözün biləndə ağlama.

Axşam şəri, səhər danı,-
Səninlə böldüm hər anı,
Sonuncu dəfə dünyanı
Yarı böləndə ağlama...

 

Deyil

Qapında doğman, yadın,
Açın, gələsi deyil.
Son mənzilə arvadın
Bacın gələsi deyil.

Bu doqqaz at saxlamaz,
Üstündə ad saxlamaz.
Təndirin od saxlamaz
Sacın gələsi deyil.

Dərd dəvə haxdan gələr,
Yıxmağa çox dam gələr,
Füzuli, Ağdam gələr,-
Laçın gələsi deyil?!

Nə gördü bu hay-küydən,-
Özünə qənim meydan...
Xilasına nə şeytan
Nə cin,- gələsi deyil...

İmdad gəzmə vayında,
Bat siyasət çayında,
Gələn tayfa hayında
Elçün gələsi deyil...

 

Gizlənib

Bu adamlar, yaltaqlığın uğurunda gizlənib,
Nə yuxarı yerindədi, nə aşağı yerində.

İçindəki alçaqlığın çuxunurda gizlənib
Nə böyüyu yerindədi, nə uşağı yerində.

Örüş-naxır iştahının axurunda gizlənib
Nə xırmanı yerindədi, nə başağı yerində.

Oynadığı hər havanın axarında gizlənib
Nə imanı yerindədi, nə işığı yerində.

Əlahəzrət köləliyin cığırında gizlənib
Nə şairi yerindədi, nə aşığı yerində.

O təpər ki, bu millətin fağırında gizlənib
Nə papağı yerindədi, nə qurşağı yerində.

* * *

Sənə qondu könlümün
Quşu, başdaşım, quşu.
Deyən gəlir ölümün
Xoşu, başdaşım, xoşu...

Bu nə xof, nə hürküdü,
Ağı da bir türküdü,
Dünya yaman bürküdü
Üşü, başdaşım üşü.

Deyim sözün düzünü,-
Ağartmadım üzünü...
Yan-yörəmdə yüzünün
Leşi, başdaşım, leşi...

Xətt çək yaşımın üstdən,
Daş tök daşımın üstdən,
Yondur başımın üstdən,
Naşı, başdaşım, naşı...

 

Qusarım

Bu axşam mənim də havam çalındı,
Havalı dilimdən duam çalındı...
Bilmədim Suvarın, Suvacalındı
Dindi "Rast"ım mənim,
"Hisar"ım mənim.
Qusarım mənim.

Yerləri gül səsi, çiçək qapısı,
Göyləri nur seli, mələk qapısı,
Dosta dost qapısı, ürək qapısı
Düşmənə keçilməz hasarım mənim,
Qusarım mənim.

Bir daşı yurd daşım, binə daşımdı,
Bir daşı baş daşım, sinə daşımdı,
Bil ki, yamaq daşım, pinə daşımdı,-
Sənsiz hara düşsə güzarım mənim,
Qusarım mənim.

Ötür şəlalələr tel nəğməsini,
Asıb qayalara sel nəğməsini,
Yasab nəğməsini, Hil nəğməsini
Könlümə əbədi yazarım mənim
Qusarım mənim.

Düşsün gözəllikdən gözə dən, baxım,
O gözəl hüsnünə təzədən baxım...
Çıxım, Şahdan baxım, Ləzədən baxım
Deyim bu qartalım, bu sarım mənim,
Qusarım mənim.

Bu axşam mənim də havam çalındı,
Havalı dilimdən duam çalındı...
Bu səs Suvarındı, Suvacalındı
Dindi "Rast"ım mənim,
"Hisar"ım mənim.
Qusarım mənim.

 

Gilənar

Aşıq Əlikram üçün

Yer Göyə bənd, bəs Göy nəyə,
Ölləm göynəyə - göynəyə
İki dünya bir köynəyə
Dar gələsi, ay Gilənar,
Nar giləsi, ay Gilənar.

"Bəhri divanə" irsimin
Qopuz kimi öz tilsimi.
Eşq özü də iki simin
Bir naləsi, ay Gilənar.
Nar giləsi, ay Gilənar.

"Baş müxəmməs" şah beytimdi,
"Baş sarıtel" ah beytimdi.
"Kərəmi"mdi, "Dübeyti"mdi
Yar tələsi, ay Gilənar,
Nar giləsi, ay Gilənar.

"Dərbəndi" dərd dənim kimi,
"Laçını" dağ çənim kimi,
"Yurd yeri"nin mənim kimi
Var dəlisi, ay Gilənar,
Nar giləsi, ay Gilənar.

Dilimdə o gülün adı,
"Zarıncı"dı, "Qaytarma"dı,
Neyçün məni qaytarmadı,
Bir beləsi, ay Gilənar,
Nar giləsi, ay Gilənar.

Ad

Ada bax, nələr çəkir
Adların arasında,
Evinin içindəki
Yadların arasında.

Ağıl gedir, dərk gedir,
İnam gedir, ərk gedir,
Bu qoduq nə bərk gedir
Atların arasında?!

Demə, şeytan da, cin də
Birdi adam içində,
Təpər yox el gücündə,-
"Zad"ların arasında.

Qandı haqqın kürəyi,
Sınıb bulud xərəyi,
İtir şair ürəyi
Çatların arasında.

