Rüsumsuz gətirilən siqaret və alkoqollu içkinin həcmi azaldıldı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1194-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Xudaferin.eu xəbər verir ki, dəyişiklik Azərbaycana spirtli içki və siqaret idxalı zamanı tətbiq edilən vergi güzəştinin həcminin azaldılması ilə bağlıdır.

Ölkəyə idxal zamanı aksiz vergisindən azad olunan spirtli içkinin həcmi iki dəfə, siqaretin həcmi isə üç dəfə azaldılıb.

Bununla da fiziki şəxslər fərdi istehlak üçün 1,5 litr alkoqollu içkini, 200 ədəd siqareti ölkəyə gətirərkən heç bir rüsum ödəməyəcəklər. Bundan əvvəl üç litr spirtli içkinin, 600 ədəd siqaretin fərdi istehlak üçün Azərbaycan ərazisinə gətirilməsi aksizdən azad idi.

Dövlət başçısı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1195-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. 

Sənədə əsasən, alkoqollu içkilərə aksiz markasının verilməsinə görə 0,06 manat, tütün məmulatlarına aksiz markasının verilməsinə görə isə 0,05 manat dövlət rüsumu müəyyən edilib.

Xudaferin.eu

14:26