İlham Əliyev həmin torpağı Qarabağa gətirdi - İLGİNC DETALLAR

Şərqlə Qərbin uzunmüddətli və daimi təmas nöqtəsi – Azərbaycan

NATO Baş katibinin Azərbaycana səfəri, eyni zamanda Amerika Birləşmiş Ştatları prezidenti Co Baydenin Prezident İlham Əliyevə təbrik göndərməsi Azərbaycanla Qərb arasında konstruktiv münasibətlərin yeni mərhələsidir.

Amma əslində Azərbaycanla Qərbin həqiqi münasibətləri hər zaman belə olub. Sadəcə geosiyasi vəziyyət, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi yeni reallıqları diktə edir. Öncə gəlin tarixə nəzər yetirək, Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən bir il sonra dünyanın aparıcı neft konqlomeratları ilə "Əsrin müqaviləsi"ni imzaladı. Müstəqilliyini yenicə bərpa etmiş, müvəqqəti atəşkəs sazişini imzalamış bir ölkənin cəmi bir neçə aydan sonra dünyanın iqtisadi nəhənglərini bir yerə toplaması Qərb üçün geosiyasi kəşf idi. Qərb artıq Azərbaycanla danışmağa başlamışdı. Çünki bu nəhənglər artıq başa düşürdülər ki, dünya siyasətinin nəhəngi Heydər Əliyevlə dialoq tamam başqa istiqamətdə - ağlın, məntiqin və ədalətin bir-birinə pərçimlənməsi ilə aparılmalıdır.

Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan 90-cı illəri məğrur, başı uca və inkişafını tədricən təmin edən bir ölkə kimi başa vurdu. Heydər Əliyev dünyanı bütöv görürdü. Heydər Əliyev Kiplinqin məşhur ifadəsi olan "Qərb Qərbdir, Şərq isə Şərq və onlar heç vaxt bir yerdə ola bilməzlər" fikrinin tam əksini dünyaya sübut edirdi.

"Əsrin müqaviləsi"ndən sonra 1998-ci ildə Böyük İpək Yolunun bərpası ilə bağlı keçirilən beynəlxalq sammit artıq Azərbaycan haqqında başqa düşüncə formalaşdırırdı. 1999-cu ilin yanvar ayında Bakıya səfər edən Amerika Birləşmiş Ştatlarının görkəmli dövlət xadimi Henri Kissincer Azərbaycanı inkişaf etməkdə olan dövlət adlandırmışdı.

Ümummilli Lider Heydər Əliyev bütün səfərlərində özü ilə yalnız bir vacib sənəd aparırdı – Azərbaycan Respublikasının xəritəsi. Bu xəritə əslində hər bir azərbaycanlının şəxsiyyət vəsiqəsi idi. Və Qərb Azərbaycanın mövcudluğunu, onun bir qarış torpağını belə güzəştə getməyəcəyini yaxşı başa düşürdü. Azərbaycan öz ərazi bütövlüyü uğrunda diplomatik mübarizəni uğurla davam etdirir, eyni zamanda Qərblə Şərqin ortaq nöqtəsini tapmağa çalışırdı. 2001-ci ildə Amerika Birləşmiş Ştatlarının Əfqanıstanda keçirdiyi antiterror əməliyyatlarında Azərbaycan öz səmasını humanitar məqsədlər üçün Qərb koalisiyasına açmışdı. NATO-nun Kosovoda, Əfqanıstanda, İraqdakı missiyalarında xidmət keçən Azərbaycan hərbçiləri nümunəvi addımları ilə seçildilər.

2021-ci ildə Əfqanstandan ABŞ koalisiya qoşunları çıxarılarkən Kabil hava limanının təhlükəsizliyinin təmin edilməsində Azərbaycan hərbçilərinin müstəsna xidmətləri oldu. Azərbaycan özünün xarici siyasətində dəfərlərlə sübut etdi ki, onun əsas prioritetləri ərazi bütövlüyü və suverenliyin bərpasıdır. Azərbaycan sübut etdi ki, sülh və əmin-amanlığın təmas nöqtəsidir. Axı Şimali Atlantika Müqaviləsi Təşkilatının da əsas prinsiplərində hərbi fəaliyyət yalnız sülh və əmin-amanlıq imkanları tükəndikdən sonra gəlir. Dünyada Vətən müharibəsi nümunəsi var!

Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin prioritetlərini balanslaşdırılmış, qarşılılı dialoq, Şərqlə Qərbin təmas nöqtəsi olaraq müəyyənləşdirdi. Azərbaycan bu gün 2011-2013-cü illərdə ərəb ölkələrində cərəyan edən dağıdıcı proseslərdən, qonşu ölkələrdəki kataklizmlər, düşünülməmiş şəkildə verilən qərarlardan fərqli olaraq dünya miqyasında təhlükəsizlik adası statusunu qazanmağa müvəffəq oldu. Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi nüfuzlu beynəlxalq platformlarda həm Qərb, həm Şərq üçün vacib ölkə olduğunu bəyan edir, Qoşulmama Hərəkatının sədri kimi yeni, ədalətli dünya nizamının qurulmasında artıq memar kimi iştirak edir.

