“RUSİYA BİZİM DƏDƏ-BABA TORPAĞIMIZDIR” – Tahir Hacıyev: “Biz burada möhkəm olmalıyıq, təşkilatlanmalıyıq və gələcəyə sağlam, savadlı nəsil ötürməliyik”

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların sayına görə, Rusiya ilk yerdədir. Bu səbədən də, təbii olaraq, ən böyük diaspor qurumlarımız məhz bu ölkədə olmalıdır. Bəs, bu say çoxluğu ölkəmizə dəstəkdə necə əks olunur və soydaşlarımızın Rusiyada təşkilatlanması, gücə çevrilməsi hansı mərhələdədir? Rusiyadakı azərbaycanlıların təşkilatlanması, birlik olması üçün illərdir səy göstərən, bu işə əmək verən Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin rəhbərlərindən olan, xeyriyyəçi iş adamı Tahir  Hacıyevlə də bu barədə söhbətləşdik.

– Bəs, bizdə bu kilsə rolunu hansı qurum yerinə yetirməlidir?

– Ümidimiz yalnız təşkilatlanmağadır. Yəni bizə sağlam mərkəz lazımdır. Hər şəhərdə “Azərbaycan evi”, “Azərbaycan ocağı” lazımdır. Biz öz yaşadığımız yerlərdə bunu təşkil edirik. Amma biz bütün Rusiya demək deyilik. Sağlam mərkəzimiz olmalıdır. Allaha şükürlər olsun ki, sağlam mərkəzin də fundamentini qoymuşuq. Son keçirdyimiz tədbir bunu göstərdi. İnsanlar yalnız bir dəvətlə gəldilər. Hələ bunun qeyri-rəsmi tərəfini kənara qoyuram. Dilimizi qorumağın və vətənlə bağı itirməməyin əsas yolu isə, dediyim kimi, sağlam mərkəzdir. Bunu artıq müəyyən qədər bacarmışıq.

2015-16-cı illərdə Qalib Ağayevlə Avropaya, həm də Rusiyanın regionlarına səyahətimiz bizim təşkilatın püxtələşməsində böyük rol oynadı. Deyirlər, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. İnsan öz yerində oturanda yalnız ətrafını tanııya billər, amma Avropaya, Rusiyanın regionlarına, Türkiyəyə səyahətlərimiz fikir çərçivəmizin genişlənməsinə, onun milli yöndə formalaşmasında böyük rol oynadı. Biz yaşaya-yaşaya, görə-görə öyrənmişik ki, insanımızın problemi nədir və onun həlli nədir.

-Təşkilatların maliyyəsini necə təmin edirsiniz?

– Biz maliyyə məsələlərini öz gücümüzlə həll etməyə çalışırıq. Rusiya hökumətinin bizə verdiyi yerlərdən istifadə edirik. Amma həmişə yox. Tədbir keçiriləndə onun bütün ssenarisi əvvəlcədən təqdim olunmalıdır ki, radikal çalarlar olmasın. Ümumrusiya Azərbaycanlıları Konqresinə (ÜAK) 2001-ci ildən 2016-cı ilə qədər dövlət dəstəyi olub. Həmçinin, bu təşkilata oliqarxların da dəstəyi olub. Ümumrusiya Azərbaycanlıları Konqresi isə son 15 ildə təşkilatlara olan bütün etimadı sarsıdıb. Güclü olmaq üçün “mən”dən keçib, “biz” olmalıyıq. Neqativ faktlar da qaçılmazdır, amma 44 günlük müharibədə Azərbaycan dünyanın hər yerində, o cümlədən də Moskvada bir yumruq kimi birləşdi. Hamının etdiyni biz də etdik.

– Hazırda sizin də üzvü olduğunuz təşkilat öz ətrafında neçə nəfər soydaşımızı birləşdirir?

-Ümumiyyətlə, diasporda belə bir fikir formalaşıb ki, azərbaycanlıların problemi olanda təşkilat yadlarına düşür, amma bu, yanlışdır. Yəni dövlət bu ictimai təşkilatlara pul verir, onlar da maaş alırlar, onların borcudur ki, vətəndaşlara qulluq etsin. Nəinki sıravi azərbaycanlıların, hətta ziyalıların, iş adamlarının da beynində belə fikrilər formalaşıb. Bu, çox acınacaqlıdır.

