Xudu Məmmədovun oğlu: “Mən çatanda atam yerdə uzanmışdı, ona süni nəfəs verirdilər” – Müsahibə

Kulis.az “Atamn xatirəsi” layihəsindən görkəmli Azərbaycan alimi, ədəbiyyat bilicisi, şair Xudu Məmmədovun yeganə övladı - oğlu Toğrul Məmmədov ilə müsahibəni təqdim edir.

- Toğrul bəy, atanızı necə xatırlayırsınız. Adətən elmlə məşğul olan insanlar bir qədər qapalı olurlar.

- Atam daim axtarışda olan bir insan idi. Təbii ki, zamanının əsas hissəsini elmə həsr edirdi. Amma bir övlad olaraq ata diqqətindən məhrum olmamışam. Özümü dərk edəndən hər zaman onun diqqətini üzərimdə hiss etmişəm. Nə qədər çox işi olsa da o işlərinin arasında mütləq vaxt ayırıb az da olsa mənimlə məşğul olurdu. Xatırlayıram ki, hər gün çox səbirlə mənə Azərbaycan və digər xalqların nağıllarını oxuyurdu. İstəmirdi ki, bir dəqiqə vaxtım boş keçsin. Atam məni yaradıcılığa yönləndirməyə çalışırdı.

- Xudu Məmmədovun çox məşhur bir deyimi var: “Uşaqlara vətəni sevdirməyə çalışmayın, onlara vətəni tanıdın”. Özü bunu edirdimi?

- Bəli, bu söz atamın devizi idi. Mümkün qədər çalışırdı Azərbaycanın bölgələrinə aparsın, tanıtsın. Demək olar ki, bütün rayonlarda olmuşam. Xüsusilə də dağlıq bölgələrdə olmağı sevirdi.

- Xudu müəlimin həyatının əsas hissəsi Bakıda keçib. Buna baxmayaraq, Ağdamla bağlılığı sıx idi. Onun vətən sevgisi başqalarından nə ilə fərqlənirdi?

- Bəli, doğru qeyd etdinniz ki, atam iş ilə bağlı Bakıda yaşayırdı. Mən də Bakıda dünyaya gəlmişəm. Burda doğulmağıma baxmayaraq, məni Bakıya bağlayan elə də mühüm xatirələrim yoxdur. Çünki, dediyim kimi, daha çox bölgələrdə olmuşam. Xüsusilə yay tətillərimi Ağdam və Qazaxda keçirmişəm. Atamın vətən sevgisi fərqlənirdi. Məsələn, xatırlamaq istəyirəm, Qarabağ iğtişaşından əvvəlki dövrü. Ağdama gedəndə, onu çox isti qarşılayırdılar. İnsanlar atamla problemlərini, dərdlərini bölüşürdü. Atam Mərzili kəndində1941-1945-ci il müharibəsi iştirakçılarının xatirəsinə abidə inşa olunması üçün çox çalışdı və buna nail oldu. Həmin abidənin dizaynının ideyasını da atam vermişdi. O abidədə Azərbaycanla bağlı ən böyük arzusunu əks etdirmişdi. Bu, atamın Ağdamda inşasını həyata keçirtdiyi ilk abidə idi. Abidə kənardan baxanda ilk baxışdan yarpaq və beş guşəli ulduz kimi görünürdü. Amma diqqətlə baxanda bu, ay və beş guşəli ulduz idi.

Gallery

- Belə başa düşdüm ki, sovet dövründə Azərbaycan bayrağının simvolunun işarəsini vermişdi.

- Bəli. Həmin o beş guşəli ulduz da səkkiz guşəli bir fiqurda birləşmişdi. Bu, Azərbaycanın müstəqilliyinə işarə idi.

- Ağdamın məşhur “Çay Evi”nin də ideyası Xudu müəllimə aiddir. “Çay Evi”nin məhz Uzaq Şərq memarlıq üslubunda tikilməsinin yəqin bir açıqlaması var?

- “Çay Evi”nin layihə olaraq ideyası atama aiddir. Abidənin Çin memarlıq üslubunda olması məlumat xarakterlidir. Bilirsiniz ki, çayın vətəni Çin hesab olunur. Çay mədəniyyəti bizə Uzaq Şərqdən gəlib. Amma “Çay Evi” zahirən Çin üslubunu xatırladan konstruksiyada olsa da, içərisi milli ornamentlərlə işlənmişdi.

