Adı xidmət, özü əziyyət: Qışda qaz, yayda su tapılmır

 

Son onillikdə xidmət sektoru dünyada rəqabətlilik və gəlir baxımından digər sahələrlə müqayisədə daha böyük inkişaf yolu keçib. Hər şeydən əvvəl bu tələbatın, gəlirin artması, insanların rahat yaşayış səviyyəsinə üstünlük verməsi, yeni xidmət sahələrinin yaranması və bir sıra digər amillərlə əlaqədardır. Sadalanan və sadalanmayan səbəblər bütövlükdə xidmət sahələrinin cəlbediciliyini ortaya qoyur. Məhz bu cəlbedicilik sözügedən sahələrə özəl şirkətlərin marağını yüksələn sürətlə artırır. Artıq konkret sferalar üzrə kifayət qədər professional özəl qurumlar yaranıb və hər ötən gün də onların sayı çoxalır. Təkcə kəmiyyət deyil, bütövlükdə keyfiyyət baxımından da konkret sahələr üzrə texniki yeniliklər günbəgün tətbiq edilir. Bu sahə o qədər rəqabətli olub ki, dövlət belə özəl şirkətlərin tətbiq etdiyi yeniliklərə uyğunlaşmağa çalışır. Bir sıra hallarda isə dövlət konkret sahələri özəl şirkətlərin idarəçiliyinə verir. Bununla o, həm üzərindəki öhdəliyi və məsuliyyəti cüzi də olsa, azaltmış olur, həm də bütövlükdə inzibati resurslardan istifadə etməklə xidmət sahələrini nəzarətdə saxlayır. Kommunal xidmətlər ümumilikdə xidmət sahələrinin ən vacibidir, ən əsası isə kütləviliyi ilə digərlərindən fərqlənir. Bu xidmət elə bir xidmət növüdür ki, ölkə əhalisinin bütün kəsimlərinə birbaşa aidiyyatı var. Azərbaycanda bu xidmət növü əsasən dövlətin nəzarətindədir. Doğrudur, bir müddət öncə bəzi kommunal xidmət sahələri özəl şirkətlərin ixtiyarına verilmişdi, ancaq “Barmek”in timsalında fərqli səbəblərə görə, təcrübə uğursuz oldu və dövlət yenidən bu sahəyə tam nəzarəti ələ keçirdi. Dünyanın bir sıra ölkələrində özəl şirkətlərin bu məsələdə aparıcı mövqeyi açıq şəkildə nəzərə çarpır. Məqsədimiz kommunal xidmətlərə kimin nəzarət və idarə etməsinin effektivliyini araşdırmaqdan ibarət deyil. Məsələ bu işi üzərinə götürən qurumun vəzifəsinin öhdəsindən necə gələ bilməsiylə bağlıdır. Təəssüf hissi ilə vurğulamaq lazımdır ki, ölkəmizdə bu məsələ ürəkaçan səviyyədə deyil. Kommunal xidmətlərin demək olar bütün sferası nöqsanlarla doludur. Ən nöqsansız hal isə ödənişlərin yığılmasıyla bağlıdır. Təsəvvür edin borcun ödənilməsi üçün 24 saatlıq onlayn ödəmə sistemi fəaliyyət göstərir, amma xidmət lazımi şəkildə təşkil olunmur.

Niyə? Nə üçün aidiyyatı qurumlar iki cümləlik bildiriş yaymaqla işinin bitdiyini hesab edir?” “Azərsu” ASC istehlakçılardan əvvəlcədən su ehtiyatı toplamalarını xahiş edir. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir. Məlum olub ki, Bakıətrafı kənd və qəsəbələrdə su təchizatı sistemlərinin yenidən qurulması layihələri çərçivəsində yeni tikilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar gün ərzində Ceyranbatan, Saray, Masazır, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Haqlı sual yaranır. Yəni doğrudan da dünyada elə bir təcrübə, texnologiya və sistem mövcud deyil ki, təmir işləri aparılanda əhalinin suyu kəsilməsin? Başqa maraqlı məqam isə təmir işlərinin zamanlamasıyla bağlıdır.

Dünyanın aparıcı ölkələrində, çox da uzaq olmayan Rusiyada kommunal xidmətlərdə “yaya və qışa hazırlıq” proqramı tətbiq edilir və maksimum çalışılır ki, bu sahədə problem yaranmasın. Bizdə niyə yay başlayan kimi su kəsilir, qış olan kimi qaz? Ötən qışda təbii qazın verilişində yaranan fasilələr, habelə təzyiqin normadan aşağı olması aidiyyatı qurumları niyə hərəkətə keçirmir? Axı, beynəlxalq standartlar bunun tam əksini deyir. Əhaliyə suyun tədarükü ilə bağlı öhdəliyi olan tərəf ona fasiləsiz, keyfiyyətli və lazımi təzyiqdə suyun verilməsinə dair cavabdehlik daşıyır. Təmir, bərpa işlərinin aparılması əhalinin təbii ehtiyacının ödənilməsinə problemin yaradılmasına heç bir halda əsas ola bilməz. Çünki bunun texniki təminatı xidmət sahəsinin sisteminin formalaşdırılması zamanı nəzərə alınmalıdır. Bu artıq normativdir, hüquqi zəmindir ki, təminatçı tərəf məsuliyyətini dərk etsin, qanun qarşısında cavabdehlik daşısın. Di gəl, nə təminatçı öhdəliyini yerinə yetirir, nə də istehlakçı haqqını bilir və tələb edir. Ümid qalır Allaha. Havaların sərin keçməsi bəlkə isti yay günlərində əhalinin problemlərinə su səpə... Ancaq ekoloqlar bu vəziyyətin daha bir neçə gün davam edəcəyi xəbərini təkidlə verirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai təşkilatla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva açıqlamasında bildirib ki, iyul ayının 2-dək Bakıda və Abşeron yarımadasında havanın temperaturunun günorta saatlarında 35-38, bəzi ərazilərdə isə 40 dərəcə olacağı gözlənilir. Deməli, ən azı daha bir neçə gün əhalinin suya olan tələbatı daha da artacaq, ancaq onun təminatı necə olacaq? Bax, bu barədə hər kəs düşünməlidir, aidiyyatı qurumlar da, onlara nəzarət edən dövlət orqanları da və ən əsası abonent kimi hüquqlarını bilməyən əhali də...

Alçina Amilqızı

Cebhe.info

 

23:00