Hökumətdən nazirlər üçün yeni tələb: Yaş senzi

Azərbaycan hökuməti sistemdə ciddi dəyişikliyə getməyə hazırlaşır. Gələn məlumatlara görə, dəyişiklik Nazirlər Kabineti, İcra Hakimiyyəti Aparatı, Parlament və bələdiyyələri əhatə edəcək. Hökumətin qəbul etdiyi “Yol xəritəsi”nin görünməyən tərəfi adlandırılan bu dəyişiklik yaşı 70 və 70-dən yuxarı olan məmurları, deputatları və icra başçılarını öz postlarından məhrum edəcək. İndiki ağır sosial-iqtisadi vəziyyətdən çıxış yolu kimi hökumət hesab edir ki, yaşlıların boşaldılacaq postlarına müasir təhsilli, müasir dünyagörüşlü və xarici təcrübələri bilən daha gənc (orta yaşlı, yaxud gənc) kadrlar gətiriləcək. Qeyd olunur ki, bu “Yol xəritəsi”nin görünməyən tərəfləridir. Həmçinin bu, təkcə imzalanmış sənədlərin, qəbul olunmuş islahat proqramlarının və ölkənin sosial-iqtisadi və maddi bazasını möhkəmləndirilməsi işinin tərkib hissəsi deyil. Bu, ölkəni üzləşdiyi ağır durumdan çıxarmaq üçün hökumətin ciddi-cəhdlə işə başlayacağının siqnalıdır. Gələn məlumatlara görə, 2017-ci ilin ilk rübündən hakim komanda başlayaraq bunları reallaşdırmağa cəhd edəcək. Artıq bununla bağlı “Yol xəritəsi”nin (proqram) yüksək səviyyədə müzakirə edildiyi və qəbul olunduğu bildirilir.

İslahatların gələn il 82 yaşı olacaq Baş nazir Artur Rəsizadədən başlayaraq yaşı 70-dən yuxarı olan komitə rəhbərlərinədək əhatə olunması nəzərdə tutulur. Planın tərkib hissəsi kimi baş nazirin müavinləri - Abid Şərifov (76 yaş), Elçin Əfəndiyev (72 yaş), Yaqub Eyyubov (71 yaş) öz postlarından uzaqlaşdırıla bilərlər. Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov (78 yaş) və Milli Arxiv İdarəsinin sədri Ataxan Paşayev (78 yaş) də bu dəyişiklikdən kənarda qalmayacaqları dəqiqdir.

Postlarından uzaqlaşdırılacaq icra başçıları

Bakı meri Hacıbala Abutalıbov, Mübariz Əhmədzadə (Zaqatala), Şəmsəddin Xanbabayev (Xaçmaz), Tofiq Zeynalov (Tovuz).

70 və yuxarı yaşlı millət vəkilləri

Parlamentin tərkibinə gəlincə, Konstitusiyaya edilmiş əlavə-dəyişikliklərin tələblərindən irəli gələrək, gələn il növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı məlumatlar gəlməkdədir. Milli Məclisin daha işlək, texnokrat və daha gənc mütəxəssislərdən yığmağa çalışacaq hakim komada özünə yaxın deputatlara seçkilərdə namizəd kimi iştirak etməmələri barədə xəbərdarlıq edə bilər. Əgər bu, baş versə 70 və 70-dən yuxarı deputatlar öz vəzifələrini itirəcəklər.

Postlarından məhrum olacaq deputatlar

Ağacan Abıyev (79 yaş), Valeh Ələsgərov (70 yaş), Fəttah Heydərov (78 yaş), Əliağa Hüseynov (70 yaş), Zeynəb Xanlarova (80 yaş), Eldar İbrahimov (71 yaş), Xanhüseyn Kazımlı (74 yaş), Yaqub Mahmudov (77 yaş), Rafiq Məmmədhəsənov (71 yaş), Hüseynbala Mirələmov (71 yaş), Arif Rəhimzadə (75 yaş), Ziyad Səmədzadə (76 yaş), Elxan Süleymanov (76 yaş), Mixail Zabelin (70 yaş). 7 millət vəkili isə gələn il 70 yaşı tamamlayacaq. Fəzail Ağamalı (69 yaş), Vahid Əhmədov (69 yaş), Əhliman Əmiraslanov (69 yaş), Flora Qasımova (69 yaş), Madər Musayev (69 yaş), Hadı Rəcəbli (69 yaş) və Astan Şahverdiyev (69 yaş) bu sıraya daxildir. Ehtimallar arasında o da var ki, yaş həddi az olmasına baxmayaraq, adı korrupsiya və rüşvət almaqda hallandırılan bir sıra oliqarx məmurlar və komitə rəhbərləri də vəzifələrindən uzaqlaşdırılacaqlar.

Mənsur
Cebhe.info

11:27