Bir haşiyəyə çıxım. 2000-ci ildə Ümummilli Lider Heydər Əliyevə Minsk Qrupunun həmsədrləri özləri ilə gətirdikləri Qarabağ torpağını təqdim etdilər. Beynəlxalq aləmin bəlkə də ən təsirli məqamlarından biri idi. Bu, heç vaxt təkrar oluna bilməzdi. Prezident İlham Əliyev həmin torpağı qalib ordunun Ali Baş Komandanı kimi Qaraba gətirdi.

 

VETENİM.jpeg (106 KB)

 

Ərazi bütövlüyü və suverenliyin bərpasını şübhəsiz ki, çoxları gözləmirdi. Elə 2000-ci ildə Qarabağ torpağını Ümummilli Liderə təqdim edənlər də şübhəsiz ki, gözləmirdilər. Hətta separatçılıqdan əziyyət çəkən, heç bir münaqişəni sona qədər həll etməyən Qərb də düşünürdü ki, danışıqlar uzanacaq, nəsillər bir-birini əvəz edəcək. Azərbaycan BMT-nin onilliklərlə həll edə bilmədiyi Yaxın Şərq, Kəşmir və digər münaqişələrdən fərqli olaraq Qarabağ məsələsini dünya gözü önündə tarixin arxivinə göndərdi. Şübhəsiz ki, Qərbin belə bir təcrübəyə mütləq şəkildə ehtiyacı var. Öncə qeyd etdiyim kimi, Avropa bu gün həqiqətən gizli və qismən açıq separatçılıqdan əziyyət çəkir. Yəni bu gün bu, özünü ən yüksək səviyyədə büruzə verəcək. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şotlandiya, Uels, İspaniyanın Kataloniya kimi nümunələri var. Qərbin və bütün dünyanın gözü önündə tarix yazan hadisələr baş verir. Müstəqil siyasət yürüdən bununla belə dünyaya sülhü, ədalətli prinsipləri, əlverişli iqtisadi vəziyyətlər təqdim edən Azərbaycan dünyanın yeni nizam xəritəsini cızır. Bu xəritə təkcə siyasi yox, eləcə də iqtisadi, enerji xəritəsidir. Azərbaycan qazı Avropanın 9 ölkəsinə hasil olunur, interkonnektorlara qoşulmaq istəyən ölkələrin sayı artmaqdadır. Bu xəritə öncə qeyd etdiyim kimi, Ümummilli Lider Heydər Əliyevin ötən əsrin 90-cı illərində özü ilə dünyaya apardığı Azərbaycanın xəritəsidir. Hər şey - yeni dünya nizamının Azərbaycanın beynəlxalq miqyasda tanınan xəritəsinin nümunəsindədir. Neokolonializmdən xilas, millətlərin öz müqəddəratını həll etməsi, separatçılığa son qoyulması, nəhayət ərazi bütövlüyü və suverenlik kimi müqəddəs prinsiplər.

 

STOLTEN.jpg (104 KB)

 

NATO Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə mətbuata birgə açıqlamasında Azərbaycanı NATO-nun uzunmüddətli tərəfdaşı adlandırması, ölkəmizdə keçiriləcək COP29-u xüsusi olaraq qeyd etməsini xüsusilə vurğulamaq istərdim. Yəni bütün bunlar Azərbaycan diplomatiyasının uzun illərdən bəri konstruktiv və praqmatik göstəricilərinin nümunəsidir. Bir də Azərbaycanın Cənubi Qafqazda sülhün və inkişafın təmin edilməsinə yönəlmiş 5 prinsipi var. Yəni Azərbaycan dünyaya sübut edir ki, ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra mütləq uzunmüddətli sülh olmalıdır. NATO Baş katibinin Azərbaycanda verdiyi bəyanat faktiki olaraq dünyanın ən güclü alyansının Azərbaycanın yanında olduğundan xəbər verirdi. Üstəlik, Azərbaycan bu gün qlobal iqlim dəyişikliyi ilə mübarizədə təşəbbüsləri üzərinə götürüb. Deməli, təkcə Şərqlə Qərb yox, bütün dünya hazırda Azərbaycanda qovuşur.

 

P.S. Və nəhayət! Elə Qərb ölkələrində oturub Azərbaycana qarşı fəaliyyət göstərən antimilli blogerlər növbəti dəfə qərəzli, məntiqsiz və savadsız olduqlarını özləri sübuta yetirdi. Azərbaycanın Avroatlantika məkanından uzaqlaşması, yaxud Avroatlantika məkanının Azərbaycandan uzaqlaşması kimi axmaq və məntiqsiz sayıqlamalar tamamilə alt-üst oldu. Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş addımlar bunun quşbeyin təfəkkürdən qaynaqlandığının bariz təcəssümüdür. Əlavə şərhə ehtiyac yoxdur!

 

KAMRAN YENİ.jpeg (48 KB)

 

Kamran Qasımov,

Real Təhlil İnformasiya Mərkəzinin xüsusi müxbiri 

Xudaferin.eu

01:03