Unudulmuş qəsəbənin çirkli avtobusları: Sakinlər narazıdır

 

Paytaxt nəqliyyatının problemləri bitmir.Mətbuat bununla bağlı vaxtaşırı yazır, ancaq nəticə yoxdur.Az qala hər gün redaksiyamıza nəqliyyatda baş verən neqativ hallarla bağlı şikayətlər gəlir. Ancaq aiddiyati qurumlar tədbir görmürlər.Əsas şikayət ətraf qəsəbələrdəki marşrut xətləri ilə bağlıdır.Buna səbəb bu qəsəbələrə işləyən marşrutların interval problemi, avtobusların köhnə və istismara yararsız olması, eləcə də sərnişin avtobuslarının azlığıdır.

Bu dəfəki şikayətlər yenə də Suraxanı rayonunun Hövsan qəsəbəsindən gəlib. Şikayətçilərin bildirdiyinə görə, qəsəbədən şəhərin müxtəlif istiqamətlərinə işləyən sərnişin avtobuslarının hamısı onları əsl mənada təngə gətirib.Qeyd edək ki, qəsəbədən şəhərə cəmi 4 xətt üzrə - marşrut işləyir.Bunlar metronun “Əhmədli” stansiyasına - 132, Suraxanı rayonuna - 161, “Xətai” metrostansiyasına - 175 və “Neftçilər” metrosuna hərəkət edən 103 nömrəli marşrutlardır.Sözügedən bütün avtobus sürücüləri sükan arxasında özbaşınalığa yol verirlər.Son günlər tez-tez müşahidə olunan sərnişin avtobuslarında intervalın pozulması və digər neqativ hallar bu qəsəbənin əhalisinin ciddi narazılığına səbəb olub.

Əsasən pik saatlarda bu avtobusları tapmaq mümkün olmur. Səhər saatlarında gecikmələr daha çox baş verir ki, bu da işə tələsən insanları narazı salır.Səhərlər 132 nömrəli avtobusun “qəbuluna” düşmək heç cür mümkün olmur.Təxminən 8 dəqiqədən bir gələn avtobusa basabas əlindən minmək də olmur.Çox zaman salonu dolu olan avtobus sürücüsü bu səbəbdən dayanacaqlarda dayanmır. Avtobus qəsəbənin o başındaca dolur... Qəsəbənin bu başında qalanlar isə 132 nömrəli avtobusa həsrət qalır və işə gecikməmək üçün məcbur qalıb taksi ilə gedir.Bu isə onların büdcəsinə uyğun gəlmir.Şikayətçilər 161 nömrəli avtobusdakı neqativ hallardan da gileyləniblər.Deyirlər ki, interval həddi yarım saatdan çox olan bu marşrutları axşam saat 7-dən sonra tapmaq mümkün olmur.Ümumiyyətlə, bu marşrutun sayı qəsəbə əhalisinə görə çox azdır. Nəzərə alsaq ki, qəsəbə əhalisinin sayı 50 min civardadır.Bu saya görə 4 istiqamət üzrə marşrut xətti və avtobusların sayı da təbii ki, azlıq təşkil edir. Digər məsələ isə ətraf qəsəbələrə təhkim olunmuş avtobusların istismara yararsız olmasıdır ki, bu da hərəkətin intensivliyinə mane olur.Bəzən avtobus qapılarının nasaz olması, rahat bağlanıb-açılmaması da əlavə problemlər yaradır.Avtobuslarda salonun natəmizliyi, sürücü mədəniyyətsizliyi və özbaşınalığı bu problemləri birə-beş artırır. Hövsan əhalisi aidiyyatı qurumların unudulmuş qəsəbənin nəqliyyat problemlərinə köklənəcəyini ümidlə gözləyir...

Alçina Amilqızı

Cebhe.info

 

09:38