- O vaxt Qarabağda abidələrin tikintisində erməni ustaları da iştirak edirdi. “Çay Evi”ndə də olublarmı?

- Xeyir, o binanın tikintisində bir nəfər də erməni usta olmayıb. Hətta belə bir əhvalat xatırlayıram. Sonradan o binanı tikən ustalardan biri ilə rastlaşdım. O mənə “Çay Evi” üçün usta seçilməyindən danışdı. Bildiyiniz kimi, “Çay Evi”nin kifayət qədər mürəkkəb konstruksiyası var idi. O dövrdə bu tərzdə binanı tikmək asan deyildi. Çox mükəmməl, işini bilən ustalara ehtiyac var idi. Ustaları danışıqlara dəvət ediblər və onların alətlərinə baxıblar birinci. Əgər ustanın aləti çox işlənibsə, deməli bu usta öz işində peşəkardır. Bu, bizim qədim adət-ənənəmizdir. Qədimdə çoban axtaranda onun çomağının arxasına baxırmışlar, kimin çomağının arxası düz idisə deməli bu yaxşı çoban idi.

Həm də erməniləri ora cəlb edə bilməzdilər. Çünki “Çay Evi” məscidin yaxınlığında yerləşirdi. “Çay Evi”nin məscidin yanında tikilməsinin bir məqsədi var idi. Bilirsiniz ki, Ağdam məscidinə tək Ağdamdan deyil, başqa rayonlardan da ibadət üçün gələnlər olurdu. Bu məqsədlə orda “Çay Evi” inşa olundu ki, uzaq bölgələrdən ibadətə gələn adamlar gedib orda istirahət edə bilsinlər.

Gallery

- Xudu Məmmədovun Azərbaycanı müstəqil görməkdən başqa ən böyük arzusu nə idi?

- O, həmişə Azərbaycanla Türkiyəni bir yumruq kimi görmək istəyirdi. Yadıma gəlir, Azərbaycana video maqnitofonların təzə gəldiyi vaxtlar idi. Ağdamın tanınmış ziyalısı Zeynal müəllim çox sayda türk filmləri gətirmişdi. Bir axşam onlarla türk filminə baxanda Zeynal müəllimin oğlu atama sual verib ki, bu filmlərin nəyinə baxırsınız, bəsit filmlərdir, filmə baxanda sonunu bilirsən, zamanınızı niyə sərf edirsiniz belə filmlərə? Atam cavab verib ki, mən filmə baxmıram, filmdəki danışığa baxıram, onların istifadə etdiyi sözləri, söylədikləri deyimləri eşitmək istəyirəm, bizim eyni millət olduğumuzu göstərə biləcək ən yaxşı nümunə budur.

- O vaxt Türkiyə ilə Azərbaycanın sərhədi bağlı idi. Xudu müəllim yolların açıldığını görə bildimi?

- Bəli. 1980-ci illərin ortalarında Türkiyəyə yollar açılmışdı. Gediş-gəliş qismən vardı. Atama bir dəfə sual verdilər ki, ömür boyu arzu etdiyin şey artıq baş verib, niyə getmirsiniz Türkiyəyə? Atam dedi, mənim qəlbimdə, fikrimdə bir Türkiyə var, qorxuram gedib orda başqa Türkiyə görərəm, pərt olam.

- Ona bu sözü dedirdən nə idi?

- Düşünürəm ki, bu fikir siyasi deyildi. O vaxt Türkiyədə sürətli Avropalaşma gedirdi. Gedib mənəvi dəyərləri təsəvvür etdiyi kimi görməyəcəyindən ehtiyat edirdi.

Gallery

- Türkiyədə heç vaxt olmadı?

- Olmadı. Amma İngiltərədə olanda ordan evə çoxlu Türk valları gətirmişdi. O vallarda türk ifaçıların ifasında Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları vardı. Mən də bir balaca əlim-ayağım yer tutan kimi o valları köçürdüm kasetlərə.

- Kasetlər indi durur?