 

Hardasan

Hardasan, öldürür bu təklik məni,
Ovutmur bu güllük, çiçəklik məni...
Sənsiz göyüm - göyüm göynəyirəm mən,
Sənsiz bu dünyanı neynəyirəm mən...

Pirdi, övliyadı, nədi, bilmirəm,
Eşqə bax, imana, dinə gəlirəm.
Mən səndən ayrılıb gedə bilmirəm,
Mən səndən ayrılıb sənə gəlirəm.

Bir bəyaz duyğutək gəlləm yuxuna,
Durub şirin - şirin səslərəm səni.
Büküb qarasına, büküb ağına,
Gözümün içində bəslərəm səni.

Gözümdə nə qədər gecə ağarıb,
Özüm də bilmirəm necə ağarıb,
Nazın bu sevginin göz dağı olub,
Sinəm bu sevginin dustağı olub...

İki göz dolusu ağlaram səni,
İki dodaq boyu gülləm səninlə.
Gizlicə yolundan saxlaram səni,
Dünyanı ikiyə bölləm səninlə.

Hardasan, öldürür bu təklik məni,
Ovutmur bu güllük, çiçəklik məni...
Sənsiz göyüm - göyüm göynəyirəm mən,
Sənsiz bu dünyanı neynəyirəm mən...

* * *

Sovrulur ömrün xırmanı,
Yerində can ətri qalır.
Ayrılığın kol dibində
Bir bənövşə sətri qalır.

Dağ daşlanır ətəyimdə,
Şimşək oynar kürəyimdə.
Hər gün səngər ürəyimdə
Bir misranın qətli qalır.

Gecələrə Ay tuturam,
Şöləsinə boy tuturam,
Ölümə bir toy tuturam,
Əzrayılın xətri qalır...

 

Qaçır

Bu əkini mən əkmişəm,
Biçin məndən niyə qaçır...
Mən bilirəm nə çəkmişəm,
Neçin, -
məndən niyə qaçır...

Dərd yenə dastan başlayıb,
Toyumu yasdan başlayıb,
Məni yüz şeytan daşlayıb,
Bəs cin məndən niyə qaçır...

Cəngə ağ bayraq sancmışam,
Başına oyun açmışam,
Şuşadan özüm qaçmışam,
Laçın məndən niyə qaçır...

Asqırıb qatdım aranı,
Cuhuda satdım İranı,
Özüm küsdürdüm Turanı
Bəs Çin məndən niyə qaçır...

Altında gəzdiyim torpaq,
Öldürüb əzdiyim torpaq,
Çölündən bezdiyim torpaq,
İçin məndən niyə qaçır?..

 

Söz axşamı

Zakir Məmmədə

Bu şam da əriyir bu söz axşamı,
Əriyib qurtarır son nəfəs kimi.
Nə dərdim bir dərddi,
nə dərdin tamı,
Ürəyim soyuyur boş qəfəs kimi.

Ötür boyat - boyat bayağı boylar,
Min qabar göyərir dilimdə, şair.
Kükrəyir məcrası macəra çaylar,
Qəm seli çağlayır lilimdə, şair...

Təşnəsi lallara nə illah,
susur,
Göylü iddialar göysüz böyüyür.
Hər sözün içində bir günah susur,
Hər günah içində bir söz böyüyür.

Yumaz inadından rəngini daşlar,
Boyalı qafiyə buxova gəlməz.
Üstümə zülmətin yürüşü başlar,
Ancaq...
nə gün doğar, nə hava gəlməz...

O qədər quraq söz,
şoran bəstə var.
Içində küləklər ulayır indi.
Artır oğru şair,
oğru bəstəkar,
Millət bir - birini talayır indi.

Bax, bu yatan qılınc,
bu fil qulağı,
Xəcalət qızarır tənələrində.
O mənəm - bir ovuc şəhid torpağı,
O sənsən can verən qisas yerində...

Bu şam da əriyir bu söz axşamı,
Əriyib qurtarır son nəfəs kimi.
Nə dərdim bir dərddi,
nə dərdin tamı,
Ürəyim soyuyur boş qəfəs kimi.

 

Bayram

Təzə ayaqqabı almışam,
Ayaqlarımın bayramıdır.
(Tat İzmirağa)

Son həsiri satdı kasıb,
Cəhrələrin bayramıdır.
Çox üz üzün üzdən asıb
Çöhrələrin bayramıdır.

Xanımları xamladılar,
Kişiləri damladılar,
Meşələri şumladılar,
Pöhrələrin bayramıdır.

Alağı tağdan üstdədi,
Dərəsi dağdan üstdədi,
Ayranı yağdan üstdədi,
Nehrələrin bayramıdır.

Bir mitinq, piket tapılmır,
Zülmə etiket tapılmır,
Dubaya bilet tapılmır,
Zöhrələrin bayramıdır.

Köhnə saytdı təzə setdə,
Yurd tapdaqdı internetdə,
Yetim doğur internatda,
Körpələrin bayramıdır.

ATƏT yenə küynən gəlib,
Öz dığası haynan gəlib,
Urus yekə ...gəlib
Cəbhələrin bayramıdır.

Çəpik yağır, alqış yağır,
Yerdən göyə qarğış yağır,
Hər gün şou - ...yağır,
...bayramıdır.

O tayda bu tay oğlu çox,
Bu tayda o tay oğlu çox,
Mamoğlu çox, dayoğlu çox,
Kirvələrin bayramıdır.

16:16