İrandakı xalqların vəziyyəti Beynəlxalq konfransda müzakirə olundu

Adolf Fredriks Kyrgagata ”Citykonditeriet” - əslində bura City Kyrkadır-Yəni dilimizə çevirsək Mərkəzi Kilsə anlamını verir. İsveçdə kilsələr daha çox, toplantı salonları və əsasən də qeyri hökümət təşkilatlarının ayrı-ayrı iclasların toplantıları üçün icarəyə verilir. Lap elə burada konsertlər və əyləncəli proqramlar da keçirmək mümkündür. Çünki kilsənin ibadət ayin kimi istifadəsi yalnız həftənin bazar günləri bir neçə saat olur. Bundan sonra kilsələr bomboşdur. İndi İsveçin hər yerində kilsə salonları müasir texniki video və audio aparatı ilə təchiz olunmaqla bərabər həm də restoranlarında belə,  çürbəcür ləziz yeməklər və dadlı ləzzətli şirniyyatlar da satılır. Konditor fikri elə oradan gəlib. Bu, kilsənin sol tərəfində eyniadlı kiçik məzarlıqda İsveç demokratiyasının simvolu sayılan ölkənin uzun müddət baş naziri olmuş və elə bu küçənin başında yerləşən Sveavegen adlı böyük prospektə 28 fevral 1986-cı ildə qətlə yetirilən Olof Palmenin qəbri yerləşir və gələn qonaqlar, əsasən də demokratiya fədailəri oranı ziyarət edirlər. 

Citykonditoriet bu gün çox önəmli bir konfransa ev sahibliyi etdi

Təbriz Araşdırmaları İnstitutu (TAE) tərəfindən təşkil edilən beynəlxalq konfransda İran cəmiyyətinin toplumsal olaraq, çox sayda etnik və məzhəb qruplarından ibarət olan təşkilatları Stockholmda bir araya gəldilər.
"İrandakı Millətlərin  ölkənin siyasi plüralizmindəiştirakı və onların  gələcəyi" başlığı altında keçirilən  konfransın ilk iclasında, "İranda plüralizm fəaliyyətləri", "Sekulyar Demokratiya və İranda olan etnik qruplarla əlaqədar problemlər", "Müasir Azərbaycan tarixində kütləvi hərəkətlərin əsasları və onun Azərbaycan milli hərəkatının yeni mərhələsindəki təzahürü "," Qaşqay Türkləri və Türkmənlərin İrandakı problemləri "mövzuları gündəmə gəldi. Beynəlxalq toplantının açılışını edən TAE başqanı Məhəmməd  Rza Heyət, dünən İranda baş verən qatar qəzasında həyatını itirənlərin ailələrinə başsağlığı verərək konfransı açıq elan etdi. Daha sonra ayrı ayrı çıxışçılar, eləcə də fars və qeyri fars xalqların nümayəndələri öz təşkilatları haqqında və İranın gələcəyinin və orada yaşayan bütün xalqların öz müqəddəratını necə təyin edəcəyi haqqında çox dəyərli və geniş məruzələr etdilər. Toplantıda ən çox polemikaya səbəb olan məsələ İran Məclisində yeni yaradılmış “Türk Millət Vəkilləri Fraksiyası” haqqında oldu. Məsələn farsəsilli insan haqları üzrə fəallardan biri Hassan Ehtimadi bu fraksiyanın İran rejiminin təşkil etdiyini bildirdi və fikirlərini belə əsaslandırdı ki, əgər kimsə bu fraksiyanı qəbul edirsə demək onun da yaxından və ya uzaqdan İran rejimi ilə mütləq hansısa bir əlaqəsi vardır. Elə bu fikirlə də konfransın sonunda Təbriz Araşdırmaları İnstutunun başqanı “Varlıq” dərgisinin rəhmətlik sahibi Dr. Cavad Heyətdən sonra bu işi idarə edən və baş redaktoru Məhəmməd Rza Heyətlə və Londonda yaşayan yazıçı- publisist Əhməd Rafətlə müsahibəni sizə təqdim edirik.

