Aslan Qasımlı: “Ermənilər “Şuşa” kitabına görə Firudin Şuşinskini öldürmək istəyiblər”
Xudaferin.eu "Toplum TV"-ə istinadən Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini, tədqiqatçı Aslan Qasımlıyla
müsahibəni təqdim edir.
- Aslan müəllim, bir müddət öncə tanınmış musiqişünas Firudin Şuşinskinin “Şuşa” kitabını latın qrafikasında nəşr etdirmək istədiyinizi demişdiniz. Məsələ nə yerdə qaldı?
- Bəli, bir neçə il qabaq bununla bağlı müsahibə vermişdim və hamıya, xüsusən də şuşalılara çağırış etmişdim. Təəssüf ki, səsimə səs verən olmadı. Necə deyərlər, "Şuşa"ya sahib çıxan olmadı. Amma son vaxtlar baş verən hadisələr bu kitabın çapını bir daha aktuallaşdırır. Mən sizin saytınız vasitəsilə ölkə rəhbərliyinə müraciət edirəm ki, 1962-ci ildə yazılmış, ermənilərin etirazına səbəb olan bu kitabın latın qrafikası ilə çapına dəstək olsunlar. Əminəm ki, indiki dövrdə bu dəstəyi ala biləcəyik.
- Bu kitabda yazılanları nadir araşdırma adlandırmısız.
- Firudin bəy Şuşinskinin bu kitabı çoxillik axtarışlar sayəsində ərsəyə gəlib. Birinci üstünlüyü sovet dövründə yazılmasıdır. Bu, ciddi hadisədir. İkincisi, Firudin bəy bu kitabı yazanda arxivlər, mənbələr indiki qədər məlum olmayıb. O, keçən əsrin altmışıncı illərinin əvvəllərində dəfələrlə Tiflisə, Moskvaya, Leninqrada - indiki Sankt-Peterburqa gedərək arxivləri araşdırıb. Ən mühümü isə Firudin bəy bu kitabı təkcə Şuşanı, Qarabağı, vətənin sevdiyi üçün və ya tarixi həqiqətləri ortaya çıxarmaq məqsədilə yazmayıb. Ermənilərin Şuşada və onun ətraf bölgələrində hansı tarixi səbəbdən məskən salmaları həmişə Şuşinskini düşündürüb və o bunu aydınlaşdırmağa çalışıb. Şuşinski hələ universitetdə təhsil aldığı illərdə bu şəhərin tarixi haqqında sənədlər toplamaq üçün dövlətdən heç bir maliyyə yardımı almadan SSRİ-nin bir sıra şəhərlərinin arxivlərində, muzeylərində tədqiqatlar aparıb. Azərbaycana aid olan bir çox sənədi ayrı-ayrı şəxslərdən əldə edib, gecə-gündüz işləyib. Ancaq əsas məsələ onun siyasi fəhmi olub. Firudin bəy ermənilərin Azərbaycan xalqına qarşı məkrli planlarını sezib. Məsələn, elə bu kitab yazılarkən onlar İrəvanda türk düşməni Andranikə heykəl qoymaq istəyirmişlər.
Firudin Şuşinski
FOTO: Sosial media
- Kitab nə vaxt işıq üzü görüb və o dövrdə necə qarşılanıb?
- “Şuşa” kitabı 1962-ci ildə nəşr edilib, mühüm bir hadisəyə çevrilib, oxucular, tarixçilər tərəfindən təqdir olunub, əsərə yüksək qiymət verilib, necə deyərlər, əl-əl gəzib. Amma 1968-ci ildə - rus dilinə tərcümə ediləndən sonra bir nüsxəsi SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü və SSRİ Ali Sovetinin deputatı olan daşnak Anastas İvanoviç Mikoyanın əlinə keçib. Əsəri oxuyandan sonra Mikoyan Moskvada vəzifədə oturan bir qrup erməni ilə birlikdə “Şuşa” əsərinə görə respublika rəhbərliyindən Şuşinskinin cəzalandırılmasını tələb edib. Bu barədə Fürudin bəy özü yazırdı: “Şuşa” kitabına görə başım nələr çəkmədi? O vaxt ermənilərin əlindən üç ay Şuşaya gedə bilmədim. Küçədə məni daşa basdılar. Dəfələrlə evimin küçə qapısını və pəncərələrini sındırdılar, telefon xəttini kəsirdilər. Bir neçə dəfə mənə sui-qəsd cəhdi etdilər... Məni aradan götürmək üçün başıma altı milyon pul qoymuşdular. Ermənistanın “Pioner” qəzetindən tutmuş, “Kommunist” qəzetinə qədər bütün mətbuat əleyhimə böhtanlar və söyüşlər yağdıraraq məni erməni xalqının ən mənfur düşməni kimi qələmə verirdi”.