- Xeyir. O vaxt rəhmətlik Səxavət bizə qonaq gəlmişdi. Atam məni yanına çağırıb dedi, Toğrul, sən o kasetləri gətir ver Səxavətə, özünə başqasını köçürərsən. Gətirib verdim. Atam Səxavətə dedi, bu kasetləri sənə ona görə vermirəm ki, belə oxu, ona görə verirəm ki, bax gör türklər bizim mahnıları necə oxuyur. Atam bizim mahnıları türklərin ifasında eşitməklə fəxr edirdi. Bu hadisə onda qəribə bir sevinc, xoşbəxtlik yaratmışdı.

- Xudu müəllimin sizin seçimlərinizə münasibəti necə idi?

- İxtisas seçimimi xatırlayıram. Hardasa 8-9-cu siniflərdə oxuyurdum. Bir gün məni yanına çağırdı, hansı ixtisası seçdiyimi soruşdu. Dedim, elektronika sahəsini istəyirəm. Dedi, məsləhət görərdim, həkim olasan. Çünki vacib və lazımlı peşədir. Amma mənim həvəsim elektronika üzrə idi. Yaxşı bacarırdım. Qəbuledici-ötürücü qurğular düzəldirdim. Yadıma gəlir, atam türk radiosunu dinləməyi çox xoşlayırdı. Mən də o biri otaqda vinil vallara qurğu qoşurdum, gedib onun dinlədiyi radioya kökləyirdim. Qürurla deyirdim, gör sənə nə qəşəng musiqi hazırlamışam. Bir də görürdün, “Azadlıq” radiosuna qulaq asanda qəfil bir xatakarlıq edirdim. Hirslənirdi. Deyirdi, sovet hökuməti bir tərəfdən imkan vermir, sən də bir tərəfdən. Ona görə mənə deyirdi, məsləhətdir ki, həkim olasan. Məşğul olduğum işi xeyirli iş hesab etmirdi. Dedim, üzvü kimyanı bilmirəm. Dedi, mən öyrədərəm sənə. Dedim, biologiyanı da yaxşı bilmirəm. Dedi, eybi yoxdur, ona da müəllim tutaram. Gördüm, hər tərəfdən məni sıxışdırıb, qaçmağa yer yoxdur. Ortada da sökdüyüm bir sxem var idi. Sxemi göstərdim, dedim, ata, bax, bu sxemi sökmüşəm, uşaqlar da məni futbol oynamağa çağırır, bunu beləcə qoyub gedib futbolumu oynayıb qayıdıb gələcəm, üstündə təzədən işləyəcəm, indi təsəvvür elə həkim olmuşam, Həsəni əməliyyat masasına uzadıb kəsib-doğramışam, birdən uşaqlar çağırdı məni, axı mən qayıdıb gəlib onu necə yığacam bir yerə? Güldü, dedi, aydındır. Birtəhər bu yol ilə atamın məni həkim etmək istəyindən sovuşdum. Əlimdən tutdu, apardı Dövlət Neft İnstitutuna. Dedi, bu sahənin ən yaxşı mütəxəssisləri burdadır, hazırlaş, imtahanlarını ver, qəbul ol. O elektronika, o da sən! Bircə səndən istəyim odur ki, Dövlət Neft İnstitutunu seç.

- O dövlət səviyyəsində də çox hörmətli ziyalı idi. Sizi belə məsələlərdə “tapşırırdı” heç?

- Qəti şəkildə! Sevmirdi belə şeyləri. Atamın bu yolda yeganə dəstəyi mənə müəllim tutması olub. Hətta mən imtahan verəndə gedib Ağdamda oturmuşdu. Bir də onda eşitdi ki, qəbul olunmuşam.

- Sizə qarşı tətbiq etdiyi ən təsirli cəza növü hansı idi?

- Söz. Elə söz deyirdi, adamın yeddi qatından keçirdi. Onda deyirdim, kaş elə bir şillə vurardı mənə.

- Nəyin üstündə danlanmısınız?

- Yadıma gəlir, rayondan qonağımız gəlmişdi. Mənimlə həmyaş bir uşaq da vardı Mən o uşağın xətrinə dəydim. Oyuncağımı istədi, vermədim. Yaxşı bir-iki kəlimə söz dedi, oyuncağı da əlimdən alıb atdı. Dedi, bir oyuncağı ki, paylaşa bilmirsən, sənə o oyuncaq lazım deyil. Tez-tez hirslənən insan deyildi.

