“Ukrayna Türk Dünyasına borcludur”

Dimitro Kanibolotski Ukrayna doğumlu karaim türküdür. Onunla 27 illik dissident həyatı yaşamış məşhur Anatoli Lıpinosun sayəsində tanış olmuşdum. Taras Şevçenko adına Kiyev Dövlət Universitetini bitirib. Ukrayna və Türk Xalqlarının arasında tarixi və mədəni əlaqələr üzrə yeni nəslin mütəxəssislərindən biri sayılır. Ukrayna ərazisində tarixi sivilizasiyanın qədim türkləri tərəfindən yaradılması, özəlliklə Skif Çarlığı dönəmindən bu günə kimi dəyərlərini araşdırmaqla bunun ictimai düşüncədə inkilafı konseptlərini gündəmə gətirmişdir. Bu torpaqların sakinlərinin genetik baxımdan çoxluğunun xristian-slavyan kökənli toplumların türk xalqları ilə iç-içə olmasının varlığını elmi dəlillərlə ortaya qoymasının bir başqa səbəbi isə Ukrayna və Türk Dünyası anlamlarının Rusiyanın uzun illərdir klassik və çağdaş neoimperiya baxışlarının dəyişməsinə yönəldilmişdir.

– Pan Dimitro, sizin türk xalqlarına olan maraqlarınız hansı səbəblərdən yaranmışdır?

– İlk öncə onu qeyd etməliyəm ki, bu gün Şərqi Avropada mövcud olan slavyan dövlətləri modelinin əsas səbəbkarı tarixdə çox böyük izləri olan türk dövlətləri və imperiyalarının varlığı ilə ölçülür. Polşa, Ukrayna, Belorus, Çexiya, Slovakiya, Bolqarıstan, Sloveniya, Makedoniya, Xorvatiya, Bosniya və Hersoqovina, Serbiya və Qaradağın (Çernoqriya) bu gün var oluşunun genologiyasının izləri bütün bunları təsdiq edir. Uzun illərdir Ukrayna, Krım və Balkan yarımadasında mövcud olan ən qədim dövlətlərin tarixinin altun səhifəsi məhz skif türklərinə məxsus olmasını bu inkar etmək ən böyük yalnış baxışlardan biri olmasıdır. Gök Türk Xaqanlığı, Batı Gök Türk Xaqanlığı, Avar Xaqanlığı, Kutrigurlər Xaqanlığı, Otrigurlar Xaqanlığı, Böyük Bulqar Xanlığı, Xəzər İmperiyası, Tuna Bulqar Xanlığı, İdil Bulqar Xaqanlığı, Peçeneklər Xanlığı, Kumanlar Xanlığı, Böyük Səlcuqlu Xanlığı, Altun Orda İmperiyası, Basaroba Xanlığı, Osmanlı İmperiyası və Dobruca Bəyliyinin tarixi bütün bunları sübut edən həqiqətlərdir. Bu gün Türk Dünyasında fərqli dil ailələri mövcud olsa da, heç bir toplum digərinin özəlliklərinə müdaxilə etmir. Oğuz, Qıpçaq, Fin-Uqor və Altay dil ailələri konsolidasiya olunmuş bir düzənlə birgə addımlar atırlar. Əcdad kultuna sayğı ilə yanaşılır. Adlarını çəkdiyim türk dövlətləri və imperiyaları heç bir zaman biz slavyan toplumlarını assimliasiya etmək, dinimizi dəyişdirmək, milli varlığımızı əlimizdən almaq kimi siyasətlər yürütməmişlər. Min dəfələrlə təəssüflər olsun ki, 1550-ci illərdən başlayaraq, Çarlıq Rusiyası sadəcə slavyan toplumlarını deyil, həm də bütün türk xalqlarını assimliasiya siyasətlərini yürütmüşdür. Bu mümkün olmadıqda isə, soyqırıma üz tutmuşdur. Bütün bunlar keçmiş Sovetlər Birliyi dönəmində də davam etmişdir. Rusiya və rus tarixçiləri bu gün də öz ənənəsini nümayiş etdirməkdədir. İndiki dönəmdə bütün bunlara qarşı dirənmək hər bir xalqın təbii haqqıdır. Qərbi Ukrayna ona görə Rusiyaya qarşı mübarizə aparmırdı ki, ortada katolik inancı əsas vasitə kimi qəbul edilirdi. Bu, əslində ukrayna xalqının özümlü olması və fərqli biçimdə özəlliyini qoruması siyasətinə bağlı olub. 1930, 1950 və 1970-1990-cı illərdə yurdsevər ukrain siyasətçiləri türk xalqları ilə birlikdə bu siyasətə qarşı çıxmışdır. Son illərdə Belorus bir dövlət olaraq Rusiyanın təqsiri üzündən defolt durumuna düşmüşdü. O zaman Azərbaycandan çox böyük dəstək gəldi. Belorus indiki halında Azərbaycana borcludur. Ukraynanı rüşvət və korrupsiya bataqlığına sürükləməklə bu dövləti də defolt aqibəti gözləyirdi. Bu dəfə isə Türkiyə, Azərbaycan və Qazaxıstan onun yanında yer aldı. Bizim Rusiya və rus xalqı ilə hər hansı bir problemimiz yoxdur və olmayacaq da. Problemin əsas səbəbi Kremli bu gün idarə edənlərin baxışlarının çağdaş standartlardan uzaq düşməsidir.