- Təbriz Araşdırmaları İnstututu nə zaman yarandı və məqsəd nə idi?

Dr. M. R. Heyət: Əlbəttə bu uzun zamandan bəri çalışdığımız bir lahiyə idi. Amma bu lahiyəmizin gerçəkləşməsi 2016-ci ilin aprel ayında baş verdi. Məqsədimiz Güney  Azərbaycan türklərinin toplum halında kültürəl, siyasi, sosial və iqtisadi vəziyyətlərini araşdırmaq, yaşadıqları problemləri yaxından incələmək və əldə etdiyimiz nəticələri bilgiləri dünyaya birinci əldən verməkdir. Çünki əsasən bizim haqqımızda yazılan və ictimailləşən məlumatlar Qərb informasiyalarına əsaslanır. Bu da çox hallarda yanlış fikirlərin formalaşmasına rəvac verir. Ona görə də bizim əsas fikrimiz özümüz haqqında məlumatları birinci əldən dünyaya yaymaqdır. Bunun üçün biz lahiyələr hazırlayırıq və bu yöndə məşğul olan dövlət və qeyri hökümət təşkilatlarına təqdim edirik. Təbii ki bu lahiyələr dəyərləndirilir. Bəziləri qəbul olunur. Bəziləri isə heç qəbul olunmur. Qəbul olunmayan lahiyələri biz özümüz maliyyə qaynaqları taparaq öz hesabımıza çalışırıq ki həyata keçirək.

- İsveçdə baş tutan konfransın ideyası necə yarandı və nə məqsəd daşıyır?

Dr. M. R. Heyət: Bizim bölgənin və mövcud coğrafiyamızın vəziyyətini bilirsiniz. Hazırda İraq, Suriya və Əfqanıstanda baş verən iç savaşlar alovlanaraq vətəndaş müharibəsınə çevrilib. Nəticədə çox ağır fəlakətlər, milyonlarla insan ölümləri, ktataklizmalar, irili  və xırdalı şəhərlər dağılıb və hətta yer üzündən silinib. Bunların da ən böyük səbəbi orada yaşayan müxtəlif xalqların milli və məhzəb azınlıqlarının basqı və təzyiq  altında yaşamaları, onların milli haqlarını ayaqlar altına atılması, dillərinin qadağan olunması və bu kimi başqa faktların olmasıdır. İran da bildiyiniz kimi çoxmillətli multikultürəl ölkədir. Təxminən yüz ildir ki, İranda fars olmayan millətlərin əleyhinə çox böyük bir kampaniya aparılır. Basqılar gün-gündən daha çox artır. Basqı altında qalan millətlərdən ən çoxu türklərdir. Bu yöndə türk toplumları adına Güney Azərbaycan Türkləri, Türkmənlər və Qaşqaylar sayılırlar. Faktiki olaraq, İran əhalisinin yarısından çoxu türklərdir. Bildiyiniz kimi türklərin indi İran adlanan bir ölkədə dövlətçilik və hakimiyyət quruculuğu min illərə dayanır. Türklər tarix boyu bu ölkənin sərhədlərini qoruyaraq insan haqlarına böyük önəm verərək heç bir xalqla ayrıseçkilik salmadan İranı bir dövlət kimi yaşadıblar. Amma bu günümüzdə, özəlliklə də 1925-ci ildən sonra, ötən 91 il ərzində hakimiyyətə gətirilən farslar bizim bütün hüquqlarımızı məqsədyönlü şəkildə əlimizdən alıblar. Hətta tarixi torpaqlarımızı müxtəlif “ostanlar” (yəni vilayətlər) adı altında param-parça ediblər. Ana dilimizdə məktəbimiz yox, qəzetimiz, televiziya və radio kanalımız, doğru- düzgün dərgimiz, digər mətbu yayınlarımız yoxdur. Amma bu konfransı əgər yalnız türklərin problemlərinə həsr etsəydik, biz doğru- düzgün nəticəni ortaya qoya bilməzdik. Çünki demək olar ki, irandakı bütün qeyri fars xalqlar bizim vəziyyətimizdədirlər. Ona görə də biz belə bir qərara gəldik ki, ilk konfransa İrandakı bütün xalqların nümayəndələrini, o cümlədən də farsların özlərini də dəvət edək. Dedik bir araya gəlib bunları müzakirə edək. Bunun bir çözüm, həlli  yolları olmalıdır. Görək anlaşa bilsək birlikdə hərəkət edəcəyik. Yox anlaşa bilməsək onda hər bir xalq öz taleyini özü müəyyənləşdirməlidir. Bizim əsas məqsədimiz toplantıda bu idi. Mənim düşüncəmə görə qarşımıza qoyulan məqsədə nail ola bildik. Nəticə bunu göstərir ki, İranda yaşayan digər xalqlar arasında qarşılıqlı hörmətlə yanaşı eyni zamanda ümumi istəklər daha çoxdur. Nəinki fikir ayrılığı. Görək zaman nə göstərir. Farsların təmsilçiləri bəzi düşüncələrdə bizə qatıldılar, amma onlarla fikir ayrılığımız yox deyil. Yəni haradsa bəzi məsələlərdə bizim düşüncələrimizi qəbul etmək istəmədilər.

