Büdəcəyə yük olan qurumlar

 

Büdcəyə ağır yük olan müəssisələrin adları açıqlanıb. 2017-ci ilin iyulun 1-nə dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə borc məbləğinin həcminin kifayət qədər böyük olmasına (15,565 milyard manat) baxmayaraq təqdim olunmuş büdcə layihəsində həmin məbləğ 302,9 milyon manat məbləğində şərti öhdəlik kimi nəzərdə tutulub. Bu barədə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib. Sənəddə vurğulanıb ki, xarici dövlət borcu üzrə isə 5,1 milyard manat dollara qarşı 487,9 milyon dollar kimi şərti öhdəlik qəbul edilib.

Rəydə bildirilir: "Son illərin təcrübəsinə əsaslansaq qeyd etmək olar ki, dövlət zəmanəti ilə təmin edilmiş və bir sıra dövlət təşkilatlarına ("Baku Bus" MMC, Azərkosmos" ASC, "Azərsu" ASC, "Azərenerji" ASC və sair) ötürülmüş kredit vəsaitlərinin əksər hissəsi büdcə vəsaiti hesabına qaytarılır ki, bu gələcəkdə dövlət büdcəsi üçün ağır yükə çevrilir. Qeyd olunanları nəzərə alaraq daxili, həm də xarici dövlət borcu üzrə dövlət zəmanətli kreditlərin tərkib risklərini özündə birləşdirən borca xidmət göstərilməsi ilə bağlı gələcək xərclərin dayanıqlı olmasını təmin edən sistemin qurulmasını və dövlət zəmanəti ilə cəlb edilən kreditlərin bir hissəsinin şərti öhdəlik kimi təsnifləşdirilməklə borcun uçotunda əks edilməsini məqsədəmüvafiq hesab edirik".

İqtisadçı-ekspert Razi Abbasbəyli bildirib ki, xarici borclarla bağlı dövlət zəmanətilə nəzərdə tutulmuş vəsaitlərin 63-64 faizi təsərrüfat gəlirli olan şirkətlərə yönəlib: “Dövlətin strateji inkişaf proqramlarında istər xidmət sektoru olsun, istərsə də sənaye istehsal sektoru olsun, bu sahələrdə gəlirlər proqnozlaşdırılır. Bu gəlirlər yaxınmüddətli deyil. Bu baxımdan xidmət, istehsalat, həm də sənaye sektorunda dövlət zəmanətilə götürülən vəsaitlərin qaytarılmasında yaranmış problemlər dövlət zəmanətli kredit olduğuna görə dövlət tərəfindən qarşılanır. Risklər beynəlxalq sığorta şirkətləri tərəfindən sığortalanıb. Burada dövlət heç bir ziyan çəkmir. Elektrik enerjisi, sərnişindaşıma rabitə sektorunda, kənd təsərrüfatında Dünya Bankından, Avropa Yenidənqurma və İnkişaf Bankından dövlət zəmanətilə götürülmüş kreditlər, həmçinin yaranmış risklər də sığortalanır. Həmin kreditlər veriləndə Azərbaycanın kredit reytinqi ilə bağlı göstəricilər nəzərə alınır. Bu baxımdan Azərbaycanın xarici kredit borcu ilə bağlı hər hansı narazılıq yoxdur”.

Ekspert onu da əlavə edib ki, xidmət sektorunda qiymətləri artırmaqla dövlət zəmanətli kreditlərin qaytarılmasından azad olmaq məsələsi tamam fərqlidir: “Bəzi investisiya qoyuluşları var ki, dönərli deyil. Tutaq ki, elektrik enerjisi ilə bağlı qoyulmuş investisiyalar dönərlidir. Yəni, onların geri qayıtma şansları böyükdür. Dövlət zəmanətləri hesabına verilən kreditlərdə sektorlar arasında fərqlər var. Buna görə də burada çıxış yolu xidmət sahələrində qiymətlərin artırılması deyil. Azərbaycan dövlətinin zəmanətilə alınan kreditlərin minimum müddəti 25 il, faiz göstəricisi də kifayət qədər aşağıdır. Dövlət zəmanətilə verilən kreditləri alan təşkilatlar birbaşa müvəkkil deyil. Müvəkkil olmadığına görə də vəsaitlərin birbaşa qaytarılması mexanizmləri də fərqlidir. Dövlət özü krediti alır, istədiyi quruma verir. Bu, krediti verən təşkilat üçün önəmli deyil. Azərbaycanın kifayət qədər mükəmməl strateji yol xəritələri, iqtisadi inkişaf proqramları var. Tutaq ki, “Baku Bus” MMC ölkəyə dövlət zəmanətilə avtobuslar alıb gətirir. Krediti verən Dünya Bankı və ya Avropa Yenidənqurma və İnkişaf Bankı “Baku Bus” MMC-ni tanımır. Bu kredit təşkilatları Azərbaycan dövlətini tanıyır. Dövlət də istədiyi quruma vəsaiti verə bilər. Burada vəsaitin istiqaməti də, investisiya qoyuluşları da, proqramların məsuliyyəti də Azərbaycan dövlətinin üzərindədir. Daxili qurumlar isə kreditləri xarici kreditora yox, Azərbaycan dövlətinə qaytarır”.

Yeganə Oqtayqızı
Cebhe.info

09:48