Şuşa ilə bağlı SİRLƏR AÇILDI: Heydər Əliyevin ulu babaları 1748-ci ildə...

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin ulu ata-babaları Şuşa şəhərinin əsasının qoyulmasında iştirak edib.

Publika.az tarixçi alimlə müsahibəni təqdim edir:

- Xalqımız niyə məhz Şuşanı özünə milli simvol seçib və bura Azərbaycan mədəniyyətinin beşiyi hesab edilir?

- Şuşa şəhərinin əsası 1751-ci ildə Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulub. Məsələnin maraqlı tərəfi odur ki, bu yer təsadüfi seçilməyib. Bir faktı da əlavə edim, indiyə qədər bunu qeyd etməyiblər, şəhərin əsasının qoyulmasında Ümummilli lider Heydər Əliyevin ulu babaları Comərd və Alagöz Məhəmməd iştirak edib. 1748-ci ildə Qarabağ ordusu yaradılarkən Comərd və Alagöz Məhəmməd Pənahəli xanla birlikdə Qarabağa gəlir və 1751-ci ildə şəhərin əsası qoyulur. Onların orada xidməti 1764-cü ilə qədər davam edib. Orta əsrlərdə hərbçilərə pay torpağı verirdilər. Qarabağ ordusunun sərkərdələri kimi Comərd və Alagöz Məhəmmədə də Zəngəzurda torpaq sahəsi verilmişdi. Bu məsələlər Çar Rusiyası, həmçinin Osmanlı imperiyası tərəfindən tərtib edilən icmal dəftərlərində öz əksini tapıb. Bu dəftərlərdə onların ailəsi və özləri haqqında məlumatlar var. Bu yaxınlarda sözügedən məlumatları çap edəcəyik.

1923-cü ilə qədər Şuşa şəhəri Qarabağın mərkəzi hesab olunub. Həm mədəniyyət, həm iqtisadi, həm sosial, həm də siyasi mərkəz kimi fəaliyyət göstərib. 1992-ci il may ayının 8-də Şuşanın işğal olunması heç də ermənilərin öz işi deyildi. Bu, ovaxtkı Yeltsin hakimiyyətinin və Rusiya Federasiyasının təşkil etdiyi oyunlardan biri idi. Onlar Azərbaycanı caynaqlarından buraxmaq istəmirdirlər.

İranın vasitəçilik etməsi, Tehranda danışıqlar aparması və danışıqlar zamanı Azərbaycanın mədəniyyət mərkəzinin işğalı təsadüfi xarakter daşımır, o zaman hətta Azərbaycanın işğal edilib bir neçə hissəyə bölünməsi planları var idi. Amma 1990-cı il iyulun 20-də Ulu öndərin Azərbaycana qayıtması, Naxçıvanda onun Ali Məclisin sədri seçilməsi və 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağını Naxçıvan Ali Məclisində qaldırması təbii ki, həmin planların pozulması üçün atılan addımlar idi. Odur ki, Ziya Bünyadov, İqrar Əliyev, Fərəməz Maqsudov kimi bir çox görkəmli ziyalılar 1992-ci ilin oktyabrında Azərbaycan xalqının iradəsinin ifadəsi olaraq Ulu öndəri Bakıya dəvət etdilər. O zaman Azərbaycanı müdafiə edə bilməyən hakimiyyət bu müraciətlə razılaşmağa məcbur oldu. Beləliklə, Ulu öndəri Bakıya dəvət etdilər. Xarici qüvvələr o zaman buna da imkan vermək istəmirdi, hətta Heydər Əliyevin Bakıya gəlməməsi üçün bir çox cinayətkar planlar hazırlamışdılar. Bu, 1993-cü ilin iyun ayına olan planlardır. İbad Hüseynov kimi kəşfiyyatçımıza Milli Qəhrəman adının verilməsi heç də təsadüfi deyil. O vaxt İbad Hüseynovun həyata keçirdiyi əməliyyat nəticəsində Monte Melkonyanın məhv edilməsi Rusiya hərbi-siyasi dairələrinin planlarının pozulmasına gətirib çıxardı. 1992-ci ildə isə Şuşa artıq işğal olunmuşdu.

Ulu öndər qayıtdıqdan sonra bu işlər uzun müddət ərzində düşünüldü və çox böyük hazırlıqlara start verildi. 1997, 1998 və 1999-cu ildə Ulu öndərin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı çoxsaylı görüşləri və çıxışları var. Hər dəfə də deyirdi ki, biz mütləq Şuşaya və Qarabağa qayıdacağıq, tarixi torpaqlarımız işğaldan azad olunacaq. Çünki o bilirdi ki, Azərbaycan çox qüdrətli bir dövlətə çevriləcək. Biz bunu gördük. 25 ildən artıq hazırlanan bir strategiya qələbə ilə nəticələndi. Cənab Prezidentin Şuşa alınandan sonra Ulu öndərin məzarını ziyarət etməsi və ata vəsiyyətini yerinə yetirməsi ilə bağlı raport verməsi təsadüfi hadisə deyil.