-Elə razılaşmayan məsələlər deyincə  bunu bir qədər açıqlasanız daha yaxşı olar. Yeri gəlmişkən konfransda ən çox polemikaya səbəb olan məsələ İran məclisində yaradılmış Türk Fraksiyası ətrafında oldu. Hətta bəzi fars dilli nümayəndələr bu fraksiyanı dəstəkləyənləri hökümətə yaxın olmaları ilə suçladı. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

Dr. M. R. Heyət: Əvvəla fraksiya məsələsinə münasibətimi bildirmək istəyirəm. Bir qaçınılmaz fakt var ki, İran məclisində hökumətdən xəbərsiz türk fraksiyası yarana bilməz. Bu yüz faiz rejimin dəstəyi ilə yaranmış bir qrupdur. Məsələnin bizim üçün önəmli tərəfi də ondan ibarətdir ki, ilk dəfə İran məclisində Türk adı ilə bir fraksiya yaranır və bunların sayı da İran məclisinin üçdə birindən daha çoxdur. Əminəm ki, məclisdə türk olub da bu fraksiyaya qatılmayanların sayı heç də az deyil. Əgər onlar da bu fraksiyaya daxil olarsa deməli məclisin yarıdan çoxu Türk olacaq. Bu da o deməkdir ki, yüz illərdir bizə "azərisiniz" "türk deyilsiniz" "sizi mongollar türkləşdiribdir" deyərək bizim əsl türk kökümüzü danaraq assimiliasiya siyasətini aparanlar görürlər ki, bütün bunlar kökündən yanlış səhv bir yol idi. Görürsünüz indi İranın ən üst qurumu parlament artıq Türk Fraksiyası adlanan bir qrupa yaşıl işıq yandırır. Artıq məclisdə rejimin yaxın adamları belə assimilyasiya siyasətinin yanlış olduğunu görərək türklük kimliyindən istifadə etmək qərarına gəliblər. Yəni məclisdə hansı millətə mənsub olmasına rəğmən hamı hakim rejim tərəfdarı olan adamlardır. Fraksiyanın yaranma ideyasının haradan gəldiyini soruşsanız buna da məntiqli cavab vermək olar. Ölkədə toplumlar arasında milli istəklər çoxaldıqca bu, yuxarılara da çatır və istər- istəməz narahatçılıq əmələ gəlir. "Haray-haray mən türkəm", "Türk dilində mədrəsə, olmalıdır hər kəsə" və meydanlarda səslənən şuarlar artıq yuxarıları da narahat etməyə başlayıb. Gələk bizim toplantıdakı fikir ayrılığı məsələsinə. Çox təəssüf ki, türklərin parlamentdə fraksiya yaratmaq kimi bir önəmli ideyanı qəbul edə bilməyən zehniyyət bunu başqa cürə rədd edə bilmir. Çarə qalır yalnız Türk adı ilə yaranan fraksiyanı və onu dəstəkləyənləri rejimin adamı kimi qələmə vermək.Amma əslində onlar bizim Türklüyümüzü türkün haqlarının tanımasına qarşıdırlar.

