Zanbaqlar ölkəsində Azərbaycan duası

Finlandiyada yaşayan və əslən Güney Azərbaycanlı Şahnaz Əsədi Finlandiyanın Vaasa şəhərində məskunlaşıb. Burada Azərbaycanı təmsil edənlərin sayı çox az olsa da, onlar öz milli kimliklərini unutmamış və bununla yanaşı, indiki texniki inkişaf çağında daha çox virtual aləmdə öz ideyalarını təbliğ etmək, soydaşlarımızla bölüşmək üçün addımlarını atırlar. Şahnaz xanım da belə bir taleni yaşamaqla yanaşı, demək olar ki, Filandiyada fəal qadınlarımızdan biri sayılır.

–Şahnaz xanım necə oldu ki,  tale sizi Finlandiyaya gətirib çıxardı?

–Heç özüm də yatsaydım yuxuma girməzdi ki, nə zamansa Avropanın ən sakit guşəsi sayılan Finlandiyada yaşamalı olacam. Nə demək olar. Bu bir taledir. Ancaq, heç də öz taleyimdən narazı deyiləm. Tək amacım Güney və Quzey Azərbaycanda xalqımızın öz istəkləri çərçivəsində diləklərinə yetməsidir. O da doğrudur ki, zanbaqlar ölkəsi kimi tanınan Finlandiya Avropanın ən sakit bir ölkəsidir. Burada normal həyat düzəni üçün gərəkən bütün imkanlar mövcuddur. Ancaq, milli kimliyimizdən uzaq düşə bilmərik. Mən və yaxın əqidədaşlarım demək olar hər gün Finlandiyada Azərbaycanımızın hər iki tayı ilə bağlı sosial şəbəkələrdə fəaliyyətlərimizi davam etdiririk. Güney Azərbaycandakı  həyat düzəni bizi məcbur etdi ki, Avropaya miqrasiya edək. Bunun əsil səbəbi isə, ana dilində təhsil, milli-mədəni hüquqlarımızın tanınması üçün apardığımız mücadilənin sonucu olaraq məcburi şəkildə Finlandiyada yaşayırıq.

–Bəs belə bir ölkə sizin üçün darıxdırıcı deyil ki?

–Əsla. Çalışırıq ki, Avropada inkişaf etmiş sosial düşüncənin elmi şəkildə isbat edilmiş dəyərlərini ana dilimizə çevirməklə xalqımız arasında maariflənmə düzəni adına sosial şəbəkələrdə paylaşaq. Finlandiya dünyanın ən səssiz ölkəsi sayılır. Elmi baxımdan isə, yetərincə burada böyük baza mövcuddur. Səbr və təmkinlə bütün bunları dilində öyrənir və gərəkən yönlərini ana dilimizə çevirərək xalqımıza çatdırmağa çalışırıq.

–Bunca çabalaranızın bir xeyri olurmu?

–Biz zamanla bütün bunların nəticəsini görürük. Əski Sovetlər Birliyi dağılandan sonra, Avropanın inkişaf etmiş sosiologiya elminin uğurlarının tanıdılması çağdaş dövlətçilik anlayışının quruculuğu üçün vacib dəyərlərindən biri hesab edirik. Bununla yanaşı, Güney Azərbaycandakı “liderlik xəstələyi”nin qarşısını almaq üçün bizim öyrəndiyimiz və çevirdiyimiz əsərlərin müsbət təsirini hiss etməkdəyik. Yaşadığımız Vaasa şəhərində soydaşlarımızın sayı çox deyil. Əlimizdən gələn odur ki, azından dünyada gəlişmiş sosiologiyanı bir elm kimi xalqımıza çatdıraq. Bəzən elə olur ki, paylaşdığımız sosial elmlərlə bağlı yüzlərlə məktub alırıq. Tomas Mor, Temazzo Kampanella, Frensis Bekon, Tomas Hobss, Con Lokk, Ogüst Kont, Robert Spenser, Vilhem Vundt, Uilyam Mak-Duqall, Qabriel Tard, Qustav Lebon, Ferdinand Tönnes, Georq Zimmel, Maks Veber, Emil Dürkgeym, Vilfredo Pareto, Uliyam Ohborn, Robert Park, Paul Lazasfeld, Yakov Levi Morone, Alfred Redkliff Braun, Bronislav Malinovski, Tolkott Parsons kimi dahilərin əsərlərini çevirməklə bütün bunları xalqımıza çatdırmağı vicdan borcu sayırıq. Çağdaş dünya düzəni məhz bu sosioloqların sayəsində inkişaf yolunu tutubdur. Sosiologiya bir elm kimi öz funksional paradiqmalarını bu düzən üzərində qurub. Bunun nəzəri əsaslarının elmi şəkildə fundamental əsasları bu ünlü elm xadimlərinin sayəsində irəli getməkdədir. Bütün bunları xalqımızın bilməsi çox vacib şərtlərdən biri sayıram.

–Elə bir an olub ki, siz Azərbaycanımızın istər o tayı, istərsə də bu tayı üçün Avropanı gəzib dolaşasınız?

