''Isveçdə bir Türk var''

''Ata və Oğul İkiz Ədəbiyyat və Ritm''

...1967-ci il. Məşhur “Life” dərgisi Nobel Ədəbiyyat Ödülünü qazanma ehtimalı olan yazıçı haqqında geniş bir yazı hazırlamağa qərar verir. Ən güclü namizəd Parisdə yaşayan İrlandiyalı yazar Samuel Beckettdir. Dərgi redaktoru namizəd yazara telefon edərək fotoqraf göndərmək istədiklərini söyləyir. Samuel Beckettin cavabı qısa və qəti olur: “Fotograf-şəkilçi göndərməyin. İsveçdə bir Türk var onu axtarın”. İsveçdəki Türk yazarın portretlərini çoxdan çəkmiş olan Lütfi Özkökdür. “Life” dərgisi gerçəkdən Lütfi Özkökü axtarır və Beckett Nobeli qazanınca onun fotoşəkilləri nəşr olunur. Daha sonra redaktor dərginin digər sayında bu hadisəni xatırladır və belə bir cümlə yazır. “Beləcə İsveçdə “bir Türk” olduğunu bütün nəşr dünyası və mədəniyyət çevrəsi öyrənmiş oldu”. ...Bu il İsveçə qış tez gəldi. Noyabrın elə ilk həftəsində iki gün durmadan qar yağdı və yollar buz bağladı. Elə o ərəfədə Amerikada prezident seçkiləri keçirilirdi. İsveç mediası tam bu seçkilərə köklənmişdi. Sanki seçimlər ABŞ-da deyil İsveçin Stockholm, Malmö,  Göteborg və Kiruna şəhərlərində baş verirdi... Traumpun seçilməsi isə lap sürpriz oldu... İsveç indi-indi ''Traumpun prezident olma matəmi''ndən çıxmağa başlayır və artıq Milad öncəsi tədbirlər bütün İsveçi bürüyür.
...''NK-Nordisk Kompaniet''. İsveçin ən bahalı, “LUX” ticarət mərkəzi. Bu alış-veriş mərkəzində qiymətlər təxminən belədir, bir kostyumun qiyməti 7-15 min isveç kronu, qadın çantaları 20-30 min kron. Haşıyə. Ötənlərdə Azərbaycan parlamentinin millət vəkili bir neçə il bundan öncə hansısa görüşə gəlibmiş Stockholmda yalnız bu dükandan 100 min dollarlıq alver edib. Aldığı da bir iki çanta və kostyum və s... Mövzudan kənara çıxmayaq. Ticarət mərkəzinin ən üst qatında kitab dükanı yerləşir. Bu dükan həm də özünün təqdimetmə mərasimləri ilə məhşurdur. Burada demək olar ki, hər bayramda əsasən də milad öncəsi çox elit tədbirlər təqdimatlar keçirilir.

...Osman İkizi illərdir tanıyıram. Osman bəylə məni İsveçdə yaşayan ən populyar Türkiyəli jurnalist Mətin Altınişık tanış edib. Osman İkiz uzun müddət İsveç Dövlət Radiosunda Türk Dili proqramları baş redaksiyasının aparıcısı və eyni zamanda baş redaktoru olub. Türkiyənin Cumhuriyyət qəzetinin yazarı, NTV-Türkiyənin, BBC, DV radiolarının Türk Dili redaksiyasının İsveç təmsilçisidir.  Eyni zamanda İsveç Xarici Jurnalistlər birliyinin sədr müavinidir. İsveç və Türk dillərində bir neçə kitabın müəllifidir. Ən populyar kitabı isə İsveçdə yaşayan 94 yaşlı fotograf-şair Lütfi Özkökün həyatından bəhs edən isveç dilində nəşr olunan, '' Det finns en Türk i Sverige ''- ''İsveçdə bir Türk var '' adlı roman essesidir...

...Robert Mehmet İkiz 1979-cu ildə Türkiyədə, İstanbulda anadan olub. Lap uşaq yaşlarından ailəsi ilə İsveçə köçüb. Burada orta məktəbi bitirib və eyni zamanda musiqi təhsilini aldıqdan sonra Los Angelesdə Musiqi Akademiyasını bitirib. Mehmet İkiz bu gün Avropanın ən populyar caz musiqiçilərindən sayılır. İkiz trambon-baraban ifaçısıdır. Keçən il Almaniyanın ARD kanalında Robert M. İkizin alman orkestri ilə çox möhtəşəm konserti oldu. İsveçin elə bir caz və pop sənətçisi yoxdur ki, İkizin solo ifalarını öz konsertlərinə əlavə etməsinlər. Keşən il hətta Robertin  ''Checking In'' adlı debyut CD-si də işıq üzü gördü.
...NK-nın builki JUL-Milad öncəsi tərtib etdiyi programının iştirakçıları Ata və Oğul İkizlər və onların-Osman və Mehmet Robertin təqdim etdiyi ''Ədəbiyyat və Ritm'' adlandırdıqları kompazisiya idi.
''İstanbulda doğuldum, Parisdə An Mari ilə tanış oldum, Stokholmda öləcəyəm...'' Osman İkiz kitabından oxuduğu bu sətirlərlə gecəni başladı. Daha sonra Robertin barmaqlarından axan əsrarəngiz ritm və musiqi sədaları ətrafı bürüdü. Daha sonra Osman proza ilə Mehmet ritm və ahənglə gecəni ilğım aləminə çevirdilər. Bəli çox həzin, romantik, lirik və eyni zamanda düşüncəli möhtəşəm bir performans dinləyiciləri sehirləyərək musiqinin və ədəbiyyatın əsrarəngiz aləminə aparmışdı. İnanın bayırdakı soyuq, narahat dünyamız və İsveçin yeknəsək, monoton həyatı heç kəsin yadına belə düşmürdü. Arxamda oturan bir İsveçlinin səsi məni bu aləmdən ayırdı və onda bildim ki, gecə sona çatdı və alqış sədaları kitab bölümündən çıxaraq bütün NK-nı bürüdü. Təxminən 70 yaşlı İsveçli isə belə dedi. ''Mən hələ NK-da belə elit və mükəmməl gecə görməmişdim...''

PS. Görəsən nədən Azərbaycanda keçirilən Jazz festivalına Robert Mehmet İkizi hələ də dəvət etməyiblər...

Rahim Sadıqbəyli
İsveç, Stohkolm. Xüsusi olaraq “Xudaferin.eu” üçün

14:18