- Sizcə İranın gələcək taleyi necə olacaq? Federal bir dövlət olaraq bütün xalqlara muxtariyyət veriləcək və ya hər kəs öz istiglalını qazanaraq İran adlanan məmləkət xırda dövlətlərə çevriləcək? Bir də gözümüz önündə  Suriyanın və İraqın qorxunc aqibəti var...

Dr. M. R.Heyət: Əvvəla bunu bilmək lazımdır ki, İrandakı başqa xalqların ümumi sayı farsların sayından çoxdur. Əgər İranda separatizm baş qaldırsa İraq və Suriya yalan olacaq. Yəni bu vətəndaş müharibəsinin faciənin miqyası daha geniş olacaq. Ona görə də bu gün İran üçün ən məqbul çözüm yolu federalizmdir. Federal bir ölkədə hər kəsin ana dili rəsmi olacaq. Öz dilində yazıb oxuyacaq öz-özünü idarə edəcək və mərkəzi hökümətdə xalqların nümayəndələri olmalıdır. Nazirlərdən tutmuş siyasi hakimiyyətin bütün məqamlarında hakimiyyət bölgüsü aparılmalıdır. Rəsmi şəkildə İgtidar paylaşımı da olmalıdır.Təkrar edirəm, İranın indiki rejimi əgər demiokratiya ilə inkişaf etmək istəyirsə, ölkənin parçalanmasına qarşıdırsa, vətəndaş və etnik qrupların iç müharibənin olmasını istəmirsə məqbul yol budur.Mövcud vəziyyət bunu tələb edir.Yoxsa bölgəni çox böyük bir müharibə alovu gözləyir.Bir məsələni də qeyd etmək istəyirəm.Federalizmin özünün də iki yolu var. Həm istiglala gedilərək tam müstəqillik qazanmaq. Ya da ikinci yol kimi heç istiqlal istəməz və elə federalizmin içində öz müqqəddəratını təyin etmə hüququna malik ola bilər. Amma bu məsələləri hələlik gündəmə gətirmək çox tezdir. Federal hakimiyyət olandan sonra bu məsələləri gündəmə gətirmək olar. Bu qədər.

Çox sağ olun.

-Özünüzü təqdim edin lütfən.

Ə. Rafət: Mənim adım Əhməd Rafətdir və Londonda yaşayan İran əsilli yazıçı və jurnalistəm, Avropanın çoxsaylı  mətbuatı ilə əlaqələrim var. Əsasən insan haqqları ilə məşğul oluram.

-Stockholmda keçirilən bu konfrans haqqında fikirlərinizi bilmək maraqlı olardı və nə üçün məhz bu konfransa qatılmaq qərarına gəldiniz?

Ə. Rafət: Bu konfransda əsasən iki məsələ müzakirə olunur. Birincisi İranda siyasi plüralizm, yəni fikir aydınlığı. Fikir azadlığı və İrandakı müxtəlif xalqların İranın gələcəyində ola biləcəyi rolu haqqında danışılırdı. Və hər iki məsələ məni düşündürən məsələlər olduğuna görə qərara gəldim ki, bu konfransda iştirak edim.

