İsa Həbibbəylidən əndrabadi münasibət

 

AMEA-nın vitse-prezidenti: “Ev davası edən alimlərin hamısı ağıllı deyil ki”

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 54 alimə mənzil verilməsi məsələsi bir çox alimlərin narazılığına səbəb olub. Bəzi alimlər müqavilədə göstərilən şərtlərə əməl olunmadığını deyirlər. Modern.az saytı bir neçə gündür ki, baş qaldıran narazılıqlarla bağlı AMEA-nın rəsmi mövqeyini öyrənməyə çalışıb. Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibəyli saytımıza açıqlamasında deyib ki, narazılıqların əsası yoxdur.

“AMEA mənzil bölgüsü zamanı ilk növbədə ciddi ehtiyacı olan elmlər doktoru və elmlər namizədlərinə üstünlük verib. Bu da sənədlərdə öz təsdiqini tapıb. Qaldı ki, mənzil məsələsində narazılığa, bunu araşdırmaq lazımdır. Çünki mənzil davası edənlərin hamısı ağıllı deyil ki! AMEA-da ümumi prinsiplər əsas götürülür. Real stajı, ehtiyacı olan, yataqxanada yaşayan elmlər doktoru və elmlər namizədinin hamısı ev alıb. Konkret bir-iki adamın narazılığı barədə dəqiq məlumat bilmirəm. Hesab edirəm ki, AMEA-nın prinsipləri doğrudur”.

Qeyd edək ki, alimlərə mənzil verilməsi AMEA ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən həyata keçirilib. Belə ki, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındakı yataqxananın ərazisində yeni inşa edilən binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin AMEA-ya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsi işi aparılıb.

Onu da bildirək ki, filologiya elmləri doktoru, AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti və ən nəhayət millət vəkili İsa Həbibbəyli onu da bilməlidir ki, AMEA-da saç ağartmış, həyatının yarıdan çoxunu elmə həsr etmiş alimlər haqqında bunca əndrabadi fikirlər deməsi onun öz prestiji üçün heç də xoşagələn hal sayılmır. 
 

Modern.az

 

09:28