Ləyaqət paytaxtımız

“Əsarətin gecəsindən flirsət bulmuş quş kibi,

Səhərlərə uçmuşdur

Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,

Yurdumuzu qucmuşdur!”

(Cəfər Cabbarlı)

Riyaziyyatda 8 rəqəminin böyrü üstə yıxılmış şəkli sonsuzluq simvolu sayılır, biz azərbaycanlılar da sanki 1992-ci ilin 8 mayında Şuşanın işğalından sonra xalq olaraq böyrü üstə yıxılmışdıq və bu işğalın sonu görünmürdü. May ayı ilin ən gözəl aylarından biridir, xüsusən bizim yaşadığımız mülayim (“mülayim” sözünün içində təsadüfən “may” var) qurşaqda, ancaq uzun illər biz bu ayı kədərlə qarşılamağa məcbur olmuşduq. Tək 8 mayda Şuşanın işğalı deyildi, 17 mayda Laçın da əlimizdən getmişdi. Bu itkilərə görə 9 may kimi bayram da arada it-bata düşüb öncəki mənasından, istər-istəməz, məhrum olmuşdu. Şükür, daha mayı sevinclə qarşılayacağıq.

Prezidentin sərəncamıyla Şuşa “Mədəniyyət paytaxtı” elan olundu, ancaq bu şəhərin xalqımız üçün daşıdığı, daşıyacağı anlam daha genişdir. Əslində Şuşa bizim həm də “Ləyaqət paytaxtı”mızdır. Ləyaqət – insanın, millətin özünə verdiyi dəyərdir, şərəf başqalarının (“ləyaqət - şəxsin özünə qarşı duyduğu ehtiram hissidir” – izahlı lüğətimizdə belə yazılıb). Biz həmişə şərəfi uğrunda can qoyan xalq olmuşuq, burda problemimiz yoxdur. Lakin ləyaqət işində, özünü qiymətləndirmədə axsayırdıq. Biz 27 il idi özümüzə aşağı, qaladan uçuruma yıxılmış, hətta daha kəskin desəm, alçaq kimi baxırdıq. Qəhrəman əsgərlərimizin ötənilki canı, qanı bahasına Azərbaycan təzədən qalxıb durub dağın başında. Səkkiz guşəli ulduzu kimi, hər yana işıq saçır. Artıq bu bizim səkkizdir. 8 noyabr baxımından, həm də.

Hələ qələbə istidir, o üzdən möhtəşəmliyini yaxşı dərk eləmirik. Dağın dibində onun böyüklüyü aydın görünmədiyi kimi. Gərək uzaqdan baxasan. İllər keçəndə biz 44 günlük savaşdakı qələbəmizin barını dadacağıq. Şuşanı alan Azərbaycan xalqı daha əvvəlki xalq olmayacaq. İndi onun korrupsiya ilə, rüşvətxorluqla, yalanla, yaltaqlıqla, seçki saxtakarlığı və sairə bəlalarımızla savaşda böyük ruh yüksəkliyi, sınaqdan çıxmış silahı var. Özünə əmin olmuş xalq yaranıb. Şuşa bizim “Ədalət paytaxtı”mıza da çevriləcək, inanın.

Hətta hərdən adama elə gəlir şirin yuxu içərisindəyik. Əlbəttə, vahimə qatanlar, qorxunc tiplər olmasa. Yenə qazilərə, qəhrəmanlarımıza yuxarıdan aşağı baxan tiplər var. 1990-cı illərin axırlarında qazilərə ayaqqabı silmək işi təklif edən axmaq məmurlar tapılmışdı. İndi də qazini küçə süpürməyə göndərmək istəyirlər. Başa düşmürlər ki, o qazilər Şuşanı qayaya dırmaşıb, əlbəyaxa döyüşlə azad edibsə, belə məmur qırıntılarını da istənilən anda kürüyüb, süpürüb, lap elə “iti qovan kimi qovub” tarixin zibilliyinə atmağa qadirdir. Bu adamlarla belə çirkin “zarafatlar” eləmək olmaz. İnsafən, siyasi rəhbərliyin belə problemlərə dərhal reaksiya verməsi dəyişikliyi göstərir. Əvvəllər hansısa harın məmuru tərpətmək üçün “44 il” lazım gələrdi. Qələbəmizin sürəti bütün sahələrə sirayət etmişdir.

Ancaq düşmənlər də yatmır, girəvə güdürlər. Bu yaxında İrandan Qarabağ ermənilərinə hansısa gizli yük daşıyan maşınların videosu yayıldı. Düzdür, İran bunu sonradan təkzib elədi, lakin biz bilmirik nəyə inanaq – gözümüzlə gördüyümüzə, yoxsa molla rejiminə? Mənə pis təsir edən fakt isə Xankəndinə gizli yük daşıyan maşınların üstündəki şirkətin adıydı. Onu internetdə axtaranda baş ofisi Urmiyadan çıxdı. Bir Azərbaycan şəhərindən. Sanki bizə göz dağı verirlər.

Eyib etməz, bir gün oralarda da “Vəhdət paytaxtı”mız olar.

34f5e8b62017549413013e58c2559eb3.jpg (15 KB)

09:52