İxtisar dalğası dövlət qurumlarına çatdı: Bu dəfə işsizlər dövlətdən olacaq

Etiraf etməsə də ağır iqtisadi böhran şəraitində hökumətin qənaət rejimini keçdiyi hiss edilir. Məlumata görə, büdcəyə qənaət etmək üçün paralel strukturların ləğvinə qərar verilib.2017-ci ilin büdcə layihəsində yaranan kəsirləri aradan qaldırmaq üçün hökumətin bu prosesi sürətləndirəcəyi ehtimal olunur.Oxşar qurumlarla yanaşı, fəaliyyətsiz büdcə təşkilatlarının da ləğv olunacağı gözlənilir.Qeyd edək ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bu günlərdə bəyan edib ki, hökumət qənaət rejiminə keçib və neft dövrü geridə qalıb.Bütün bunlara rəğmən 2017-ci ilin büdcə layihəsi qəbul olunub və büdcə təşkilatlarına müəyyən məbləğdə vəsaitlər ayrılıb. Burada maraqlı bir məqam diqqəti çəkir.Əgər hökumət oxşar qurumların birləşdirilməsini və ya ləğv olunmasını planlaşdırırdısa, bunu niyə büdcə layihəsi qəbul olunmadan etmirdi?Əslində bunun səbəbi müəyyən qədər aydındır.Hökumət ümid edirdi ki, neftin qiyməti bahalaşacaq və qənaət rejiminə keçməyəcəklər.Ancaq hər zaman olduğu kimi yenə də hökumətin planları baş tutmadı və qənaət rejiminə keçmək məcburiyyətində qaldılar.Ümumiyyətlə, oxşar qurumların birləşdirilməsi və ya ləğv olunması büdcəyə hansı təsiri göstərəcək?

“Bu adddım işsizliyə səbəb olacaq”

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hökumətin bu qərarı doğrudur, ancaq bununla bərabər biznes üçün yaxşı şərait yaratmalıdır. Ekspertin sözlərinə görə, əks halda hökumətin bu addımı ölkədə kütləvi işsizliyə səbəb olacaq: “Təbii ki, idarəetmənin optimallaşması olmasa, vətəndaşların gündəlik həyatına müdaxilə edən qurumların sayı azalmasa, atılan addımların effekti olmayacaq. Nəhayət ki, bunu hökumət də anlamağa başladı və bir-birini təkrarlayan qurumların birləşdirilməsi və ya ləğv olunmasına başlayır.Ola bilər ki, gələcəkdə də bu tendensiya daha surətli şəkildə davam etdirilsin.Bu da mümkün haldır.Ancaq burada bir sıra maraqlı məqamlar üzə çıxır.Hökumət ixtisarların aparılmasını, bir-birini təkrarlayan birləşdirilməsini doğru addım hesab edir.Təbii ki, bu doğru addımdır. Biz də bir neçə il əvvəl belə bir təklif vermişdik ki, bir-birini təkrarlayan dövlət qurumları ya birləşdirilməlidir, ya da hər hansı bir funksiya yerinə yetirməyən qurumlar ləğv olunmalıdır. Ancaq hökumət digər xərclərdən, məsələn, idman oyunlarından imtina edib qənaət rejiminə keçmək istəmir.Əslində burada da bir məntiqsizlik var. Dövlət və hökumət qurumlarının birləşdirilməsi və ya ləğv edilməsi təbii ki, büdcəyə qənaət edəcək.Bu gün ölkədə 918 min insan büdcədən maliyyələşən qurumlarda çalışır. Birbaşa və yaxud dolayısı yolla büdcədən maaş alır. Təbii ki, büdcə təşkilatlarının sayının çox olması  büdəcəyə qənaət edəcək. Bunun mənfi tərəfi odur ki, əgər bu proses surətli şəkildə gedəcəksə, kütləvi işsizliyin yaranmasına səbəb olacaq. Dünya ölkələrinin praktikası onu deməyə əsas verir ki, islahatlar aparılan, çevik idarəçilik üsuluna keçən ölkələrdə biznes üçün o qədər yaxşı şərait yaradılır ki, işsiz qalan bir çox insan bunu özünə biznes qurmaqla realizə edir.Azərbaycanda isə bu problem dünən də var idi, bu gün də var və gələcəkdə də bunun tezliklə həll olunmasına ümid azdır.Ona görə də, Azərbaycanda bu prosesin bu şəkildə getməsi sosial gərginliyin artması ilə müşahidə oluna bilər.Əgər qurumların ləğv olunması və ya birləşdirilməsi baş tutarsa, bu həm də minlərlə insanın işsiz qalmasına səbəb olacaq”.
Büdcə layihəsi təsdiq olunduqdan sonra hökumətin belə bir addım atmasına toxunan ekspert bildirib ki, bu hökumətin nəinki bir neçə illik, heç həfətlik belə layihəsi və yanaşması olmadığını göstərir: “Əgər doğrudan da büdcə təşkilatlarında hər hansı bir ixtisar nəzərdə tutulurdusa, bu büdcə layihəsi qəbul olunmamışdan öncə bu proses aparılardı və həmin qurumlara ayrılan vəsait daha vacib sahələrin maliyyələşməsinə ayrılardı. Həmin vəsaitlərin sosial problemlərin həllinə, səhiyyəyə və yaxud da təhsilə ayrılması daha məntiqli olardı. Amma belə bir qərar veriləcəksə, çox güman ki, may ayında Milli Məclisin toplantısı olacaq və büdcəyə əlavə və dəyişikliklərin edilməsi gündəmə gələcək. Bu da onu göstərir ki, hökumət bir neçə ayı belə öncədən görməyi bacarmır.Bu çox mənfi bir xüsusiyyətdir.Çünki, indiki böhran zamannında ən mühim məsələlərdən biri vəziyyətin düzgün təsbit olunması, həm də atılacaq addımların ardıcıllığını və effektliyini təmin etməkdir.Belə aydın olur ki, hökumət hələ də bu rejimdə işləməyə öyrəşməyib”.

Vilayət Muxtar
Cebhe.info

13:46