QARIŞIQ NİGAHLAR: TƏZADLAR VƏ UYĞUNLUQLAR

Müxtəlif dinlərə etiqad edən insanların nigaha daxil olması zaman-zaman sosial-ictimai, mədəni-psixoloji və hüquqi problemlərlə müşahidə olunmaqdadır.

Hüquqi təminatlar

Hazırda dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul olunmuş BMT–ninÜmumdünya İnsan Hüquqları Bəyənnaməsi, Mülki və SiyasiHüquqlar Haqqında Beynəlxalq Pakt, Avropa İnsan HüquqlarıKonvensiyası və digər beynəlxalq konvensiyalar və sənədlər vətəndaşların dini etiqad azadlığına və o, cümlədən nigahın yalnız hər iki tərəfin sərbəst və tam razılığı ilə bağlanmasına tam hüquqi təminat verir. O cümlədən, Azərbaycan Respublikasının Konstitusiyası və Ailə Məcəlləsi sözügedən sahədə bütün hüquqi təminatları yaradır.

Müasir dövrümüzdə müxtəlif dinlərdən olan insanların nigaha daxil olmasına hüquqi nöqteyi-nəzərdə heç bir problem olmadığı üçün məsələnin dini-psixoloji məqamları daha maraqlıdır. Azərbaycan vətəndaşı, İslam dininə etiqad edən Asif Bədəlovun alman vətəndaşı və xristiyan mənsubiyyətli Elizabet Voskressenovka ilə ailə qurmasından sonra yaşananlara diqqət yetirək. Asif Bədəlov 2002-ci ildən Almaniya Federativ Respublikasının Paderborn şəhərinin Büren qəsəbəsində yaşayır. O, milləyətçə alman olan Elizabet Voskressenovka ilə təsadüfən tanış olub. Asif bildirir ki, Elizabetin xristiyan olması onların münasibətlərinin yaxınlaşmasına heç bir maneçilik törətməyib: «İlk vaxtlar biz heç bu barədə düşünmürdük. Hər ikimizin keçmiş SSRİ məkanından olmağımız bizim ünsiyyətimizin dərinləşməsinə yardımçı oldu. Elizabet milliyyətçə alman olsa da Almaniyaya SSRİ dağıldıqdan sonra Qazağıstanda köçüb. Doğrusu, Elizabet avropalılardan çox keçmiş sovetlər birliyindən olan insanlarla daha yaxşı anlaşırdı».

A.Bədəlovun sözlərinə görə, onlar nigaha girmək qərarına gəldikdə birinci növbədə, hüquqi prosedurla maraqlanıblar. Onlar nigaha girmək üçün Paderborn şəhəri Büren qəsəbəsində yerləşən VVAQD orqanına müraciət ediblər. Hər iki şəxsin sənədləri yoxlanıldıqda məlum olub ki, Asif Azərbaycanda rəsmi nigahdadır və bu halda o yenidən nigaha girə bilməz. Alman milli qanunvericiliyi buna imkan vermir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə görə, eyni şərtlər altında ölkəmizdə də nigaha girmək mümkün deyil. Odur ki, Asif alman vətəndaşı Elizabetlə ailə qurmaq üçün 2004-cü ilin sonunda Azərbaycana qayıdaraq rəsmi nigahını pozmalı olur. Bundan sonra adıçəkilən şəxslərin evlənmələrinə heç bir hüquqi maneə qalmır. Asif ilə Elizabet xanım Azərbaycanda nigahlarını rəsmiləşdirmək qərarına gəlirlər. Odur ki, alman xanım 2005-ci ilin sonlarında Bakıya gəlir. Onlar nigaha girmək üçün Bakıda yerləşən Səadət sarayına müraciət edirlər. Səadət sarayı xanım Elizabet Voskressenovkadan Paderborn şəhəri Büren qəsəbəsində yerləşən VVAQD orqanından Almaniyada rəsmi nigahda olmaması haqqında arayış tələb edir. Sözügedən arayış təqdim edildikdən sonra Səadət sarayı onların nigahını rəsmiləşdirir.

Asifin sözlərinə görə, o ənənəvi müsəlman ailəsində doğulub, öz dininə bağlı insandır və heç vaxt dinini dəyişmək niyyətində deyil. Lakin Elizabetin xristiyan katolik olması onların birgə yaşaması üçün maneə ola bilməz. «Biz hər ikimiz bir-birimizin dini mənsubiyyətinə hörmətlə yanaşırıq».

