Tarixi tədqiqatlarıyla erməniləri qəzəbləndirən özbək tarixçi Bakıdadır

 

Tarixi tədqiqatlarıyla erməniləri qəzəbləndirən özbək tarixçi Bakıdadır Tarix İnstitutunda Şuxrat Barlasla görüş keçirilib. Görüşdə Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov bildirib ki, Şöhrət Barlasın imzası Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır: O, “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) kitablarının müəllifidir.

“Təkzibolunmaz və çoxsaylı arxiv sənədləri əsasında yazılmış bu əsərlər sübut edir ki, XX əsrin əvvəllərində böyük dövlətlərin köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycan, Şərqi Anadolu və Mərkəzi Asiyanın türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli faciələrindəndir”, - deyə Y.Mahmudov qeyd edib.

Özbək tədqiqatçı bildirib ki, azərbaycanlılar tarixən Özbəkistanın ictimai, mədəni həyatında mühüm rol oynayıblar. Özbək qonaq Tarix İnstitutuna Özbəkistanın paytaxtı Daşkənddə özbək dilində çap olunmuş kitabları - Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “Geosiyasət” kitabını, Məhəmməd Füzulinin əsərlərini, “Müasir Azərbaycan poeziyası antologiyası” və Nizami Gəncəvinin “Sirlər xəzinəsi” kitablarını təqdim edib.

Xatırladaq ki, Ş. Barlas Tarix İnstitutunun fəxri doktoru və dissertantıdır. O, hazırda “Azərbaycan və Türküstan tarixində daşnak terroru” mövzusu üzərində tədqiqat aparır. Dissertantın elmi rəhbəri Yaqub Mahmudovdur.
Qeyd edək ki, Şöhrət Barlas "Qarabağ: ideyalar müharibəsi" kitabının müəllifidir. Kitabda erməni daşnaklarının öz himayəçilərinin köməyi ilə insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktlar əksini tapıb.

Şöhrət Barlas haqqında ermənilərin irəli sürdüyü ittihamlar əsasında Daşkənd şəhərinin Çilanzar rayon məhkəməsində iddia qaldırılıb. Məhkəmə tarixçinin fəaliyyətində cinayət tərkibinin olmaması barədə qərar qəbul edib, onun elmi araşdırmalarının davam etdirilməsi üçün heç bir maneənin olmadığını bildirib.

Qeyd edək ki, Şöhrət Barlas müəllifi olduğu “Qarabağ: ideyalar müharibəsi” və “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” kitablarına görə ermənilərin ittihamları ilə üzləşmiş, ona qarşı çirkin kampaniya başlamışdı.

Ermənilər onu saxtakarlıqda, millətçilik, pantürkizm və fırıldaqçılıqda ittiham edir, haqqında əsassız böhtanlar yayır, ekstremist qruplarla əlaqədə günahlandırır, şərəf və ləyaqətini təhqir edirdilər. Qeyzlənmiş erməni icması hətta onun evinə hücum edib pəncərəsinin şüşəsini sındırmışdı. “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” kitabında isə daşnaklar tərəfindən özbəklərə qarşı törədilən qətliamlardan bəhs olunur.

 

Sevil
Hurriyyet.org

 

10:28