“Reket jurnalistlər” yuvası... – Və yaxud "Azərbaycan" nəşriyyatının baş direktoru nə dərəcədə haqlıdır?

Dekabrın 3-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, müavini Hikmət Nəcəfli və qəzetin bir neçə əməkdaşını həbs edib. Onlar qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılmasında ittiham olunur. Bu əməliyyatdan sonra DTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən yayılan açıqlamada bildirildi ki, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı tədbirlər davam etdirilir. Odur ki, DTX əməkdaşlarının keçirdiyi növbəti əməliyyat zamanı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev həbs edildi.

Qeyd edək ki, DTX-nın “reket jurnalistlər”ə qarşı keçirdiyi bu əməliyyat cəmiyyətdə müsbət qarşılandı. Nəinki hökumətə yaxın media şəbəkələrinin rəhbərləri, hətta müxalifyönlü qəzetlər, QHT rəhbərləri, hüquq müdafiəçiləri və çoxsaylı ictimaiyyət nümayəndələri “reket jurnalistlər”ə qarşı aparılan əməliyyatları birmənalı olaraq təqdir etdilər. Ən azı ona görə ki, kimliyindən və cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq hər kəs qanun qarşısında cavabdehdir. Lakin təəssüflər olsun ki, “jurnalist” adına iddia edən bu şəxslər neçə illərdir şantaj, böhtan xarakterli əməlləri ilə çox ağır cinayətlər törətməklə yanaşı, Azərbaycan jurnalistikasının nüfuzuna da çox böyük zərbə vurublar. Etiraf etməliyik ki, bu cür şəxslərin qanunsuz əməlləri sayəsində ölkədə jurnalistə olan inam və etibar hazırda minimum səviyyəyə enib. Üstəlik, bu səbəblərdən son illər çoxlu sayda peşəkar jurnalist də bu sahədən üz döndərib. Maraqlıdır ki, bütün bunlara rəğmən, həbs olunan “jurnalistlər”in reketçilik fəaliyyəti ilə məşğul olmadığını dolayısı ilə iddia edənlər də olub. Bu şəxslərin arasında “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərovun olması isə xüsusilə diqqəti cəlb edir. Belə ki, Dövlət Təhlükəsizlik Xidmətinin "reket" jurnalistlərə qarşı əməliyyatına münasibət bildirən A.Əsgərovun sözlərinə görə, DTX tərəfindən keçirilən əməliyyatda həbs olunanlar "reket" jurnalistlər deyil. “DTX-nin həbs etdikləri Eldar Mahmudovun adamlarıdır” - deyə A. Əsgərov APA-ya açıqlamasında bildirib. O qeyd edib ki, “Azərbaycan” Nəşriyyatında "reket" jurnalist yoxdur: “DTX-nin həbs etdikləri "reket" jurnalist olsaydı, onları çoxdan nəşriyyatdan çıxarardıq. Onların Mətbuat Şurasının “qara siyahısı”nda da adları yoxdur. Biz bu “qara siyahı”ya ciddi əməl edirik. Siyahıya düşən redaksiyaları nəşriyyata buraxmırıq. DTX tərəfindən həbs olunan adamlar keçmiş nazir Eldar Mahmudovun cinayət qruplaşmasının üzvləridir. Eldar Mahmudov istədiyi şəxsi bu "jurnalistlər" vasitəsilə qaralayır, pul alır, şantaj edir və yaxud həbs edirdi”.
Əlbəttə, biz Ağabəy Əsgərovun açıqlamasını şərh etmək fikrindən uzağıq. Lakin bu şəxslərin zaman-zaman “Eldar Mahmudovun adamları” kimi təqdim olunmasının da təsadüf olmadığı, məqsədli şəkildə ortaya atıldığı qənaətindəyik. Ən azı ona görə ki, Eldar Mahmudov vəzifədən çıxarılandan sonra – təxminən son bir il ərzində də həmin şəxslərin öz “reketçilik” fəaliyyətlərini davam etdirdiyi kimsəyə sirr deyil. Hətta, belə demək olar ki, onlar son dövrlər öz qanunsuz fəaliyyətlərini daha açıq və kimsədən çəkinmədən həyata keçiriblər. Belə olduğu təqdirdə, həmin şəxslərin zamanında Eldar Mahmudov və yaxud ona yaxın şəxslər tərəfindən himayə edildiyi inandırıcı görünmür. Əksinə, onların son bir il ərzində daha sərbəst fəaliyyət göstərməsi onu deməyə əsas verir ki, Azərbaycanda “reket jurnalistləri” himayə edən şəxslər hələ də vəzifə başındadırlar...

Kənan

P.S. O ki, qaldı Ağabəy Əsgərovun "Azərbaycan" Nəşriyyatının “reket jurnalistlər” yuvası olmadığı haqqında iddiasına, zənnimizcə, baş direktor arada vaxt tapıb bir-bir otaqları döysə, hər şey ona bəlli olar. Əlbəttə, biz "Azərbaycan" Nəşriyyatında olan bütün qəzetlərin "reketçilik" fəaliyyəti ilə məşğul olduğunu iddia etmirik. Amma, təəssüflər olsun ki, əksər "reket jurnalistlər"in də məhz bu ünvanda özünə sığınacaq tapdığı sirr deyil...

13:42