–Mən baş verən prosesləri çox diqqətlə izləyirəm. Sadəcə gücümün çatdığı həddə qədər fəaliyyət göstərirəm. Bu, xalqımızın dünya standartları səviyyəsində hüquq və azadlıqlarını elmi şəkildə bilməsindən ibarətdir. Kimsəyə xəyali şəkildə böyük gələcək vəd etmirik. Ancaq, bütün bunlara sahib olması üçün, dünyanın sosial elmlər tarixini, bu gün baş verən inkişaf düsturlarını izah etməkdə heç bir çətinliyimiz yoxdur. İndi demək olar ki, Avropada yaşayan soydaşlarımız arasında təşəkkül tapan sosiallaşma, diaspora çevrilmə prosesləri öz ahəngi ilə inkişaf edir. Bu prosesə elmi-nəzəri konsepsiyaların əlavə ediıməsinə əməlli başlı ehtiyac vardır. Hansısa aksiyalarda və mitinqlərdə, eləcə də konfranslarda iştirak etmək yaxşı haldır. Ancaq, bununla yanaşı irəli sürülən ideyalar və aksiyaların elmi fundamenti də olmalıdır. Mən çalışıram ki, gərəkən ideyaları elmi şəkildə ortaya qoyum. Avropanı başqaları kimi gəzib dolaşıram. Müşahidələr aparıram. Hansı diaspor təşkilatımız doğru-düzgün dəyərləndirirsə, dərhal onlarla təmasa keçirəm. Etiraf etmək gərəkdir ki, Azərbaycan diaspor təşkilatları Avropada pərakəndə şəkildə fəaliyyət göstərirlər. Bunun əsas səbəbi Bütöv Azərbaycan düşüncəsinin elmi şəkildə konsepsiyaların çevrəsində gərəkən diskussiyaların aparılmamasıdır. Kimlərsə çeşidli ideyalar irəli sürməklə özlərini sadəcə cəmiyyətdə göstərmək üçün hərəkət edirlər. Onların irəli sürdükləri ideyaların çoxu amirlik metoduna bağlıdır. Bu, belə bir şəkildə qəbul edilə biməz. Bir nəfərin fikri hələ toplumun dəyər verdiyi ideya olaraq qəbul olunmur. Ona görə ki, bizlər millət olaraq iki yüz ildir fərqli mental dəyərlərlə dünyaya baxırıq. Uzlaşma yolları ortaya qoyulmalıdır ki, bundan sonra hansı addımları ata biləcəyimizi də müzakirə mövzusuna çevirə bilək. Mən öz fikirlərimi Avropa sosial fikir adamlarının irəli sürdükləri konseptlər əsasında ortaya qoyuram. Buna haqqım çatır. Fransanın üç yüz ildən çoxdur tətbiq etdiyi “frankomaniya” konsepti mövcuddur. Bu, Fransanın bir dövlət olaraq təsiri altında olan Afrika, Amerika və dünyanın digər coğrafi məkanlarında fransızların dərin siyasətinin astar üzüdür. Belə ki, Fransa və fransızlar bu iki düsturla dünyanın supergüclərindən biri sayılırlar. Fikrimcə Azərbaycan dünyası heç bir xalqın kimliyini əzmədən və tapdalamadan öz dəyərlərini irəli aparmaq üçün mühüm vasitələrdən birinə çevrilməlidir. Bu ideyaları soydaşlarımız arasında azından Avropada inkişaf etdirməyə çalışıram.

–Bütün çabalarınızın yaxşı mənada hər hansı bir sonucu varmı?

–Biz bu yöndə illər uzunu apardığımız təbliğatlar sayəsində xeyli uğurlar əldə etmişik. Demək olar ki, hər hansı bir narazılığım da yoxdur.

–Bəs Finlandiyada yaşayan soydaşlarımız necə, sizin irəli sürdüyünüz konseptləri dəstəkləyirlərmi?

–Finlandiyada azərbaycanlı qürbətçilərin sayı digər Avropa dövlətlərində olduğundan çox azdır. Bunun da tək səbəbi Finlnandiyanın heç bir zaman Avropanın qaynar ölkəsi sayılmamasıdır. Bir də burada yaşayan soydaşlarımız demək olar ki, pərakəndə halda yaşayırlar. Ərazisi böyük olsa da, Finlandiyanın əhalisi digər Avropa ölkələrindən çox azdır. Biz məcbur olaraq, qonşu Skandinav ölkələri İsveç və Norveçdə diaspor adına gərəkən işlərimizi görürük. Bu iki qonşu ölkədə Azərbaycan adına düzənələnən bütün tədbirlərə qatılırıq. Finlandiyada yaşayan azərbaycanlıların toplam sayı iki yüz nəfərdən çox olmaz. Onların demək olar ki, çoxu fərqli şəhərlərdə yaşayırlar. Beləliklə də diaspor adına əsas mərkəz paytaxt Helsinki sayılır.

–Bəs digər türk toplumlarına məxsus diaspor təşkilatları ilə əlaqələriniz necədir?

