Hulusi Kılıç: Silahlanma Ermənistana böyük ziyan vurur

Fransanın Cənubi Qafqaz siyasəti, o cümlədən Ermənistana silah tədarükü regional sülhə və sabitliyə birbaşa təhlükə yaradır.

Bu barədə AZƏRTAC-a Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “IMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin qardaş ölkədəki nümayəndəsi Hulusi Kılıç bildirib.

Onun sözlərinə görə, silahlanma kursu Ermənistanın özünə də böyük ziyan vurur.

Ekspert bildirib: “Ermənistanın silah arsenalını artırması təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də riskli və təhlükəlidir. Paris və İrəvan bölgənin ən güclü orduları ilə qarşı-qarşıya olduqlarını dərk etməlidirlər. Ermənistanın təhlükəsizliyinin yeganə yolu dialoqdan və Azərbaycanla sülh sazişindən keçir”.

Kılıç qeyd edib ki, İrəvan öz resurslarını silahlanmaya deyil, iqtisadi inkişafa və əhalinin rifahının artırılmasına sərf etməlidir. O, Ermənistanı “mikrodövlət” adlandırıb və xəbərdarlıq edib ki, ermənilər bundan əvvəl Afrikadan qovulmuş Fransanın ardınca getməməlidir. “İrəvan regiona aid olmayan kənar dövlətlər, o cümlədən Fransa üçün platforma rolunu oynamamalıdır. Erməni tərəfi birdəfəlik başa düşməlidir ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edib və onun torpaqlarına istənilən təcavüzün ağır nəticələri olacaq”, -deyə Kılıç vurğulayıb.

Diplomatın sözlərinə görə, Türkiyə və Azərbaycanın orduları lazım gələrsə, vahid cəbhə, “bir millət, bir ordu” kimi çıxış edəcək.

“Əminəm ki, erməni xalqı müharibədən yorulub. Ona görə də İrəvan bütün diqqətini sülhə, öz vətəndaşlarının ölkəni tərk etməməsi üçün onlara şərait yaratmağa yönəltməlidir. Azərbaycanın uzatdığı sülh əli bu respublikanın inkişafına və ermənilərin rifahına aparan yoldur”, - deyə Hulusi Kılıç sözlərini yekunlaşdırıb.

 
Ramin Abdullayev
Xudaferin.eu

16:17