Övlad üçün təpiklənməyi belə gözə almağın adıymış - ATALIQ!

Aylar öncə bir ad günündə idim. Dostum oğlunun 7 yaşını qeyd edirdi. Bizi də çağırmışdı. Məclis də əsasən uşaqlardan ibarət idi. Nə isə...elə ki, kloun gəldi, balacalar cumdu onun üstünə. Bir xeyli əyləndilər. Amma... bir baxdım ki, uşaqlar üz alıb və...oğlanlardan ikisi klouna arxadan təpik vurur. O da bir şəkildə zarafata salıb bunları ha yola vermək istəyir, ha uşaq dilində danışır, ha ortalığa bir söhbət salıb vəziyyətdən çıxmağa cəhd edir. Fəqət alınmır ki, alınmır... Boynu yoğun valideynlərdən də bircəciyi uşağına təpinmir, qışqırmır, göz ağartmır... Əlqərəz, klounun proqramı bitdi. Sanki ona yox, təpiyi mənə vurmuşdular. İçim həqiqətən göynəyirdi. Yerimdə qərar tuta bilmədim, klounun arxasınca soyunub-geyinmə otağına girdim. Əvvəl məni görmədi. Baxdım ki, köynəyini başından çıxara-çıxara ağlayır. Dilinin də altında nəsə danışır. Astadan. Məni görçək tez özünü düzəltdi. Bir qədər səssiz qaldıqdan sonra isə qəfil səsləndi: "Pul çatıb müəllim..." - Yox əzizim, mən pula görə gəlməmişəm. Sadəcə o nadinc uşaqların əvəzinə üzr istəmək istədim... - Müəllim, mən hər gün bu həyatı yaşayıram.... Klouna gələn qəfil zəng söhbətimizi qırır. Qızıdı. Nəsə deyir. Mənsə sadəcə atanın verdiyi cavabı eşıdırəm: "Ağıllı balam, ata işdədi, sən ananı qucaqla yat. Aha alacam. Söz. Sən istədiyin oyuncağı alacam. Ata canı alacam" 
P.S ..Övlad üçün təpiklənməyi belə gözə almağın adıymış - ATALIQ! 

Elnur Əliyev
Xudaferin.eu

12:50