– Siz qeyd edirsiniz ki, Ukrayna və Türk dövlətləri arasında inteqrasiya sürətli şəkildə inkişaf etməlidir. İndi bunun izləri müşahidə olunurmu?

– Əlbəttə bütün bunlar bir gerçəklikdir. Unutmayaq ki, Qərbi Avropanın iri dövlətlərinin öz strateji maraqları vardır. Katolik kilsəsi, istərsə də ortodks kilsəsi bizləri öz təsiri altına almaq üçün dərin hədəflərini ortaya qoyurlar. Bu, daha çox maliyyə və iqtisadi asılılıq üzərində köklənmiş hədəflərdir. Türk dövlətləri ilə bu məsələlərdə hər hansı bir sorun yaşanılmır. Biz Türk Dünyasına olan etimadımızı Krım Türklərinə göstərdiyimiz sayğı ilə isbat edirik. 1943-cü ildə Sibirə və Orta Asiyaya sürgün edilən Krım Türklərinə 1985-ci ilə kimi öz tarixi torpaqlarına geri dönmələrinə izin verilmirdi. Yenidənqurma prosesləri başlayan kimi ilk addım olaraq, onların öz vətənlərinə dönmələri hərəkatını başlatdıq və bu gün də əlimizdən gələn dəstəyimizi onlara göstərməkdəyik.

– Krımın işğalına necə baxırsınız?

– Çox mənfi yanaşırıq. Ukrayna bir dövlət olaraq, MDB toplantılarında daim Qarabağ məsələsində Azərbaycanın yanında olub. Bizlər Türk dövlətləri ilə əlaqələrimizi nizamlı bir şəkildə quraraq birlikdə Qarabağın Ermənistana ilhaq edilməsinin qarşısını almışıq. 1991-ci ildən üzü bu yana MDB-nin protokollarını incələsək hər kəs bunun şahidi ola bilər. Rusiya Moldova və Gürcüstandakı işğalçı siyasətində tədricən məğlub duruma düşüdüyü üçün, Ukraynada uzun vədəli idarəolunan rüşvət və korrupsiya siyasətinin sayəsində Krımı işğal etməklə dünya və regional siyasətdə vaxt qazanmaq taktikasını seçsə də, strateji hədəfdə daha ağır məlubiyyətə düçar olmuş durumdadır.

– Krımla bağlı ölkənizdəki Azərbaycan diasporu da Ukrayna dövlətinin yanında olduğunu nümayiş etdirdi.

