“Hizbullah”ın ilk lideridən İrana qarşı sərt ittiham

 Şeyx Sübhi Tufeyli İrana qarşı sensasion ittihamlar səsləndirib: “İran şiəlikdən fars millətçiliyini yayamaq üçün istifadə edir, məzhəb savaşı çıxarmaqla…”

“Hizbullah”ın ilk baş katibi  və qurucusu  Şeyx Sübhi Tufeyli növbəti dəfə keçmişdə lideri olduğu qruplaşmanı sərt şəkildə tənqid edib. İndi Livanda yaşayan Sübhi Tufeyli Türkiyənin Anadolu agentliyinə müsahibə verib.

Keçmiş “Hizbullah” lideri  müsahibəsində Suriyanın Hələb şəhərində baş verənlərin qələbə kimi qiymətləndirilməsinə qarşı olduğunu bildirərək, İranı ittiham edib. O, “Hizbullah”ın iradəsinin İran tərəfindən oğurlandığını bildirib.
“Hizbullahın varlığından belə danışmaq istəmirəm, çünki bu təşkilatın iradəsi İran tərəfindən oğurlanıb və Tehranın iradəsindən kənar hərəkət etmir. “Hizbullah”ın bu gün Suriyada olması bunun sübutudur. “Hizbullah”ın özü pozulmasaydı, hədəfləri və iddiaları çirkli olan bu müharibəyə girməzdi . Artıq onlar İranın planları xaricində hərəkət edə bilmirlər. Qəzetlərdə oxuyuram ki, İran tərəfi Hələbdə baş verənləri “qələbə” kimi qiymətləndrir. “Qələbələr, nəticələrinə görə müəyyən olunur. İnsanları mühasirəyə alıb acından öldürmək və evsiz qoymaq qələbə deyil. Suriyada baş verənlər bütün bölgə və İslam ümmətinin hədəfə alınmasıdır. İran və onun təsiri altında olan “Hizbullah” İslam üçün döyüşürsə, niyə müsəlmanları hədəfə alan Rusiya ilə bir səfdədirlər?”

Tufeyli İranın bölgədə apardığı siyasətin fars millətçiliyi üzərində qurulduğunu, şiəlikdən sadəcə istifadə etdiklərini bildirib.

“Ayətullah Ruhulla Xomeyninin varisləri şiəlikdən fars siyasətinin maraqları üçün istifadə etdilər. Bütün şiələri bununla aldatdılar. Əslində İran Allahın dininə qarşı vuruşur. Suriya və hətta İraqda etdikləri rejimlərin maraqlarına xidmət edir. Bir maraqlı məqamı deyim. İran Misirdə hərbi çevrilişlə hakimiyyətə gələn Abdulfəttah Sisini dəstəkləyir. Lakin, hər kəs işğal altındakı Fələstin torpaqlarında İsrailin yaşayış yerləri qurmasına etiraz edərkən, Sisi buna dəstək verir. İran Fələstini düşünürsə, nədən bu məsələdə İsrailə dəstək verən Sisi rejiminin tərəfindədir? Əslində bölgədə İsrailin gizli müttəfiqi İranın özüdür.”

Tufeyli Rusiyanın Suriyadakı savaşa müdaxilə etməsindən də danışıb.

“İran nə edirsə etsin, Suriyada məğlub olduğunu görən Rusiya dərhal sonu olmayan açıq şəkildə müharibəyə girdi. Məncə hər şeyə rəğmən Suriya xalqı ona qarşı qurulmuş oyunlara qalib gələcək. ABŞ bölgədəki münaqişədən öz maraqları üçün istifadə edir. Bu münaqişədə özəlliklə sünni-şiə məzhər qarşıdurmasından istifadə edilir. ABŞ-ın belə bir  strategiyasına kimlər daha yaxından xidmət edir? Əlbbəttə ki, İran. İran Suriya vətəndaş müharibəsinə girməklə ölkədəki iç savaşın motivini dəyişdi.”

Şeyx Tufeyli Qərbin güclü bir Türkiyəni görmək istəmədiyini də deyib.

“Qərb bölgədə güclü bir Türkiyə görmək istəmir. Bu səbəbdən də Ankara hədəfdədir. Türkiyə uzun illərdir ki, NATO-nun üzvü deyilmi? Elə isə müttəfiqləri niyə Türkiyə sərhədlərini Suriyadakı böhrandan qorumadı? Türklər öz sərhədlərində yanan od qarşısında durarkən müttəfiqləri onlara qəzəblə hücum edir. 15 iyulda da əsl məqsəd vətəndaş müharibəsi törətmək idi. Baş vermiş dövlət çevrilişi cəhdi Qərbin bir hiyləsiydi, Türkiyəni sonu olmayan daxili müharibəyə cəlb etmək istəyirdi”deyə Tufeyli qeyd edib.

Xatırladaq ki, “Hizbullah”ın ilk baş katibi, şiə din alimi Şeyx Tufeyli 1988-ci ildə ona qarşı düzənlənən sui-qəsdən özünü zorla xilas edə bilib. 1992-ci ildə “Hizbullah” Livanda parlament seçkilərinə qatılmaqla bağlı qərar verəndən sonra, Tufeyli bu qruplaşma ilə yollarını ayırıb.

Anadolu Ajansı

21:00