Zeynəb ...duyğu və harmoniya!

Zeynəb..duyğu və harmoniya! İllər nə tez keçdi. Mənə ilk dəfə atalıq duyğusu yaşatmış qızım Zeynəbin artıq 8 yaşı tamam olur. Atalıq duyğusu heç bir duyğuya bənzəməz. İlk dəfə övlad deyə qucağıma götürdüyüm qızım mənə qəribə hisslər yaşatdı. Anası təklif edəndə ki, istəyirəm qızımıza nənəsinin adını qoyaq, sevincimin həddi hüdudu yox idi. Məhz mənim deyil, bu təklifin qızımın anasından gəlməsi məni çox təsirləndirdi. Beləliklə, müdrik bir kəlamda deyildiyi kimi, ilk işimiz düzəldi. “Uşaq anadan olanda birinci ona yaxşı ad qoyun” tövsiyyəsi həllini tapdı. Zeynəbə Dəyirmançı Əlinin qızı Zeynəb xanımın (anamın) adını qoyduq. Mötədil və mömin bir insan olan babam Dəyirmançı Əli də qızına Peyğəmbər əfəndimizin mübarək qızı cənnət müjdəli Zeynəb xanımın adını qoymuşdu. Beləliklə, biz qızımıza Zeynəb adı qoymaqla iki tərəfli fəzilət qazandıq. Düzdü mötədil müsəlman ailəsindən çıxmış anam Zeynəblə qızım Zeynəbin xarakteri tərs müntənasiblik təşkil edir. Anam sakit təbiətli, səbrli və mətanətli qadındır. Qızım isə çılğın, səbrsiz amma cəsurdur. Zeynəbin cəsur olmasını xarakterizə edən iki hadisəni qeyd edim. Mingəçevirdə nənəsigilin həyətində bir oğlan uşağını döymüşdü. Zeynəbi qorxutmaq üçün deyirlər ki, bəs o uşağın atası polisdi, səni tutarlar. Əvəzində Zeynəb də mənə sevinə-sevinə nə desə yaxşıdı? “Dədə polisin oğlunu döymüşəm ey!” Uşaqları hər gün dərsə aparan qonşu İbrahimin avtobusu Zeynəbgilin yol-yoldaşlığı və məcara yaşadığı bir yerdi. Zeynəb məktəbə təzə gedəndə ikidə oxuyan qız buna hədə-qorxu gəlir ki, mən ikidə oxuyuram səni vuraram, sən birdə oxuyursan heç nə edə bilməzsən. Zeynəb deyir: “Nə olsun ikidə oxuyursan ona arxayın olma, vura bilməzsən”. Qızın vurmaq cəhdini qabaqlayan Zeynəbin cavab hərəkətindən sonra avtobusun uşaqları qızın səsini güclə kəsirlər. Zeynəb belə Zeynəbdi. Zeynəb isdedadlı qızdı. Məntiqi təffəkürünə də söz ola bilməz. Heç vaxt nəyi isə bəhanə edib dərsə getməkdən yayınmaz. Qayğıkeş müəlliməsi Ülviyyə xanım da ondan razılıq edir. Hətta o qədər “5” alıb ki, 4 alanda belə pərt olur. Hərdən də bizimlə incə zarafat edir –“2” almışam deyib gündəliyi verir və məlum olur ki, “5” alıb. Çağdaş Azərbaycanda milli soyada keçid köhnə sovet sterotiplərin dağıdılması ilə müşayyət olunsa da bəzən qəbul edilməkdə çətinlik yaradır. Qeydiyyat Şöbəsində Zeynəbin soyadını Vəkiloğlu yazdıranda idarənin əməkdaşları bir az tərəddüd etdilər ki, qız uşağına necə yazaq Vəkiloğlu? Nə isə kiçik bir hüquqi izahdan sonra anlaşdıq. İlk dəfə doğum haqqında şəhadətnamədə “Vəkiloğlu Zeynəb Səməd qızı” oxuyanda çox duyğulandım. Zeynəb nəslimizdə “Vəkiloğlu” soyadını daşıyan ilk qız oldu. Bəlkə də balaca vaxtı özümdən böyük uşaqlarla oxuduğuma görə məndə bəzi komplekslər formalaşıb. Uşaqları kimsə incidəndə dözə bilmirəm, hətta ən əzizi adamı belə. Hətta bəzən yaxınlarım məni övladlarımı həddindən artıq əzizləməkdə, ərköyünlətməkdə qınayırlar. Peyğəmbər əfəndimiz bir şəxsi vali təyin etməli imiş.Vali təyin ediləcək adam gəlir görür ki, Peyğəmbərin nəvələri onun qucağında o yana bu yana hoppanır.Adam Peyğəmbərə deyir: “Siz nəvələrinizin şıltaqlığına necə bu qədər səbr edirsiniz? Mən hələ bir dəfə olsun belə öz uşaqlarımı əzizləməmişəm”. Peyğəmbər əfəndimiz həmin şəxsin övlad sevgisindən məhrum olduğu üçün vali təyin etməkdən vaz keçir. Övlad sevgisi insanlıq duyğusunun ən vacib çalarlarından biridir. Allah heç kimi övlad sevgisindən məhrum etməsin! Övlad insanın həyatında harmoniya yaradan ən güclü bağdı.

15:45