Mehman Əliyev: “Jurnalistlərin həbsi medianı susdurmaq məqsədi daşıyır”

 

 

Jurnalist Əfqan Muxtarlının Gürcüstan Respublikasından oğurlanaraq Bakıya gətirilib həbs ediməsi, eyni zamanda “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun barəsində cinayət işi açılması və jurnalist Azər İsrafilovun yenidən həbs olunması son günlər medianın üzərində qara buludların əsdiyini göstərir. Bu 3 olay onu göstərir ki, ölkədə bundan əvvəl də söz və mətbuat azadlığına qarşı radikal addımlar atılıb, bu gün də bu davam edir, bundan sonra da belə olacaq.

 

Doğrudur, jurnalist peşə etikasına uyğun olaraq yazılarında təhqir, böhtan ifadələri işlətməməli, əsası olmayan informasiyanı yazmamalıdır. Amma həqiqəti, faktı yazan jurnalistilərin də qarşısına çəpər çəkilməməlidir. Kim bilir, bəlkə də jurnalistlərə qarşı atılan bu addımlar ona hesablanıb ki, bügünləri idarəetmədə aparılan struktur dəyişikliklərinə kölgə salsın, hökuməti media ilə qarşı-qarşıya qoysun.
 

“Məqsəd media mekanını nəzarətə götürmək və hakimiyyətin istədiyi formada cəmiyyəti məlumatlandırmaqdır”
 

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Hurriyyet.org-a bildirdi ki, jurnalistlərin həbsi medianı susdurmaq məqsədi daşıyır: “Burada başqa nə məqsəd ola bilər ki?! Məqsəd media məkanını nəzarətə götürmək və hakimiyyətin istədiyi formada cəmiyyəti məlumatlandırmaqdır. Əsas məqsəd budur”.

Əliyev vurğuladı ki, jurnalistlərin döyülməsi, tutulması yeni bir şey deyil: “Bu artıq bir həyat tərzidir”.
 

“Bütün ömrümüzü söz azadlığı uğrunda vuruşmuşuq”
 

“Mən 27 ildir ki, “Turan” İnformasiya Agentliyində işləyirəm, hələ ondan qabağı demirəm. Bizim mövqeyimizi bilirsiniz. Jurnalistlərin həbsini necə düzgün saya bilərəm? Bütün ömrümüzü söz azadlığı uğrunda vuruşmuşuq” - dedi M. Əliyev.

Şamo EMİN
Hurriyyet.org

 

09:30