– Elədir ki, var. Bu gün Ukrayna boyunca toplam 400 min nəfərdən çox azərbaycanlılar yaşayırlar. “Ukrayna Azərbaycan Diaspor Təşkilatları Federasyası” adlı qurumla bizim hökumət sıx əlaqələrə malikdir. Ukraynanın azadlığı uğrunda azərbaycanlılardan şəhid olan insanlar var. Bizlər onların xatirəsini əziz tutur və ailələrinə ən yüksək səviyyədə gərəkən dəstəyimizi veririk. Bununla yanaşı, Ukrayna vətəndaşı olan azərbaycanlıların dövlət işlərində, yerli bələdiyyələrdə, vilayət və ölkə Radasında təmsil olunmaları üçün imkanlar yaratmışıq. Vinnits, Volın, Dnepropetrovski, Donetsk, Jitomir, Karpat, Zaporej, İvano Frankovski, Kiyev, Lvov, Nikolaev, Odessa, Luqansk, Poltava, Rovnenski, Sum, Ternopol, Xarkov, Xerson, Xmelnitski, Çerkas, Çerniqov və Çernovits vilayətlərinin hər birində azərbaycanlıların diaspor təşkilatları mövcuddur. Türkiyədən gəlmiş və burada artıq yeni diaspora çevrilmiş onminlərlə vətəndaşlar yaşayırlar. Orta hesabla Ukraynada bu gün iki milyondan çox türk kökənli toplumlar yaşayırlar. Biz çalışırıq ki, Ukraynada yaşayan Azərbaycan, Türkiyə, Krım, Ahısqa, Başkort, Tatar, Çuvaş, Qazax türklərinin bütün diaspor təşkilatları birlikdə hərəkət etsinlər. Hər bir türk boyu öz dəyərləri ilə birgə Ukrayna dövlətinin quruculuğunda yaxından iştirakda bulunsunlar.

– Bayaq Qərbi Avropa dövlətlərinə soyuq münasibətdə olduğunuzu qeyd etdiniz. Bunun səbəbi nədir?

– Biz Qərbi Avropa və ABŞ-la strateji əməkdaşlığın tərəfdarıyıq. Demokratiyanın inkişaf etməsinə daha çox önəm veririk. Ukraynanın güclü olmasını burada yaşayan xalqların birgə iştirakı ilə təmin etməyi hədəf seçmişik. Biz hər hansı bir dövlətin iqtisadi və siyasi baxımdan köləyə çevrilməsinə qarşıyıq. İşğalçılıq siyasətini qətiyyən qəbul etmirik. Buna görə də Ukrayna bir dövlət kimi var olduqca, daim Azərbaycanın yanında yer alacaq. Biz MBT, ATƏT, Avropa Şurası, Avropa Birliyi və digər beynəlxalq birliklərdə hər zaman Azərbaycanın yanındayıq. Azərbaycan tərəfinin ortaya atdığı bütün təşəbbüslərə dəstək veririk.

– Siz özünüz mənşəcə karaim türküsünüz. Mənsub olduğunuz etnosun varlığı ilə bağlı Azərbaycanda çox az adam bilgilərə malikdir.

