“Hər il orta hesabla 20 minə qədər uşaq tam orta təhsildən kənarlaşır”

 

Dünən uşaqların beynəlxalq müdafiəsi günü idi. Bununla bağlı fikirlərimi yerli mətbuata bildirsəm də, ayrıca rəy yazmağı da vacib hesab etdim. Çünki söhbət hər birimiz üçün taleyüklü gələcəkdən gedir. Baxaq görək, bu sahədə dövlət qayğısı nə səviyyədədir?”

Bu barədə iqtisadçı Qubad İbadoğlu “feysbuk” səhifəsində yazıb: “Öncə təhsildən və səhiyyədən başlayaq, rəsmi statistika göstərir ki, ümumi orta təhsil haqqında şəhadətnamə alan şagirdlərin sayı son illər sürətlə azalır. Belə ki, 2015-ci ildə bu göstərici 2010-cu illə müqayisiədə 44,5 min nəfər və ya 30 faizə qədər azalıb. Bununla yanaşı, tam orta təhsil haqqında attestat alan şagirdlərin sayında da azalma tendensiyası müşahidə olunur. Müqayisə olunan dövrdə 34,4 min nəfər və ya 28,2 faiz azalıb. Bu o deməkdir ki, hər il orta hesabla 20 minə qədər uşaq tam orta təhsildən kənarlaşır və ya təhsilin bu pilləsində nəticə əldə edə bilmir”.  
 

“Zəngin Azərbaycanda uşaqlar üçün belə dövlətin tibbi sığorta və sosial təminat sistemi qurulmayıb”

 

“Səhiyyəyə gəlincə, 2015-ci ildə 0-13 yaşlı uşaqlar arasında diaqnozu ilk dəfə qoyulmuş xəstəliklərin sayı 673391 nəfərə çatıb və bu da 2010-cu illə müqayisədə 40824 uşaq çoxdur. Düzdür, həmin dövrdə uşaqların cəmi sayında da artım qeydə alınıb. Amma təəssüflər olsun ki, xəstəliklərin artımı yeni doğulan uşaqların artım tempini üstələyir. Uşaq xəstəliklərinin strukturuna gəlincə, onlar arasında yüksək artım sürəti sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəliklərində (müqayisə olunan dövrdə 4454 nəfər və ya 50,1 faiz artıb) və qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlarda (müqayisə olunan dövrdə 8491 nəfər və ya 28,3 faiz artıb) qeyd alınıb. Artım sürəti yüksək olan xəstəliklərin siyahısında həzm sisteminin xəstəlikləri (müqayisə olunan dövrdə 13954 nəfər və ya 28 faiz), sinir sisteminin xəstəlikləri (müqayisə olunan dövrdə 9696 nəfər və ya 27,1 faiz artıb) də narahatçılıq doğurur.

Baxmayaraq ki, rəsmi rəqəmlər hələ mövcud durumu real göstərə bilmir. Amma bütün bunlara baxmayaraq hətta rəsmi prizmadan belə vəziyyət uşaqlar üçün çox acınacaqlı görsənir. Hələ indiyədək uşaqlar arasında ağır xəstəliklərin getdikcə çoxaldığı zəngin Azərbaycanda hətta uşaqlar üçün belə dövlətin tibbi sığorta və sosial təminat sistemi qurulmayıb. Onlar arasında xəstəliklərin artmasının səbəblərinə gəlincə, burada keyfiyyətsiz qida, çirkli atmosfer, vaxtlı-vaxtında aparılmayan peyvəndlər və sair amillər əhəmiyyətli rol oynayır. Bütün bunlara məsul orqanlar isə hələ də susur, ciddi tədbirlər görmür. Gəlin unutmayaq ki, bu tüstü hər bir ailənin bacasından çıxa bilər”, - iqtisadçı qeyd edir.

Şamo
Hurriyyet.org

 

11:16