Dediyim kimi, tədbirləri öz büdcəmizlə təşkil edirik. Biz veteranlardan, uşaq evlərindən tutmuş, nəzdində qüsurlu uşaqların olduğu internat evlərilə işləyirik. Bu uşaqların içində Azərbaycan ab-havası yaranır, Azərbaycan haqda danışırlar, şerlər deyirlər, ölkəmizin məhsullarından onlara sovqat verilir, çox məmnun olurlar. Yaşlılar evi ilə əlaqə saxlayarıq. Dövlət Dumasının deputatlarından tutmuş, munisipal orqanların deputatlarına qədər, təşkilatımızın tədbirlərində iştirak edirlər. Rusiyanın politoloqlarını, jurnalistlərini dairəvi masalara dəvət edirik. Regional deputatların tədbirlərimizdə iştirakına tez-tez rast gəlinir.

-Bəs tədbirlərə dəvət etdiyiniz, münasibət qurduğunuz deputatlardan təşkilatdakı işlərdə yararlanmaq mümkün olurmu?

-Onlarla münasibətlər şəxsi müstəvidədir. Əlbəttə, şəxsi münasibətlərdən ictimai işlərdə yararlanmaq olur. Mən yüksək ranqlı məmurlarla münasibətlərdən istifadə edib, onları tədbirlərə dəvət edirəm. Xocalı faciəsi, 20 Yanvar barədə həqiqətləri rus ziyalılarına, sıravi ruslara çatdırmaq üçün tədbirləri təşkil etmişik. Düşünürəm ki, məqsədimizə də çatmışıq.

-Tahir müəllim, bəs maddi məsələlərdə digər soydaşlarımızdan da dəstək gəlirmi?

-Var. İş adamlarını buna cəlb etmək asan olardı, amma imicini itirmiş təşkilatlar üzündən bəzi çətinliklər olur. Amma ərkim çatan iş adamlarına müraciət edirəm, yardımçı olurlar. Məsələn, bu qism yardımların getdiyi bir ünvan “Mübariz” idman klubudur. O klubun xərcləri qarşılanır. “Alagöz” rəqs ansamblı var, o ansamblıq aylıq xərclərinin də qarşılanması bu üsulla təşkil edilir. Yəni Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyatı bu cür dəstəkləri göstərir. Onlar da bizim tədbirlərimizdə iştirak edir. “Alagöz” ansamblı və “Mübariz” idman klubunun tədbirlərdə çıxışları oldu. Boynumuza alaq ki, bu gün Rusiya Moskva deməkdir, Moskvada mövqe tuta bildinsə, Rusiyanın hər tərəfində söz deyə bilirsən. Digər soydaşlarımızın da dəstəyini almaq üçün sağlam mərkəz zəruridir ki, bu gün də Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyatını ona çevirə bilmişik. İndi-indi iş adamları üzünü bizə tuturlar. Mən əvvəl Ümumrusiya Azərbaycanlıları Konqresini təbliğ edirdim, fəaliyyətimi də onun ətrafında qurmağa cəhd edirdim. Amma sonra ÜAK, “AzərRos” çox nüfuzunu itirdi, buna görə Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyatının fəaliyyətini gücləndirməli olduq. Mən buna əmin oldum ki, Rusiyada səlahiyyəti olan şəxslərin şovinist istəyi ilə təşkilat belə vəziyyətə salındı.

-Bəs, Rusiyada yaşayan soydaşlarımıza qarşı şovinizm nədən qaynaqlanır? Ermənilər dünyanın hər yerində aktivdirlər, sözsüz ki, Rusiyada da. Onlara qarşı niyə şovinizm sərgilənmir, amma azərbaycanlılara qarşı sərgilənir?

-Ermənilərin dövlətçiliyi olmadığı üçün onlar təşkilatlanmağa məcbur olublar, yəni təşkilatlanmış millətdirlər. Məhv olmamaq üçün bir-birinə dəstək olublar və bu, qanla ötürülüb, nəsildən nəslə keçib. Amma türklər imperiyalar qurduqları üçün səxavətli olublar, dünyanı əhatə ediblər. Bu səxavət torpağa qarşı da olub. Ona görə, əlindəki sərvəti də, torpağı da paylaşıblar. 200 il əvvəl parçalandığımız tarixdən sonra 2-ci Qarabağ müharibəsindəki qələbəmiz bu dağılım tarixinin ilk qələbəsi idi. Biz bir qarış torpaq qaytara bildik, amma ona kimi itirə-itirə getmişik. Erməni də həmişə rusun əlində maşa olub. Bu imperiyaya həmişə maşa lazım olub, erməni də bu rolu oynayıb. Türkün qarşısında dayanmaqdan ötrü erməni kartından istifadə edilib. Türk dünyasını bölüb-parçalamaqdan ötrü Zəngəzur, Mehri də ermənilərə rus əliylə verilib. Amma baxaq görək, Rusiya imperiyasının başında əslən rus millətindən adam olubmu?