Hər bir azərbaycanlının borcudur ki, bütöv Azərbaycanın qorunmasında dövlətimizin başçısının yanında dayansın. Bu qələbə son 200 ildə Azərbaycan xalqının itirdiklərinin geri qaytarılmasının başlanğıcı sayılmalıdır. Digər tərəfdən, bu zəfər Azərbaycan xalqının sadəcə ermənilər üzərində deyil, onları 150 ildən artıqdır ki, Azərbaycana qarşı hazırlayan qüvvələr üzərində bir qələbədir. 44 günlük müharibə dövründə müxtəlif beynəlxalq təşkilatların və dövlətlərin hansı mövqe nümayiş etdirdiyini gördük.

Sizcə, dünya tarixi Şuşa əməliyyatına hansı qiyməti verəcək?

 

- Şuşa əməliyyatının çox uzun tarixi var. Babəkin rəhbərliyi ilə ərəb işğalına qarşı aparılan mübarizədən bir misalı nümunə gətirmək istəyirəm. 21 il ərzində Babək və Xürrəmilər hərəkatının bütün üzvləri İslam dininə qarşı deyil, bütövlükdə ərəb işğalına qarşı vuruşdu və 6 Xilafət ordusunu məhv etdi. Səfəvilər dövlətinin tarixində qəhrəmanlıq səhifələri həddən ziyadə çoxdur. Bu ənənə çox qədim tarixi köklərə malikdir. İkinci Dünya müharibəsində azərbaycanlıların göstərdiyi qəhrəmanlıqlar hələ də dillərdədir. Azərbaycan xalqının İkinci Dünya müharibəsində iştirakı dünyanın taleyini həll etdi. Berlinə birinci girən, Brandenburq darvazasına, həm də Reyxstaqın künbəzinə qələbə bayrağını sancan azərbaycanlı olub. 1943-cü ildə də Ruzveltin, Stalinin və Çörçillin həyatını azərbaycanlı kəşfiyyatçı xilas etmişdi.

Şuşanın azad edilməsində xüsusi təyinatlılarımızın göstərdiyi qəhrəmanlıqlar dünya hərb sənəti tarixində yeni bir səhifə hesab olunur. NATO-nun müxtəlif hərbi strukturlarında bu əməliyyatı öyrənirlər, necə olub ki, bir xəncər, bıçaq və tapança ilə top, tank və raketlə silahlanmış qondarma orduya qalib gələ biliblər. Rusiya Federasiyası tərəfindən Ermənistana verilən silahların ümumi qiyməti 5 milyard dollardan çoxdur, hamısı göyə uçdu. Azərbaycan şəhidləri, qəhrəmanları və qaziləri dünya hərb tarixinin yeni səhifəsini yazdı.

Şuşada hansı zəfər abidələri qoyula bilər?

- Şəhidlərimizə və qəhrəmanlarımıza kompleks abidə qoyulmalıdır. Ermənistan deyilən bir qondarma ölkə ilə sərhəddə - Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Qazaxın ən uca yerlərində dəmir yumruğun heykəlini ucaltmağı təklif edirəm. Bilsinlər ki, bu dəmir yumruq heç vaxt endirilməyəcək. Bu, ermənilərə fətva verib üstümüzə fısqırdanlara da bir dərs olsun ki, bir də cəsarət etsəniz, başınız tamamilə əziləcək. Əlbəttə ki, qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək üçün Şuşanın azad edilməsi ilə bağlı möhtəşəm bir abidənin qoyulmasına böyük ehtiyac var.

Şuşanın gələcəyini necə görürsünüz?

- Bu şəhərin gələcəyi mənim üçün çox aydındır. Azərbaycan mədəniyyətinin təbliği üçün çoxistiqamətli bir mədəniyyət mərkəzinə çevriləcək. Cənab Prezident bir il ərzində Şuşaya dəfələrlə səfər edib. Vaqif poeziya günlərinin və "Xarıbülbül" festivalının Şuşada keçirilməsi bir çox cəhətdən vacib idi. Güman edirəm ki, yaxın vaxtlarda tarixçi alimlərin Şuşada görüşü təşkil olunacaq. Çünki bu 30 il, hətta 76 il ərzində bu torpaqların Azərbaycan xalqına məxsus olmasının üzə çıxarılmasında Azərbaycan tarixçi alimlərinin çox böyük xidmətləri var.

17 məclis, 17 məhəllə, 17 bulaq - Şuşanın bu simvolları da bərpa olunacaq?

- Şübhəsiz ki, bərpa olunacaq. Şəhərin əvvəlki ruhu, atmosferi geri qaytarılacaq. Qarabağ xanlarının nəslindən olan azərbaycanlılar Şuşaya qayıtmaq üçün mənə müraciət ediblər. Şuşaya qayıtmaq istədiklərini bildirirlər. Təbii ki, onların bu istəkləri nəzərə alınacaq. Artıq 11 istiqamətdə yollar çəkilir. 8 aya hava limanı təhvil verildi, 2-nin isə özülü qoyuldu, bu gün bunu mənəm-mənəm deyən dövlətlər edə bilmir.

Aytən Məftun

Mənbə:publika.az

Xudaferin.eu

00:02