Hətta Livan erməniləri də bu kitaba qarşı etiraza qalxıb, Beyrutda nəşr olunan “Hayastan” qəzetində Şuşinskini təhqir edən yazılar yazıblar. Bu fakt sübut edir ki, hələ sovet dövlətinin möhkəm vaxtlarında ermənilər türklərə qarşı təşkilatlanmış şəkildə gizli düşmənçilik aparıblar. Təəssüf ki, Şuşinskinin canı qədər sevdiyi doğma Azərbaycanda da ermənilərin səsinə səs verənlər tapılıb. Onlar Firudin bəyə “burjua millətçisi”, “xalqlar dostluğunun düşməni” damğası vurublar, yazıları uzun zaman çap olunmayıb.
- Yəni Firudin bəydə ermənilərin Qarabğla bağlı planlarından xəbərdar olub?
- Əlbəttə ki, Firudin bəyin ermənilərin məkrli oyunlarından xəbəri olub. “Şuşa” kitabında türk xalqının düşməni Andronikə nifrətini açıq bildirib. Satqın hərəkətlərinə görə qulağının kəsildiyini xatırladaraq ona “tayqulaq quldur”, “qulağıkəsik Andronik” deyildiyini yazıb. Çünki, dediyim kimi, həmin ərəfələrdə İrəvanda Andronikin heykəlinin qoyulması məsələsi qaldırılmışdı. Bu kitab həm də həmin hadisəyə etiraz idi. Buna görə özümüzünkülər Şuşinskinin yazılarına qadağa qoyub, onu “xalq düşməni” adlandırıb, məsələsini Mərkəzi Komitənin plenumuna çıxarıblar. Həmin plenuma aid sənəddə göstərilir ki, Firudin Şuşinski Androniki ifşa etməklə, millətlərarası ədavəti qızışdırır və ona görə də “Şuşa” kitabının bütün tirajı məhv edilməlidir. Fuad Əliyev, Oqtay Əfəndiyev, Məmmədəli Şərifli kimi “tarixçilər” Mikoyana yarınmaq üçün mətbuatda çıxış edərək “Şuşa” kitabını tənqid atəşinə tutublar. Əlbəttə, fərqli mövqe tutanlar da olub. Mərkəzi Komitənin Bürosunda Əlövsət Quliyev, Ənvər Şükürzadə, Cəmil Quliyev, Mahmud İsmayılov, İsmayıl Hüseynov və başqa qeyrətli adamlar onu müdafiə ediblər. O zamanlar respublikanın ikinci katibi olmuş Kozlov Şuşinskini məcbur edirmiş ki, əsərində Andronik haqqında işlətdiyi təhqiredici ifadələrə görə ermənilərdən üzr istəsin. Əgər üzr istəyərsə, ona yüksək mükafat veriləcəyini də deyib. Firudin bəy Kozlova sərt cavab verib və bu söhbətdən sonra Şuşinski iftiraçı, milli ədavəti qızışdıran yazıçı kimi qələmə verilib.
Sonra Heydər Əliyev respublikaya rəhbər qoyulub. "Ana torpaq" qəzetinin 3 dekabr 1991-ci il tarixli sayındakı "Qarabağ Azərbaycanın ən dilbər diyarıdır" məqaləsində yazılır ki, Heydər Əliyev “Şuşa” kitabı haqqında belə deyib: “Xatirimdədir, mən hələ Mərkəzi Komitənin birinci katibi seçildiyim ərəfədə Şuşa haqqında bir kitab çıxmışdı. Səhv eləmirəmsə, müəllifi Firudin Şuşinski idi. Bu kitabı çox gözümçıxdıya salmışdılar. Xüsusən, ermənilər. Təəssüflər ki, Bakıda olan ziyalılar da bu kitabın qəti əleyhinə çıxmışdılar. Mənə həmin kitabı çatdırdılar. Oxudum, gördüm ki, kitab yaxşı kitabdı. Düzdür, müəlliflə tanış deyildim, ancaq kitab yaxşı yazılmışdı... Nə isə, mən o zaman ermənilərin hücumunun qabağını aldım”.
