“Qarabağ”ın futbolçuları cəbhədə – FOTO

Mayın 17-də  “Qarabağ” futbol klubunun futbolçuları cəbhə bölgəsinə yollanıb.

Xudaferin.eu “Qarabağ” FK-nun rəsmi saytına istinadən xəbər verir ki, komandanın üzvlərini, o cümlədən  İbrahim Şehiç, Elvin Yunuszadə, Maksim Medvedev, Qara Qarayev və Coşqun Diniyevi ilk olaraq N saylı hərbi hissənin komandiri general-mayor Hikmət Həsənov qarşılayıb.

Həsənov futbolçularla söhbətində daim “Qarabağ”ımızın oyunlarını izlədiyini və qazandığı uğurlara sevindiyini dilə gətirib.

Futbolçular da daim Qarabağ uğrunda döyüşməyə hazır olduqlarını bildirib. Hərbi hissə komandirinə “Qarabağ”ın Çempionlar Liqasında geyindiyi forma, şarf və top hədiyyə olunub.

Düşmənlə yaxın məsafədə yerləşən hərbi hissəyə baş çəkən futbolçular buradakı şəraitlə yaxından tanış olublar.

Daha sonra onlar əsgərlərə hədiyyələrini təqdim edib, şəkillər çəkdirib. Sonda isə bir qrup əsgər futbolçularla birlikdə topla məharətlərini göstərib.

 

14:41