– Bizləri karaim adlandırsalar da, özümüzü hər zaman karaylar adlandırmışıq. Bu sözün əsil mənası isə gəraylardır. Rus dilində işlədilən “geroy” sözü də buradan yaranıb. Digər tərəfdən isə karaim sözünün funksiyası Xəzər İmperiyası dönəmində yaranmışdır. Belə ki, iudaizm dini Xəzər İmperiyasının xaqanlığı tərəfindən saray inancına çevrildikdən sonra, əski iudaizmdə yer alan “karaimizm” cərəyanı geniş şəkildə yayılmağa başladı. Məşhur tarixçi və yazıçı Artur Kösler, Natan Ausubel, Peter Golden, Andreas Roth, Jason Arnson, Julius, Mixail Artomonov, Balint Csanad, Mixail Barkun, Alan Kevin Brook, Averil Cameron, Dunlop Douglas, Mike Eduars, Yuri Gauthier, Marsel Erdal, Kinder Hermann, Honnan Thomas, Zeki Velidi Toğan, Hüseyn Orkun, Bahaeddin Ögel və başqa ünlü araşdırmaçılar biz karaimlərin mənşəyini araşdıran fundamental elmi əsərlər ortaya qoymuşlar. Biz türk dilində danışır və mahnılarımız, musiqimiz də bu dildədir. Çarlıq və Sovet Rusiyası, Hitler Almaniyası bizim xalqı daim təqib ediblər. Ona görə də bizim xalq Polşa, Litva, Belorus, Moldova, Romıniya, ABŞ, İsveçrə və digər ölkələrə miqrasiya etməyə məcbur qalıb. Hal-hazırda Ukraynada bizlərin 12 təşkilatımız fəaliyyət göstərir. Biz çalışırıq ki, bütün tədbirlərimizdə Azərbaycan diaspor təşkilatları da yaxından iştirak etsinlər. Hətta əksəriyyəti ilə yaxından təmaslarımız da vardır.

– Siz həm də uzun müddət Ukrayna dissident hərəkatının fəalları ilə yaxından təmasda olmusunuz.

– Elədir ki, var. Keçmiş Sovetlər Birliyinin zindanlarında 27 il həbsdə saxlanılan mərhum Anatoli Lıpinos 1991-ci ildən sonra davamlı şəkildə Azərbaycana səfərlər edərdi. O bir dəfə mənə dedi ki, Naxçıvanda Türkiyə ilə “Ümid Körpüsü”nün açılışına getmişdi. 70 illik ayrılıqdan sonra Azərbaycan və Türkiyə arasında yollar açılırdı. Rəsmi mərasim bitən kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev oraya toplanmış onminlərlə adamın arasından çıxaraq dərhal Anatoli Lıpionasa yaxınlaşmış və bu sözləri demişdi: “Baxmayaraq mən sovet KQB-də çalışmışam və Pan Anatoli Lıpinos zindanlar görüb, bu gün bizim xalqlarımızın taleyi bizləri birləşdirir”. Onun bu sözləri Türkiyənin KİV-ləri tərəfindən böyük həyəcanla qarşılandı. Ukraynada da bu fikirlər ictimai xarakter daşıdı. Mən o zaman çox gənc idim. Pan Anatolinin fikirlərinin sonradan nə qədər haqlı olduğunun dəfələrlə şahidinə çevrilmişəm.

– Heç Azərbaycanda oldunuzmu?

– Mən çox istərdim ki, Türk Dünyası ailəsinə mənsub olan dövlətləri gəzim. Həqiqətləri öz gözlərimlə görüm. Bu gün Ukraynada Qaqouz, Azərbaycan, Krım, Ahısqa, Başkort, Çuvaş, Qazax və Tatar Türklərinə məxsus diaspor təşkilatları ilə təmaslar qurmuşam. Bu toplumların vasitəsilə qiyabi şəkildə olsa da, hər bir türk boyuna məxsus coğrafiya, tarix və mədəniyyət haqqında geniş təsəvvürlərim vardır. Sizlərin aşıq havalarınızı çox dinləmişəm. Demək olar aşıq musiqinizin ritmi elə bizim karaimlərin musiqisi ilə eynidir. Hətta bizim və sizin xalçalarımzda və milli geyimlərimizdə olan ornamentlər və rənglər də eynidir. Sağlıq olsun, ilk fürsətdəcə Azərbaycana gələcəyəm. Əldə etdiyim bilgilərə görə Azərbaycan və Ukraynanın iqlimində və insanlarının xarakterində xeyli dərəcədə bənzərliklər var. Deməli Ukrayna və Azərbaycanın bənzərliyinin genetikasını öyrənmək lazımdır. Bütün bunları ictimailəşdirmək isə biz alimlərin borcudur.

Söhbətləşdi: Ə. Yusifoğlu

16:07