– Mənim bildiyimə görə Romanovlar da alman əsillidir.

– Rusiyanın başı bu gün öz əlində deyil. Rusiya çox zəngin yerdir, indi də bu sərvət Qərbə axıdılır. Mən həmişə deyirəm ki, Rusiya bizim dədə-baba torpağımızdır. Burdan bərk yapışmaq lazımdır. Biz burada möhkəm olmalıyıq, təşkilatlanmalıyıq və gələcəyə sağlam, savadlı nəsil ötürməliyik. Biz bilməliyik öz torpağımıza qayıtmışıq, bu torpağın heç olmasa sahiblərindən biri olmalıyıq. Burada nə vaxtsa dəyişiklik olacaq. Qərb ölkələrinə də buranın sərvəti lazımdır. Hansı ki, əslində buranın əsl tarixi sahibləri biz olmalıyıq. Bura türk torpağıdır. Buranın yerli xalqının da az hissəsi rusdur, gəlmələr daha çox üstünlük təşkil edir.

Ona görə, mən hər zaman demişəm ki, burada təşkilatlanmaq, möhkəmlənmək, güclənmək lazımdır. Ermənilər hara düşürlərsə, deyirlər, bura mənimdir, sənəd düzəldirlər, məskunlaşırlar.

– Tahir müəllim, qeyd etdiniz ki, dünyanın hər yerində olduğuu kimi, Moskvada da azərbaycanlılar bir yumruq kimi birləşdi… Bir qədər də bu haqda məlumat vermənizi xahiş edirik…

– Qarabağ müharibəsində pul yığıb göndərməyi hamı edib. Biz də etmişik, qədərini deməyə ehtiyac yoxdur… Yeri gəlmişkən, bizim Göyçayda İnçə oğulları qrupunu yaratmağımız ictimai hadisə olacaq. Onu qeydiyyatdan keçirəndən sonra strukturları ilə tam tərkibdə ortaya qoyulacaq. Mənim digər regionlardan olan tanışlarım arasında da belə layihəni həyata keçirmək istəyənlər artır. Mən de deyirəm ki, hərə büdcəsindən 20-30 dollar belə fonda yönəltsə, çox işlər görmək olar. Doğma torpağımızın halallığını almaq üçün kəndlərimizi gözəlləşdirməliyik, abadlaşdırmalıyıq. Bu məsələ işıqlandırılsa, təbliğ olunsa iştirakçıları artacaq. Hamı istəyəcək ki, bunda payı olsun.

Bundan başqa, Rusiya dövlətçiliyində rolu olan azərbaycanlıların təbliğatı layihəsi çərçivəsində onların ad günlərini keçiririk. Məsələn, son 100 ildə rus dövlətçiliyində rol oynamış əslən azərbaycanlı olan şəxsləri işıqlandırmaq layihəsini təşkil etmişik və həmin tədbirlərə Dövlət Dumasından şəxslər gəlir. Biz bununla ruslara göstəririk ki, Rusiya dövləti tək rusların zəhməti ilə əmələ gəlməyib, bu dövlətin dövlətçiliyində azərbaycanlıların, bizim dədə-babalarımızın da rolu olub. Müharibəni bir kənara qoyaq, elm sahəsində Azad Mirzəcanzadə, Xudu Məmmədov, Yusif Məmmədəliyev və digər şəxsiyyətlərimizin rolunu danmaq olar? Mirzə Kazımbəyə Sankt-Peterburqda heykəl qoyulmalı idi, amma hələ ləngiyir. Habelə, 1941-45-ci il müharibəsində Azərbaycan neftinin rolu barədə “Zoomla” elmi konfranslar keçirildi. Burada Sinerqe deyilən yerdə vurulmuş alman tankları, toplar, hərbi təyyarələrin sərgiləndiyi açıq hava muzeyi var. Orada neft vışkası və kitab şəklində abidə qoyulmasını təşkil etdik. Abidənin mahiyyəti 1941-45-ci il müharibəsində Azərbaycan neftinin rolu haqdadır. O zaman istifadə edilmiş neftin 85%-dən çoxu Azərbaycan nefti olub, hətta mən o mərasimdəki çıxışımda da dedim ki, axtarsanız, bəlkə də bu tankların içində Azərbaycan “salyarka”sının izi qalıb. Bu proyektdən sonra Moskvada, Kutuzov parkındakı “Qələbə parkı”nda müraciət etdik və Moskva meriyası razılıq verdi ki, burada mərmərdən vışka qoyun. Biz də Vahid Ələkbərovun fondundan tutmuş SOCAR-a qədər ünvanlara müraciət etdik. Bura Moskvanın mərkəzidir. Bu abidədə müharibədə Azərbaycanın rolu haqda nə qədər istəyirsən eksponat qoymaq olar. Amma layihənin reallaşdırılması üçün 1 milyon pul lazımdır. Məsələ gündəmdədir, sadəcə, hələ ki, həyata keçirə bilmirik.