-Cənab Məhəmməd Rza Heyətin fikirlərinə görə, əgər İrandakı mövcud vəziyyət davam edərsə oranı da Suriyanın və İraqın aqibəti, ondan daha böyük fəlakətlər gözləyə bilər. Siz necə bu fikirləri bölüşürsünüzmü?

Ə. Rafət: Əvvəla onu deyim ki, mənim fikirlərimə görə hər bir dövlət öz daxilindəki istər kültürəl, istər dini, istərsə məhzəbi və eləcə də ölkədə yaşayan müxtəlif xalqların problemlərini həll etməlidir ki, Suriyadakı kimi vətəndaş qarşıdurmalarının önünü ala bilsin. Biz aydınlar da masa arxasında otururaraq bir araya gəlib bunun qarşısını alma yollarını birgə axtarmalıyıq. Amma çox təəssüflər olsun ki, İran İslam Respublikası yəni İranın bu günkü rejimi belə qarşıdurmaların artmasında maraqlı tərəf kimi çıxış edir.Bu hamıya məlumdur ki, İraqda, Əfqanıstanda və hətta Suriyada illərdir davam edən, sonu kimsəyə bəlli olmatyan vətəndaş müharibələrində İran müəyyən bir qrupu dəstəkləyən tərəf kimi çıxış edir və bu da olduqca böyük bir təhlükədən xəbər verir.

-Konfransda əsas polemikaya səbəb olan məsələlərdən biri də İİR-nın məclisində Türk Fraksiyasının yaranması faktı oldu. Düzür, bəzi iştirakçılar çox sərt tənqidi fikirlər və barışmaz mövqelər nümayiş etdirdilər. Sizin bu məsələyə münasibətiniz necədir?

Ə. Rafət: Mənim düşüncəmə görə məclisdə yaradılan bu  fraksiyanın işlək qurum kimi heç bir fəaliyyəti olmayacaq. Çünki bu fraksiyada təmsil olunan millət vəkilləri əslində mövcud rejim tərəfindən təyin olunub və onların öz adamlarıdır. Onlar xalq tərəfindən seçilməyiblər. Rejimin təyin etdiyi və özünə çox yaxın olan insanlardır. Amma  belə bir fraksiyanın yaradılması faktı onu göstərir ki, İranda türk, kürd, bəluc, lor, ərəb və başqa xalqların problemləri çoxdur. Bu o deməkdir ki, İrandakı xalqların problemləri daha çox gündəmdə ola bilər. Məsələn, burada bir türk toplumu da var və bütün dünya da bunu görsün. O tərəfdən bunu müsbət bir addım kimi dəyərləndirmək olar. Amma təkrar edirəm inanmıram ki bu fraksiya bir işlək qurum olsun. 

-Və nəhayət sonuncu sual. İranın gələcəyini necə düşünürsünüz?

Ə. Rafət: Əvvəla onu deyim ki, siyasətdə gələcəyi proqnozlaşdırmaq çətindir. Bunun ən böyük misalı da budur ki, hər kəs Hillari Klintonun ABŞ prezidenti olmasını gözləyirdi.  Ancaq, Trampın prezident kürsüsünə sahib olması göz önündədir. Mənim düşüncəmə görə İranın qarşısında iki yol var,  ya gərək demokratik bir cəmiyyət qurub inkişaf etməlidir. Ya da mövcud vəziyyət davam etsə orada ciddi bir partlayış ola bilər. İranın yerləşdiyi məntəqə, coğrafiya, eləcə də çoxmillətli və çox mədəniyyətli xalqların orada yaşaması bunu sübut edir ki, gözlənilən qarşıdurmalar və vətəndaş müharibəsinin miqyası, aqibəti Suriya və İraqdan daha ağır ola bilər ki, bu da ölkənin tamamilə  dağılmaq təhlükəsini reallaşdırar.  

Müsahibələri aldı: Rahim Sadıqbəyli,
İsveç, Stohkolm. Xüsusi olaraq “XUDAFERİN.EU” üçün

 

11:20