Həsən Raşidi: İranda demokratiyaya inananlar Türk Bölgələri Fraksiyasını dəstəkləyir

“Türklərdən əlavə o insanlar ki, bu ölkədə demokratiya, insan haqlarına və insanlığa inanırlar, onlar Türk Bölgələri Fraksiyasını dəstəkləyirlər,” deyə Kərəc şəhərindən “Amerikanın Səsi”nə danışan Türk yazar Həsən Raşidi bildirir. Tanınmış yazar fraksiyanın quruluş prosesi, onu dəstəkləyən və əleyhinə çıxan qrupların görüşləri, fraksiyanın fəaliyyət bölgələri haqda danışıb. Raşidi eləcə də Azərbaycan və İranın digər vilayətlərində yaşayan Türk aydınlar, yazarlar və ictimai fəalların Türk Fraksiyasından gözləntilərini şərh edib.

Ötən 20 il ərzində Türk toplumu və Güney Azərbaycan Milli Hərəkatına mənsub fəalların istəklərini mədəni yollarla əldə etməyə çalışdıqlarını önə çəkən Həsən Raşidi Türk Bölgələri Fraksiyasının da həmin istəklər əsasında təsis edildiyini qeyd edir:
“Keçən 20 il ərzində bu istəklər bizim millətin içində daha çox yerinə düşmüş və nəhayət keçənilki seçkilərdə güclü bir şəkildə özünü göstərmişdir. Bir çox millət vəkili namizədi bu istəklərin təməlində məclisə yol tapmışdır. Təbii ki, bunların məclisə getməsində bu insanlarımızın istəkləri rol oynamışdır və bunlardan gözlənti bu idi ki siz məclisə girəndə bu istəkləri yerinə gətirməlisiniz,” deyə cənab Raşidi Türk Bölgələri Fraksiyasının ehtiyaclar əsasında təsis edildiyini vurğulayır.
Həsən Raşidi demokratiya və insan haqlarına inananların Türk Fraksiyasına dəstək verdiyini söyləyir: “Türklərdən əlavə o insanlar ki, bu məmləkətdə demokratiyaya inanırlar, insan haqlarına inamları var və insanlığa inanırlar, onlar bu fraksiyanı dəstəkləyirlər."
O, fraksiyaya müxalif olanları iki dəstəyə ayırır: “Birinci qrup onlar ki, hiss edirlər fraksiyanın arxasında bir nigarançılıq ola bilər. Ona görə ki, indiyə qədər məclisdə belə güclü fraksiya yaranmamışdı. Bir də ona görə nigarandırlar onların deyişi ilə bu həm də ölkənin parçalanması kimi də başa düşülür. Amma onlar bunu görməlidirlər ki, bu fraksiya 100 millət vəkilindən təşkil olunub. O da İranın müxtəlif vilayətlərindən (Güney Azərbaycan dışında), eyni zamanda “Fars” vilayətindən tutmuş Gilan, Quzey Xorasan, Tehranın özü və mərkəzi vilayətlərdən də millət vəkillərinin iştirakı ilə yaranmış bu fraksiyadan nədən və haraya ayrılmağını heç düşünmürlər də. Bəziləri üçün belə güclü fraksiyanın yaranması gözlənilməz ola bilər. Çünki belə güclü bir fraksiya nazirlərdən dövlət məsələsində, social-iqtisadi sektorda mövcud olan problemlərə görə bir sıra dərin sorğuların təsir olar. Amma müxaliflərin ikinci qrupu əsasən Türklərin mövcudluğu ilə müxalif olanlardır. Yəni, onlar Türk insanının bu ölkədə yaşamasına müxalifdirlər. Bizləri hətta saxtakarcasına “azəri” hesab edirlər. Deyirlər, siz Türk deyil “azəri”siniz. Bunlar aşırı “irançılar” və “kuruşçu”lardırlar. Onlar ki, oktyabrın 29-da Kuruşun məqbərəsində həmin