– Bəlkə kampaniya təşkil etmək olar..

– Sizə deyim ki, Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin Rusiyadakı bütün azərbaycanlıları həmrəyliyə gətirməsi barədə eşidəcəksiniz. Bu funksiya əslində Ümumrusiya Azərbaycanlıları Konqresinə aiddir, amma onlar bunu edə bilmədilər, biz edəcəyik.

– Sizcə, İkinci Qarabağ Savaşından sonra rusların bizə münasibəti dəyişib?

-Dəyişməyi vacib deyil, əsas odur ki, üzümüz ağ oldu. Şükürlər olsun ki, Türkiyə-Azərbaycan tandemi bu qələbəni qazandı. Qarabağı da tam özününkiləşdirmək üçün özümüzə dönməliyik. Bunların çözülməsindən ötrü tarixi zəminlər yaranacaq, necə ki, 2020-ci il sentyabrın 27-sində o tarixi zəmin yarandı, müharibə başlandı. Bu 1 il, ya 2 il əvvəl başlansaydı, bəlkə də qələbə qazana bilməzdik. Buna tarixi zəmin yarandı. Biz burada sözümüzü deyə bilirik, baxmayaraq ki, erməni təbliğatı tam sürətlə gedir. Erməni də onların əlində siyasi maşadır, necə ki, Solovyov da üzünü onlardan döndərib, yeni yer axtarır. Amma bilməliyik ki, ermənilər təşkilatlanmağa 100 illər öncə başlayıb. Biz imperiyalar sahibi olduğumuz üçün lobbiçiliyə ehtiyacımız olmayıb. Sıravi rusların diqqəti sosial problemlərinədir. Hara baxırsan digər millətlər çoxdur. Biz təşkilatlana, aktivləşə bilməsək, özümüzü dərk edib özününkiləşə bilməsək rus millətinin azalmasının yoxa çıxmasının bizə ziyanı var.

– Tahir müəllim, sonda hər hansı əlavələriniz, soydaşlarımıza sözünüz varsa, buyurun…

– Mən həmişə ətrafımdakı soydaşlarımıza da deyirəm ki, olduğunuz yerdə kök salın, güclənin, təşkilatlanın, kiçik də olsa öz təşkilatınızı yaradın. Rusiyanın hər yaşayış məntəqəsində azərbaycanlı var. 3-5 nəfər toplu halında çalışın bir-birinizə dəstək olun, mane olmayın. İki nəfər bir-birinə əsl dəstək olsa qalanları onun ətrafına yığışır. Eqoistliymiz bizə imkan vermir, amma öz “mənimiz”dən keçib, əl-ələ verməliyik. Bura yaşamağa gəlmişiksə, təşkilatlanmağa məcburuq. Gücə çevrilmək mütləqdir, zəruridir. Daim bunu təbliğ edirəm ki, yerlərdə güc olun. Moskvanın “Qərb dairəsi”ndə 100-lərlə yerlim var, başa salmışam ki, burada məskunlaşın, uşaqlarınızı savadlı böyüdün, öz hüquqlarınızı qoruyun. Siyasi güc olmaq üçün öncə iqtisadi gücə çevrilmək lazımdır.

 

 

 

 

Mənbə “Hürriyyət”

Xudaferin.eu
 

16:08