–Bu məsələdə bir daha qeyd edirəm ki, Finlandiyada bizlər çox zəifik. Tək ümid yerimiz odur ki, bu ölkədə ermənilər çox zəifdirlər. Ona görə ki, finlər bir xalq olaraq hər hansı bir işğal siyasətini qəbul etmirlər. Onların tarixi torpaqları hələ də Rusiya tərəfindən işğal altındadır. Finlər buna “Suur Suomi” deyirlər. Yəni Böyük Finlandiya. Biz buna görə də digər türk toplumları ilə əlaqələrimizi Avropadakı təşkilatlarla nizamlayırıq. Fin alimlərinin fikrincə fin, norveç və isveç xalqlarının kökü “Fin-Uqor” anlayışı ilə bütünləşmələdir. Bu, o deməkdir ki, Fin-Uqor dil ailəsi Türk Dünyasının bir parçasıdır. Helsinkidə yaradılan “TURAN” rok qrupunun ilk  konserti də məhz bu prinsiplərə bağlı idi. Təəssüflər olsun ki, Finlandiyada yaşayan soydaşlarmız finlərlə eyni irqə malik olan dəyərlərimzi ortaya qoymurlar. Buna milliyyətçilik baxımından deyil, azından tarixi dəyər yönündən baxmaq yetərlidir. Mən özüm Doğu Türküstan və uyğur türklərinə dəstək qismində dəfələrlə İsveç və Norveçdə düzənlənən aksiyalard iştirak etmişəm. Onların bizlərə olan ilgisini “Qarabağ bizimdir, bizim olacaq” aksiyalarında şahidi olmuşam.

–Bəs Güney Azərbaycanla ilgili aksiyalarda əslən quzeyli soydaşlarımızın iştirakı sizi qane edirmi?

–On-onbeş il bundan öncə bütün bunlara rast gəlinməzdi. İndi çox yaxşı proses yaranıb. Bizlər güneyli-quzeyli hər birimizi narahat edən aksiyalarda birlikdə iştirak edirik. Deməli güneyli-quzeyli dərdlərimizin ortağına çevrilirik. Bütün bunlar daxilən məndə fərəh hissi oyadır. Deməli bizlər harada yaşasaq da vahid bir millətin övladları olaraq birgə hərəkət etməkdəyik. Bu, bir qürurverici prosesdir. Güneyli soydaşlarımıza Quzey Azərbaycanı hər zaman örnək kimi göstəririk. Aradan 25 il ötməsinə baxmayaraq, Quzey Azərbaycan dövlət olaraq öz müstəqilliyini qoruyub saxlaya bilmişdir. Qarabağ problemi isə sanıram zamanla öz həllini tapacaq. Güney Azərbaycanla bağlı ana dilində tədris, insan haqları və milli fəalların dərhal həbsdən azad edilməsi kimi aksiyalarda əslən quzeydən olan soydaşlarımızın fəallığı etiraf edim ki, məni qane edir. Azərbaycan davası güney-quzey mövzusunda yer almamalıdır.

–Finlandiyada Qarabağ məsələsinə yerli əhalinin münasibəti necədir?

–Bu çox yaralı məsələdir. Son on ildə Finlandiyada başa düşməyə başlayıblar ki, “saxta erməni məsələsi” nə deməkdir. Ermənilər 1980-ci illərdə elə dərin təbliğatlar aparıblar ki, bizlərə qarşı olan münasibətləri dəyişmək üçün illər tələb olunub. Ermənilər xristian qardaşlığı və həmrəyliyi düsturu ilə hərəkət edərək Avropa xalqlarını tamamilə çaşbaş salıblar. Bunun tək səbəbi isə, orta əsrlərdə biz türklərin dünya siyasətində dominant rol oynamağımızdır. İngiltərə, Fransa, Yunanıstan və İtaliya kimi dövlətlər antitürk siyasətini elmi səviyyədə elə bir həddə çatdırıblar ki, Avropa xalqları türk kəlməsində qorxu hissi keçirirlər. Ermənilər bu üsuldan öz mənfəətləri üçün yararlanıblar. Bütün bunlar artıq arxada qalıb. Hər dövlətin öz strateji maraqları üstün səviyyəyə qaldırılıb. Qarabağ və Azərbaycan məsələsinə gəldikdə isə, fikrimizcə bu yöndə çox addımlar atılmalıdır.

–Azərbaycana, yəni Bakıya nə vaxt gəlməyi planlaşdırırsınız?

–Demək olar hər gün Bakıdan yayınlanan bütün televiziya kanallarını ailəlikcə izləyirik. Elə bil özümüzü Azərbaycanda olduğu kimi hiss edirik. Mən dəfələrlə ailəlikcə kimsəyə xəbər vermədən Azərbaycanda olmuşam. Bakıda dərc olunan kitabların sayəsində evimizdə “Azərbaycan kitabxanası”nı yaratmışam. Özladlarımız bu kitabların sayəsində inkişaf edirlər. Hər gün Azərbaycan üçün dua edirik.

Söhbətləşdi: Ə. Yusifoğlu

                        

11:33