Vüqar Bayramov: “Neftin qiymətində ciddi artım gözlənilmir”

 

“Azərbaycan büdcəsinin sosial büdcəyə çevrilməsi vacibdir”

Bu gün Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,16 dollar və yaxud 0,24% artaraq 65,97 dollar olub.

Azərbaycan neft ölkəsi ölduğu üçün son günlər neftin dünya bazarında qiymətinin artması ölkəmiz üçün çox əhəmiyyətlidir. Amma bunun dayanıqlı olması da suallar doğurur. Çünki neftin dünya bazar qiymətini indiki məqamda siyasi faktorlar (İraqda Kürd Muxtariyyətinin “müstəqilik” referendumu keçirməsi və Mərkəzi İraq Hökumətinin kürdlərin əlində olan neft yataqlarını ələ keçirməsi, Türkiyənin isə Kürd Muxtariyyəti ilə deyil, İraq Mərkəzi hökuməti ilə neft müqaviləsi bağlaması, eyni zamanda Səudiyyə Ərəbistanında hakimiyyət uğrunda mübarizə, korrupsiya qalmaqalı neftin dünya bazar qiymətlərinə təsir edən əsas amillərdir) tənzimləyir ki, bu da dayanıqlı bir qiymət deyil. Ona görə, bu hadisələrin fonunda yüksələn neft qiymətlərinin enməsi də istisna deyil.

Neftin dünya bazar qiymətində 1 dollar artımın hər gün ölkəmizə təxminən 260 min dollar gətiməsi neftdən asılı olan büdcəmiz üçün çox önəmlidir. Nəzərə alsaq ki, 2017-ci ilin dövlət büdcəsində neftin bir bareli 40 dollardan hesablanmışdı, neft də bu il ərzində 50 dollardan aşağı enməyib. O zaman Azərbaycanın ümumi gəlirlərində xeyli artım olduğu ortadadır. Azərbaycan əhalisinin sosial durumunun ağır olduğu da faktdır. Amma bu artan gəlirlərdən əhalinin sosial problemlərinin həll edilməsi istiqamətində nə dərəcədə xərclənir? Neftin qiymətinin artmasını təsirini vətəndaş öz sosial problemlərinin həllində hiss edirmi? İndiki şəraitdə buna “hə” demək çətindir.

 

“Kürd probleminə görə İraqın gündəlik neft ixracatı 250 min barelədək azalıb”

Neftin dünya bazar qiymətinin artmasının səbəblərini şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, istisadçı alim Vüqar Bayramov bildirib ki, neftin qiyməti həm iqtisadi, həm də siyasi faktorlarla müəyyənləşir: “Bu gün neftin dünya bazar qiymətinin yüksəlməsi Yaxın Şərq neftinin nəqlinin texniki problemləri ilə daha çox bağlıdır. Kürd probleminə görə İraqın gündəlik neft ixracatı 250 min barelədək azalıb. Nəticədə bu da neftin dünya bazarlarına daha az çıxarılmasına gətirib çıxarıb. İraqın 250 min neft ixracının azalmasına siyasi faktorlar təsir göstərsə də, amma neftin dünya bazar qiymətinə təsirləri iqtisadidir. Çünki dünya bazarında təklif azalırsa , dövlətlər bazara daha az neft çıxarırsa, iqtisadi olaraq qiymətlərə təsir göstərir. O baxımdan, neftin qyiməti yalnız siyasi deyil, həm də iqtisadi faktorlarla tənzimlənir”.

“Neftin dünya bazar qiyməti Yaxın Şərqdəki kürd faktorundan daha çox asılı olacaq”

 

Bayramov nəzərə çatdırdı ki, dünya bazarında gündəlik təxminən 96 milyon barellik tələb ilətəkilfin yaxınlaşması müşahidə olunur: “Bu da qiymətlərdə artıma gətirib çıxarıb. Nöbvəti dövrlərdə neftin dünya bazar qiyməti Yaxın Şərqdəki kürd faktorundan daha çox asılı olacaq. Yaxın Şəqrdə neft nəqli yenidən əvvəlki həcmdə bərpa edilərsə, neft təklifini artıracaq. Bu da neftin qiymətinin aşağı düşməsinə gətirib çıxardacaq”.

 

“Neftin dünya bazar qiymətindəki artımlar yeni azalmalar ilə əvəz oluna bilər”

Bayramov onu da diqqətə çatdırdı ki, şist neftinin hasilatı neftin dünya bazar qiyməti 60 dollardan yuxarı olanda daha rentabelli olur: “Bu da Amerika Birləşmiş Ştatları və Kanada tərəfindən bazara daha çox şist neftinin çıxarılmasına səbəb olur. Güman olunur ki, şist neft hasilatında da artımlar olacaq. Neftin qiymətindəki son artımlara baxmayaraq, ciddi artımlar pronozlaşdırılmır. Əksinə, şist neft hasilatı artarasa, Yaxın Şərq neft nəqlini əvvəlki həcmdə bərpa edərsə, o zaman biz neftin dünya bazar qiymətində azalmaların olmasını müşahidə edə bilərik. Bu zaman artıq neftin dünya bazar qiymətindəki artımlar yeni azalmalar ilə əvəz oluna bilər”.

“Dünya bazar qiymətindəki artımların dayanıqlı olması olduqca vacibdir”

“Azərbaycan neft ölkəsidir, gündəlik 700 min barelə yaxın neft ixrac edir və neftin dünya bazar qiymətinin artması Azərbaycanın dövlət gəlirlərini artırır. Təbii ki, bunun davamlı olmasına ehtiyac var. Qısa müddətli artımlar ilə ölkəyə daxil olan vəsaitlərin həcmi artsa da, daha davamlı artımlar üçün neftin dünya bazar qiymətindəki artımların dayanıqlı olması olduqca vacibdir”, - deyə iqtisadçı bildirdi.

 

“Büdcədən sosial istiqamətə ayrılan vəsaitlərin həcminin artırılmasına ehtiyac var”

Bayramov onu da vurğuladı ki, neftin dünya bazar qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq, büdcədən sosial istiqamətə ayrılan vəsaitlərin həcminin artırılmasına ehtiyac var: “Çünki Azərbaycan büdcəsinin Avropa ölkələrində olduğu kimi, tam olaraq sosial büdcəyə çevrilməsi vacibdir. Bu baxımdan, qiymət artımları indiki intervalda stabilləşərsə, bu dövlətə imkan verə bilər ki, daha çox vəsaiti sosial istiqamətlərə ayırsın”.

Muxalifet.az

10:07