Yeri gəlmişkən, səksəninci illərin sonunda Mixail Qorbaçov Qarabağla bağlı Moskvada keçiriləcək plenumdan əvvəl Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovdan soruşur ki, Zori Balayanın Qarabağ haqqında əsəri var. Sizin də belə əsəriniz varmı. Vəzirov maraqlanıb öyrənir ki, Azərbaycanda da belə bir əsər yazılıb və müəllifi də Firudin Şuşinskidir. Vəzirov əsəri əldə etmək üçün aparatın məsul şəxslərindən birini Firudin bəyin yanına göndərir. O da əvvəlcə kitabı verməkdən imtina edir, biləndə ki, Moskvada Qarabağ məsələsinə baxılacaq, özündə olan son nüsxəni verir.
- “Şuşa” 1998-ci ildə, müstəqillik dövründə təkrar nəşr olunub. İlkin varianta dəyişikliklər edilibmi?
- Dəyişikliklər yox, əlavələr edilib. Firudin Şuşinski sovet dövründə kitaba salınması mümkün olmayan faktları əlavə edib. Kitabı Firudin bəyin oğlu Məhəmməd Həsənov öz vəsaiti hesabına çap etdirmişdi.
- Ötən il Təhsil Nazirliyi orta məktəblər üçün “Qarabağ tarixi” dərsliyini buraxıb. Orda “Şuşa” kitabındakı faktlardan istifadə olunubmu?
- Xeyr, olunmayıb.
- Ümumiyyətlə, Şuşinskiyə qarşı belə soyuq münasibətin kökündə nə durur?
- Üzdə olan səbəb budur ki, Firudin bəy sözün düzünü deyən idi. 1995-ci ildə onun “Musiqişünasın düşüncələri” adlı kitabı nəşr olunur, 16500 tirajla. Əsər hələ mətbəədəykən Mili Məclisin üzvü olan bir akademik bir qrup sənətçini Firudin bəyə qarşı qaldırır. Onlar iddia edirdilər ki, Şuşinski kitabda onların şərəf və ləyaqətinə toхunan sözlər işlədib. Bu şəxslər Azərbaycan musiqisinin əvəzolunmaz tədqiqatçısı Şuşinskini “ictimai-faydalı əməklə məşğul olmayan, özü özünə musiqi tədqiqatçısı adını verən ideoloji təхribatçı, mənəvi terrorçu” adlandırırlar. Sual olunur, Azərbaycan musiqisinin 200 illik dövrü, onun görkəmli nümayəndələri haqqında yazdığı “Azərbaycan xalq musiqiçiləri”, “Şuşa”, “Cabbar Qaryağdıoğlu”, “Seyid Şuşinski”, “Xan Şuşinski”, “Sadıqcan” və neçə-neçə kitabın müəllifi olan, 100-dən çox sənətkarı xalqa tanıtdıran radio-televiziya verilişləri müəllifinə bu sözləri demək insafdandırmı? Halbuki həmin adamların özlərini də Fürudin bəy xalqa tanıtdırıb, sevdirmişdi.
Dövlətimizin son illər muğama diqqət artırması bəzi tədqiqatçıları “hazıra nazir” olmaq həvəsinə salıb. Onlar Şuşinskinin min bir əziyyətlə ortaya çıxartdığı tədqiqat əsərlərindən bəhrələnib bunu öz zəhmətləri kimi qələmə vermək istəyirlər. Ona görə də Şuşinskinin adını yada salan yoxdur. Bu gün Beynəlxalq Muğam Mərkəzində məhz Firudin bəyin xalqa tanıtdırdığı sənətkarların - Cabbar Qaryağdıoğlunun, Sadıqcanın və digərlərinin büstləri düzülüb. Amma təəssüf ki, bu heykəllər sırasında ömrünün 40 ilini muğamımızın tədqiqinə həsr etmiş Şuşinskinin büstü yoxdur. Mən çox istərdim ki, orda onun da büstü qoyulsun və ümumiyyətlə, Firudin bəy Şuşinski, nəhayət, öz layiqli qiymətini alsın, onun xidmətləri unudulmasın.

Xudaferin.eu
23:46
Digər xəbərlər