Hökumətin “ağlamayana kökə yoxdur” siyasəti

Əhməd Abbasbəyli: “Dövlət uşaqlı analara kömək etməlidir”

Azərbaycanda 1 yaşlı körpəni təmin etmək üçün aylıq nə qədər məvacib lazımdır? Normal pampersin qiyməti təxminən 12-20 manat, uşaq qidalarının qiyməti isə 10-25 manat arasında dəyişilir. Əlbəttə, körpə üçün lazım olan təkcə bunlar deyil. Amma bunlarsız ümumiyyətlə, keçinmək mümkün deyil. Nəzərə alsaq ki, ayda 3-4 belə “paçka” pampers, həftədə isə ən azı 2 dəfə süni uşaq qidası almaq lazım olur. Bu da o deməkdir ki, ən azı 80 manat qıraqda olmalıdır ki, valideyn dünyaya gətirdiyi körpəsinin qabağında özünü günahkar hiss etməsin. Ötən ilin əvvəlində körpə sahibi olmaq istəyən valideynlər nə bilərdi ki, devalvasiya yenidən təkrarlanacaq, 5 manata olan “Nutriolon” uşaq qidası hazırda 12 manata, 3-4 manata olan pampers bağlaması isə azı 15 manata olacaq. Nəzərə alsaq ki, bu uşağa geyim, oyuncaq, müxtəlif aksessuarlar, dərman vasitələri, həkimə baxış, gəzinti də lazımdır. Bu zaman nə az, nə çox bir körpə üçün aylıq olaraq 400 manat vəsait lazımdır. Bəlkə bu rəqəm də kifayət deyil. Bu gün Azərbaycanda aşağı yaşayış səviyyəsində olan ailələrin sayı çoxdur. Uşaq qida və pamperslərinin qiymətinin yüksək olması nə valideynlərin günahıdır, nə də ki, körpələrin. Bu gün Azərbaycan hökuməti əhalinin artmasında maraqlıdır. Demoqrafik göstəricinin artan templə hərəkətində maraqlı olan hökumət dünyaya gələn körpənin necə təmin olunması ilə heç maraqlanmır. Adicə uşaq pulunu almaq bu ölkədə böyük bəlaya çevrilib. Birdəfəlik müavinət olan 99 manat almaq üçün Bakıdan rayona, rayondan Bakıya süründürürlər. Sonda əgər qismət olarsa, alacağımız 99 manatın 30-40 manatından məhrum oluruq. Bu pulun bir hissəsini məhz yollara sərf edirik. Reallıq da göstərir ki, Azərbaycan ailəsi dünyaya gələn körpəsini təmin edə bilmir. Olimpiya İdman Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi, o cümlədən, də bir il ərzində iki devalvasiyanın baş verməsi, günü-gündən inflyasiyanın genişlənməsi, işsizlik əmsalının artması, əhalinin böyük qisminin bu girdabdan çıxmaq üçün ölkəni tərk etmək arzusundan bəlli olur ki, aşağı təbəqəli ailələr üçün uşağı təmin etmək elə də asan iş deyil. Valideyn əlində olan son qəpik-quruşunu xərcləyərək övladı üçün evə 300 qram ət, 1 manatlıq alma alır. Özü isə dişini dişinə sıxaraq birtəhər dolanmalı olur. Bu gün marketlərdə uşaq yemək və qidalarının qiyməti həddindən artıq bahadır ki, bu da anlaşılan deyil. Bəli, Azərbaycan bazar iqtisadiyyatı olan bir ölkədir. Qiymətlər bazara uyğun tənzimlənir. Bəs görəsən bu zaman hökumət niyə bir addım atmır, körpələrin təminatını düşünmür? Bazar iqtisadiyyaıdırsa hökumət nəzərə almalıdır ki, ölkədə işsiz valideynlərin sayı N qədərdir. Dünyaya körpə gətirən ana-ata övladını bu cür qiymətlərin qarşılığında necə qidalandıracaq? Elə bir zəmanədir ki, heç kəs heç kəsə pul vermir. Bu zaman nə olacaq? Bu gün Azərbaycanda orta təbəqə yoxdur. Yuxarıdan birbaşa aşağıya eniş var. Rəsmi statistika əhalinin yoxsulluq dərəcəsinin azaldığını desə də bu heç bir əsasa söykənmir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə yoxsulluq səviyyəsi 5, ötən il isə 4.9 faiz olub.

“Verilən uşaq pulu çox azdır”

Sosioloq Əhməd Abbasbəylinin sözlərinə görə, dövlət uşaqlı anaları başa düşməli, onlara kömək etməlidir: “Yeni doğulan körpələr üçün verilən birdəfəlik uşaq pulu Azərbaycanda olduqca aşağıdır. Qonşu ölkələrə nəzər salsaq, görərik ki, Azərbaycandan fərqli olaraq orada qiymətlər kifayət qədər yüksəkdir və uşağın müəyyən tələbatlarını ödəməyə cavab verir. Uşaqlı analar üçün müəyyən datasiyalar ayrılmalıdır. Ana-ata işləmirsə, övladını necə böyüdə bilər? Hansı qənaətlə körpəsini böyüdə bilər? Uşaq qidasına necə qənaət etmək olar? O körpədir və heç nə başa düşmür. Ac olduqda ağlayır ki, qarnı doysun. Bu gün Azərbaycanda da bazar iqtisadiyyatı var. Bu səbədən düşünürəm ki, qiymətlərin tənzimlənməsinə təsir etmək çətin məsələdir”.

“Hökumət dotasiya verməsə...”

Ekspertin sözlərinə görə, hökumətin körpəli valideynlərə dotasiya verməməsi növbəti illərdə dünyaya gələcək körpələrin sayının azalmasına təsir edəcək: “Bu gedişlə Azərbaycanda demoqrafik göstərici aşağı düşə bilər. Valideynlər biruşaqlılıqla kifayətlənə bilər ki, bu da sonra əhalinin sayının azalmasına, artım tempinə təsir edə bilər. Əgər dövlət dünyaya gələn körpəsini təmin etmirsə, onu düşünmürsə, valideynlər də bu çətinlikləri gözə alıb növbəti övladı dünyaya gətirməkdən imtina edəcəklər”. Sosioloqun sözlərinə görə, dövləti bugünkü durumda silkələmək çətindir. Çünki iqtisadi durum arzuolunan səviyyədə deyil. Lakin bütün bunları nəzərə alaraq yenə də uşaq pullarının artırılması, körpələrə diqqət-qayğı, analara dotasiyaların verilməsi gündəmdə olmalı və bu problemin həlli yolları tapılmalıdır: “Körpə ac qala bilməz. Düşünürəm ki, hər ay müəyyən məbləğdə analara dotasiya verilməsi ailəyə az da olsa kömək olar. Bu həm də gənc ailə üçün stimul ola bilər”.

Nigar Məhərrəm
(Cebhe.info)

13:56