Hətta Asif Elzabetlə birlikdə kilsəyə gedərək şam da yandırıb. Həmsöhbətim onu da bildirir ki, xristiyan missionerləri bir neçə dəfə ona öz dinini dəyişməyi təklif etsə də Elizabet heç vaxt ona belə bir təkliflə müraciət etməyib.

Əhli kitabdan olan qızla evlənmək olar

Məsələnin dini dəyərlər baxımından qiymətləndirilməsi də maraqlı olardı. İslam dini müsəlman kimliyi olan bir kişinin qeyri–müsəlmanla ailə qurmasına necə münasibət bəsləyir?

Bu məsələdə demək olar ki, din alimlərinin əksəriyyəti eyni fikri paylaşır. Çoxluğun fikrinə görə, müsəlman kişinin digər dindən olan qadınla nigaha girməsi Qurani-kərimin buyurduğu şərtlər altında mümkündür. Müqəddəs kitabın Maidə surəsinin 5-ci ayəsində buyurulur: «Bu gün pak nemətlər sizəhalal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır.Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad vəismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrləriniverdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün)sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxır və o, axirətdə zərər çəkənlərdən olar!

Göründüyü kimi, islam dini bəlli şərtlər daxilində müsəlman kişinin əhli kitabdan (xristiyan) olan qadınla nigahını məqbul sayır. Bununla belə, İslam dininin ailə-nigah münasibətlərinə özünəməxsus yanaşması vardır. Bəzi hallarda bu yanaşma dünyəvi hüquqla səsləşməsə də hər bir müsəlman üçün müqəddəs kitabın ehkamları mübahisə doğura bilməz. İslamın bu özəl yanaşmasında ən çox diqqətçəkən məqam ondan ibarətdir ki, Qurani-kərim daha çox nigah münasibətlərində eyni əqidəli insanların birgə yaşamasını faydalı sayır. Bu barədə müqəddəs kitabın Bəqərə surəsinin 221-ci ayəsində buyurulur:«Allaha şərik qərar verən (onu inkar edən) qadınlar imana gəlməyincə onlarla evlənməyin!Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz müşrik bir qadındandaha yaxşıdır. Həmçinin müşrik kişilər Allaha iman gətirməyənə qədər mömin qadınları(onlara) arvadlığa verməyin! Əlbəttə, Allaha iman gətirən bir kölə camalına məftunolduğunuz müşrik bir kişidən daha xeyirlidir. Onlar (qadınlar və kişilər) sizi cəhənnəməçağırdıqları halda, Allah sizi öz icazəsi ilə Cənnətə məğfirətə (bağışlanmaya) çağırır və yaxşıdüşünüb ibrət almaları üçün insanlara hökmlərini aydınlaşdırır».

İslam dini müsəlman bir qadının digər dinlərdən olan kişi ilə ailə qurmasına isə fərqli münasibət bəsləyir. Müsəlman ehkamlarına və din alimlərinin yekdil rəyinə görə, müsəlman qadının qeyri-müsəlman kişi ilə evlənməsi qətiyyətlə rədd edilir. Bu mənada azərbaycanlı Dəniz Bayramova ilə milliyətcə rus olan Alik Bayramovun nigaha girmələri ilə bağlı yaşadıqları maraq doğurur. Hər ikisi Bakıda böyüyüblər. Onlar eyni mühitin admlarıdırlar. Dənizlə Aliki ayıran yalnız dini mənsubiyyətləridir; Dəniz müsəlman qadını, Alik isə xristiyandır. Rəsmi nigahları üçün heç bir hüquqi maneə olmayıb. Lakin Dəniz Bayramovanın ailəsi, qohumları bu evliliyə mənfi münasibət bəsləyib. Dəniz xanım bildirir ki, hətta gərginlik o həddə çatıb ki, onlar bir dəfə nigahlarını pozmalı olublar: «Lakin bir müddətdən sonra Aliklə birlikdə qərara gəldik ki, yenidən nigaha girək və Alik mənim soyadımı qəbul etsin. Belə də oldu. Alik dini mənsubiyyətini dəyişmək barədə də fikirləşir, lakin hələ qəti qərar qəbul etməkdə tərəddüdləri var».

Dəniz xanımın sözlərinə görə Alik soyadını dəyişdikdən sonra nigahımıza olan mənfi münasibət qismən yumşalıb.

Səməd Vəkilov

Xudaferin.eu

15:19