Məhəmməd Rəhmanifər: Millət dirənsə, istəyinə gec-tez çatacaq

 

Məhəmməd Rəhmanifər İran mollakrat rejimində Türk dilinin tədris edilməsinə həm müsbət baxanların, həm də tamamilə buna qarşı olan siyasətçilərin mövcud olduğunu deyir. Güney Azərbaycanın başkəndi Təbrizdən “Amerikanın Səsi” radiosuna danışan yazar və Türk dili müəlliminin sözlərinə görə, ana dili ilə bağlı təşkil olunan kampaniyalar nəticəsində toplumda Türkcə yazıb-oxuyanların sayının sürətlə artması ilə bərabər Türk adı da rəsmi tribunalardan səsləndirilməyə başlanıb.

Qulaməli Həddad Adil kimiləri var ki, qətiyyən Türk dilinin tədrisinə meydan vermək istəmirlər. Bunlar dövlət səviyyəsində çoxdurlar. “Azərbaycanda milli-mədəni fəallarımız toplumda olan ana dilində təhsil tələbini məsulların qulağına çatdırmaq istəyir. Bir yandan da millətin özünü öz dilində yazıb-oxumağa çağırırlar. Bunların hər ikisi bir-biri ilə yanaşı gedir,” deyə Rəhmanifər söyləyir.

Onun dediklərinə görə, “Türk dilinin tədrisi və hətta dərsliklərin hazırlanmasına dair dövlət səviyyəsində söhbətlər gedir. İndi bu məsələ ilə bağlı dövlətdə iki qanada ayrılıblar. Bir qrup bu nəticəyə gəlib ki, bu dil tədris olunmalıdır - ya da ən azından bunun necə başladılmasını düşünürlər. Qarşı tərəfdə də Qulaməli Həddad Adil kimiləri var ki, qətiyyən buna meydan vermək istəmirlər. Bunlar dövlət səviyyəsində çoxdurlar.”

Türk dilinin tədrisi məsələsi ilə əlaqədar dövlət səviyyəsində çəkişmələrin olduğunu önə çəkən Rəhmanifər bunun ana dili kampaniyalarının nəticə verdiyi anlamına gəldiyini ifadə edir.
 

“Amma dövlət səviyyəsində, hələ ki, hiss olunan bir nəticə yoxdur”

100 ildən çox bizi “azəri” adlandırdıqdan sonra, bu gün görürük ki, bu ölkənin rəhbərindən tutub, millət vəkillərinə qədər rəsmi tribunalardan özlərini və bizi Türk adlandırırlar. Rəhmanifər onu da deyir ki: “Önəmli olan budur ki, bizim tələblərimiz açıq şəkildə ifadə olunur. Yazarın sözlərinə görə, rəsmilərin dilindən çıxanlar, əslində toplumda mövcud olan tələblərdir.

“Olsun, onlar buna inanmasalar da, bu düşüncə toplum içində yayılır. Mən inanıram ki, millət bunu istəməlidir. Millət dirənsə və istəsə, istəyinə tez ya gec çatacaq,” o, əlavə edir.

Amerikaninsesi.org

10:24