- Nə Qarabağın işğalını gördü, nə azadlığını. Amma ilk hadisələrin şahidi olmuşdu. O illəri necə xatırlayırsınız?

- Bəli, atam Qarabağın işğalını görmədi. Qarabağ məsələsi ortaya atılan illərdə onun dilindən çıxan bu sözləri heç unuda bilmirəm. Bircə dəfə əlini göyə qaldırıb dedi, Allah, mənə Qarabağın işğal olunduğu günü göstərmə! Ondansa, canımı al. Bəxtiyarla Əli şəhid olanda atam Bakıda otura bilmədi. Elmi işlərini yarımçıq qoyub getdi Ağdama.

- Sevgisini büruzə verirdi?

- Yox. Atamda elə şirin dil ilə övlad əzizləmək xüsusiyyəti yox idi. O, sevgisini sadəcə mənə vaxt sərf etməklə bildirirdi. Kifayət qədər kəskin şəraitdə tərbiyə almışam. Ailənin bir övladı olmağıma baxmayaraq, əzizləyərək böyütməyib məni.

Gallery

- Xudu müəllim ağdamlı, ananız Maya xanım isə qazaxlıdır. Necə tanış olublar. Sevgi hekayələrini bilirsiniz?

- Anam da elmi işçi olub. İnstitutu bitirəndə təyinatını atamın işlədiyi yerə veriblər. Orda tanış olublar. Sevgi olub aralarında, amma hekayələrini dəqiq bilmirəm. Heç biri belə şeyləri paylaşmağı sevmirdi.

- Qadına qarşı münasibəti necə idi? Məsələn, ananızla münasibətlərində nəyə diqqət edərdi?

- Baxmayaraq ki, hər ikisi ali savadlı insan, Bakı mühitində xeyli vaxt yaşamışdılar, həyat tərzlərində, bir-birinə münasibətdə şəhər ab-havası yox idi. Təbii, məclislərə, ziyafətlərə bir yerdə gediblər. Amma mənim yanımda çox pərdəli idilər. Evdə səsini qaldırdığını görməmişəm. Anam da onu çox gözəl başa düşürdü. Evimiz qonaq-qaralı olub. Anam kifayət qədər yüksək səviyyədə qarşılayıb atamın qonaqlarını. Qısqanclıq hiss etməmişəm atamda. Çünki anama sonsuz güvən hiss var idi.

- Qələm adamları arasında yaxın dostluq etdiyi şəxslər olub. Bəxtiyar Vahabzadə ilə lap yaxın olduğunu bilirik.

- Onları birləşdirən ilk nüans təbii ki, vətən, torpaq sevgisi idi. Türkçülük ideyaları, Azərbaycanın keçmişi və gələcəyi idi. Elm adamı olmasına baxmayaraq atamın ədəbi yaradıcılığı da var idi. Bir çox məşhur bayatıları, şeirləri məlumdur. Onun qələm adamları ilə ortaq cəhəti sözü yaxşı bilməyində idi həm də.

- Bu evə kimlər gəlib, Xudu müəllimin süfrəsi başında kimlər oturub?

- Şahmar Əkbərzadə, Bəxtiyar Vahabzadə bu evə ən çox gəlib-gedən qələm adamları olub. Zəlimxan Yaqubla bağlı xatirələrim çoxdur. Çox adamla ünsiyyətdə olub, amma evimizdə ən çox bu üç qələm adamını görmüşəm.

- Atanızın biz bilmədiyimiz xüsusiyyəti nə idi?

- Həm həyatında, həm ixtisasında, həm öz axtarışlarında həyata eyni mövqedən yanaşırdı. Onun ixtisası maddə quruluşunun araşdırılması idi. Amma Azərbaycan-Türk sənət dilinin araşdırılması istiqamətində də xeyli işlər görüb. Atamın özünəməxsus xüsusiyyətlərindən biri də o idi ki, elmdə tapdığını, əmin olduğunu başqa sahələrə də tətbiq edib, kifayət qədər yaxşı nəticələr alırdı.

Gallery

- Məsələn...