irqçi şüarları səsləndirdilər. Mətbuat sərgisində biz onların nümunələrini gördük.” İranda Türklərin tarixi, dili və kimliyi üzərində araşdırma” adlı kitabın müəllifi Türk Bölgələri Fraksiyasının təsir göstərə biləcəyi bölgələr haqqında da danışıb. O, bəzi Türk olmayan millət vəkillərinin də fraksiyada yer aldığına işarə edərək fraksiyanın həmin bölgələrdə yaşayan qeyri-türklərin həyatına da müsbət təsirlər göstərəcəyinə inandığını ifadə edir: “Müxtəlif vilayətlərdən 100 nümayəndə bu fraksiyaya üzv olublar. Hətta 100-dən də çox ola bilər məncə. Çünki, hələ Azərbaycanın bəzi nümayəndləri var ki, mən onları yaxşı tanıyıram. Onlar da bizlərə dəstək versələr də, hələ ki, fraksiyaya üzv olmayıblar. Türklərin yaşadığı bölgələrdə bir çox müştərək problemləri vardır. Onlardan ən əsası ana dilində təhsilin olmamasıdır. Türk bölgələrində işsizlik daha çoxdur. Bu da müştərək bir problemdir. İndi Güney Azərbaycan və digər Türk bölgələrindən başqa vilayətlərə yönəlik məcburi mühacirət vardır. Bunlar 100 nümayəndənin gücü ilə məclisdə güclü bir şəkildə gündəmə gələ bilər.”
Onun dediklərinə görə: “Təbii ki, bu bölgələrdə iqtisadi inkişaf olsa, digər azlıqlar da rahat yaşayır. Onların nümayəndləri də bu əsasda gəlib qoşulublar ki, öz cəmiyyətlərinin xeyrinə müəyyən uğurlar əldə etmək imkanları olsun. Eyni zamanda Türklərin digər qeyri-farslar ilə müştərək məsələləri vardır. Misal üçün Güney Azərbaycanın batısında  ürdlər də yaşayır. Təbii ki, orada iqtisadi baxımdan və başqa cəhətlərdən inkişaf olsa, bu kürdlərin də xeyrinədir...”
Türk aydınlar və mədəni fəalların Türk Bölgələri Fraksiyasından gözləntilərini önə çəkən tanınmış Türk yazarının sözlərinə görə, onlar ana dili məsələsini öndə olmaqla mövcud problemlərin yavaş yavaş çözülməsi istiqamətində fraksiyadan fəaliyyət gözləyirlər: “Ana dili məsələsindən əlavə Azərbaycan və digər Türk bölgələrinin iqtisadi və sosial sahələrdə çətinlikləri var. Türklər bu bölgələrdən mərkəzə axın edirlər. Başqa bir məsələ də budur ki, İranda Türklərə qarşı daim təhqiredici bir siyasət mövcuddur. Başqa qeyri-farslar da təhqir olunurlar. Amma belə bir yanaşma Türklərə qarşı daha çoxdur. Radio və Televiziyada Türk dilində daha çox proqramlar olmalıdır. Tehran vilayətinin yarısından çoxu Türkdür. Amma burada 10-15 TV kanalı olduğu halda bir kanal belə Türkcə proqram yaymır.”
Həsən Raşidi Türklərin İranda Türk kimi tanınması yönündə addımların atılmasını da əsas gözləntilərdən biri olduğunu vurğulayır. “Gözləntilərdən biri budur ki, Türkləri bu ölkədə Türk olaraq tanısınlar. “Azəri” tipli qondarma adlarla deyil. Biz Türkük, dilimiz də Türkcədir və İran üçün də hamıdan çox qan vermişik. İran sadəcə bir kimlik və mədəniyyətlə tanınmamalıdır. İran çoxmillətli bir ölkədir və bütün bu mədəniyyətlərə dəyər verilməlidir,” deyə yazar və Türk dili müəllimi əlavə edir.

 Amerikaninsesi.org

14:07