Heykəl məhbusu yenidən mühakimə olunur – bu dəfə atası ilə birlikdə…

 

2015-ci ilin mayında Heydər Əliyevin heykəlinin postamentinə “Qul bayramınız mübarək!” şüarı yazdığına görə narkotiklə şərlənərək həbs olunan gənc fəal Qiyas İbrahimovun daha bir məhkəməsi başlayıb. O, atası Həsən İbrahimovla birlikdə Cinayət Məcəlləsinin 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddəsi ilə ittiham olunur.

Qiyas İbrahimov yenidən mühakimə olunduğuna görə saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsindən Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasına köçürülüb. Atasının barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Gənc fəal və atası Bakı Apellyasiya Məhkəməsində onun işinə baxılarkən hakimləri təhqir etməkdə təqsirləndirilir. Onların haqqında cinayət işinə Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baxılır.

Bu gün məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmədə Həsən İbrahimov ona dövlət hesabına təyin olunmuş vəkilin xidmətindən imtina edib. Onların hər ikisinin hüquqlarını vəkil Elçin Sadıqov müdafiə edir. Hazırlıq iclasında vəkil bir neçə vəsatət qaldırıb. Amma bundan öncə vəkil Qiyas İbrahimovun şüşə kabinədən çıxarılıb müdafiəçisinin yanında əyləşməsi haqda şifahi vəsatət verib. Vəkil deyib ki, müdafiə taktikasının qurulması, müvəkkili ilə məsləhətləşmək baxımından bu vacibdir. Hakim vəsatəti təmin edib – Qiyas şüşə kabinədən çıxarılıb və vəkili ilə yanaşı əyləşib. Amma bir müddət sonra hakim başqa bir vəsatətə görə müşavirədə olarkən nə baş veribsə, Qiyasın şüşə kabinəyə qaytarılmasına göstəriş verib.

 

Vəkil bu fikir dəyişikliyinin səbəbini soruşsa da, heç bir izahat verilməyib

 

E.Sadıqov Q.İbrahimov və atası haqqında cinayət işinə Yasamal rayon məhkəməsində baxılmasının mümkünsüzlüyü, cinayət işinə xitam verilməsi və onların təqsirsizlik prezumpsiyası hüququnun pozuntusunun tanınması haqda vəsatətlər qaldırıb. Vəkil vəsatətlərini əsaslandırarkən bildirib ki, Bakı Apellyasiya Məhkəməsində Qiyasın işinə baxan, sonradan istintaqda dindirilərkən gənc fəal və atasının əleyhinə ifadə verən hakimlər Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramov İbrahimovlar haqda bəri başdan hökm verərək, Qiyasın şüşə kabinədəki mikrofonu qəsdən qopardığını, onların məhkəməyə hörmətsizlik etdiyini göstəriblər. Bununla da hakimlər hələ işə baxılmamış, hökm çıxarılmamış onları cinayət törətməkdə ittiham etməklə təqsirsizlik prezumpsiyası hüququnu pozublar.

Vəkilin sözlərinə görə, hər üç hakimin istintaqa ifadələri tamamilə eynidir.

“Yasamal rayon Məhkəməsi də Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxildir. Bu məhkəmənin çıxardığı hökm və qərarlardan verilən şikayətlərə onlar baxıb qiymət verir. Bu baxımdan, sizin hökm və qərarlarınızı sorğulamaq səlahiyyəti olan adamlarla bağlı işə obyektiv baxıb, ədalətli hökm çıxarmağınız şübhəlidir. Ona görə də biz bu işə Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olmayan məhkəmədə baxılmasını xahiş edirik”, – deyə vəkil bildirib.
E.Sadıqov onu da qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsində Q.İbrahimovun 10 il azadlıqdan məhrum edilməsinə dair hökmdən verilmiş apellyasiya şikayətinə baxılarkən peoses ədalətsiz aparılıb: “Müdafiə tərəfinin verdiyi 23 vəsatətin heç biri təmin olunmadı. Təbii ki, Qiyas da ədalətsizliyə etiraz edirdi. Amma buna da imkan verilmədi. Qiyas İbrahimov çıxış edərkən şüşə kabinədə olan mikrofonu hakim söndürdü. Halbuki, həmin vaxt Qiyasın etiraz etməsi üçün kifayət qədər əsaslar vardı”.

Qiyas və atasından şikayətçi olan hakimlər ifadələrində deyib ki, gənc fəal onları “marionet” adlandırmaqla, təhqir edib. Vəkil isə deyir ki, Azərbaycan məhkəmələrinin müstəqil olmadığı, icra hakimiyyətindən asılılığı, sifarişlər əsasında qərarlar çıxarılmasını təkcə Qiyas söyləmir, bu məsələlər çoxsaylı yerli və beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb.

Vəsatətlərin heç biri təmin olunmayıb
 

İşin məhkəmə baxışına verilib-verilməməsi məsələsi müzakirə olunanda prokuror Vüsal Abdullayev cinayət işinin materialları ilə tanış olmaq üçün bir həftə vaxt istəyib. Ona noyabrın 7-nə qədər vaxt verilib. Qeyd edək ki, “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı Qiyas İbrahimovu “vicdan məhbusu” elan edib.

Azadliq.info

 

10:03