- Məsələn, bizim dədə-baba taxta-taxta palazlarımızla muğamlar arasında əlaqəni kəşf etdi. Çox sadə bir üsul ilə etdi bunu. Yadıma gəlir, mənim xalam musiqi müəllimi idi. Bir dəfə hamımız bir yerdə olanda xalamdan soruşdu ki, yeddi not, yeddi rəng var, hansı not səslənəndə hansı rəng təxəyyülünüzdə canlanır? Xalam təxmini cavablar verdi. Atam xalamın dediyi rəngləri elmi üsul ilə muğamlarla tutuşdurdu. Muğamın bir parçasını götürüb notları həmin rənglərlə rəngləməyə başladı. Sonra taxta-taxta palazla yanaşı qoyub dedi, baxın, bu palazı toxuyan adam da, bu muğamı yazan da eyni təfəkkürün, eyni genetik kodun daşıyıcılarıdır.

- Sovet hökuməti bəzi fikir və düşncələrindən xoşlanmazdı. Təhdidlər olurdumu?

- Gəlin, bir şeyi yaddan çıxartmayaq ki, o vaxt Azərbaycanın rəhbərliyində Heydər Əliyev var idi. O vaxt atam, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və digər Azərbaycanın bütövlüyünü arzu edən ziyalıları sanki bir sehrli əl sovet hökumətinin qəzəbindən qoruyurdu. O sehrli əl Heydər Əliyevin əli idi. O, olmasaydı atam kimi ziyalıların taleyi repressiya dövrü ziyalılarının taleyi kimi olacaqdı.

- Heydər Əliyevlə şəxsi münasibəti necə idi?

- Atam cəmi bir dəfə Heydər Əliyevin qəbulunda olub. Azərbaycan Elmlər Akademiyasına maddə quruluşu ilə bağlı çox bahalı bir avadanlıq lazım idi. Atam bu barədə Heydər Əliyevə məlumat verdi. Heydər Əliyev ona köməklik etdi.

- Ağdam daha çox sənətçi yetişdirən bir bölgə kimi tanınır. Xudu müəllimin incəsənətə münasibəti necə idi?

- Çox yaxşı. Xalq musiqisini sevirdi. Muğamı o qədər sevirdi ki, hətta onun üstündə araşdırma aparmışdı. Türk mahnılarını çox dinləyirdi. Səxavət Məmmədovu dinləyirdi. Onun sənətinə xüsusi hörməti vardı.

Gallery

- Xudu müəllimin son günlərini necə xatırlayırsınız?

- 1988-ci il idi, Xalq hərəkatı başlamışdı. Bütün erməni dırnaqarası ziyalıları, siyasətçiləri birləşib torpaq iddiası ilə çıxış edirdilər. Artıq insanların Qərbi Azərbaycandan köçü başlamışdı. Bütün bu hadisələrin fonunda Azərbaycan da öz etiraz səsini qaldırmağa başlamışdı. Müxtəlif qruplaşmalar yaranırdı. Xalq Cəbhəsi ətrafında xeyli adam birləşmişdi. Atam AXC-nin Üzeyir Hacıbəylinin ev muzeyində iclasına dəvət almışdı. Yadıma gəlir Nürəddin Rzayev atama dedi, getmə, sənin orda iştirakın məsləhət deyil. Çünki atamın ürəyi xəstə idi. Buna baxmayaraq getdi. Həmin günün axşam saatlarında evə zəng gəldi və mənə bildirildi ki, tez özünü çatdır Üzeyir bəyin ev muzeyinə, atanın vəziyyəti yaxşı deyil. Mən ora çatanda gördüm, atam yerdə uzanıb, Nurəddin həkim ona süni tənəffüs verir. Amma artıq atam dünyasını dəyişmişdi. Gec idi. Atamdan sonra o qədər gərgin hadisələr baş verdi ki, mən valideyn itkisinin ağrısını çox sonralar hiss etdim.

- Sizə nəyi vəsiyyət edirdi?

- Ən çox mənə dediyi söz o idi ki, hansı işi görməyindən asılı olmayaraq, onu dəqiq bil. Atamdan mənə miras qalan şey onun xasiyyətidir. Mən də onun kimi hər şeyin quruluşunu dərk etməyə çalışıram.

Gallery

Gallery

11:56